Məhkəmə qərarları › İş №1(056)-78/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-78/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-78/2023 25.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Sabirabad şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan,Sabirabad rayon məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Sabirabad rayonu Qalağayın kəndində qeydiyyatda оlmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi elan edilmiş ittihama görə, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, 28 noyabr 2022-ci ildə tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus Sabirabad şəhəri Nəsimi küçəsində yerləşən evin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, oradan evin mətbəxinin pəncərəsini açmaqla içəri keçərək mətbəx otağında saxlanılan dəyəri 120 manat olan laqonda, dəyəri 40 manat olan elektrikli su qızdırıcısı, dəyəri 80 manat olan paltaryuyan maşın, dəyəri 10 manat olan 03 ədəd vintaçan, dəyəri 5 manat olan 01 ədəd 2 metr uzunluğunda elektrik uzadıcı, dəyəri 3 manat olan 01 ədəd kəlbətin, dəyəri 4 manat olan 01 ədəd mişar və evin yan hissəsində divara bərkidilmiş dəyəri 100 manat olan “Topkapı” markalı axarlı su qızdırıcısını oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 362 (üç yüz altmış iki) manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. . Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, qonşu kimi tanıyır. Əbülfətin Sabirabad şəhərində digər evinin olmasını və mütəmadi olaraq həmin evdə yaşamasını bilir. Əbülfətin onun evinə yaxın olan digər evində isə yaşayış olmadığını, ara-sıra Əbülfətin evi yoxlamağa gəldiyini də bilir. 28 noyabr 2022-ci il tarixdə saat 21 radələrində o, həmin evə oğurluq etmək üçün getmiş, həyətə daxil olmuş və evin pəncərəsinə yaxınlaşmış, evin pəncərəsi taxtadan olduğundan o, pəncərənin mismarlarını çıxarıb şüşəni sındırmadan yerindən götürüb yerə qoymuşdur. Daha sonra evə daxil olmuş, evin içərisində olan elektirikli su qızıdırıcısını, təxminən 2 metr uzunluğunda olan uzadıcını, 3 ədəd vintaçanı, 01 ədəd kəlbətini və 01 ədəd mişarı götürmüş, bundan başqa orada elektrik mişarı, yəni laqonda olmasını da görmüş, həmin laqondanı da götürərək evdən çıxmışdır. Sonra evin yan hissəsində divarda asılmış qazla işləyən su qızdırıcısını görmüş və su qızdırıcısnı da divardan çıxararaq götürmüşdür. O, götürdüyü əşyaları bir-bir hasardan çölə keçirmiş, özü də hasardan aşaraq həyətdən çıxmış və əşyaları götürüb oradan uzaqlaşmış, oğurladığı əşyaları yaşadığı evə gətirmiş, laqonda işləmədiyindən düzəltdirmək üçün rayonun Qalağayın kəndinə usta kimi fəaliyyət göstərən Zaura aparmışdır. O, laqondanı Zaura düzəltməsi üçün vermiş və qısa müddətdə düzəltməsini demişdir. Oğurladığı əşyaları satıb öz ehtiyacları üçün xərcləyəcəkdi. Lakin 09 dekabr 2022-ci il tarixdə polis əməkdaşları onlara gəlmişlər və Əbülfətin evindən oğurluq edib-etmədiyini soruşmuşlar. O, polis əməkdaşlarına Əbülfətin evindən oğurluq etdiyini və oğurladığı əşyaları evində saxladığını etiraf etmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir. Dəymiş zərəri tam şəkildə ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Özü ailəlidir və himayəsində 3 azyaşlı uşağı vardır. Göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam ödəmişdir. Bu səbəbdən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. Amid onun həmkəndlisidir. O, ustadır və yaşadığı evdə elektrik işləri ilə məşğul olur. Təxminən noyabr ayının sonlarında Amid onun evinə gəlib özünə məxsus bir ədəd laqondanın işləmədiyini, laqondanı düzəltməyini istəmiş, o da həmin laqondanı düzəldəcəyini bildirmiş, lakin vaxtı olmadığı üçün həmin laqondanı qısa müddətdə düzəltməyə vaxt etməmişdir. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzini tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. İş materiallarından görünür ki, Rüstəmov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qutarmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Rüstəmov X1 Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlini, hazırkı cinayət işi üzrə cinayət əməlini törətdiyi vaxtdan (xx.xx.2022-ci il tarixdən) sonra, yəni xx.xx.2022-ci il tarixdə törətsə də, əvvəlki iş üzrə hökm çıxarılanadək hazırki cinayət əməlini törətmişdir. Buna görə də ona cəza CM-nin 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qaydalar əsasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nın 66.1-66.2-ci maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası CM-nın 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Məhkəmə CM-nin 66.1, 66.2 və 66.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaq yolu ilə, Təqsirləndirilən şəxs barəsində qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəza saxlanmalıdır. Bundan əlavə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün həbsin 1 günü 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, ona təyin olunacaq cəzadan 4 gün çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilən cəzanın xarakteri və çəikilmə qaydası nəzərə alınmaqla məhkəmə həmçinin hesab edir ki, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Bundan əlavə, iş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcinin olmaması da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1, 66.2 və 66.5-ci maddələrinə əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il (11) ay hissəsi hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs üzərində 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09-11 dekabr 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanıldığı müddət, bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, ona təyin olunmuş 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın, maddi ziyanın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar