Məhkəmə qərarları › İş №1(056)-79/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-79/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-79/2025 09.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama görə, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd siqaret qutusunda təmiz çəkisi - 10,09 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 19 mart 2025-ci il tarixdə saat 12 radələrində Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Ulacalı kənd ərazisində piyada hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirlərini həyata keçirən əməliyyat-axtarış fəaliyyəti subyekti Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən üstü yoxlanılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunda təmiz çəkisi - 10,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Özü günəmuzd işlərdə işləyib ailəsini dolandırır. İki ilə yaxındır ki, tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, 2024-cü ilin avqust ayında dəqiq günü yadında qalmayan vaxtda balıq tutmaq üçün kür çayına getmiş, orada olarkən kolluqların içərisində 1 ədəd çətənə kolu görmüşdür. Həmin kolu kimin əkdiyini bilməmiş, narkotik istifadəçisi olduğu üçün kolu qırmış, həmin çətənə kolunun yararlı hissələrini orada başqa kolların arasında qurutmuşdur. Gövdəsini isə yandırıb atmış, əldə etdiyi az miqdarda təxminən iki əlin ovucu qədər olan narkotik vasitəni bir ədəd sellefona qoymuş, şəxsi istifadəsi üçün həmin sellofanda olan narkotik vasitəni evinin yaxınlığından keçən arxın kənarında gizlətmişdir. Bu barədə heç kimə, ailə üzvlərinə məlumat verməmiş, az-az həmin narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə, 2025-ci ilin mart ayının 18-də axşam saatlarında sellofanın içərisində az miqdarda narkotik vasitə qaldığını görüb həmin qurudulmuş marixuananı yerdən tapdığı “Kent” markalı siqaret qutusunun içərisinə yığmış, az miqdarda ondan da çəkmiş, həmin siqaret qutusunu cins şalvarının sağ yan cibinə qoymuşdur. Növbəti gün, yəni 19 mart 2025-ci il tarixdə evdən çıxıb piyada “Bəndüstü” olan yerə gedərkən ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşmış, polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu demişlər. Üzərində narkotik vasitə olub-olmamasını soruşduqda üzərində 1 ədəd siqaret qutusunda narkotik vasitə olduğunu bildirmiş, onlar videoçəkilişlə üzərini yoxlayacaqlarını dedikdə buna etiraz etməmişdir. O, üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı cibindən çıxarıb təqdim etmiş, ondan həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda həmin narkotik vasitəni tapdığını bildirmişdir. Sonra həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişlər. Üzərindən aşkar edilmiş həmin qurudulmuş marixuananı özü üçün saxlamış, heç kimə satmaq və ya əvəzsiz vermək kimi bir fikri olmamışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Əgər həbs edilərsə, ailəsi maddi cəhətdən pərişan vəziyyətə düşəcəkdir. Ona görə də o, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 mart 2025-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də 19 mart 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş, həmin qərar Sabirabad RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. 2025ci ilin mart ayının 19-da Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Sabirabad CAB-in əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Sabirabad RPŞ-nin Konvoy Hissəsinin polis nəfəri- konvoy, polis baş serjantı Şahid4 ilə birlikdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Ulacalı kəndinə getmiş, saat 12:30 dəqiqədə Təqsirləndirilən şəxs kənd ərazisində piyada hərəkət edərkən saxlamışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bidirmiş, Təqsirləndirilən şəxs üzəri həmin yerdə yoxlanılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cin şalvarın cibindən bir ədəd "Kent" markalı siqaret qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib həmin siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda sonuncu həmin narkotik vasitəni Kür çayı kənarında tapdığı bildirmişdir. Sonra həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Sabirabad RPŞ-nə gətirilmiş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara müstəntiqin xidməti otağında müdafiəçinin iştirakı və videoçəkilişlə baxış keçirilmiş, həmin qablaşdırma yenidən açılaraq baxış keçirildikdən sonra ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Sabirabad CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 eyni məzmunda ifadə verərək, Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 20 mart 2025-ci il tarixli, 18/250 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən.. sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi - 10,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 mart 2025-ci il tarixli 1573 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin Ulacalı KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə münsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək saxladığını və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və ailə vəziyyətini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla dörd gün müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 9,99 qram narkotik vasitə-qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərcinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944 SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 9,99 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar