Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-8/2025 01.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 30 iyun 2024-cü il tarixdə saat 15 radələrində Sabirabad rayonu Şəhriyar kəndində çöl sahədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun əkin sahəsinə axan suyun qarşısını kəsməsi səbəbindən yaranmış mübahisə zamanı qisas niyyəti ilə yumruğu ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sol almacıq sümüyünün, əngin ön divarının yuxarı hissəsinin qəlpəli yerini dəyişən sınığı, əngin aşağı yan divarının ön hissəsinin basılmış sınığı, hemosinusla müşayiət olunan, sol gözün buynuz qişasının zədələnməsi, sol gözün alt və üst qapağında hematoma, sol gözaltı nahiyədə yara, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sol kürəküstü nahiyədə qançırlar xəsarətləri ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla həmkəndlidir və qonşuluqda yaşayır. Kərəmlə təxminən 2 il bundan əvvəl sahəni suvarmaq üstündə aralarında münaqişə baş vermişdir. Həmin vaxt Kərəm nalayiq ifadə işlətmişdir. O, Kərəmə bununla bağlı polisə və su idarəsinə şikayət edəcəyini bildirmişdir. Kərəm isə buna məhəl qoymamışdır. Sonuncu dəfə 30 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Şəhriyar kəndində yerləşən çöl sahədə özünə məxsus “Vaz-2107” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedərkən Kərəmin orada olduğunu görmüşdür. Avtomobili Kərəmin yanında saxlayaraq sahəyə gedən suyu onun bağlayıb-bağlamadığını soruşmuşdur. Həmin vaxt Kərəm ona suyu 2 gündür ki, bağladığını bildirmiş və ondan suyu açıb-açmadığını soruşmuşdur. O da Kərəmə suyu açdığını bildirmişdir. Həmin vaxt Kərəm ona qarşı nalayiq ifadələr işlətmişdir. Oğlu Şahid də maşında əyləşmişdir. O, Kərəmə söyüş söyməməsini, maşında uşağın olduğunu bildirmişdir. Lakin, Kərəm buna məhəl qoymayaraq söyüş söyməyə davam etmişdir. O da əsəbləşərək Kərəmin gözündən yumruğu ilə vurmuşdur. Ona konkret olaraq bədəninin hansı nahiyələrindən və neçə yumruq zərbəsi vurduğunu dəqiq xatırlamır. Sadəcə gözündən vurduğunu dəqiq xatırlayır. Oğlu Rufiz münaqişə vaxtı maşından düşərək yanlarına gəlmiş və onları ayırmışdır. Bundan sonra o, oğlu ilə birlikdə maşına əyləşib oranı tərk etmişdir. Sonradan ona məlum olmuşdur ki, Kərəm DİN-nin 102 Xidməti Zəng Mərkəzinə döyülməsi ilə bağlı müraciət etmişdir. Kərəmlə arasında baş verən münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Münaqişə zamanı oğlu Şahid orada olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, ailəli olaraq himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla həmkəndlidir və qonşuluqda yaşayır. Əvvəllər Namiqlə aralarında münasibətlər normal olmamışdır. Bir neçə dəfə aralarında müəyyən səbəblərə görə münaqişələr olmuşdur. Keçən il, yəni 2023-cü il tarixdə aralarında torpaq sahəsini suvarmaq üstündə mübahisə olmuşdur. Lakin, həmin münaqişələr sözdə olmuşdur. Sonuncu dəfə 30 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Şəhriyar kəndində yerləşən çöl sahədə əkdiyi pambığa su açmışdır. Lakin, həmin vaxt suyun az gəldiyini görmüşdür. Kanala baxan zaman suyu şluzdan bağladığı yerin qarşısının açıldığını və suyun boş kanala axıdıldığını görmüşdür. Yerdən dəmir listi götürüb suyun qarşısını bağlamış və evə getmişdir. Həmin gün saat 15 radələrində yenidən sahəyə gəlmişdir. Sahədə olarkən yanından avtomobil keçmişdir. Həmin avtomobilə fikir verməmişdir. Daha sonra avtomobildən Təqsirləndirilən şəxs onu çağırmışdır. Namiq ondan suyun qarşısını bağlayıb-bağlamadığını soruşmuşdur. O da suyun qarşısını bağladığını bildirmiş və özü sahəni suvarandan sonra onun da sahəni suvara biləcəyini demişdir. Həmin zaman aralarında söz mübahisəsi baş vermişdir. Namiqin oğlu Şahid də maşında əyləşmişdir. Münaqişə vaxtı Namiq onun gözündən yumruqla vurmuşdur. Eləcə də bundan sonra sifətinə əlavə olaraq bir neçə yumruq zərbəsi vurmuşdur. Həmçinin kürəyindən yumruğu ilə vurmuşdur. Namiqin oğlu Rufiz münaqişə vaxtı maşından düşərək yanlarına gəlmiş və onları ayırmışdır. Bundan sonra Namiq oğlu Rufiz ilə birlikdə maşına əyləşib oranı tərk etmişlər. Onun vəziyyəti yaxşı olmadığı üçün hadisə ilə bağlı DİNin 102 Xidməti Zəng Mərkəzinə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları gələrək zəruri sənədləşmə işləri aparmışlar. Sonra o, məhkəmə-tibbi ekspertizasından keçmişdir. Namiqin ona yetirdiyi xəsarətlə bağlı göz nahiyəsində ağrılar hiss etdiyi üçün 15 iyul 2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X2 müraciət etmişdir. Orada onu müayinə etmişlər və üzərində cərrahi əməliyyat aparılmışdır. Bundan sonra təxminən 03 gün xəstəxanada stasionar müalicə almış və evə buraxılmışdır. Qeyd etmişdir ki, Namiqlə arasında baş verən münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Münaqişə zamanı Namiqin oğlu Şahid orada olmuşdur. Hazırda təqsirləndirilən şəxsən şikayətçi olduğunu qeyd edərək, ona sərt cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla həmkəndlidir və qonşuluqda yaşayır. Kərəmlə təxminən 2 il bundan əvvəl atası Təqsirləndirilən şəxs arasında sahəni suvarmaq üstündə münaqişə baş vermişdir. Atasının deməsinə görə həmin vaxt Kərəm atasına nalayiq ifadə işlətmişdir. Sonuncu dəfə 30 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Şəhriyar kəndində yerləşən çöl sahədə atası Namiqlə birlikdə “Vaz-2107” markalı **-LC-*** döpvlət qeydiyyat nişanlı avtomobillə gedərkən Kərəmin orada olduğunu görmüşlər. Atası Namiq avtomobili Kərəmin yanında saxlayaraq sahəyə gedən suyu onun bağlayıb-bağlamadığını soruşmuşdur. O, həmin vaxt maşında oturmuşdur. Kərəm atasına suyu 2 gündür ki, bağladığını bildirmiş və atasından suyu açıb-açmadığını soruşmuşdur. Atası Namiq də ona suyu açdığını bildirmişdir. Həmin vaxt Kərəm atasına qarşı nalayiq ifadələr işlətmişdir. Atası Kərəmə söyüş söyməməsini bildirmişdir. Lakin, Kərəm buna məhəl qoymayaraq söyüş söyməyə davam etmişdir. Həmin vaxt atası əsəbləşərək Kərəmin gözündən yumruqla vurmuşdur. Ona konkret olaraq bədəninin hansı nahiyələrindən və neçə yumruq zərbəsi vurduğunu dəqiq xatırlamır. Sadəcə gözündən vurduğunu dəqiq xatırlayır. O, münaqişə vaxtı maşından düşərək onların yanına gəlmiş və ayırmışdır. Bundan sonra o, atası ilə birlikdə maşına əyləşib oranı tərk etmişlər. Sonradan onlara məlum olmuşdur ki, Kərəm DİN-nin 102 Xidməti Zəng Mərkəzinə döyülməsi ilə bağlı müraciət etmişdir. Kərəmlə atası arasında baş verən münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Münaqişə zamanı orada başqa şəxslər olmamışdır. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 09-389A saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol almacıq sümüyünün, əngin ön divarının yuxarı hissəsinin qəlpəli yerini dəyişən sınığı, əngin aşağı yan divarının ön hissəsinin basılmış sınığı, hemosinusla müşayiət olunan, sol gözün buynuz qişasının zədələnməsi, sol gözün alt və üst qapağında hematoma, sol gözaltı nahiyədə yara, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sol kürəküstü nahiyədə qançırlar küt əşyanın/əşyaların, təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Cinayət işi materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 tərəfindən keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli T73/2025№-li rəyində göstərilmişdir ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş Zərərçəkmiş şəxs sol almacıq və əng sümüyünün ön divarının yuxarı hissəsinin qəlpəli yerinidəyişən sınığı, əng sümüyünün aşağı yan divarının ön hissəsinin basılmış sınığı, hemosinusla müşayiət olunan, sol gözün buynuz qişasının zədələnməsi, sol gözün alt və üst qapağında hematoma, sol gözaltı nahiyədə yara, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sol kürəküstü nahiyədə qançırlar olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. 2. Vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinədən keçirilərkən "X5 adına Milli Oftalmologiya Mərkəzi"ndə müayinəyə göndərilmiş və onun xx.xx.2025-ci il tarixdə müayinəsi zaman VisOU-0,8 k/e (onda səkkiz) müəyyən edilmiş, ona "OS-orbitanın rekonstruktiv cərrahi əməliyyatından sonrakı vəziyyət, OU-zəif dərəcəli miopiya M 1,0" diaqnozu qoyulmuşdur. 3. Vətəndaş Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 09- 389A saylı rəyin nəticə hissəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vuraraq, onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan, qəsdən onun sağlamlığına az ağır zərər vurma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun məhkumluğunun olmamasını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, ailəli olaraq himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə, cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il müddətində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, cəzaçəkmə müddətinin başlanğıcının cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və hökmün icrasının təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-8/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-8/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver