Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-80/2024 24.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, hazırda 3 saylı İT-da saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittihama görə o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi-1,446 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,373 qram psixotrop maddə metamfetamin əldə edib, yaşadığı ünvan 2 ünvanında yerləşən evində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı həmin küçədə qeyd olunan narkotik vasitə heroindən 0,838 qram çəkidə olan hissəsini 60 manat müqabilində Şahid4 qanunsuz olaraq satmış, 21 sentyabr 2023-cü il tarixdə saat 22:30 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 2 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən evin zirzəmisindən 01 ədəd polietilen kəsiyi bükümündə Şahid4 üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin ilə eyni tərkibli təmiz çəkisi-0,608 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,373 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, Sabirabad şəhəri RTS adlanan ərazidə gəzərkən yerdə sellofan büküm olduğunu görmüş, həmin bükümü götürüb baxanda qoxusundan və rəngindən narkotik vasitə heroin olduğunu anlamış və həmin bükümü istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə axşamçağı rayon sakini kimi tanıdığı İsfəndiyar istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ağrıdığını ona narkotik vasitə verməsini demişdir. O, İsfəndiyara görüşərik verərəm demişdir. Təxminən bir saat sonra İsfəndiyar ilə yaşadığı küçənin sonunda olan su arxının üzərində görüşmüşlər. O, İsfəndiyara bir dəfə istifadəlik narkotik vasitə heroin vermiş, lakin qarşılığında İsfəndiyardan heç nə almamışdır. Həmin gün axşam saatlarında küçədə olarkən İsfəndiyar ona yenidən zəng edərək, narkotik vasitə istəmişdir. O isə daha narkotik vasitəsi olmadığını bildirmişdir. Həmin günü o, Bakı şəhərinə getmiş, qohumlarıgildə qalmış, bir neçə gün ailə üzvləri ilə əlaqə saxlamamışdır. Bir neçə gün sonra qardaşı ilə telefonla danışarkən qardaşı ona polis əməkdaşlarının yaşadıqları evdə axtarış həyata keçirdiyini, evin zirzəmisindən nəsə tapıb götürdüyün bildirmişdir. Bu hadisədən bir müddət sonra o, rayona qayıtmışdır. Bundan sonra onu tutmuşlar. Yaşadığı evin zirzəmisində aşkar edilən kütlələr narkotik vasitə olmamışdır. O, əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Lakin o, İsfəndiyara və başqa kimsəyə narkotik vasitə satmadığı üçün özünü həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Odur ki, o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində göstərdi ki, 21 sentyabr 2023-cü il tarixdə Sabirabad şəhəri, H.Aslanov küçəsi ev 18-də yaşayan Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Şahid1 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunmuş, təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, Şahid4 Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Şahid4 Sabirabad şəhəri H.Aslanov küçəsində müşahidə edib, İsfəndiyara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Şahid4 razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Şahid4 müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Şahid4 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsini təklif etmiş, axtarışdan əvvəl Şahid4 özü könüllü şəkildə bildirmişdir ki, cibində narkotik vasitə heroin vardır. Daha sonra əynindəki idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütləyə baxış keçirilən zaman narkotik vasitə heroinə oxşaması müəyyən edilmişdir. Şahid4 həmin kütləni Fərahim adlı rayon sakinindən 60 manata istifadə etmək üçün aldığını və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Küçədən Fərahimi çağırmışlar. Fərahimin qardaşı Şahid3 küçəyə çıxaraq Fərahimin evdə olmadığını bildirmişdir. Onlar Şahid3 Fərahimin narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğunu və Fərahimin yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. Şahid3 onların evlərinə baxış keçirmələrinə etiraz etməmiş və bu barədə ərizə yazaraq müstəntiqə təqdim etmişdir. Şahid3 qardaşı Fərahimin vaxtının çoxunu evin zirzəmisində keçirdiyini bildirmişdir. Onlar da evin zirzəmisinə baxış keçirərək, oradan 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edərək götürmüşlər. Şahid3 həmin kütlələrin narkotik vasitə olub-olmadığını bilmədiyini və evin zirzəmisinə qardaşı Fərahim tərəfindən qoyulduğunu düşündüyünü demişdir. Aşkar edilmiş kütlələrə iştirakları ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və onunla birlikdə yaşayır. Fərahim ondan 2 yaş böyükdür və hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə o, səhər saat 10 radələrində yaşadığı evdən çıxaraq işləmək məqsədilə getmişdir. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs evdə olmuşdur. Həmin gün axşam saatlarında o, evə geri qayıdan zaman Fərahimin evdə olmadığını görmüşdür. Bu səbəblə də Fərahimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Lakin Fərahimin mobil nömrəsinə zəng çatmadığı üçün harada olduğunu öyrənə bilməmişdir. Həmin gün axşam saatlarında o, evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Sabirabad rayon sakini Şahid4 üzərində rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilən zaman üzərindən narkotik maddə olan heroinə bənzər kütlə aşkar edildiyini və sorğu zamanı Şahid4 həmin maddəni qardaşı Təqsirləndirilən şəxs aldığını qeyd etdiyini bildirərək, yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. O və valideynləri baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin zirzəmisindən 02 ədəd sellofan bükümlər aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və müstəntiq tərəfindən kağız zərfə qoyularaq möhürlənib qablaşdırılaraq götürülmüşdür. Müstəntiq həmin kütlələrlə bağlı soruşan zaman o, kütlələrin qardaşı Fərahimə məxsus olduğunu və evin altında saxladığını qeyd etmişdir. Müstəntiq qardaşı Fərahimin olduğu yeri soruşan zaman o, Fərahimin evə gəlmədiyini və mobil telefonuna zəng çatmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman döyüldüyü, ondan narkotik vasitəni ona satanın adının verilməli olduğu tələb edildiyi üçün məcbur qalıb Fərahimin adını vermişdir. Lakin Fərahim ona narkotik vasitə satmamışdır. Bundan sonra şahid qismində dindirilmiş Şahid4 yenidən digər şahid qismində dindirilmiş Şahid2 ilə bərabər qaydada dindirilərək ona suallar verilmiş, bu zaman Şahid4 polis əməkdaşları tərəfindən döyülməsini bildirərkən psixoloji təzyiq edilməsin nəzərdə tutduğunu, fiziki cəhətdən döyülmədiyini, Fərahimin ona pulla narkotik vasitə satmadığını, onların birgə narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Bundan sonra iş materiallarında olan Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmə və axtarış aparılmanı özündə əks etdirən video çəkilişə məhkəmə iclas zalında əyani baxış keçirilmiş, həmin görüntüdən də görünmüşdür ki, Şahid4 vəkilin iştirakı ilə üzərində olan narkotik vasitəni təqdim etmiş, ona həmin narkotik vasitəni kimdən alması barədə sual verilərkən ilk cavabında Təqsirləndirilən şəxs almasını bildirmiş, daha sonra ona Fərahim adlı şəxsin harada yaşamnası sual edilmiş və o, Fərahimin yaşadığı ünvanı şifahi olaraq izah etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2023-cü il tarixli 18/937 №-li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,608 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,373 qram olan maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş 1 bükümdə, Şahid4 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroindən 0,05 qram tədqiqata sərf olunmuş, 0,558 qram qalıq qalmışdır. Metamfetamindən 0,05 qram tədqiqata sərf olunmuş, 0,323 qram qalıq qalmışdır. Azərbaycan Respublikası məhkəmə-narkoloji ekspertizasının 22 dekabr 2023-cü il tarixli 8394 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tınqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər icra nümayəndədəliyi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, Şahid4 ilə aralarında olan telefon danışıqları, üzləşdirmə protokolu, İsfəndiyar Qəhrəmanvdan aşkar edilmiş narkotik vasitə ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CMnın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsi ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər tərəfindən cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, Sabirabad rayon məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 0,558 qram narkotik vasitə olan heroin və tədqiqatdan sonrakı çəkisi 0,323 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olduğunu əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 0,558 грам наркотик васитя олан heroin və tədqiqatdan sonrakı çəkisi 0,323 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-80/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-80/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver