Məhkəmə qərarları › İş №1(056)-82/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-82/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-82/2023 17.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbə Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx xxx 1988-ci ildə Sabirabad rayonu Yastıqobu kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Bulaqlı kəndində qeydiyyatda оlmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, 15 dekabr 2022ci ildə tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sabirabad rayonu Bulaqlı kəndində yerləşən evinə gələrək evin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, oradan evin qapısını açmaqla içəri keçərək, evin yataq otağındakı dolabdan dəyəri 400 manat olan 5 qram çəkidə, 585 əyarlı bir ədəd qızıl üzüyü; dəyəri 3 manat olan bir ədəd bijuteriya boyunbağını və dəyəri 20 manat olan bir ədəd “Vendel” markalı qol saatını oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 423 (dörd yüz iyirmi üç) manat maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətlər ilə Mirzəyev X2 Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, münasibətləri yaxşı olmuş, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 15 dekabr 2022-ci il tarixdə saat təxminən 20 radələrində o, yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs evinə tərəf getmiş, işıqların yanmadığını gördükdən sonra onların evdə olmadığını bilmiş və onların evinə girib oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, hasardan tullanaraq həyətə düşmüş, daha sonra evin qapısının açıq olduğunu görmüş və evə daxil olmuşdur. Evə daxil olduqdan sonra evi axtarmağa başlamışdır. O, yataq otağına daxil olmuş, yataq otağında olan dolabları axtaran zaman qızılqabı görmüş, həmin qızılqabını açıb içərisinə baxdığı zaman orada 01 ədəd üzük, 01 ədəd boyunbağı və 01 ədəd saat olduğunu görmüşdür. O, həmin əşyaları götürüb cibinə qoyaraq oradan çıxıb evinə getmişdir. Oğurladığı əşyalara baxdıqda saat və boyunbağının qızıl olmadığını görmüş, lakin üzüyün qızıldan olmasını bilmişdir. O, həmin üzüyü 19 dekabr 2022-ci il tarixdə rayon ərazisinə satmaq üçün gətirmiş, tanımadığı bir qızıl mağazasına daxil olmuş və qızıl üzüyünün olduğunu ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Sonradan adının Şahid olduğunu bildiyi mağazada işləyən şəxs ondan şəxsiyyət vəsiqəni istəmiş, o, öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, bundan sonra Şahid qızılı çəkib ona 240 manat dəyərinin olduğunu, üzüyü satıb satmayacağını soruşmuş, o da ehtiyacı olduğu üçün üzüyü satmaq istədiyini bildirmişdir. İlham ona 240 manat pul vermiş, o, pulu götürüb bazarlıq edib evinə getmişdir. Həmin pulu ancaq ehtiyacları üçün xərcləmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs evindən 01 ədəd qızılı rəngli saat, 01 ədəd üzərində göy və ağ rəngli qaşlarla bəzədilmiş boyunbağı və 01 ədəd qızıl üzərində narıncı rəngli qaşlarla bəzədilmiş üzük oğurlamışdır. Saat və boyunbağı qızıl olmadığı üçün onları həyətində şüşə balona qoyaraq basdırmışdır. İstintaq zamanı həyətində basdırdığı həmin saat və boyunbağını zərərçəkmişə qaytarmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşimançılıq hissi keçirdiyini, ilk dəfə az ağır cinayət əməli törətməsini, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 nəfər azyaşlı (2011 və 2014-cü il təvəllüdlü) uşaqlarının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 dekabr 2022-ci il tarixdə saat 19 radələrində o və ailə üzvləri onlarla eyni kənddə yaşayan atasının evinə qonaq getmişdilər. Onlar təxminən saat 22 radələrinə qədər atasıgildə olmuşlar. Bundan sonra onlar evlərinə qayıtmışlar, evə daxil olduqda evin dağınıq vəziyyətdə olmasını görmüşlər. Həmin zaman o, yataq otağına daxil olmuş və oranın da dağınıq vəziyyətdə olmasını görmüşdür. Yataq otağında olan dolabın yuxarı hissəsində olan qızılqabının açıq olmasını görüb dərhal onu götürmüş, qızılqabında saxladığı dəyəri təxminən 400 manat, 5 qram çəkidə 585 əyarlı üzərində narıncı rəngli qaşlarla bəzədilmiş üzüyünün, dəyəri 3 manat olan üzərində tünd göy rəngli və ağ rəngli qaşlarla bəzədilmiş sadə ağ rəngli dəmirdən olan boyunbağısının və 01 ədəd dəyəri təxminən 20 manat olan qızılı rəngli “Vendel” markalı sadə materialdan olan saatının oğurlandığını aşkar etmişdir. Bundan sonra o, bu barədə yoldaşı Elçinə demiş, Elçin əvvəlcə polisə şikayət etmək istəsə də, sonradan oğurluq edənin tanış adam olacağını və peşman olaraq oğurladığı əşyaları geri gətirəcəyini düşündüyü üçün bu fikrindən daşınmışdır. Lakin oğurluq hadisəsini törədən şəxsi özüləri tapa bilmədikləri üçün xx.xx.2023-cü il tarixdə o, polisə məlumat vermişdir. Evindən qeyd etdiyi əşyaların oğurlanması ilə təxminən 423 (dörd yüz iyirmi üç) manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş məhkəmənin hazırlıq iclasında məhkəməyə notarial qaydasında təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsini, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə o, səhətində olan problemlərlə əlaqədar növbəti məhkəmə iclasılarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Sabirabad şəhərində qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Onun Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində özünə məxsus mağazası vardır. 19 dekabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində o, mağazanı bağlamaq istəyən zaman bir nəfər şəxs mağazaya daxil olub ona qızıl üzük satdığını və həmin üzüyü alıb-almayacağını soruşmuş, o da həmin üzüyə baxdıqdan sonra dəqiq cavab deyə biləcəyini bildirmişdir. Bundan sonra, həmin şəxs ona bir ədəd üzərində narıncı rəng qaşlar olan qızıl üzüyü vermiş, o, üzüyə baxdıqdan sonra həmin üzüyün oğurluq olub - olmamasını soruşmuş, həmin şəxs ona həmin üzüyün özünə məxsus olmasını, ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, bundan sonra həmin şəxsə üzüyü şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda ala biləcəyini demiş, həmin şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, bundan sonra o, üzüyü elektron tərəzidə çəkmiş, üzüyün 5 qram olduğunu görmüş, mağazada olan Qızıl və Brilliantların alışının akt kitabında qeydiyyatını aparmış və üzüyü 240 manata qiymətləndirib həmin şəxsdən almışdır. Həmin şəxs ona vəsiqəsini təqdim etdiyi zaman onun Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bundan sonra Aqil 240 manat pulu ondan götürüb oradan uzaqlaşmışdır. O, da ondan aldığı üzüyü təxminən 2-3 gün sonra əridilməsi və yenidən emala buraxılması üçün Bakı şəhərinə göndərmişdir. O, Təqsirləndirilən şəxs aldığı üzüyün oğurluq olmasını bilmədiyini, Təqsirləndirilən şəxs həmin üzüyü ona satan zaman üzüyün özünə məxsus olduğunu dediyini bildirmişdir. İş materiallarında olan Sabirabad rayon kooperativ cəmiyyətinin 18 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, bir ədəd 585 dəyərli 5 qram üzük 400 manat, bir ədəd “Vendel” markalı qol saatı 20 manat, bir ədəd bijuteriya boyunbağı 3 manatdır. Əşyaların ümumi dəyəri 423 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Kürkəndi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Himayəsində 2 nəfər (2011 və 2014-cü il təvəllüdlü) azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, o cümlədən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə az ağır cinayət əməli törətməsini, dəymiş ziyanı tam olaraq zərərçəkmiş şəxsə ödəməsini, həmçinin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasın Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 günün 1 həbs günü 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla cəmi 4 (dörd) gün ona təyin olunacaq cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olan bir ədəd “Vendel” markalı qol saatı və bir ədəd bijuteriya boyunbağı 01 aprel 2023-cü il tarixli qərarla sahibi Zərərçəkmiş şəxs qaytarılmasının, həmçinin, iş üzrə mülki iddianın və ekspertiza xərclərinin olmaması nəzərə alınmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən, xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin, təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxsnın qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs oğurladığı bir ədəd “Vendel” markalı qol saatı və bir ədəd bijuteriya boyunbağının 01 aprel 2023-cü il tarixli qərarla sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar