Məhkəmə qərarları › İş №1(056)-83/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-83/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-83/2024 08.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan təmiz çəkisi 0,634 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 01 noyabr 2023-cü il tarixdə saat 19:45 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən “Tonqal” marketin qarşısında dayanan zaman saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 21:20 dəqiqədə üzərinə şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,634 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Suqovuşan kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, göyərti satmaqla ailəsini dolandırır. Təxminən iki il olar ki, narkotik maddələrdən istifadə edir. 01 noyabr 2023-cü il tarixdə axşam saatlarında, təxminən saat 19 radələrində yaşadığı Sabirabad rayonu Suqovuşan kəndində olan zaman küçədə bir ədəd sellofan büküm yerdən götürüb içərisinə baxan zaman, içərisində heroin olmasını görmüşdür. O, heroindən istifadə etdiyinə görə, bükümün içərisindəki kütləyə baxan kimi heroin olduğunu anlamış və ürəyi istəyəndə istifadə edər deyə əynindəki cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 19:45 radələrində Sabirabad şəhəri İ.İsgəndərov küçəsində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş, üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olduğunu bildirərək onu Sabirabad rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasına gəldikdən sonra, o, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmişdir. Polis şöbəsində polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olub-olmadığını, olacağı halda isə könüllü olaraq təqdim etməsini bildirmişlər. O da üzərində bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə tapdığı narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra videoçəkiliş vasitəsi ilə polis əməkdaşları və Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən əlavə oaraq qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə heroin müstəntiq tərəfindən içi boş kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları, müdafiəçi və o, narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokolda imza etmişlər. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 noyabr 2023-cü il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Sabirabad RPŞ-nin CAB-dan əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 raportla polis şöbəsinin rəisinə məruzə etmiş, bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibinə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi X3, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və o, daxil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri İ.İsgəndərov küçəsində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, cibində narkotik vasitə heroin vardır və əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin bükümə müstəntiq tərəfindən baxış keçirilən zaman, içərisindəki maddənin narkotik maddə olan heroinə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni yaşadığı Sabirabad rayonu Suqovuşan kəndi ərazisində piyada gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş bükümə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, bu barədə videoçəkiliş cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 18/1033 nömrəli rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,634 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli 1210 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sabirabad rayonu, Kürkəndi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları vardır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan, 0,634 qram çəkidə narkotik vasitə heroini xeyli miqdarda qanunsuz olaraq əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, himayəsində iki nəfər yetkinlik yaşına şatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək 02 gün həbsdə saxlanmasının 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün təyin olunan cəzadan çıxılaraq, onun üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut kimi Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalmış 0.584 qram çəkidə narkotik vasitə heroinin hökmün qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 (dörd) gün təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri - 31.95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq şəkisi 0.584 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar