Məhkəmə qərarları › İş №1(056)-84/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-84/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-84/2023 31.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlu Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan (2007 və 2006cı il təvəllüdlü) və 1 nəfər (2012-ci il təvəllüdlü) azyaşlı uşaqları olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 395,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz daşıyaraq 1 ədəd polietilen torbada qanunsuz saxlamış, 15 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1ində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin alt tərəfində qoltuqaltı nahiyədə 1 ədəd polietilen torbada təmiz çəkisi 395,0 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1ində yaşayır. Bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 4-5 ildən artıq müddətdir ki, el arasında nəşə kimi adlanan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2022-ci illin mart ayında özünə məxsus həyətyanı sahəsində saxladığı 2 ədəd çətənə bitkisinin toxumlarını əkmişdir. Həmin bitkilərə qulluq edib yetişdirdikdən sonra 2022-ci ilin avqust ayında həmin bitkinin hissələrini yığıb həyətdəki əldamında saxlamışdır. Bir müddət özündə saxladığı qurudulmuş marixuanadan siqaretin tütününə qarışdırıb qəbul etmişdir. Sonradan evdə narkotik vasitə saxlamağından naharat olduğu üçün, sellofon torbada saxladığı narkotik vasitəni çöl sahədə kolluq bir yerdə gizlətmək istəmişdir. Bu məqsədlə 15 yanvar 2023-cü il tarixdə saat 15 radələrində əldamında sellofon torbada saxladığı narkotik vasitəni əynindəki gödəkçənin içəri tərəfindən, yəni qoltuqaltı nahiyyədə gizlədib, piyada evdən çıxaraq küçə ilə getmişdir. Təxminən 100-200 metr getdikdən sonra təsadüfən həmkəndlisi Kazım İbrəhimovla rastlaşmışdır. Kazımla salamlaşmış ondan hara getməsini soruşmuşdur. Kazım isə kəndin mərkəzinə getdiyini demişdir. Təxminən 2-3 dəqiqə ərzində Kazımla söhbətləşib yoluna davam edərkən arxadan avtomobilin gəlib onun yanında saxlamasını görmüşdür. Avtomobildən düşən şəxslərin polis əməkdaşı olduğunu görmüşdür. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağını bildirmiş onu və yanında dayanan Kazım İbrəhimovu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş vəkilin və hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman 1 ədəd sellofon torbada saxladığı narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan əlavə onun üzərindən başqa narkotik vasitə aşkar edilməmişdir. Daha sonra şifahı sorğu zamanı yaşadığı evin həyətyanı sahəsində 2 ədəd çətənə bitkisi əkdiyini bildirmişdir. Sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı yardımçı tikilinin yanındakı torpaq sahəsində 2 ədəd nəşə bitkisinin şitilləri aşkar edilmişdir. Dəvət edilmiş aqronom isə bitkilərə baxış qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə yaşadığı evdən, həyətyanı sahədən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş 2 ədəd nəşə bitkiləri polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitəni istifadə etmək məqsədi ilə çöl sahədə gizlətmək üçün üzərində saxlamışdır. Kazım İbrəhimovun onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Kazımla təsadüfən küçədə rastlaşmışdır. Sadəcə olaraq birlikdə təxminən 100-150 metr yol qət etmişlər. Kazım İbrəhimovun narkotik aludəçisi olduğunu bilmişdir. Hətda bir neçə dəfə kənd sakinləri ilə köməklik edib Kazımı müalicə olunması üçün Bakı şəhərinə göndərmişlər. Lakin Kazımın evində narkotik vasitə saxlaması barədə məlumatı olmamışdır. Çünki Kazıma və ya başqa bir şəxs narkotik vasitə verməmişdir. Bildirmişdir ki, əldamında sellofon torbada narkotik vasitə saxlamağından son zamanlar narahat olmuşdur. Fikirləşmişdir ki, doğru olan narkotiki həyətdə deyil, çöl sahədə saxlamaqdı. Ona görə də əldamından götürüb çöl sahəyə aparmaq istəmişdir. Heç vaxt kiməsə narkotik vasitə satmamışdır. Yalnız narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, başqa növ narkotik vasitə qəbul etməmişdir. Eyni zamanda qeyd etmişdir ki, özü narkotik vasitə qurudulmuş marixuandan istifadə etdiyi üçün marixuananın içərisində olan toxumlarını götürüb saxlamışdır. Çətənə bitkisinin toxumlarını ona heç kimin vermədiyini qeyd etmişdir. Qeyd etmişdir ki, ailə üzvlərindən xəlvətcə çətənə bitkisi əkmiş və əldamında sellofon torbada narkotik vasitə saxlamağı barədə isə ailə üzvlərinin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatamayan və bir nəfər azyaşlı uşaqlarının olmasını və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən X4 ifadəsində göstərdi ki, 15 yanvar 2023-cü il tarixdə ünvan 1 sakini Təqsirləndirilən şəxs yaşadığı narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı raportla şöbənin rəisinə məruzə etmişdir. Daha sonra təxirə salınmadan əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Şöbə rəisi tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiq Mərifət Ağazadə, CAB-nin əməliyyat müvəkkili Şahid1, PPXB-nin polis nəfərləri Şahid3, Musa Rüstəmov və özündən ibarət olması təsdiqlənmişdir. 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs, həmkəndlisi Kazım İbrəhimovla birlikdə rayonunun Ulacalı kəndində saxlanılmış, hər iki şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsinə dəvət edilmiş vəkilin və iki nəfər hal şahidləri, Şahid4 və Rauf İsgəndərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin qoltuq altı hissəsində 1 ədəd sellofon torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 2 ədəd çətənə bitkisinin toxumlarını əkdiyini və hal-hazırda iki ədəd çətənə bitkilərinin olduğunu, təqdim edə biləcəyini demişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bundan sonra polis şöbəsinə gətirilən digər şübhəli şəxs Kazım İbrəhimovu üzərinə dəvət edilmiş, vəkilin, başqa iki nəfər hal şahidləri - Natiq Həsənov və Mahir Səmədovun iştirakı şəxsi axtarış aparılan zaman dövdiyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Şifahı sorğu zamanı Kazım İbrəhimov yaşadığı Ulacalı kəndindəki evinin yataq otağında özünə məxsus kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana olmasını və təqdim edə biləcəyini demişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Daha sonra baxış keçirilməsi prosesində aqronom mütəxəssis qismində iştirak etməsi üçün X5 İstehsalı şöbəsinin müdiri X6 dəvət olunmuşdur. Bundan sonra avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Ulacalı kəndində evinə getmişlər. Bundan sonra müdafiəçinin, hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman yardımçı tikilinin yanındakı torpaq sahəsində 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilmişdir. Dəvət edilmiş aqronom isə bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evdən, həyətyanı sahədən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş 2 ədəd nəşə bitkiləri müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra, baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bundan sonra müdafiəçinin, hal şahidlərinin iştirakı ilə Kazım İbrəhimovun yaşadığı ünvana getmişlər. Kazım İbrəhimovun yaşadığı evə baxış zamanı özünə məxsus yataq otağındakı çarpayının üzərindəki döşəyin altından 1 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlə kağız zərfə qablaşdırılıb, müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək X2 göstəriyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sabirabad rayonu Kürkəndi kəndində ailəsi ilə birlikdə yaşayır. 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində piyada yol kənarı ilə evə gedərkən polis əməkdaşları ona yaxınlaşıb bir nəfər şəxsin üzərinə şəxsi axtarış aparılacağını bildirib onu hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. Həmin vaxt onunla bərabər bir nəfər şəxsdə hal şahidi qismində dəvət olunmuşdur. Həmin şəxsin rayon sakini X7 olmasını bilmişdir. Polis əməkdaşı polis şöbəsində bildirildi ki, ünvan 1 sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının doğruluğunu yoxlamaq məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1ində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun və digər şəxsin hal şahidi qismində iştirak edəcəkləri izah edilmişdir. Daha sonra dəvət edilmiş vəkilin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs özünün iştirakı ilə baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etsin.Təqsirləndirilən şəxs üzərində sellofon torbada narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin qoltuq altı hissəsində 1 ədəd sellofon torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 2 ədəd çətənə bitkisinin toxumlarını əkdiyini və hal-hazırda iki ədəd çətənə bitkilərinin olduğunu, təqdim edə biləcəyini demişdir. Bundan sonra, şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Daha sonra avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Ulacalı kəndində evinə getmişlər. Bundan sonra müdafiəçinin, onun və digər hal şahidinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman yardımçı tikilinin yanındakı torpaq sahəsində 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilmişdir. Dəvət edilmiş aqronom isə bitkilərə baxıb qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı evdən, həyətyanı sahədən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş 2 ədəd nəşə bitkiləri müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Cinayət işində olan: məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 18/54 saylı rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş üzərində: “...X3 yaşadığı evə...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “... Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi-395,0 qram ola bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurdulmuş marixuanadır. 3. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı...” sözləri yazılmış və imzalar olan 1 ədəd kağız paketdəki kağıza bükülmüş cəmi 2 ədəd, nəm vəziyyətdə, ümumi çəkisi-0,11 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitki şitillərinə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Marixuanadan 0,08 qram tədqiqata sərf olunmuş, 395,7 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2023-cü il tarixli 1062 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad rayon Ulacalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Sabirabad rayon Ulacalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər (2006 və 2007-ci il təvəllüdlü) yetkinlik yaşına çatmayan və 1 nəfər (2012-ci il təvəllüdlü) azyaşlı uşaqları vardır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində bir nəfər azyaşlı və iki nəfər yetkinlik yaşlarına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15-17 yanvar 2023-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilimiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonrakı çəkisi 394,96 qram qalan narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd çətənə bitkisinin şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə 49,74 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15-17 yanvar 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın; o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın; cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi 394,96 qr narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd çətənə bitkisinin şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar