Məhkəmə qərarları › İş №1(056)-85/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-85/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-85/2023 17.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Sabirabad rayonu Əhmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Əhmədabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihama görə, 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Sabirabad rayonunun Nərimankənd kəndinin mərkəzində yerləşən çayxananın qarşısına gəlib həmkəndlisi Zərərçəkmiş şəxs çayxananın kənarına çağırmış, sonuncudan bir az öncə telefonla danışarkən ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuş, həmin vaxt buna görə aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminindəki həmin mübahisə zamanı o, Zərərçəkmiş şəxs qisas niyyəti ilə təpik və yumruqları ilə baş və bədəninin müxtəlif nahiyyələrinə vuraraq, sonuncuya sol diz oynağının travmatik artiriti, artrozu ilə müşayiət olunan sol diz oynağının bayır səthində hematoma, boynun arxa səthində, sol çənə bucağı proyeksiyasında qançırlarli müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Əhmədabad kəndində ailəsi ilə birlikdə yaşayır. 12 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində rayonun Nərimankənd kəndində yerləşən “Səma” şadlıq evində həmkəndlisi Sərdərin övladının toy mərasiminə getmiş, orada dostlarla birlikdə bir qədər spirtli içki qəbul etmişdir. Saat 15 radələrində toy mərasimindən çıxıb evə gəlmiş, həyətdə bir qədər işlərini gördükdən sonra təxminən saat 19 radələrində dostu Ramilə zəng edib kənddəki Əhmədə məxsus çayxanaya dəvət etmişdir ki, birlikdə domino oynasınlar. Onlar birlikdə çayxanaya gəldikdən sonra tanışı və həmkəndlisi Sabir yanlarına avtomobillə gəlmiş, avtomobili gördükdən sonra Ramil və Sabirə təklif etmişdir ki, Sərdərin qızının toy mərasiminə gedib orada iştirak etsinlər. Hər ikisi onun təklifi ilə razılaşmışdır. Sonra onlar birlikdə toy mərasiminə getmişdir. Orada çay içdikdən sonra Sabir demişdir ki, başqa işi var, ona görə də kəndə qayıtmalıdır. O və Ramil toy məclisindən çıxmış, özü avtomobilin qabaq oturacağında, Ramil isə arxa oturacağında əyləşmişdir. Sabir avtomobili hərəkətə gətirən zaman anidən həmkəndlisi Şamil onun əyləşdiyi tərəfdən avtomobilə yaxınlaşıb qapını açmaq istəyərkən o, Sabirdən xahiş etmişdir ki, Şamillə münasibəti yoxdur, ona görə də Şamili avtomobilə götürməsin. Hətta demişdir ki, əgər avtomobilə Şamil minəcəksə özü düşsün. Sabir isə ona demişdir ki, narahatçılıq yoxdur, birlikdə kəndə gedəcəklər. Həmin anda Şamil avtomobilin qapısını açıb Sabirlə söhbət etməyə başlamış və özünü tərifləmişdir. O da Şamillə danışmadığı üçün avtomobilin qapısını bağlamışdır. Şamil isə ikinci dəfə avtomobilin qapısını açmış və o da ikinci dəfə avtomobilin qapısını bağlamışdır. Şamil üçüncü dəfə avtomobilin qapısını açdıqdan sonra üçüncü dəfə avtomobilin qapısını örtmüş və öz-özünə demişdir ki, “şeytana lənət olsun, Sabir sür avtomobili çıxaq gedək”. Sabir də avtomobili idarə etdiyi kəndə tərəf hərəkət etdirməyə başlamışdır. Rayonun Nərimankənd kəndi ərazisində Sabirin mobil telefon nömrəsinə zəng gəlmiş, zəng edən Zərərçəkmiş şəxs olmuşdur. Şamillə Sabirin telefon söhbətindən başa düşmüşdür ki, onun barəsində danışır. O, Şamilin söyüş söyməsini eşitmişdir. Lakin konkret olaraq hansı söyüşlər söyməsini dəqiq bilməmişdir. Sonra Sabir öz mobil telefonunu ona təqdim edib Şamilin onunla danışmaq istədiyini demişdir. Telefonu Sabirdən aldıqdan sonra Şamilə demişdir ki, nə olub, nə demək istəyirsən. Şamil ona demişdir ki, “kimsən ki, avtomobilin qapısını üzümə bağlayırsan, sənini dalını kimlərəsə dağıtdıraram”. Bu sözdən sonra əsəbləşmiş və Şamilə demişdir ki, toyda olsun, həmin yerə gəlir. Şamil ona demişdir ki, gəlməyənin var-yoxundan xəbərin yoxdur. O da öz payına “gəlməyənin də var-yoxundan xəbəri yoxdur” sözlərini demişdir. Bundan sonra Sabirdən avtomobili geriyə sürməsini xahiş etmiş, Sabir isə narahat olduğuna görə avtomobili geriyə hərəkət etdirməmişdir. Sonra Sabir avtomobili Əhmədin çayxanasının qarşısına sürmüş və birlikdə avtomobildən düşmüşlər. Ramil və Sabir çayxanaya girsə də o, çayxanaya getməmişdir. Çayxananın qarşısında doğma əmisi oğlu Mayıl Əlləzovu görüb onu restoranın qarşısına aparmasını xahiş etmiş, hətta nisyə benzin alıb Mayılın avtomobilinə tökmüşdür. Onlar birlikdə restoranın qarşısına getsələr də, orada Şamili tapa bilməmişdir. Bundan sonra avtomobilə əyləşib əmisi oğlu Mayıla hadisə barədə məlumat vermiş və birlikdə kəndə qayıtmışlar. O, Şamilin həmkəndlisi İlhama məxsus çayxanada əyləşdiyini görmüş, Mayıldan avtomobili saxlamasını xahiş etmişdir. O, avtomobildən tək düşüb Şamilin əyləşdiyi stola yaxınlaşmışdır. Şamil orada həmkəndliləri İbrəhim və Şamo ilə bir stolda əyləşmişdir. Şamil söhbətini bitirən kimi onu yanına dəvət etmiş, Şamil stuldan qalxıb yanına gəlmiş və birlikdə təxminən 10-15 metr kənara çəkilib söhbət etməyə başlamışlar. Şamilə demişdir ki, “səninlə danışmıram, heç bir münasibətim yoxdur, nə səbəbə məni telefonda söyürsən”. Şamil ona demişdir ki, “get şarını başqa yerdə partlat”. Sonra üzərinə gələrək “məni vur” deyə qışqırmışdır. O da Şamili əli ilə itələyib aralı durmasını tələb etmişdir. Şamil ona demişdir ki, “sən kimsən ki səninlə söhbət edim, səni gecə ilə evindən çıxardaram”. O da bildirmişdir ki, heç kim onu gecə vaxtı evindən çıxarda bilməz. Bu zaman Şamil cibindən telefonu çıxarmaq istəyərkən telefon əlindən yerə düşmüş, Şamil telefonu yerdən götürmək əvəzinə, daş parçasını götürüb əlində saxlamış, ona qışqırmışdır ki, telefonu tez tap. Bu zaman Şamil üzərinə gəlib daşla onu vurmaq istəyərkən o, Şamildən cəlb tərpənib yumruqla Şamili vurmuşdur. Onun yumruğu ilk əvvəl Şamilin əlindəki daşa dəymiş, sonra Şamilin sifət nahiyyəsinə dəymişdir. Şamil isə bir qədər müvazinətini itirib aşağı əyilmişdir. Sonra Şamil onun yanından qaçıb uzaqlaşmışdır. O, Şamilin ardınca qaçmış, Şamil çayxananın həyətində qaçmaq istəyərkən dizi stula dəyib yerə yıxılmış, sonra ayağa qalxıb həmin stulu onun üzərinə atmışdır. O da özünü qorumaq üçün əli ilə stulu vurmaq istəyərkən əli stulun arasına ilişib qalmışdır. Stulu kənara tullayıb Şamilin ardınca qaçmaq istəyərkən ayaqları dolaşdığı üçün sifəti üstə yerə yıxılmışdır. Hər iki əli yerə dəymiş, sonra ayağa qalxmış, bu zaman orada olan kənd sakinləri onu sakitləşdirməyə çalışmışdır. Şamil isə ondan uzaqlaşmışdır. O, əsəbləşib divara bir dəfə yumruq vurmuş və siqaret çəkməyə başlamışdır. Təxminən 3-5 dəqiqə ərzində mübahisə dayanmış və o, sakitləşmişdir. Həmin vaxt Şamil atası Güləhməd müəllim onun yanına gəlmiş, Güləhmədə baş verənləri izah etmişdir. Güləhməd bilmişdir ki, günah öz oğlundadı. Güləhməd ondan nə səbəbə oğlu Şamili vurmasını soruşmuş, o, Güləhmədə izah etmişdir ki, Şamil yerdən daş götürüb onu vurmaq istəyən zaman qarşısını alaraq Şamilə bir dəfə yumruq zərbəsi vurmuşdur. Təxminən 5 dəqiqə sonra Şamil əlində yekə daş parçası uzaqdan onun üzərinə gəlməyə başlamış və kənd sakinlərinin arasında onun ünvanına demişdir ki, “hanı qəhbə Murad”. O, kənd sakinlərinin arasında dayanıb Şamilə demişdir ki, burdadır. Lakin Şamilin atası Güləhməd Şamilin qarşısını kəsib dava etməyə şərait yaratmamış və hətta oğluna bir-iki dəfə boyun nahiyyəsindən sillə ilə vurub dava etməməsini tələb etmişdir. Həmin anda qulaqları zəif eşidən əmisi oğlu Bahadır çayxanadan çıxıb yanlarına gəlmiş, Şamil Bahadırı gördükdən sonra kənarda qalmış və Bahadırın ünvanına nalayiq söyüşlər söyüb, guya onu öyrədənin Bahadır olmasını demişdir. Kənd sakinləri də Şamilin hərəkətlərini və söyüşlərini eşitmişdir. Şamil özünü idarə edə bilmirdi. Sonra mübahisəyə digər əmisi oğlanları Nurəddin və Mayıl də gəlmiş, Şamil Nurəddinin və Mayılın da ünvanına söyüşlər söymüşdür. Nurəddin və Mayıl Şamilin söyüşlərini eşitdikdən sonra Güləhmədə demişdir ki, Şamili buradan kənarlaşdırsın, yoxsa burda güclü dava olacaqdır. Şamil isə anidən atasının yanında Bahadıra yaxınlaşıb əli ilə sifətindən vurmuşdur. Şamili kənd sakinlər aralaşdırıb kənara aparmışdır. Şamil əlində telefonu göstərək demişdir ki, “5 dəqiqə ərzində sizin dalınızı dağıtdıracağam”. Sonra da hadisə barədə polisə məlumat vermişdir. Polislər gəldikdən sonra Şamilin əlindəki daşı polis əməkdaşları ala bilməmişdir. Şamil polislərin yanında Bahadırın ünvanına nalayiq söyüşlər söymüş, polis əməkdaşları Şamili avtomobilə mindirib təxminən 1 km kənara sürdükdən sonra təkrarən geri qaytarmışlar. Həmin vaxt Şamil əlində daş polislərin xidməti avtomobilindən yerə düşmüş, Bahadırın ünvanına söyüşlər söymüşdür. Hətta əlini avtomobilin banına bir dəfə vurmuşdur. Sonra ikinci polis avtomobili gəlmiş və birlikdə hamısı avtomobilə minib polis şöbəsinə gəlmişdir. Hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki İlhama məxsus çayxananın qarşısında baş vermişdir. Hadisə əsasən Şamilin hərəkətlərindən qaynaqlandığı üçün o, özünü qismən təqsirli bilir. İlk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Şamil ilə uzun müddətdir ki, danışmadığına görə onunla barışmaq və üzrxahlıq etmək niyyətində deyildir. Göstərdiklərinə əsasən o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır. Sabirabad rayonu Əhmədabad kənd orta məktəbində texniki işçi kimi çalışır. Bundan əlavə o, Azərbaycan Respublikasında yaşayan Axıska türkləri cəmiyyətinin Sabirabad rayon türk icmasının sədri vəzifəsində işləyir. 12 oktyabr 2022ci il tarixdə həmkəndlisi Eldarın övladının rayonun Nərimankənd kəndində yerləşən “Səma” şadlıq evində toy mərasimi keçirilmiş, o da həmin toy məclisində iştirak etmişdir. Təxminən saat 20 radələrində toy məclisindən çıxıb restoranın həyətində qonşusu Sabiri öz avtomobilinə oturan vəziyyətdə görmüş, avtomobilə yaxınlaşmış və avtomobilin qabaq sağ qapısını açmış və qabaq sağ oturacaqda Muradın əyləşdiyini görmüşdür. O, sürücü Sabirdən xahiş etmişdir ki, Türkiyə Respublikasında yaşayan dostu Bədirşahla telefon əlaqəsi saxlasınlar. Sabir də ona demişdir ki, danışmaq olar. Bu zaman Murad avtomobilin qapısını bağlamış, o, qapını təkrarən açmış və Muraddan soruşmuşdur ki, “nə səbəbə avtomobilin qapısını üzümə bağlayırsan, mən sənə nə hörmətsizlik etmişəm”. Murad isə qarşılığında ona demişdir ki, get işinlə məşğul ol və təkrarən qapını bağlamışdır. Bundan sonra o, Sabir qonşu kənddə görüşüb söhbət etmələrini demiş və təkrarən restorana daxil olmuşdur. Təxminən 10 dəqiqə əyləşdikdən sonra restoranın həyətinə düşüb istifadəsində olan mobil telefonla Sabirin telefonuna zəng edib danışarkən Sabirdən telefonu Murada verməsini xahiş etmiş və nə səbəbə ona qarşı hörmətsizlik etdiyini öyrənmək istəmişdir. Sabir isə bildiyi qədər telefonun mikrofonunu açaraq telefonu Murada vermişdir. Muradla telefonda danışarkən soruşmuşdur ki, “sənə qarşı mən neyləmişəm ki, avtomobilin qapısını mənim üzümə bağlayırsan”. Murad isə ona “orada ol gəlirəm görüşməyə” demiş və telefonu söndürmüşdür. Bundan sonra o, kənd sakinlərinin avtomobili ilə kəndin mərkəzində yerləşən Bəxtiyara məxsus çayxanaya gəlmiş, çayxanada dostları İbrahim və Şamo ilə birlikdə çay içmiş, orada olarkən Murad ona yaxınlaşıb kənara dəvət etmişdir ki, söhbət etsinlər. O, stuldan ayağa qalxıb Muradla birlikdə təxminən 40-50 metr kənara çəkilmiş, təkbətək söhbət etmişlər. Söhbət zamanı Muraddan heç bir pis hərəkət etmədiyi halda, nəyə görə ona qarşı hörmətsizlik etməsini soruşmuş, Murad isə qarşılığında ona demişdir ki, kimsənki sual verirsən. Sonra Murad ilk olaraq onun sol çənə nahiyyəsindən yumruqla bir dəfə vurmuş, zərbənin təsirindən o, yerə yıxılmış, bu zaman Muradın əmisi oğlanları Şahid4, Şahid1 və Şahid2 onun üzərinə hücum etmiş və hər üç şəxs onu yerdə uzanıqlı vəziyyətdə olarkən təpiklə vurmağa başlamışdır. Bundan sonra baş verənləri tam xatırlaya bilməmiş, zərbələrin təsiri nəticəsində huşunu itirmiş, özünə gələrkən ətrafında 10-15 nəfər kənd sakinlərinin olmasını görmüşdür. Eşitdiyinə görə atası Güləhməd və İlham Məmmədəliyev, Cəlil Məmmədəliyev, Şahid6 və Bəyzadə Şövkətov onu yerdən qalxızıb üzünü yumuşlar. O, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, həmin vaxt Əlləzovlar onun və atasının ünvanına nalayiq söyüşlər söydüklərinə görə o da həmin şəxslərin cavabını söyüşlə vermişdir. Bildiyi qədər həmin şəxslər onu telefona da çəkmişdir. Bir müddət sonra, yəni 10-15 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, o avtomobilə minib polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmiş və hadisənin necə baş verməsi barədə izahat vermişdir. İlkin izahatında təkcə Muradın adını verməkdə məqsədi o olmuşdur ki, kənd sakinləri olduğuna görə həmin şəxslərlə barışacaqdır. Ona görə digər şəxslərin adını verməmişdir. Həqiqətdə adlarını çəkdiyi həmin şəxslərin hamısı onu döymüşdür. Sol çənə nahiyyəsindən aldığı xəsarəti Təqsirləndirilən şəxs yetirmişdir. Yerə yıxıldıqdan sonra isə Murad onun sol diz oynağına vurmuşdur. Sonradan isə Muradın əmisi oğlanları onu yerə yıxılmış vəziyyətdə olarkən döyməyə başlamışdır. Boynun arxa səthində olan xəsarəti isə ona Nurəddin Əlləzov yetirmişdir. Hadisə ümumilikdə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki Bəxtiyara məxsus çayxananın qarşısında baş vermişdir. Muradın dediyi kimi qaçaraq yıxılmamış və yıxılaraq bədən xəsarətləri almamışdır. Hadisə zamanı əlində daş parçası olmamışdır. Murad və əmisi oğlanları döyüb-söydükləri üçün o, cavab olaraq həmin şəxsləri söymüş, bu zaman isə onu gizlincə telefona çəkmişlər. Təqsirləndirilən şəxs ondan üzrxahlıq edib barışmaq niyyətini ifadə etmiş olsa idi, o, hazırki vəziyyətdə də ondan şikayətçi olmazdı. Lakin göründüyü kimi, təqsirləndirilən şəxs ondan üzrxahlıq edib məsələni barışıqla həll etmək niyyətində deyildir. Ona görə də o, hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində işdən çıxıb kənddə gəlmiş, istirahət etmək üçün kəndin mərkəzində yerləşən İlhama məxsus çayxanaya getmiş, kənd sakinləri ilə çay içmişdir. Bu zaman Şamilin atası Güəhməd müəllim yanından keçib Muradla söhbət etməyə başlamış, sonra da susuzluğunu yatırmaq üçün mağazaya gedib su alıb içmişdir. Kənd sakinləri ilə ayaq üstə dayanıb söhbət edən zaman kənardan Şamilin gəlməsini görmüş və söyüş söyməsini eşitmişdir. Onun qulaqları yaxşı eşitmədiyinə görə yanında dayanan kənd sakinləri ona demişdir ki, Şamil Əlləzovların ünvanına nalayiq söyüşlər söyür. O, Əlləzovların bir nümayəndəsi olduğu üçün Şamilin atasına yaxınlaşmış və demişdir ki, oğluna desin, söyüş söyməsin. Şamil isə yanına gəlib demişdir ki, guya Muradı o, öyrədib üstünə göndərmişdir. Hansı ki, onun baş verənlərdən xəbəri olmamışdır. Bu zaman Şamil onun yaxasından tutub vurmaq istəmiş, lakin orada olan kənd sakinləri buna imkan yaratmamışdır. Özü Şamilə demişdir ki, əgər köynəyinin düyməsi qırılsa vuracaqdır. Şamil isə demişdir ki, “onun arxasında duran adamları var”. O da Şamilə demişdir ki, “sənin arxanda qanunsuz duran adamların dalını dağıdaram”. Hətta Şamilə təklif etmişdir ki, hamı kənara çəkilsin, Muradla təklikdə dava etsin, söhbət də qurtarsın. Sonra bildiyi qədər Şamil polisə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlib ona yaxınlaşaraq nə baş verməsini soruşmuş, o da izah etmişdir ki, Şamil nalayiq söyüşlər söyür. Sonra Şamil onun yanına gəlib yenə də yaxasından tutub sıxmış və söyüşlər söymüşdür. Şamil polislərin avtomobilinə minərkən eşitdiyinə görə qardaşı Nurəddinə yumruq atmışdır. Lakin hamıya tapşırmışdır ki, Şamillə heç kimin işi olmasın. Polis əməkdaşları avtomobilləri ilə bir qədər uzaqlaşdıqdan sonra geriyə qayıtmış, bu zaman Şamil avtomobilin pəncərəsindən başını çıxardaraq kəndin ünvanına nalayiq söyüşlər söymüş, avtomobil bir qədər gedib təkrarən geriyə qayıdıb yanlarında dayanmışdır. Şamil avtomobildən düşərkən əlində daş parçası da olmuşdur. O, Güləhmədə demişdir ki, oğluna desin, söyüş söyməsin. Bu an Şamil əlindəki daş parçası ilə onun sifət nahiyəsindən bir dəfə vurmuş, burun və sifət nahiyəsindən xəsarət almışdır. O, ssəbləşərək mağazaya gedib bıçaq almaq istəmişdir ki, Şamili cəzalandırsın. Lakin kənd sakinləri ona imkan verməmişdir. Polis əməkdaşları isə daşı Şamilin əlindən almış, Şamil öz hərəkətlərinə davam etdiyi üçün qardaşı Nurəddin DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlib Şamili avtomobilə mindirərək idarəyə aparmışlar. Hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki İlhama məxsus çayxananın qarşısında baş vermişdir. O, Muradın Şamili vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır. 12 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində çöl sahədə özünə məxsus pambıq sahəsinə dərman səpdirdikdən sonra evə getmək istəmiş, yolüstü İlhama məxsus mağazaya gedib çörək alıb evə getmək istəyərkən Şamilin çayxanada oturub kiminsə ünvanına söyüş söyməsini eşitmişdir. Təxminən 2-3 dəqiqə sonra Şamilin qaçdığını, Muradın isə onun ardınca getdiyini görmüş, Şamilin dizi stula dəydiyi üçün yerə yıxılmış, sonra da stulu götürüb Murada tullamışdır. Murad isə əli ilə stulu kənara atmaq istəmiş, bu zaman Murad özü də yerə yıxılmışdır. O, Murada köməklik edib ayağa qaldırıb nə baş verməsini soruşmuş, Murad isə ona baş verənləri danışmışdır. O, Murada boş verməsini, Şamilin qaçıb getdiyini, ardınca getmək lazım olmadığını demişdir. Təxminən 5-10 dəqiqə sonra Şamilin atası Güləhməd gəlmiş, Şamil də anidən təkrarən gəlmiş və ilk əvvəl Muradın ünvanına nalayiq söyüşlər söymüş, bu zaman qardaşı Bahadır da yanlarına gəlmiş, Şamil qardaşı Bahadırın, sonra digər qardaşı Mayılın və onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O və digər qardaşları Şamilin atasına oğlunu başa salmasını, söyüş söyməməsini, onu evlərinə aparmasını demişdir. Şamilin atası Güləhməd isə bir neçə dəfə oğlunun kürəyinə və boyun nahiyyəsinə sillə ilə vurmuş, Şamil sərxoş olduğuna görə heç kim onu sakitləşdirə bilməmişdir. Şamilin söydüyü söyüşlərə görə çox sayda kənd sakinləri ora toplaşmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş, ilk əvvəl Şamili avtomobili mindirib kənara aparsalar da, təkrarən avtomobil onların yanında dayanmış, Şamil avtomobildən düşüb yerdən daş götürmüşdür. O, Şamillə polislərin bacarmadığını görüb əlavə kömək üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra ikinci polis avtomobili gəlmişdir. Polis əməşdaşları kim şikayət edəcəksə avtomobilə əyləşməsini təklif etmiş, o, avtomobilə yaxınlaşıb minmək istəyərkən Şamil qaranlıqda qəflətən onun üstünə gəlib əlindəki daşla vurmaq istəyərkən əlini irəliyə verdiyi üçün daş sağ əlinə dəymiş və xəsarət almışdır. Bu zaman qardaşı Bahadır da avtomobilə minmək istəyərkən Şamil qardaşının sifət nahiyyəsindən əlindəki daşla vurmuşdur. Qardaşı əlini sifətinə tutmuş və həmin vəziyyətdə avtomobilə əyləşmişdir. Həmin an digər qardaşı Mayıl da yanında olmuşdur. Bildiyi qədər Şamil Mayılın da üzərinə hücum etmişdir. Lakin dəqiq olaraq xəsarət almasını bilməmişdir. Sonra polislər onları avtomobilə mindirib polis şöbəsinə gətirmişdir. Hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Şamil hadisə zamanı qaçmaq istəyərkən sol dizi stula dəymiş, diz nahiyyəsindən həmin xəsarətləri almışdır. Boyun səthində olan xəsarətləri isə atası Güləhməd davanın qarşısını almaq üçün Şamilin boyun nahiyyəsindən 2-3 dəfə sillə vurmuşdur. Sol çənə nahiyyəsində olan qançır xəsarətini isə hansı şəraitdə almasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır. 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində evdən çıxıb çörək almaq üçün İlhamın mağazasına gəlmiş, çörəyi alıb avtomobilinə qoyduqdan sonra əmisi oğlu Murad ona yaxınlaşıb “Səma” şadlıq evinin qarşısına aparmasını xahiş etmiş, avtomobildə benzin olmadığına görə Murad nisyə onun avtomobilinə 1 lt benzin almış, onlar birlikdə restoranın qarşısına gəlmişlər. Murad restorana girdikdən 2-3 dəqiqə sonra restorandan çıxmış və avtomobilə əyləşmişdir. Kəndə gələrkən Murad baş verənləri danışmışdır. O, avtomobili çayxananın qarşısında saxlamış, Murad avtomobildən düşüb Şamilin yanına getmişdir. Şamillə Murad birlikdə çayxanadan aralaşıb məktəbə getmişlər. O, narahat olduğuna görə həmin şəxslərlə birlikdə getmişdir. Lakin Şamil və Murad hər ikisi ona demişdir ki, “sənlik deyil, kənara çəkil söhbət edəcəyik”. O, kənara çəkilmiş və çayxanada televizora baxmışdır. Bir anlıq Şamilin çayxananın həyətində qaçdığını, Muradın isə onun ardınca getdiyini görmüşdür. Bu zaman Şamilin dizi çayxananın həyətindəki stula dəydiyi üçün bərkdən yerdəki betona yıxılmış, stulu götürüb Murada tullamışdır. Murad isə əli ilə stulu kənara atmaq istəmiş, bu zaman Murad özü də yerə yıxılmışdır. Təxminən 5-10 dəqiqə sonra Şamilin atası Güləhməd gəlmiş, daha sonra Şamil də anidən ora gəlmiş və ilk əvvəl Muradın ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman qardaşı Bahadır da gəlmişdir. Şamil qardaşı Bahadırı gördükdən sonra qardaşının ünvanına nalayiq söyüşlər söymüşdür. Qardaşı Bahadır da öz növbəsində Şamili və Şamilin arxasında durub müdafiə edən şəxslərin ünvanına söyüşlər söymüşdür. Şamil bütün Əlləzovları söydüyü üçün özünə və atasına irad bildirmişdir ki, söyüş söyməsin. Həmin anda Şamil onun boğazından tutsa da, irad bildirmiş və əlini boğazından çəkmişdir. O və digər qardaşları Şamilin atasına oğlunu başa salmasını, söyüş söyməməsini və evlərinə aparmasını demişdir. Şamilin atası Güləhməd bir neçə dəfə oğlunun kürəyinə və boyun nahiyyəsinə sillə ilə vurmuşdur. Şamil sərxoş olduğuna görə onu heç kim sakitləşdirə bilməmişdir. Şamilin söydüyü söyüşlərə görə yanına çox sayda kənd sakinləri toplaşmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş, ilk əvvəl Şamili avtomobili mindirib kənara aparsalar da, təkrarən avtomobil onların yanında dayanmış, Şamil isə avtomobildən düşüb yerdən daş götürmüş və anidən Nurəddini söyüb sağ əlindən daşla vurmuşdur. Təxminən 10-15 dəqiqə sonra ikinci polis avtomobili gəlmişdir. Polis əməkdaşları kim şikayət edəcəksə avtomobilə əyləşməsini təklif etmiş, bu zaman qardaşı Bahadır avtomobilə minmək istəyərkən Şamil qardaşının sifət nahiyyəsindən əlindəki daşla vurmuşdur. Qardaşı əlini sifətinə tutmuş və həmin vəziyyətdə avtomobilə əyləşmişdir. Hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Dava zamanı Zərərçəkmiş şəxs onun boğazından tutsa da, xəsarət yetirməmişdir. Şamil hadisə zamanı qaçmaq istəyərkən sol dizi stula dəymiş və diz nahiyyəsindən xəsarət almışdır. Boyun səthində olan xəsarətləri atası Güləhməd davanın qarşısını almaq üçün Şamilin boyun nahiyyəsindən 2-3 dəfə sillə vurmuşdur. Sol çənə nahiyyəsində olan qançır xəsarətini isə hansı şəraitdə almasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Sabirabad rayonu Əhmədabad kəndində ailəsi ilə birlikdə yaşayır. 12 oktyabr 2022-ci il tarixdə saat 19-20 radələrində o, kəndin mərkəzindəki çayxanada oturmuşdur. Ondan başqa orada digər kənd sakinləri də oturmuşdur. Anidən çayxanadan 20-25 metr kənardan səs gəlməsini eşitmiş, o və digər kənd sakinləri stuldan durmuş və görmüşdür ki, Şamil çayxananın həyətinə daxil olub, çıxış qapısından qaçıb getmişdir. Murad isə Şamilin ardınca qaçmamışdır. Təxminən 5-10 dəqiqə sonra ilk olaraq Şamilin dədəsi Güləhməd kəndin mərkəzinə gəlmiş, bir qədər sonra isə Güləhmədin oğlu Şamil də çayxananın qarşısına gəlmişdir. Şamil gəldikdən sonra Muradın əmisi oğlu Bahadırla sözlə mübahisə etməyə başlamışdır. Şamil və Bahadır bir-birinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışlar. Hətta Şamil bir neçə dəfə Bahadırın yaxasından tutub mübahisə etmişdir. Şamilin atası Güləhməd isə bir neçə dəfə onların yanında oğlunun kürəyinə sillə ilə vurmuşdur. Şamil sərxoş olduğuna görə heç kim onu sakitləşdirə bilmirdi. Şamilin söydüyü söyüşlərə görə yanlarına çox sayda kənd sakinləri toplaşmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş, ilk əvvəl Şamili avtomobili mindirib kənara aparsalar da, təkrarən avtomobil yanlarında dayanmışdır. Təxminən 10-15 dəqiqə sonra ikinci polis avtomobili gəlmişdir. Sonra polislər həmin şəxsləri avtomobilə mindirib polis şöbəsinə gətirmişlər. Hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. O, Murad və Şamilin arasında olan davanı görməmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 734 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol diz oynağının travmatik artiriti, artrozu ilə müşayiət olunan sol diz oynağının bayır səthində hematoma, boynun arxa səthində, sol çənə bucağı proyeksiyasında qançırlar küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunmuş xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bilərdi. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 734A saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol diz oynağının travmatik artiriti, artrozu ilə müşayiət olunan sol diz oynağının bayır səthində hematoma, boynun arxa səthində, sol çənə bucağı proyeksiyasında qançırlar küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ayrı ayrılıqda dərəcəsinə görə boynun arxa səthində, sol çənə bucağı proyeksiyasında qançırlar sağlamlığa zərər vurmaya xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunmuş-sol diz oynağının travmatik artiriti, artrozu ilə müşayiət olunan, sol diz oynağının bayır səthində hematoma isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunmuş xəsarətlər müxtəlif şəraitdə, o cümlədən qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi, öz boyu hündürlüyündən yıxılma üçün xarakterik xəsarətlər yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Digər tərəfdən, iş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar