Məhkəmə qərarları › İş №1(056)-85/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-85/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-85/2024 17.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1964-cü ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməyən, Sabirabad rayonu Qalağayın kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi məqsədi olmadan xeyli miqdarda, 13,24 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla bir ədəd bükümdə saxlamış, 16 dekabr 2023-cü il tarixdə saat 19:30 radələrində Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Sabirabad rayonu Məmişlər kəndi ərazisində saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 20:40-da Təqsirləndirilən şəxs üzərinə polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol ön cibindən 1 ədəd bükümdə təmiz çəkisi -13,24 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 40 ildir ki, narkotik vasitə istifadə edir. 16 dekabr 2023-cü il tarixdə axşam saat 17 radələrində idarə etdiyi “Vaz 2101” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Padarçöl yolunda Şirvan kanaldan balıq tutmağa getmiş, avtomobili saxlamış və balıq tutmaq üçün Şirvan kanala yaxınlaşmışdır. Həmin zaman yol kənarında 01 ədəd sellofan bağlamanın olduğunu görmüş, bağlamaya yaxınlaşmış və əlinə götürərək, içinə baxmışdır. Həmin sellofan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin qutunu açıb içərisində baxdıqda, içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu bilmişdir. Həmin kütlədən bir az istifadə etmiş, bundan sonra tam əmin olmuşdur ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır. O, həmin narkotik vasitəni istifadə etmək məqsədilə əynində olan qara rəngli gödəkçənin sol ön cibinə qoymuş, sonra idarə etdiyi avtomobildə olan spirtli içkini götürmüş və həmin içkidən içmişdir. Daha sonra saat 19 radələrində idarə etdiyi avtomobilə əyləşmiş və avtomobillə yaşadığı Sabirabad rayonu Qalağayın kəndi istiqamətinə getmək üçün hərəkətə başlamışdır. Hərəkətdə olan zaman içkili olduğu üçün idarəetməni itirmiş və Məmişlər kəndində yol kənarında olan işıq dirəyi ilə toqquşmuşdur. Bu zaman avtomobilinin sağ hissəsi əzilmişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, içkili olduğu üçün və eyni zamanda üzərində narkotik vasitə olduğu üçün qorxmuş və avtomobildən düşərək qaçmağa çalışmışdır. Həmin zaman polis əməkdaşları onun qarşısında dayanaraq qaçmağına mane olmuşdur. Daha sonra onun nə üçün qaçmaq istədiyini soruşmuşlar. O da cavabında polis əməkdaşlarına içkili olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları onu Sabirabad RPŞ-nə dəvət etmişlər. O, idarə etdiyi avtomobillə birlikdə Sabirabad RPŞ-yə gəlmişdir. Daha sonra müstəntiqin xidməti otağına qalxmış və həmin vaxt ona müstəntiq yaxınlaşmış və şübhəli şəxs kimi tutulduqdan sonra vəkil təqdim edilərək, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı bildiriş təqdim edilmişdir. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsini bildirmişdir. O, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd “Corn” markalı mobil telefon, 01 ədəd “Argo” markalı siqaret qutusu, 01 ədəd alışqan, 22 manat pul vəsaiti və 01 topa avtomobil açarı aşkar olunaraq götürülmüşdür. Müstəntiq onun təqdim etdiyi 01 ədəd sellofan bağlamanı açaraq içinə baxdıqdan sonra həmin kütlə barədə soruşduqda, həmin kütləni Sabirabad rayonu Padarçöl yolunda Şirvan kanalın yaxınlığında yol kənarından tapdığını bildirmiş, istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda üzərindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş və müstəntiq tərəfindən götürülmüşdür. Hazırda o, əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. 16 dekabr 2023-cü il tarixdə saat 19:30 radələrində Sabirabad RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə 11 saylı xidməti ərazidən Sabirabad RPŞ istiqamətində gələrkən Sabirabad rayonu Məmişlər kəndi ərazisində “VAZ 21011” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olan işıq dirəyi ilə toqquşaraq yolnəqliyyat hadisəsinin baş verdiyini görmüşlər. Bu zaman o və Şahid2 həmin avtomobilə yaxınlaşmış, bunu görən sürücü avtomobildən düşərək hadisə yerindən qaçmaq istəmişdir. Həmin vaxt dərhal sürücüyə yaxınlaşaraq nə üçün özünü bu cür şübhəli apardığını soruşduqda sürücü sprirtli içkinin təsiri altında sərxoş halda olduğunu və üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi avtomobili ilə birlikdə rayon polis şöbəsinə dəvət edərək gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Sabirabad rayonu Qalaqayın kənd sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə olmasına dair şübhələr olduğundan polis şöbəsinin müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş vəkilin, onun, Şahid2 və Təqsirləndirilən şəxs özünün iştirakı ilə üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs izah edilmişdir ki, şəxsi axtarış aparılan zaman telefon vasitəsi ilə video çəkiliş aparılacaq, eyni zamanda təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən 01 ədəd sellofon bağlamanı çıxarıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində olan digər əşyaları da təqdim etməsi təklif edildikdə, üzərində dövriyyəsi qadağan edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən 1 ədəd “Corn” markalı mobil telefon, 01 ədəd “Argo” markalı siqaret qutusu, 01 ədəd alışqan, 22 manat pul vəsaiti və avtomobil açarı aşkar olunmuşdur. Bundan başqa əlavə hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bağlamanın içərisində olan kütlə açıldıqda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin kütlə isə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus və polis şöbəsinin duracağında saxlanılan “Vaz 21011” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet olma ehtimalına görə baxış keçirilmişdir. Lakin baxış zamanı qanunla qadağan olunmuş əşya və yaxud predmet aşkar olunmamışdır. Avtomobilə baxış zamanı telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Məhkəmə-bioloji ekspertizasının 17 dekabr 2023-cü il tarixli 18/1123 saylı rəyindən görünür k, Tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə çəkisi-13,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanadan 0,02 qr tədqiqata sərf edilmiş, 13,22 qram qalıq qalmışdır. Məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2023-cü il tarixli 8436 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nın Qalağayın KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olubolmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 10 fevral 2021-ci il il tarixli hökmü ilə 1 il 5 ay 27 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 6 ay azadılıb, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün cəzasının sonu ilə azad edildiyindən, hazırkı cinayət törədilən zaman azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə onun məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmiş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsinin cinayətin residivini yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona təyin olunmuş cəzadan CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla şübhəli şəxs qismində tutulmuş olduğu müddət çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, onun narkomaniyadan məcburi müalicə olunaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli olmasını, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manat məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli olmasını, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq 13,22 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan və Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 13,22 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar