Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-88/2024 17.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-cu il tarixdə Sabrirabad rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, İ qrup əlil, məhkumluğu olmayan, Sabirabad rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 400.0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış, 19 dekabr 2023-cü il tarixdə saat 13:00 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Kovlar kəndi ərazisində idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman saxlanılaraq, avtomobili ilə birlikdə Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən 01 ədəd polietilen torbada təmiz çəkisi 400.0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, İ qrup əlildir, ailəlidir, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. O, 2001-ci il tarixdən etibarən el arasında “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Hərdənbir narkotik istifadə edəndə toxumlarını saxlamışdır. 2023-cü ilin mart ayının sonlarında onda iki ədəd narkotik toxumları olmuşdur. Həmin toxumları istifadə etmək məqsədi ilə əkmək istəyirmiş. Ona görə də həmin ərəfədə onda olan iki ədəd narkotik tərkibli toxumları Sabirabad rayonu Yenikənd kəndi ərazisindəki çöl sahədə əkmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində əkdiyi iki ədəd toxumlardan yalnız biri bar vermişdir. O, həmin bar vermiş narkotik kolunun hissələrini toplayıb qurutmaq üçün sellofan torbaya yığmışdır və həmin yerdə saxlamışdır. Təxminən iki gün müddətində yağış yağdığından o, sellofan torbada saxladığı narkotiki götürüb idarə etdiyi “VAZ 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında saxlamış və istəyəndə də istifadə edirmiş. 19 dekabr 2023-cü il tarixdə saat 13 radələrində idarə etdiyi avtomobilə benzin vurmaq üçün avtomobillə yaşadığı kənddən çıxıb Kovlar kəndi ərazisində hərəkət edirmiş. Həmin vaxt iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirmiş və onun üzərində, avtomobilində və yaşadığı evdə narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olduğunu bildirib, onu avtomobillə birlikdə Sabirabad rayon Polis Şöbəsinə dəvət etmişlər. Avtomobili o özü idarə edərək şöbənin inzibati binasına gəlmiş və avtomobilin qapılarını kilidləyib müstəntiqin otağına qalxmışdır. O, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmişdir. Polis şöbəsində polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olub-olmadığını, olacağı halda isə könüllü olaraq təqdim etməyini bildirmişlər. O da üzərində narkotik vasitə olmadığını bildirmişdir. Videoçəkilişlə aparılan şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, şalvarının sol yan cibindən 28 manat pul, arxa cibindən isə avtomobilin açarı aşkar edilmişdir. Pul və avtomobilin açarı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, mobil telefon isə götürülmüşdür. O, şəxsi axtarış zamanı idarə etdiyi avtomobildə marixuana saxladığını bildirmişdir. Şəxsi axtarış yekunlaşdıqdan sonra protokol tərtib edilmiş, o da imza etmişdir. Bundan sonra onun avtomobilinə baxış keçiriləcəyini bildirmişlər, o da buna etirazının olmaması barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra videoçəkilişlə avtomobilinə baxış keçirilməyə başlanmışdır. O, avtomobilin açarı ilə avtomobilin qapsını açmış və arxa oturacaqda sellofan torbada saxladığı marixuananı təqdim etmişdir. Bundan başqa avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlə qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola o da imza etmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı Sabirabad rayonu Yenikənd kəndində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmiş, o da buna etirazının olmaması barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarının, hal şahidlərinin, müdafiəçinin və onun iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman oradan qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokola o da digər iştirakçılar kimi imza etmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, İ qrup əlil olduğunu, ailəli olaraq, himayəsində iki nəfər xəstəlikdən əziyyət çəkən və müalicəyə ehtiyacı olan yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmçinin arvadının onurğa nahiyyəsinin bel hissəsində yaranmış fəqərəarası yırtığın aradan qaldırılması məqsədilə cərrahi əməliyyata ehtiyacının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 dekabr 2023-cü il tarixdə Sabirabad rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də üzərində, idarə etdiyi avotomobilində və yaşadığı ünvanda narkotik vasitələri saxlaması barədə CABa əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı CABın rəisi Şahid1 raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunmuş və onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Elvin Həmidov, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili kimi o və Şahid1 ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 13:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabirabad rayonu Kovlar kəndi ərazisində hərəkətdə olan zaman saxlanılaraq ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da razılıq verərək idarə etdiyi avtomobili ilə onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilini saxlayaraq qapılarını açarla bağlamışdır. Daha sonra Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olmadığını bildirərək özü könüllü şəkildə şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ arxa cibindən avtomobil açarını və şalvarının sol yan cibindən pul əskinaslarını çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqdim edilmiş əşyalara müstəntiq tərəfindən baxış keçirilən zaman, Təqsirləndirilən şəxs təqdim etdiyi açarın idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarı olduğunu bildirmişdir. Müstəntiq tərəfindən təqdim edilmiş pul vəsaiti sayılmış və 28 manat olması müəyyən edilmişdir. Həmin 28 manat pul və avtomobil açarı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. 01 ədəd “Samsung” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış yekunlaşdıqdan sonra protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb təqdim etmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs avtomobilin açarı ilə avtomobilin qapısını açmış və arxa oturacağın üzərində sellofan torbada saxladığı qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Bundan başqa avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola o da imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Yenikənd kəndində yerləşən evində və həyətyanı sahəsində narkotik vasitə saxlaması ehtimalı olduğu üçün yaşadığı ünvana baxış keçiriləcəyi ona bildirilmişdir. Təqsirləndirilən şəxs da buna etirazının olmaması barədə ərizə yazıb müstəntiqə təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarının, hal şahidlərinin, müdafiəçinin və Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman oradan qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokola o da digər iştirakçılar kimi imza etmişdir. Məhkəmə iclasında elan olunmuş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan baxış keçirilməsi barədə 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən 01 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, bu barədə videoçəkiliş cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 dekabr 2023-cü il tarixli 18/1132 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən…» sözləri və imzalar olan polietilen torbanın içərisində olan 01 ədəd polietilen torbada təmiz çəkisi 400.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli, 783 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan Sabirabad RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarında olan tibbi müayinə arayışlarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qızı xx.xx.2010-cu il təvəllüdlü Səma Əhədlinin bel nahiyyəsinin fəqərə sütununda skolioz aşkar olunmuş, oğlu xx.xx.2008-ci il təvəllüdlü Ümid Əhədovun bağırsaqların peristaltikası zəifliyi ilə bağlı cərrah konsultasiyası məsləhət görülmüş, arvadı xx.xx.1980-ci il təvəllüdlü X3 onurğa nahiyyəsinin bel hissəsində fəqərəarası yırtıq aşkar olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun İ qrup əlil olmasını, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, ailəli olaraq himayəsində arvadının və iki nəfər müalicəyə ehtiyacı olan yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, onun məhkumluğunun olmamasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəza müddətinin iki günü hesabı ilə müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş dörd gün, ona təyin olunacaq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 399.90 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31.95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 300.90 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-88/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-88/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver