Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-91/2025 18.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməldə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 02 may 2025-ci il tarixdən həbsdə olan və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə edib saxlayıb daşıyaraq gəzdirmiş, həmçinin qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq yivli odlu silah hesab edilən bir ədəd Makarov konstruksiyalı tapançanı, həmin silahın komplekt hissəsi olan bir ədəd darağı və bir ədəd soyuq silah hesab edilən ov bıçağını əldə edib idarə etdiyi «BMW» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb Sabirabad rayonu ərazisinə daşıyaraq gəzdirmiş, 02 may 2025-ci il tarixdə saat 10:35 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 18-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyini Baş Dövlət Yol Polisi İdarəsinin 729 saylı stasionar postunda xidmətdə olan Baş Dövlət Yol Polisi İdarəsinə bilavastə tabe olan Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılmaqla həmin gün saat 13:50-dən etibarən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarə etdiyi «BMW» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün iştirakı və razılığı ilə baxış keçirilərkən avtomobilin sürücü oturacağının arxa cibindən zavod üsulu ilə 1954-cü ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, TO-3197 nömrəli, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən bir ədəd Makarov konstruksiyalı tapança, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal saz. 8 ədəd 9x18 mm kalibrii patronları yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd darağ və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, bir tərəfi deşici xassəyə malik istifadəyə yararlı soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1 və 228.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonunun ərazisində onun avtomobilini X5 stasionar postunda saxlatdırmışlar və avtomobilinə baxış keçiriləcəyini ona bildirmişlər. O, avtomobilinə baxış keçirilməsinə razı olmuşdur. YPX əməkdaşları onun avtomobilini saxlatdırdıqdan sonra narkotik maddələrin orqanizmdəki qalıqlarını aşkar etmək üçün ona sidikdən analiz vermək təklifi vermişlər. O, avtomobilinin yanından uzaqlaşaraq xüsusi otağa keçib analiz vermiş, analizin cavabı müsbət çıxmış və onun orqanizmində narkotik maddələrin qalıqları aşkar edilmişdir. Avtomobilinin yanına qayıdan zaman görmüşdür ki, polis əməkdaşları onun avtomobilinə baxış keçirtmişlər və baxış zamanı avtomobilində silah və bıçaq aşkar etmişlər. Aşkar olunmuş silahı və bıçaqı polis əməkdaşları arxa oturacağa qoymuşlar və telefon vasitəsi ilə çəkiliş aparmışlar. Daha sonra onu Sabirabad rayon Polis Şöbəsinə aparıb təhvil vermişlər. Oradan isə onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona demişlər ki, narko test zamanı onun qanından narkotik maddə çıxmış, bu səbəbdən də, ya narkotiklə, yada silah alveri ilə onun əməlini rəsmiləşdirəcəklər. Bununla bağlı bidirir ki, silahı Bakı şəhəri Nərimanov rayonunun ərazisində zibil qabının yanından tapmışdır. Tapdığı silahı Saatlı rayon Polis Şöbəsinə təhvil vermək istəmişdir. Silahı aparıb təhvil vermək istədiyi şəxs əməliyyatçı Fariz Nəbiyevdir və hal-hazırda da Saatlı rayon RPŞ-də işləyir. Silahı Fariz Nəbiyevə aparması barədə Farizin məlumatı olmuşdur. Silahı Saatlı RPŞ-yə aparıb təhvil verməsinə səbəb isə onun əvəllər Saatlı RPŞ-də işləməsi olmuşdur. Belə ki, o, əvəllər Bakı şəhəri Nərimanov rayon RPŞ-də işləmiş daha sonra onun şəxsi işi Saatlı RPŞ-yə gətirildiyi üçün o Saatlı RPŞ-də işini davam etdirmişdir. Avtomobilində tapılan bıçaqla bağlı bildirir ki, bıçaq onun deyildir. İbtidai istintaqda qeyd olunmuşdur ki, avtomobilində süngü bıçaq tapılmışdır, lakin onun avtomobilində süngü bıçaq olmamış, cib bıçağı olmuşdur. İbtidai istintaqda yazılanlarla razı deyildir. Belə ki, onun avtomobilində tapılan bıçaq avtomobilinin qabaq oturacaqda oturan Şirvan şəhərində düşürtdüyü sərnişinin olmuş və bıçağı həmin şəxs ya qapının cibinə qoymuş, yada qapı ilə oturacağın arasına qoyaraq avtomobilindən düşüb getmişdir. Əlavə olaraq qeyd edir ki, avtomobilində tapılan silah adi bazar selofanına bükülmüş olub ağ skoçla bağlı olub.. Törətdiyi əməllərdən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Polis İdarəsinə bilavastə tabe olan Yo Patrul Xidməti Alayının inzibati təcrübə baş inspektoru polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 02 may 2025-ci il tarixdə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən 18-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 729 saylı stasionar postunda həmkarı X2 ilə birlikdə xidmətdə olarkən saat 10:35 radələrində Saatlı rayonu istiqamətində hərəkətdə olan «BMW523İ» markalı, 77GY015 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün sənədlərinin yoxlanılması məqsədi ilə tərəflərindən saxlanılmış, sürücünün Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilərkən sonuncunun narkotik sərxoşluq vəziyyətində olmasına şübhələri yaranmış, bu barədə maraqlandıqda sürücü Təqsirləndirilən şəxs səmimi olaraq narkotik vasitə qəbul etdiyini bildirmişdir. Bundan sonra onlar ondan avtomobilində narkotik vasitə olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs avtomobildə narkotik olmadığını bildirsə də, özünü həyəcanlı aparıb onlarda bir daha şübhə yaratmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilini açıb salonunu və yük yerini götərməsini tələb etmişlər, Təqsirləndirilən şəxs avtomobili açandan sonra salona vizual baxış keçirərkən avtomobilin sürücü oturacağının arxa cibində bir ədəd Makarov markalı tapançanın və bir ədəd bıçağın olduğunu görmüşlər. Bu barədə Rəşad Allahveriyevdən soruşduqda sonuncu aşkar edilmiş predmetlərin həqiqətən də istifadəyə yararlı tapança və ov bıçağı olduğunu, tapançanı tapdığını bildirmişdir. Bundan soma bu barədə Post komandiri Namiq Əzizova məruzə edilmiş və komandirin müvafiq raportu əsasında araşdırmanın aparılması Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilmişdir. BMCMİ-nin əməkdaşlarının posta gəlib avtomobilə yerində baxış keçirilməsini gözlədikləri müddətdə İstanbul Klinikasından narkoloq posta dəvət edilmiş və Təqsirləndirilən şəxs sidik nümunələri götürülmüşdür. Saat 13:50 radələrində BMCMİ-nin əməkdaşları posta gəlib avtomobilə Təqsirləndirilən şəxs və onların iştirakı ilə yerində baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürücü oturacağının arxa cibində bir ədəd Makarov markalı tapançanı və bir ədəd bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra təqdim edilmiş predmetlər qablaşdırılaraq götürülmüşdür. Daha sonra İstanbul klinikasından Təqsirləndirilən şəxs sidik nümunələrində narkotik vasitə aşkar edilməsi və narkotik sərxoşluğu vəziyyətində olması barədə rəy təqdim edilmiş iş və bu əsasla Təqsirləndirilən şəxs narkotik sərxoşluq vəziyyətində avtomobil idarə etdiyinə görə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 02 may 2025-ci il tarixli və “DVD-R disk daşıyıcısında qeydə alınan videogörüntüyə baxış keçirilməsi haqqında” 03 may 2025-ci il tarixli protokollardan görünür ki, həmin gün saat 13:50-dən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin 729 saylı stasionar postunda Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə «BMW523İ» markalı, 77GY015 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin ön sol oturacağının arxa cibində üzərində isə «ГИ 3197» «1954» yazısı olan 01 ədəd tapança, 01 ədəd sandıqça və üzərində «STAİNLESS» və «FALCONETTİ» sözləri olan 01 ədəd bıçaq aşkar edilərək götürülmüşdür (i.v. 14-16, 81- 82). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 03 may 2025-ci il tarixli 25/714 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd ГИ 3197 nömrəli silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançaddır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş bir ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. (i.v.55-59). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 03 iyun 2025-ci il tarixli 3/518 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, sonradan dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır. (i.v.147-150). “Maddi sübut kimi tanınma haqqında” 05 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, məhkəmə-ballistik ekspertiza tədqiqatından sonra bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd Makarov konstı uksiyalı tapança və bir ədəd daraq maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir (i.v.107-109). “Maddi sübut kimi tanınma haqqında” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, ibtiadi istintaq zamanı Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş bir ədəd ov bıçağı maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİnin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir (i.v.151-153). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 228.5-ci naddələrinə tövsif edilərək ona 03 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham yenidən elan edilmiş, iş üzrə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşlarının təklifi ilə odlu silahı, onun komplekt hissəsini və soyuq silahı polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin qeyd hissəsinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, iş üzrə götürülmüş məhkəmə-ballistik ekspertiza tədqiqatlarından sonra iki ədəd ayrı-ayrı kağız paketlərdə qablaşdırılmış 01 (bir) ədəd rH-3197 nömrəli, Makarov konstruksiyalı tapançanın, 01 (bir) ədəd darağın və 01 (bir) ədəd bıçağın maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin maddi sübutların axlanma yerinə təhvil verilməsi nəzərə alınmış, cinayət işinin materiallarından odlu silah və onun komplekt hissəsinin əldə edilmə mənbəyinin müyyən edilməsi məqsədi ilə ayrıca cinayət işinin ayrılması haqında qərar qəbul edilmi, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı tərtib edilmiş ******* nömrəli inzibati protokol ayrılaraq qanunamüvafıq tətbir görülməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd «Redmi» markalı mobil telefon aparatı təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmış, iş üzrə baxış və götürmə, şəxsi axtarış hərəkətlərinin qeydə alındığı 02 (iki) ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır (i.v.155-162). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, AR CM-nin 228.5-ci maddəsində milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 13 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasma məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu ödənilmişdir (i.v.129-130) “Şübhəli şəxsin tutulması haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarix, saat 10:35-dən tutulmuş hesab edilmişdir (i.v.32). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.87-88). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2025-ci il tarixli, 4(005)- 557/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 may 2025-ci il tarix, saat 10:35-dən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.102-106). “Təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında” 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri yenidəni ittiham elan edilmişdir (i.v.164-165). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını (CM-59.2), onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi AR CM-nin 228.1 və 228.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməklə AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, bir tərəfi deşici xassəyə malik istifadəyə yararlı soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd Makarov konstruksiyalı tapança və 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli tutulduğu - 02 may 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerinə verilmiş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, bir tərəfi deşici xassəyə malik istifadəyə yararlı soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerinə verilmiş 01 ədəd Makarov konstruksiyalı tapança və 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №1(056)-91/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-91/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver