Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-92/2025 21.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Sabirabad rayonu Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə, saat 19 radələrində həmkəndlisi Şahid1 120 manat pul qarşılığında satış məqsədi olmadan xeyli miqdarda, ümumi çəkisi 11,08 qram olan 2 ədəd kibrit qutusunda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, bundan bir müddət sonra yaşadığı Nizami kəndi ərazisində xalası oğlu Şahid7 ilə görüşmüş, Şahid7 yanında Şahid1 əldə etdiyi narkotik vasitəni cibindən çıxararaq istifadə üçün yararsız hesab etdiyi hissələrini təmizləyib kənara qoymuş, onun kənara atdığı 0,30 qram çəkidə narkotik vasitəni onun xəbəri olmadan Şahid7 götürərək kağıza bükməklə cibində gizlətmiş, həmin tarixdə, saat 20 radələrində onlar yaşadıqları kənd ərazisində hərəkətdə olan zaman Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, onun üzəri yoxlanılan zaman əynində olan qara rəngli yun gödəkçənin sol yan cibindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 5,60 qram və 5,18 qram olmaqla, ümumi çəkisi 10,78 qram və Şahid7 üzəri yoxlanılan zaman 0,30 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 7 aydır ki, el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində istifadəsində olan “Honor” markalı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəsindən Nicatın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Vatsap” vasitəsilə zəng etmiş və sonuncuya iki ədəd kibrit qutusunda “nəşə” lazım olduğunu demişdir. Nicat razılaşmış və ona bildirmişdir ki, kənd ərazisindəki körpünün yanında görüşsünlər. O, piyada Nicatın dediyi yerə, yəni yaşadığı kənd ərazisindəki körpünün yanına gedərək Nicatla görüşmüşdür. Nicat avtomobildən düşməmiş və ön sərnişin oturacağının üzərinə qoyduğu iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı götürmüşdür. Əvəzində isə o, Nicata əlbəəl 120 manat vermişdir. Sonra isə Nicat avtomobili idarə edərək oradan getmişdir. Bundan sonra, o, xalası oğlu Dünyaminlə kənd ərazisində görüşmüş və onlar birlikdə kənd ərazisindəki parka getmişlər. O, park ərazisində olarkən kibrit qutularından birinin içərisindən narkotik vasitə qurudulmuş marixuananın keyfiyyətsiz, çör-çöp hissəsini ayıraraq kənara qoymuşdur ki, sonra tullasın. Onun fikrinin dağınıqlığından istifadə edən Dünyamin ondan xəbərsiz olaraq həmin az miqdarda çör-çöpdən, narkotikin keyfiyyətsiz hissəsindən ibarət az miqdarını götürərək cibinə qoymuşdur. Hansı ki, onun bundan xəbəri olmamışdır. Həmin tarixdə, saat 20 radələrində yaşadığı Sabirabad rayonu Nizami kəndi ərazisində, küçədə, Dünyaminlə birlikdə dayanıb söhbət edən zaman mülki geyimli polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. O isə üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara rəngli yun gödəkçənin sol yan cibindən ona aid olan iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən ona aid olan “Honor” markalı mobil telefon, saqqız, 20-20-10 qəpik olmaqla, ümumilikdə 50 qəpik və “Vinçester” markalı siqaret aşkar olunmuşdur. Polislər Dünyamindən üzərində narkotik vasitə olub-olmadığını soruşan zaman Dünyamin üzərində narkotik vasitə olduğunu bildirərək cibindən bir ədəd kağız bükümdə narkotik vasitə çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. O, sonradan bilmişdir ki, Dünyaminin təqdim etdiyi həmin büküm onun atmaq üçün kənara qoyduğu narkotikdir. O, həmin vaxt Dünyaminə narkotik vasitə verməmiş, satmamış, həmin narkotik vasitəni Dünyamin onun xəbəri olmadan atdığı yerdən götürüb üzərində saxlamışdır. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur və hazırda cəza çəkir. O, özünə məxsus olan “VAZ-2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı Sabirabad rayonu Nizami kəndi ərazisində olarkən, əvvəllər tanıdığı Nizami kənd sakini Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Vatsap” ani mesajlaşma tətbiqi vasitəsilə zəng etmiş və iki “karofka”, yəni iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. O da Nurlana üzərində iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Hansı ki, o, həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Daha sonra yuxarıda qeyd etdiyi avtomobillə Nizami kəndi ərazisindəki körpünün yanına gəlmiş və o, Nurlanla orada görüşmüşdür. O, avtomobilində olan iki ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs hər birini 60 manatdan hesabladıqda, 120 manatdan satmışdır. Nurlan ona əlbəəl 120 manat pul vermişdir. O, həmin vaxt avtomobildən düşməmiş, Nurlan isə ön sərnişin oturacağı tərəfdə, avtomobildən çöldə ayaqüstə dayanmışdır. Nurlan narkotik vasitəni əlini oturacağın üzərinə uzadaraq götürmüşdür. O, Təqsirləndirilən şəxs narkotik vasitəni satarkən sonuncunun yanında başqa kimsə olmamışdır. O, nə Şahid7, nə də ki, başqa kimsəni Nurlanın yanında görməmişdir. Bundan sonra o, avtomobilini idarə edərək oradan gedib hər zaman müştəri gözlədiyi yerdə dayanmışdır. Bir neçə saat sonra isə o, avtomobili ilə evə gedərkən mülki geyimli şəxslər ona saxla işarəsi vermişlər. O, həmin şəxslərin polis əməkdaşları olduğunu düşünüb sürəti artıraraq oradan uzaqlaşmış və avtomobilini saxlayaraq qaçıb oradan getmişdir. O, mobil telefonunu su kollektorundan tullanarkən su kanalına düşürmüşdür. Daha sonra o, evinə getmişdir. Evdə qaynanası onunla söhbət etmiş və polisə gedib təslim olmalı olduğunu demişdir. Bundan sonra o, gecə saatlarında könüllü olaraq Sabirabad RPŞ-yə gəlmişdir. Sabirabad RPŞ-də o, müstəntiqin otağına qaldırılmış, orada o, dövlət hesabına vəkillə təmin olunmuşdur. Videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya aşkar edilməmişdir. O, Təqsirləndirilən şəxs 120 manata satdığı iki ədəd kibrit qutusunda narkotik vasitəni Sabirabad rayonu Nizami kənd sakini X2 xx.xx.2025-ci il tarixdə, axşam saatlarında 100 manata əldə etmişdir. Belə ki, o, istifadəsində olan yuxarıda qeyd etdiyi mobil telefon nömrəsi ilə Qalibin istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq ona narkotik lazım olduğunu demişdir. Qalib ona evində olduğunu demiş və o, avtomobili ilə Qalibin evinə getmişdir. O, küçədə, darvazanın önündə dayanmış və Qalib ona iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana vermişdir. Həmçinin, Qalib həmin kibrit qutularının birindən ona bir siqaret çəkimlik çıxarıb vermişdir. O, həmin bir çəkimlik marixuananı elə oradan aralandıqdan sonra siqaret dənəsinə doldurub çəkmişdir. Qalibdən həmin narkotiki əldə etdikdən 5-10 dəqiqə sonra isə o, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs 120 manata satmışdır. 20 manat xeyrinə isə avtomobilinə benzin doldurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 fevral 2025-ci il tarixdə Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olması barədə əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunaraq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-ın baş əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid4, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, RPŞ-nin UQ və SQ-nin operatoru, polis baş serjantı Şahid5 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Nizami kəndi ərazisində, küçədə olduğunu müəyyən edib dərhal Nurlan və Nurlanın yanındakı xalası oğlu Şahid7 saxlamışlar. Onlar Təqsirləndirilən şəxs və Şahid7 özlərini təqdim edərək Nurlana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Nurlandan üzərində və yaxud yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. Nurlan da cavabında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan yun gödəkçənin sol yan cibindən 02 ədəd kibrik qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən 01 ədəd "Honor" markalı mobil telefon, 50 qəpik pul və 01 qutu siqaret aşkar edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Saxlanılan zaman üstü yoxlanılmazdan əvvəl Təqsirləndirilən şəxs yanında olan Şahid7 Amin oğlunun paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif etdikdə sonuncu əynində olan yun gödəkçənin sol iç cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlələr qutusu ilə birlikdə 9,10 qr və 9,97 qram, Şahid7 Amin oğlunun üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlə isə 0,75 qram təşkil etmişdir. Daha sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri şübhəli şəxslər və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "Honor" markalı mobil telefon və Şahid7 üzərindən aşkar olunan markasını bilmədiyi 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfindən götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid7 hər hansı bir etiraz və ya narazılığının olub-olmaması soruşulmuş, onlar cavabında hər hansı bir etirazları, narazılıqları olmadığını bildirmişlər. Bundan sonra baxış başa çatdırılmışdır. Baxış videoçəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxs və Şahid7 üzərinin yoxlanılması ilə əlaqədar protokol tərtib olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs və Şahid7 birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Nurlan və Dünyamin razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs və Şahid7 müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçilərin iştirakı ilə sonuncuların üzərindən aşkar edilmiş əşyalara baxış keçirilməyə başlanılmışdır. Əşyaya baxış və götürmə istintaq hərəkətləri videoçəkilişlə qeydə alınmış, fotoşəkillər çəkilmiş və qablaşdırılan zərflər müstəntiq tərəfindən yenidən açılmış, elektron tərəzidə çəkildikdən sonra isə yenidən qablaşdırılaraq DİN-in 139 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi dindirmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni yaşadığı kənd ərazisindəki qəsəbədə yaşayan Nicat adlı şəxsdən 120 manata aldığını, heç vaxt narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya daha sonra hər hansı bir fiziki, mənəvi işgəncəyə məruz qalmadığını, etiraz və ya vəsatətinin olmadığını bildirmişdir. Şahid7 da əşyaya baxış zamanı həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid5 da Şahid3la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilən DVD disklərə baxış zamanı şahid ifadələri ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib daşımaqla saxlaması bir daha öz təsdiqini tapmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə, saat 21:40-da Sabirabad RPŞdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(056)-09/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(056)-23/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02(iki) ay, 03 iyul 2025-ci il tarixədək uzadılmışdır. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/88 nömrəli rəyindən görünür ki, -Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi – 5,60qr, 5,18 qr, ümumi çəkisi – 10,78 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid7 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,30 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. İşdə olan DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator Məcburi - Narkoloji Tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 1050 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs Kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür”. İşdə olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə 2668 saylı 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13-cü bəndinə əsasən tövsiyyə olunur ki, məhkəmələr, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmalı, həmçinin, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli törətməsini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da, cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəzanın təyin olunmasını müzakirə edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini əsaslı və onun islah olunması üçün yetərli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlandığı müddətin 1(bir) günü, 2( iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökm qanuni qüvvəsini alanədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başaq yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa iş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(056)-93/2025 saylı hökmü ilə iş üzrə ekspertiza təqsirləndirilən şəxs Şahid1 alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra ümumi təmiz çəkisi 11,02 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi məsələsi həll edildiyindən, hazırki hökmdə ekspertiza xərcinin alınması və iş üzrə maddi sübutun həll edilməsi məsələsi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 06 ( altı ) saat iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə olunmuş, 28 aprel 2025ci il tarixli son dəyişikliyə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlandığı 06 (altı) ay 18 (on səkkiz) gün müddətin 1( bir) günü, 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 01 (bir) ay 06 gün çıxılsın və ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış, yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hazırki iş üzrə ekspertiza xərcinin tutulması və maddi sübutun Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə həll edilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 6 (altı) saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 66 (altmış altı) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(056)-92/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-92/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver