Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-95/2024 30.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonunun Zal- Qarqağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.2001-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonunun Zal- Qarqağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub, bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 19 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı və onun babası Zərərçəkmiş şəxs Sabirabad rayonu Zal-Qarağac kəndindəki evinin həyətyanı sahəsində yerləşən tövlədən bir baş 1150 manat dəyərində dişi cinsli, qəhvəyi rəngli, 5 illik, 130 kq çəkidə, iribuynuzlu inəyi və həmin heyvanın bir baş 900 manat dəyərində, dişi cinsli, qəhvəyi rəngli, 10 aylıq, 70 kq çəkidə olan balasını həmin fərdi yaşayış evinin küçəsinə çıxarmasını gözləmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin heyvanları kənd mərkəzinə gətirdikdən sonra o, əvvəlcədən qurduqları plana uyğun olaraq heyvanları “166 yükdaşıma və logistika” şirkətinin “Ford” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sumqayıt şəhərinin Stansiya Sumqayıt adlanan ərazisinə aparıb satmaqla Zərərçəkmiş şəxs, ümumilikdə 2050 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub, bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 19 dekabr 2023-cü il tarixdə saat 23 radələrində birlikdə yaşadığı və babası Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsində yerləşən, heyvan saxlanılması üçün nəzərdə tutulmuş tövləyə daxil olub oradan sonuncuya məxsus bir baş 1150 manat dəyərində dişi cinsli, qəhvəyi rəngli, 5 illik, 130 kq çəkidə, iribuynuzlu inəyi və həmin heyvanın bir baş 900 manat dəyərində, dişi cinsli, qəhvəyi rəngli, 10 aylıq, 70 kq çəkidə olan balasını tövlədən çıxarıb onu küçədə gözləyən həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə yaşadıqları kənd mərkəzinə gətirib oğurlamaqla Zərərçəkmiş şəxs, ümumilikdə 2050 manat dəyərində ziyan vuraraq talamışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Zal Qarağac kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu onun həmkəndlisidir. O, 2023-cü ilin oktyabr ayının ortalarında Bakı şəhərinə gedib işləmək qərarına gəlmiş, bunun üçün həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq birlikdə Bakı şəhərində yaşayıb işləməklərini bildirib, bu barədə sonuncudan kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona kömək edəcəyini bildirdikdə, 2023-cü ilin oktyabr ayının ortalarında Bakı şəhərinə getmiş, həmin vaxtdan etibarən birlikdə Bakı şəhərində işləyib eyni evdə yaşamışlar. Keçən zaman ərazində Eldəniz mobil telefonunda onlayn kazino, yəni qumar oyunları oynadığı üçün ümumilikdə 1000 manata yaxın məbləğdə pul uduzmuş, buna görə də əlində heç bir məbləğdə pulu olmamışdır. Sonuncu dəfələrlə ondan borc pul istəmiş, o isə müxtəlif tanışlarından pul alaraq qaytarmaq şərti ilə Eldənizə vermiş, lakin Eldəniz həmin pulları ona geri qaytara bilməmişdir. O, Bakı şəhərində olarkən bir neçə dəfə Eldənizlə birlikdə sonuncunun dostu Sumqayıt şəhər sakini Tural adlı şəxslə görüşmüş, həmin görüşlər zamanı Turalla da münasibəti yaranmışdır. Bildiyi qədər Tural bir neçə ay əvvəl Eldənizə öz adına mobil telefon almış, lakin sonuncu telefonun kredit borcunu ödəyə bilmədiyi üçün Turala borcu qalmış, bunun üçün də Tural bir neçə dəfə Eldənizə borcunu geri ödəməyini təkid etmişdir. Bu məsələni Eldəniz ona danışdıqdan sonra hər ikisi borclarını bağlamaq üçün pul axtarmış, lakin pul əldə etməyin yolunu tapa bilməmişdirlər. xx.xx.2023-cü il tarixdə Eldənizlə hava şəraiti yağışlı olduğu üçün işə getməmiş və yenidən müvəqqəti yaşadıqları Bakı şəhəri Yasamal rayonu Qanlı göl adlanan ərazinin yaxınlığında yerləşən həyət evində söhbət edərkən Eldəniz ona yaşadıqları Sabirabad rayonu Zal-Qarağac kəndində babası Zərərçəkmiş şəxs məxsus olan heyvanları oğurlayıb sataraq pul əldə edib borclarını bağlamağı təklif etdikdə o da Eldənizlə razılaşmışdır. Onlar plan quraraq belə qərarə gəlmişlər ki, xx.xx.2023-cü il tarixdə ayrı-ayrı vaxtlarda yaşdıqları Sabirabad rayonu Zal-Qarağac kəndinə gedib həmin günün axşam saatlarında Eldəniz babasına məxsus olan bir baş inək və bir baş həmin inəyin balasını yaşadıqları evin yerləşdiyi küçəsinə çıxarıb onunla görüşsün və evdə olan adamlar Eldənizidən şübhələnməsinlər deyə dərhal evə qayıtsın. Bundan sonra aralarında olan rol bölgüsünə əsasən o, heyvanı avtomobillə aparıb satsın. Heyvanları necə və harada satmaları barədə isə bir qədər fikirləşdikdən sonra Eldəniz dostu Sumqayıt şəhər sakini Turalın əlaqələrinin geniş olduğunu, buna görə də onunla danışmağın zəruri olmasını bildirmiş və sonuncuya mobil telefon zəngi etmişdir. Onlar mobil telefonla danışarkən Turala özünə məxsus olan balalı inək olduğunu, həmin inəyi satmaq istədiyini demiş, o isə telefon danışığını davam etdirərək Şahid2 “heyvanı sat, həm Eldənizin sənə olan borucunu borcunu bağlayaq, həm də bizim başqa borclarımız var, onları da bağlamalıyıq” deyə fikir bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində Eldəniz Sabirabad rayonu Zal-Qarağac kəndinə getmiş, o isə Təqsirləndirilən şəxs1 bir neçə saat sonra həmin kənddə yerləşən evinə getmişdir. Kəndə gəldikdən sonra Eldəniz anasına məxsus mobil telefon nömrəsi ilə ona zəng edib kəndə gəldiyini dəqiqləşdirmiş, daha sonra saat 23 radələrində qabacaqdan qurduqları plana əsasən Eldənizin ona verdiyi, lakin özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə anasına məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə zəng edərək “Fuad sən gəl, məndə heyvanları çıxaracam” deyə bildirmişdir. Bundan sonra o Eldənizin yaşadığı evin küçəsinə çıxmış və təxminən 15 dəqiqə sonra sonuncunun onun istiqmətinə iki baş heyvanla birlikdə hərəkət etdiyini görmüşdür. Bundan sonra o da Eldənizin yanına gəlmiş və hər ikisi birlikdə heyvanları küçənin girişində yerləşən mağazanın yanına aparmış və heyvanları həmin mağazanın yanında həmkəndliləri Rəfail adlı şəxsin heç kəs yaşayaman evinin həyətyanı sahəsinin qarğı-qamışdan ibarət çəpərinə bağlamışlar. Sonra Eldəniz ona evdən şübhə çəkməməsi üçün geri qayıtmalı olduğunu bildirmiş və yaşadığı babası Zərərçəkmiş şəxs məxsus evə geri qayıtmışdır. O isə ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə “166 yükdaşıma xidməti” nə zəng edərək yanı balalı heyvan yükü ilə Sabirabad rayonu Zal-Qarağac kəndindən Sumqayıt şəhərində yerləşən stansiya Sumqayıt adlanan yerə getmək istədiyini bildirmiş, həmin vaxt operator ona yük maşının Hacıqabul rayonu ərazisində olduğunu, buna görə də bir qədər gec gələcəyini bildirib onu gözləyibgözləməməyimi soruşmuş, o isə avtomobili gözləyəcəyini bildirmişdir. Bundan sonra operator ona gedişhaqqı üçün 200 manat pul ödəyəcəyini bildirmiş və o da operatorla razılaşmışdır. Təxminən 25 dəqiqə sonra ona xatırlamadığı nömrə vasitəsilə zəng edilmiş, həmin şəxs 166 yükdaşıma şirkətinə bağlı olan yük avtomobilinin sürücüsü olduğunu, adının isə Vüqar olduğunu qeyd edib ondan olduğu yerin dəqiq ünvanını istəmiş, o isə Sabirabad rayonu Zal- Qarağac kəndinə daxil olmasını və asfalt yolla düz gəlməsini, irəlidə onu yol kənarında görəcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Vüqar adlı şəxs “Ford” markalı, qırmızı rəngli, arxa tərəfində yük qoymaq üçün böyük qapısı olan avtomobillə yanına gəlmiş, onlar birlikdə heyvanları yük avtomobilinə yerləşdirdikdən sonra Sumqayıt şəhərinə doğru yola çıxmışlar. O qabaqcadan danışdığı stansiya Sumqayıt adlı yerə gəldikdən sonra Turalın istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək satılacaq heyvanları gətirdiyini bildirmiş, bundan sonra Şahid2 adlı şəxslə görüşmüş, həmin zaman sonuncunun yanında başqa bir tanışı, yəni Şahid3 də olmasını görmüşdür. Heyvanları avtomobildən yerə düşürdükdən sonra Şahid3 heyvana verəcəkləri puldan 200 manat hissəsini taksi sürücüsü Vüqara vermiş və sonuncu gəldiyi avtomobillə də geri qayıtmışdır. Daha sonra Şahid3 ona heyvanın 1700 manat qarşılığında alacağını bildirmiş, o isə Turalla razılaşıb pulu dərhal verməsini qeyd etdikdə sonuncu üzərində pul olmadığını demiş və saxladığı xırdabuynuzlu heyvanlardan 6 baş quzu, bir baş isə keçi heyvanını götürüb Sumqayıt şəhərində yerləşən heyvan bazarında satdıqdan sonra pul verməsini təklif etmişdir. O, məcburən Şahid3lə razılaşdıqdan sonra hər ikisi və Şahid2la birlikdə Sumqayıt şəhər heyvan bazarına getmiş, orada Şahid3 qeyd edilən xırdabuynuzlu heyvanları satmasını gözləmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şahid3 ona satdığı heyvanların qarşılığında 1500 manat məbləğində pul ödəmiş, 200 manat pulun isə əvvəlcədən onun heyvanları gətirdiyi taksi sürücüsünə verdiyini bildirmişdir. O isə 1500 manat pulun 300 manat hissəsini Eldənizin Şahid2 olan borcunun bir hissəsinin ödənməsi üçün sonuncuya vermiş və özündə olan 1200 manat pulla Bakı şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində evdəki geyim əşyalarını yığıb yenidən Sabirabad rayonu Zal-Qarağac kəndinə geri qayıtmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 ilə görüşərkən olanları danışıb yerdə qalan 1200 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən peşmançılıq hissi keçirməsi, həmçinin İİ Qarabağ döyüşlərində iştirak etdiyini, Laçın, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Laçının azad olunmasına görə”, “Zənçilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakıçısı” medalları ilə təltif olunduğu hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Zal Qarağac kəndində ailə üzvləri və babası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır, hadisə baş verməzdən bir neçə ay əvvəldən Bakı şəhərinə gedərək orada müxtəlif yerlərdə işləmişdir. O, Bakı şəhərində işlədiyi müddətdə Sumqayıt şəhər sakini Tural adında təxminən 30 yaşlarında olan şəxslə tanış olmuş, sonuncu İİ Qarabağ müharibəsi iştirakçısı və qazi olduğu üçün aralarında münasibətləri yaranaraq zamanla dostluğa çevrilmişdir. Bir müddət sonra o, mobil telefonu olmadığı üçün "Samsung A 32” markalı mobil telefonu kreditlə alaraq dostu Turalın razılığı ilə sonuncunun adına rəsmiləşdirmiş, lakin həmin telefonun 730 manat olan kredit borcunu vaxtı vaxtında ödəyə bilməmişdir. Tural adlı dostu həmin krediti öz vəsaiti hesabına ödədikdən sonra sonuncuya 730 manat pulun 330 manatını ödəmiş, gecikmə faizləri ilə bilikdə 500 manat borcu qalmışdır. Bundan başqa Bakı şəhərində işlədiyi müddətdə həmkəndlisi, yəni Sabirabad rayonu Zal-Qarağac kənd sakini Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq birlikdə Bakı şəhərində yaşayaraq iş tapıb işləməyi təklif etdikdə o da öz növbəsində Təqsirləndirilən şəxs2 ilə razılamış və sonuncu 2023-cü ilin oktyabr ayının ortalarında Bakı şəhərinə gəlmişdir. Birlikdə yaşadıqları müddət ərzində o, mobil telefonunda onlayn kazino oyunları oynamış və həmin oyunlarda təxminən 1000 manatadək pul uduzduğundan heç bir məbləğdə pulu olmamış, bunun üçün dəfələrlə Fuaddan borc pul istəmişdir. Sonuncu müxtəlif tanışlarından aldığını bildirib qaytarmaq şərti ilə ona bir neçə dəfə borc versə də, həmin pulları Təqsirləndirilən şəxs2 geri ödəyə bilməmişdir. Onlar Bakı şəhərində yaşadıqları müddət ərzində bir neçə dəfə dostu Sumqayıt şəhər sakini Tural adlı şəxslə görüşmüş, həmin vaxtlarda Turalla Fuad da bir-birilərini tanımışdır. xx.xx.2023-cü il tarixdə Fuadla hava yağışlı olduğu üçün işə getməmiş, bu vaxt onlar evdə söhbət edərkən Fuada yaşadığı Sabirabad rayonu Zal-Qarağac kəndində babası Zərərçəkmiş şəxs məxsus olan heyvanlardan sataraq pul əldə edib borclarını bağlamağı təklif etmiş və sonuncu da onunla razılaşmışdır. Sonra aralarında plan quraraq müəyyən etmişlər ki, hər ikisi xx.xx.2023-cü il tarixdə ayrı-ayrı vaxtlarda yaşadıqları Sabirabad rayonu Zal-Qarağac kəndində getdikdən sonra həmin gün axşam saatlarında o babasına məxsus olan bir baş inək və bir baş həmin inəyin balasını evin yerləşdiyi küçəyə çıxarıb həmin yerdə Fuadla görüşsün və evdə olan ailə üzvləri şübhələnməsinlər deyə dərhal evə qayıtsın. Bundan sonra aralarında olan rol bölgüsünə əsasən Fuad heyvanı ondan təhvil aldıqdan sonra yük maşını ilə aparıb satsın. Daha sonra isə heyvanları satmaq üçün mobil telefonla Turalın mobil telefon nömrəsinə zəng edərək sonuncuya özlərinə məxsus bir baş balalı inək olduğunu, həmin inəyi Fuadla birlikdə satmaq istədiklərini bildirmiş, həmin vaxt Fuad telefonu ondan alaraq “heyvanı sat, həm Eldənizin sənə olan borcunu bağlayaq, həm də bizim başqa borclarımız var, onları da bağlamalıyıq” deyə ifadə bildirmiş və Tural qeyd olunan heyvanların oğurluq olmasını bilmədiyi üçün onlarla razılaşıb xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Zal-Qarağac kəndinə maşın göndərəcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində Sabirabad rayonu Zal-Qarağac kəndində yerləşən babası Zərərçəkmiş şəxs məxsus evə gəlmiş, bir neçə saat sonra Fuadın istifadəsində olan mobil telefona zəng etdikdə sonuncunun da yaşadığı kəndə gəlməsi barədə məlumatlı olmuşdur. Həmin gün saat 23 radələrində qabacaqdan qurduqları plana əsasən, onun Fuadda olan ***-***-**-** saylı mobil telefon nömrəsinə anasına məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə zəng edərək “Fuad sən gəl, məndə heyvanları çıxaracam” deyə bildirmiş və gizlin şəkildə evdən çıxaraq evin yanındakı heyvan saxlanılan tövləyə daxil olub orada olan bir baş iribuynuzlu inək və bir baş həmin inəyin balasının iplərini açaraq hər ikisinin boğazına bağlı olan ipləri əlinə götürmüşdür. O, babası Zərərçəkmiş şəxs məxsus olan evdə yaşadığı üçün tövləyə girib heyvanları çıxararkən evdə olan qohumlarının onu görməsindən çəkinməmiş, həmin halda heyvanlara su vermək üçün tövləyə girdiyini deyəcəyini əvvəlcədən fikirləşmişdir. Evdə yaşayan şəxslərdən kimsə bilməsin deyə sakit şəkildə hərəkət edərək, heyvanları qovub yaşadıqları evin giriş qapısından çölə çıxarmış, hava qaranlıq olduğu üçün həm də saat gec olduğu üçün küçədə heç kəs olamışdır. Küçənin girişinə doğru gedən zaman Fuadın ona doğru gəldiyini görmüş, hər ikisi birlikdə heyvanı küçənin girişində yerləşən mağazanın yanına aparmışdırlar. O, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Turala məxsus olan mobil telefon nömrəsinə dəfələrlə zəng edərək heyvanı aparacaq avtomobilin gəlib-gəlmədiyini öyrənmək istəmiş, lakin Tural etdiyi zənglərə cavab vermədiyindən Fuadla birlikdə heyvanları həmin mağazanın yanında babası Rahilin qardaşı Rəfailin heç kəs yaşamayan evinin həyətyanı sahəsində bağlamışdırlar. Sonra Fuada evdən şübhə çəkməməsi üçün geri qayıtmalı olduğumu bildirmiş, sonuncu heyvanları nə edəcəyini soruşduqda isə bir maşın tapıb satmasını, əgər avtomobil tapa bilməzsə də, heyvanları elə olduqları yerdə də saxlayıb uzaqlaşmağını, səhər açılan zaman babası tərəfindən heyvanlar tapılarkən isə nəysə bir bəhanə uyduracağını demişdir. Bundan sonra yaşadığı evə getmiş, həmin günün səhəri, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında yuxudan durarkən babasının heyvanlarının oğurlandığını bildiyini və buna görə də polisə şikayət etməsi barədə məlumatlı olmuş, lakin həmin gün həqiqəti, yəni heyvanları o və Təqsirləndirilən şəxs2 oğurlamasını heç kəsə deməmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Fuadla görüşərkən sonuncu xx.xx.2023-cü il tarixdə axşam saatlarında heyvanları “166 yükdaşıma” şirkətinə məxsus “Ford” markalı yük avtomobili ilə Sumqayıt şəhərində yerləşən stansiya adlı yerə apardığını, orada tanışları Şahid2 ilə görüşdüyünü, sonuncunun digər tanışı heyvan alveri ilə məşğul olan Şahid3 adlı digər bir şəxslə görüşüb heyvanı 1700 manata satdığını demişdir. Bundan sonra o, yaşadığı evə gəlmiş və polis əməkdaşları tərəfindən tutulacağından qorxduğu üçün babası Rahilə həqiqətləri və heyvanların onunla tanışı Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmasını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən peşmançılıq hissi keçirməsi, həmçinin İİ Qarabağ döyüşlərində iştirak etdiyini, Füzuli və Suqovuşan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakıçısı” medalları ilə təltif olunduğu hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Zərərçəkmiş şəxs Məstalı oğlu təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığı barədə notarial qaydada rəsmiləşdirilmiş ərizə təqdim edib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi qeyd edərək, məhkəmə baxış iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs Məstalı oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o, Sabirabad rayonu Zal Qarağac kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə ildir qızının həyat yoldaşı X2 bölgəsində işlədiyi üçün sonuncu və oğlu Təqsirləndirilən şəxs1 də onunla birlikdə Sabirabad rayonu Zal-Qarağac kəndində yerləşən evində yaşayır. Nəvəsi Təqsirləndirilən şəxs1 hadisə baş verməzdən bir neçə ay əvvəl işləmək üçün Bakı şəhərinə getmiş, həmin zamandan sonra sonuncu Bakı şəhərində yaşayaraq işləməyə başlamış, aradabir Sabirabad rayonuna gəlib yenə də onunla birlikdə eyni evdə yaşamışdır. 2023-cü ilin oktyabr ayında nəvəsi Təqsirləndirilən şəxs1 ilə mobil telefonla danışarkən həmkəndlisi Təqsirləndirilən şəxs2 da Eldənizin yanına Bakı şəhərinə gəldiyini və Eldənizlə birlikdə Bakı şəhərində yaşayıb tikinti yerlərində fəhlə işlədiklərini bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Eldəniz Bakı şəhərindən Zal Qarağac kəndinə gəlmiş, o və ailə üzvləri Eldənizlə görüşüb hal-əhval tutduqdan sonra saat 21-22 radələrində isə yatmışdırlar. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində yuxudan oyanandan sonra evinin həyətindəki tövləyə daxil olub, oradakı heyvanlarına ot və su vermək istədikdə tövlədə bağlı olan bir baş, dişi cinsli, qəhvəyi rəngli, 5 illik, 130 kq çəkidə, 1150 manat dəyərində iribuynuzlu inək heyvanı və həmin heyvanın bir baş, dişi cinsli, qəhvəyi rəngli, 10 aylıq, 70 kq çəkidə, 900 manat dəyərində olan balasının olmamasını görmüşdür. Bundan sonra evin həyətyanı sahəsinə və küçəyə çıxıb heyvanları axtarsa da, həmin heyvanlarını tapa bilmədiyi üçün onların oğurlanmasını başa düşmüş və bu barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Həmin müraciəti ilə əlaqədar Sabirabad RPŞ-nin Qaragüney PB-nın əməkdaşları yaşadığı evə gələrək hadisə yerinə baxış keçirib onun ərizə və izahatını almış, xx.xx.2023-cü il tarixdə axşamüstü saatlarında yaşadığı kəndin mərkəzindən evinə gəldikdə nəvəsi Təqsirləndirilən şəxs1 evdə yalnız oturub ağladığını görmüş, sonuncuya yaxınlaşıb nə üçün ağladığını və nə probleminin olmasını soruşduqda Təqsirləndirilən şəxs1 pula ehtiyacı olduğunu, ona görə də Bakı şəhərindən yaşadıqları evə gəldiyi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o və digər ailə üzvləri yatdıqdan sonra həyətdəki tövləyə daxil olub oradan iki baş iribuynuzlu heyvanı götürüb küçəyə çıxardığını, küçədə isə həmkəndlisi Təqsirləndirilən şəxs2 təhvil verdiyini, sonuncunun isə heyvanları avtomobillə Sumqayıt şəhərinə aparıb satdığını demişdir. Bundan sonra nəvəsi Eldənizi danlamış və xx.xx.2023-cü il tarixdə sonuncu ilə birlikdə Sabirabad RPŞ-nin X1 gedib olanları danışmışdır. Hazırda nəvəsi Təqsirləndirilən şəxs1 və həmkəndlisi Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət və tələbi olmamışdır. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Heyvan Bazarının 05 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Sabirabad rayonu mal-qara bazarında 2023-cü ilin dekabr ayında bir baş dişi cinsli, 5 illik, 130 kq çəkisi olan nəy heyvanın qiyməti 1140-1150 manat, bir baş dişi cinsli, 10 aylıq, 70 kq çəkisi olan dananın qiyməti isə 580-900 manat təşkil edir. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmişin və özlərinin etirafedici ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onların cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs Məstalı oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materillarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Sərəncamları ilə Laçın, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış İİ Qarabağ döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə Təqsirləndirilən şəxs2 ölkə başçısı tərəfindən “Laçının azad olunmasına görə”, “Zənçilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakıçısı” medalları ilə təltif edilmişdir. İş materillarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli Sərəncamları ilə Füzuli və Suqovuşanın rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış İİ Qarabağ döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə Təqsirləndirilən şəxs1 ölkə başçısı tərəfindən “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakıçısı” medalları ilə təltif edilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materillarına əlavə edilmiş Sabirabad RİH-nın Çöl Beşdəli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunurlar. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, gənc olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini, ölkə başçısı tərəfindən imzalanmış sərəncamlarla medallarla təltif olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, gənc olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini, ölkə başçısı tərəfindən imzalanmış sərəncamlarla medallarla təltif olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2na azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlanılmışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzanın iki gününə bərabər tutulub hesablanmaqla, 04 gün onlara təyin olunmuş cəzadan çıxılaraq onların üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Sabirabad rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkməsi müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalısını, iş üzrə maddi sübut kimi tanınmış bir baş dişi cinsli, qəhvəyi rəngli, 5 illik, 130 kq çəkidə, iribuynuzlu inək heyvanın və həmin heyvanın bir baş dişi cinsli, qəhvəyi rəngli, 10 aylıq, 70 kq çəkidə olan balasının saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs geri qaytarılmasının nəzərə alınmasını əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanıldığı bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 (dörd) gün təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirimi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanıldığı bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 (dörd) gün təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsindən oğurlanmış bir baş dişi cinsli, qəhvəyi rəngli, 5 illik, 130 kq çəkidə, iribuynuzlu inək heyvanın və həmin heyvanın bir baş dişi cinsli, qəhvəyi rəngli, 10 aylıq, 70 kq çəkidə olan balasının saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sabirabad rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-95/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-95/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver