Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-97/2024 02.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə, 17 avqust 1983-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sabirabad şəhəri, H.Aslanov küçəsi ev 18 də qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə verilən ittihama görə, o, 17 yanvar 2024-cü il tarixdə gecə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evdən, ev sahibinin və ailə üzvlərinin müvəqqəti evdə olmadığına əmin olduqdan sonra oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə yaşayış sahəsinə evin pəncərəsindən qanunsuz daxil olaraq oradan 120 manat dəyərində 1 ədəd 110 sm ölçüdə, işlək vəziyyətdə olmayan “Haier” markalı led televizoru, 60 manat dəyərində 1 ədəd 1600 vatt gücündə “Samsung AİR TRACK” markalı tozsoranı və 80 manat dəyərində 1 ədəd 2400 vatt gücündə “”Eurolux” markalı ətçəkən maşını götürməklə, cəmi 260 dəyərində özgə əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 380,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla bir ədəd polietilen torbada saxlamış, 22 yanvar 2024-cü il tarixdə saat 16:10-da Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat – axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri H.Əliyev prospektində saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 16:40-da üzərinə polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin alt hissəsində saxladığı 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi- 380,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə məhkum olunmuşdur. Bundan əlavə isə 2023-cü ilin sentyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, 30 yanvar 2024-cü il tarixdə Sabirabad rayon məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, Zərərçəkmiş şəxs qonşusudur. Məhəbbət uzun müddətdir ki, Bakı şəhərində yaşayır, evlərində heç kim qalmır. O, bunu bilmiş və təxminən yanvar ayının ortalarında gecə saat 01:00 radələrində Məhəbbətgilin evindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də Məhəbbətin evinin yerləşdiyi küçəyə getmiş, küçə darvazasının üzərinə çıxaraq həyətə keçmişdir. Sonra pilləkənlə ikinci mərtəbəyə qalxmış, ikinci mərtəbədə mətbəxin qapısının şüşəsinin birini çıxartmış və qapını içəridən açmışdır. Sonra mətbəxdən digər otağa keçmiş, orada qapının arxasında olan tozsoranı, həmin otaqda olan televizoru götürmüşdür. Geri qayıdıb evdən çıxmaq istədikdə soyuducunun yanındakı stulun üzərində ətçəkən maşın olduğunu görmüş, ətçəkən maşını da götürüb birinci mərtəbəyə düşmüşdür. Birinci mərtəbədə evin zirzəmisindən kisə götürüb ətçəkən maşını və tozsoranı kisəyə qoyub çiyninə atmış, televizoru digər əlinə götürüb Məhəbbətin qaynı İnsafəligilin həyətindən çıxaraq evlərinə getmişdir. Ətçəkən maşını və tozsoranı həyətdəki hamamın arxasına qoymuş, televizoru evə aparmışdır. Səhər anası televizoru görüb haradan əldə etdiyini soruşmuş, o, dostuna məxsus olduğunu, gəlib aparacağını demişdir. Sonra həyətdə gizlətdiyi tozsoranı və ətçəkən maşını götürüb evdən çıxmışdır. Səhəri gün ətçəkən maşını və tozsoranı türk bazarı adlanan yerdə tanımadığı şəxslərə 100 manata satmışdır. Evdə televizoru yoxladıqda işləmədiyini görmüşdür. Buna görədə televizoru usta kimi tanıdığı Sərxan adlı şəxsin yanına aparıb düzəltməsini demişdir. Sərxan televizora baxıb 100 manat müqabilində təmir edə biləcəyini demişdir. O da hələ imkanı olmadığını, televizorun onda qalmasını bir neçə günə gəlib pulu verəcəyini demişdir. Bir neçə gün sonra yenə Sərxanın yanına gedib pul tapa bilmədiyini, televizoru satmaq istədiyini demişdir. Sərxan ona televizora 20 manat verə biləcəyini demişdir. O, Sərxanla razılaşmış və 20 manatı Sərxandan alıb oradan uzaqlaşmışdır. O, dəqiq olaraq 22 yanvar 2024-cü il tarixdə üzərində narkotik vasitə saxlanılmasından 5 gün əvvəl , yəni 17 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq etmişdir. 22 yanvar 2024-cü il tarixdə günorta saat 14 radələrində isə Sabirabad rayonunda yerləşən Sabir kanalının yaxınlığında piyada hərəkət edən zaman yol kənarında 01 ədəd sellofan torbanın olduğunu görmüş, həmin sellofan torbaya yaxınlaşmış və torbanı açıb içərisinə baxmış, narkotik istifadəçisi olduğuna görə həmin kütlənin nəşə olduğunu dərhal bilmiş və həmin narkotikdən biraz siqaretə doldurub çəkmiş və kütlənin nəşə olduğuna əmin olmuşdur. Bundan sonra həmin kütləni istifadə etmək məqsədilə əynində olan göy rəngli gödəkçənin içərisində saxlayaraq üzərində daşımışdır. Həmin gün saat 16 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Sabirabad RPŞ-nə dəvət etmişlər. O, polislərlə birlikdə Sabirabad RPŞ-yə gəlmişdir. Daha sonra müstəntiqin xidməti otağına qalxmış və həmin vaxt ona müstəntiq yaxınlaşmış və müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra vəkil təqdim edilərək, hüquq və vəzifələri izah olunmuşdur. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsini demişdir. O, üzərində narkoktik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Müstəntiq ona üzərində olan digər əşyaları da təqdim etməsini istədikdə üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd alışqan aşkar olunaraq götürülmüşdür. Müstəntiq onun təqdim etdiyi 01 ədəd sellofan torbanı açaraq içinə baxdıqdan sonra həmin kütlə barədə soruşduqda həmin kütləni Sabir kanalının sahilindən yol kənarında tapdığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə gələcəkdə özü istifadə etmək məqsədilə saxladığını və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda üzərindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində minimum həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi özünə həvalə olunmuş, tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Nurlan Mirzəyev, NMQ-nin əməliyyat müvəkkili Şahid2 və özündən ibarət olması təsdiqlənmişdir. 22 yanvar 2024cü il tarixdə saat 16 radələrində keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad şəhəri H.Əliyev prospektində saxlanılıb polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində dəvət edilmiş vəkilin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs özünün iştirakı ilə üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs izah edilmişdir ki, şəxsi axtarış aparılan zaman telefon vasitəsi ilə video çəkiliş aparılacaq, eyni zamanda təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli uzunqol gödəkçənin içərisindən 01 ədəd sellofon torbada olan kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 01 ədəd sellofon torba açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, həmin kütlə sellofon torbaya qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Əsgərov X4 Həsənovun göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X2 regional Bölməsinin Ədliyyə Nazirliyi Məhkəmə X2 regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 23 yanvar 2024-cü il tarixli 18/101 saylı rəyindən görünür k, Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan polietilen torbada olan 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi- 380,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələri olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanadan 0,10 qr tədqiqata sərf edilmiş, 379,90 qr qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 06 fevral 2024-cü il tarixli, 841 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yarana ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nin şəhər ərzai üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aidddirlər. Təqsirləndirilən şəxs əməlləri birbaşa qəsdlə törətmişdir. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etməsi və saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, əməlindən peşman olmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-51/2024 saylı hökmü ilə 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında görünür ki, təqsirləndirilən şəxs hazırki cinayət əməlini 17 yanvar 2024cü il tarixdə törətmiş belə olan halda ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ilə bağlı qeyd edir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-51/2024 saylı hökmü ilə cəza təyin edilərkən Təqsirləndirilən şəxs daha əvvəl törətmiş olduğu cinayət əməli üzrə məhkumluğu CMnin 83.3.4-cü maddəsinin tələblərinə əsasən ödənilmədiyi üçün onun Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaratmış, bu əsasla ona cəza təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki hökm üzrə cinayətlərin məcmusuna görə cəza təyin edilməli olsa da, təqsirləndirilən şəxsin residivliyinin mövcudluğu da göz önündə saxlanılmalı və nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət törətməsi və buna görə məhkum olunması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur və bu halda Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünün müəyyənləşdirilməsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğundan Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 379,90 qr narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri təqsirləndirilən şəxsin hesabına ödənilməli, iş üzrə maddi sübut olan 1 ədəd “Haier” markalı televizorun Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-51/2024 saylı hökmü ilə təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrı maddi sübut olan 1 ədəd “Haier” markalı televizorun Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan və Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 379,90 qr narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-97/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-97/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver