Məhkəmə qərarları › İş №1(056)-97/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-97/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-97/2025 30.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,80 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 07 mart 2025-ci il tarixdə saat 13 radələrində Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri Q.Namazəliyev küçəsi ərazisində piyada hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirlərini həyata keçirən əməliyyat-axtarış fəaliyyəti subyekti - Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən şəhərin M.Mirağaoğlu küçəsində üstü yoxlanılarkən əynində olan boz rəngli gödəkçənin sol iç cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında anası Zöhrə ilə birlikdə yaşayır, atası İlqar anasından boşanıb. O, tək övladdır, özü əvvəllər günəmuzd işlərdə işləyib dolansa da, hazırda işsiz olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 3000 manat cərimə cəzası almış, lakin cərimə cəzasını ödəyə bilmədiyi üçün cəzası xx.xx.2019-cu il tarixdə 09 ay azadlığın məhdulaşdırılması cazası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının vaxtı başa çatmışdır. Uzun illərdir ki, tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, 05 mart 2025-ci il tarixdə günorta saatlarında dəqiq tarixi yadında qalmayan vaxtda bəndüstü deyilən yolla yaşadığı evə tərəf gələrkən hazırda xatırlamadığı yerdən 1 ədəd kibrit qutusu tapmış, həmin qutunu açıb içərisinə baxdıqda “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, həmin marixuananı gələcəkdə istifadə etmək üçün kibrit qutusunu əynində olan boz rəngli gödəkçəsinin sol iç cibinə qoyaraq evə getmiş, bu barədə anasına, eləcə də heç kimə heç nə deməmişdir. 07 mart 2025-ci il tarixdə saat 13 radələrində piyada yaşadığı evə tərəf getmiş, Q.Namazəliyev küçəsində olarkən tanışı Sabirabad şəhər sakini Şahid4 görmüş, sonuncu ilə görüşüb hal-əhval tutan zaman mülki geyimdə şəxslər onlara yaxınlaşaraq polis əməkdaşlarını olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qaunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Ondan üzərində narkotik vasitə olub-olmamasını soruşduqda üzərində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demiş, polis əməkdaşları videoçəkilişlə üzərini yoxlayacaqlarını dedikdə həmin küçədə adam çox olduğundan çəkilişi bir qədər kənarda aparmışlar. Orada videoçəklişlə üzəri yoxlanıldıqda həmin bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı boz rəngli gödəkçəmin sol iç cibindən çıxarıb təqdim etmiş, ondan həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda həmin narkotik vasitəni tapdığını bildirmiş, sonra həmin kibrit qutusu elektron tərəzidə çəkildikdə çəkisinin 8,61 qram olduğu müəyyən olunmuşdur. Həmin kibrit qutusu 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmiş, sonra polis əməkdaşlarından biri onun üzərini yoxlamışdır. Onun boz rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd ARGO markalı siqaret, 1 ədəd “Samsung” markalı qara rəngli ekranı çatlamış mobil telefon, mavi rəngli cins şalvarının arxa sol cibindən 1 ədəd açar aşkar edilmiş, iş üçün əhəmiyyət kəsb edildiyi deyilib həmin mobil telefon da götürülmüş, sonra o, polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. Orada protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmiş, orada şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi Səxavət müəllimin iştirakı ilə üzərindən aşkar olunan əşyalara baxış və götürmə keçirilmiş, kibrit qutusu olan zərf açıldıqdan sonra çəkisi çəkilmişdir. Qurudulmuş marixuanın qutu ilə birlikdə çəkisi 8,69 qram olması müəyyən edilmiş, sonra həmin kütlə müstəntiq tərəfindən bir ədəd zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri möhürlənib götürülmüşdür. O və digər iştirakçılar zərfin üzərinə imza etmiş, eləcə də ona məxsus 1 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, məhkumluğunun olmamasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, polis mayoru rütbəsində olmaqla Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 mart 2025-ci il tarixdə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, hazırda məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də 07 mart 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş, həmin qərar Sabirabad RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. 2025-ci ilin mart ayının 7-də Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə saat 13 radələrində Təqsirləndirilən şəxs olacağı Sabirabad şəhəri Q.Namazəliyev küçəsinə getmiş, saat 13:50 dəqiqədə Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlamış, sonuncunun yanında tanışı Sabirabad rayon sakini Şahid4 da olmuşdur. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bidirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs sakit küçəyə keçməyi xahiş etmiş, sonuncunun öz xahişi nəzərə alınmaqla həmin küçə ilə paralel küçə olan M.Mirağaoğlu küçəsinə keçmişlər. Təqsirləndirilən şəxs üzəri həmin küçədə yoxlanılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib həmin kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını demişdir. Sonra həmin kibrit qutusu tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 9 qram olduğu müəyyən olunmuş, həmin kibrit qutusu tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüşdür. Qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs və digər iştirakçılar, Şahid4 başqa imza etmiş, imzalar çəkilib yekunlaşmış, sonra tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Həmin boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ARGO markalı siqaret, 1 ədəd “Samsung” markalı qara rəngli ekranı çatlamış mobil telefon, mavi rəngli cins şalvarının arxa sol cibindən 1 ədəd açar aşkar edilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən mobil telefon da tərəfindən götürülmüşdür, bundan sonra Təqsirləndirilən şəxs yanında olan tanışı Şahid4 da üzərini yoxlamış, lakin Şahid4 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Gözəlli X3 RPŞ-yə gətirilmiş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara müstəntiqin xidməti otağında müdafiəçinin iştirakı və videoçəkilişlə baxış keçirilmişdir. Həmin qablaşdırma yenidən açılaraq baxış keçirildikdən sonra ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılmış, qablaşdırmanın üzərinə, daha sonra bu barədə tərtib edilmiş protokola o və digər iştirakçılar imza etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nın PPXB-nın polis nəfəri, polis baş serjantı Şahid3, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 08 mart 2025-ci il tarixli 18/213 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının 11 aprel 2025-ci il tarixli, 2025 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ Psixosimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işi materiallarında olan 07 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sabirabad şəhəri Q.Namazəliyev küçəsi ərazisində tanışı Sabirabad şəhər sakini Şahid4 yanında saxlanılmış, şəhərin M.Mirağaoğlu küçəsində onun üstü yoxlanılan zaman əynində olan boz rəngli gödəkçənin sol iç cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 07 mart 2025-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış kütləyə həmin kağız zərf açılmaqla yenidən baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanya bənzər kütlənin olması müəyyən olunmuşdur. Baxış zamanı qeyd olunan predmet yenidən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin Sabirabad şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, məhkumluğunun olmamasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları, eyni zamanda təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitəsinin növünü və həcmini nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş dörd gün, ona təyin olunacaq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunmasını, onun xx.xx.2021-ci il tarixdən Sabirabad rayon MX-də (F19.2) diaqnozu ilə dinpanser qeydiyyatında olduğunun nəzərə alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 5,72 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində (F19.2) diaqnozu ilə dinpanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 5,72 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar