Məhkəmə qərarları › İş №1(057)-10/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-10/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-10/2023 10.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 10 yanvar 2023-cü ildə Salyan şəhərində Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı X6, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan rayonu Seydan kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qoruq ərazisində, lazımi icazə olmadan, qadağan edilmiş yerdə və vaxtda, qadağan edilmiş alət və üsulla ovlanması tamamilə qadağan edilmiş heyvanı qanunsuz olaraq ovlamaqla təbiətə xeyli miqdarda ziyan vurmaqla qanunsuz ov etmə cinayət əməlini törətmişdir Belə ki, o, tanışı X13 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qoruq ərazisində, lazımi icazə olmadan, qadağan edilmiş yerdə və vaxtda, qadağan edilmiş alət və üsulla 2022-ci il iyulun 28-də saat 01 radələrində Salyan rayonu ərazisində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkın ərazisində Rəşad Sultanova məxsus 74632 №-li qoşa lülə yivsiz ov tüfəngindən iki dəfə atəş açaraq ovlanması tamamilə qadağan edilmiş gazella subgutturosa növünə aid olan və Azərbaycan Respublikasının “Qırmızı kitabı”-na daxil edilmiş bir baş cavan və dişi ceyranı qanunsuz ovlamaqla təbiətə xeyli miqdar təşkil edən 1650 manat ziyan vurmaqla qanunsuz ov etmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 28 iyul 2022-ci il saat 19 radələrində dostu Rəşad ona zəng edərək həmin gecə birlikdə Şirvan Milli Parkına ceyran ovuna getməyi təklif etmişdir. Ovçu olduğundan dostu Rəşadın bu təklifi ilə razılaşmış və birlikdə saat 23 radələrində Şirvan Milli Parkın ərazisinə keçmişlər. Milli Parkın ərazisini xeyli piyada gəzibdolaşdıqdan sonra fənər işığında təxminən 20-30 metr məsafədə 2 baş ceyranın otladığını görmüşlər. Gözlərinə düşən güclü fənər işığından ceyranların donub yerlərində qaldığını görən Rəşad tüfənglə həmin ceyranlara iki atəş açmışdır. İkinci atəşdən sonra ceyranlardan biri yıxılmış, digər heyvan isə qaçıb qaranlıqda gözdən itmişdir. Rəşad ceyranın dərisini soymadan cəsədini özləri ilə gətirdikləri ağ rəngli sintetik torbaya qoyub götürmüşlər. Ceyranı ovladıqları yerdən təxminən 300-500 metr uzaqlaşdıqdan sonra 4 nəfər qoruq işçiləri onalrı tutmuşlar.Rəşadı tutsalar belə özü qaçıb gizlənə bilmişdir. Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkın nümayəndəsi, Milli Parkın direktor müavini Nümayəndə göstərmişdir ki, 2022-ci il iyulun 27-də saat 22 radələrində Şirvan Milli Parkın 3 saylı sahəsinin mühafizə yegerləri Parkın ərazisindən keçən Cənub su kollektorun (Nizami kanalı) 3 km cənib hissəsindən işıq gəldiyini gördükləri barədə ona məlumat vermişlər. Onlara həmin yerə gedib qoruq ərazisinə qanunsuz girən şəxslərin tutulmasını demişdir. Daha sonra İyulun 28-də saat 01 radələrində yegerlər yenidən işıq gələn istiqamətdən ardıcıl iki atəş səsi eşitdiklərini demişlər. Saat 02 radələrində Milli Parkın mühafizə yegerləri Şahid1, Şahid2, Şahid3 və Niyazi Əsgərov əvvəllər tanımadığı bir nəfəri əlində saxladığı sintetik kisə ilə birlikdə Milli Parkın inzibati binasına gətirdikləini demişlər. Sorğu-sual zamanı məlum olmuşdur ki, Milli Parkın ərazisində yegerlər tərəfindən saxlanılan şəxs Salyan rayonu Parça Xalac kənd sakini X9r. Rəşad Sultanov Bakı şəhərində Əhmədli kəndində yaşayan tanışı Vasif adlı şəxslə birlikdə Milli Parkın ərazisində ceyran ovu ilə məşğul olmasını,bir baş ceyranı ovladıqdan sonra geri qayıdarkən yegerlər tərəfindən saxlanıldığını və həmin vaxt yoldaşı Vasifin aradan çıxdığını bildirmişdir.Rəşad Sultanovun əlindəki kisəyə keçirilmiş baxış zamanı kisədə başı kəsilib içalatı təmizlənmiş bir baş cavan dişi ceyran cəsədi olduğunu görmüşlər. Rəşad Sultanov ilə birlikdə Şirvan Milli Parkın ərazisində qanunsuz ceyran ovu ilə məşğul olmuş Vasif adlı şəxs Salyan rayon sakini Təqsirləndirilən şəxsdur. Baş vermiş cinayət hadisəsi nəticəsində təbiətə 1650 manat maddi ziyan dəymiş və həmin ziyan təqsirkar şəxslər tərəfindən tam olaraq ödənilmişdir.Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid1 məhkəmədə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci il iyulun 27-də saat 22 radələrində Şirvan Milli Parkın ərazisində yeger yoldaşı Şahid2 ilə birlikdə xidmətdə olarkən Milli Parkın ərazisindən keçən Cənub su kollektorun (Nizami kanalı) 3 km cənub hissəsində hərəkətdə naməlum işıq mənbəyini müşahidə edib Milli Parkın ərazisində qanunsuz ov edildiyini anlayıb bu barədə Parkın direktor müavini Nümayəndə məlumat vermişlər. Direktor müavinin köməyə digər yegerləri göndərəcəyini və həmin istiqamətdə gedib gələn işığın mənbəyini müəyyən etməyi, Milli Parkın ərazisində qanunsuz ovla məşğul olan şəxslərin yaxalanması istiqamətində tədbirlər görməyi tapşırmışdır. İyulun 28-də saat 02 radələrində Milli Parkın ərazisində 2 nəfər şəxsin qaranlıqda onların istiqamətində gəldiklərini görüb onları saxlamış, onlardan biri qaçmış, digərini isə tutmuşlar. Tutulan yəni, sonradan adını bildiyi Rəşad adlı şəxsdə kisədə bir baş ceyran vurulmuş halda olduğunu görmüşlər. Daha sonra ikinci şəxsin Vasif adlı şəxs olduğunu bilmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şirvan Milli Parkın əməkdaşları Şahid2, Şahid3 Məhərrəm oğlu və Şahid4 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Şahid X11 məhkəmədə göstərmişdir ki, 2022-ci ilin iyulun 27-də məzuniyyətə çıxıb axşam saatlarında yaşadığı kəndə öz evlərinə gəldikdə atası evdə olmamışdır. Gecə vaxtı atasının Şirvan Milli Parkda ceyran ovladığına görə saxlanılıb Salyan rayon polis şöbəsində olduğunu bilmişdir. İyulun 28-də səhər saatlarında polis şöbəsinə gedərək atasıın tutulma səbəbini öyrənmişdir. Atasının Asiflə birlikdə Şirvan Milli Parkda ovlanması qadağan edilmiş bir baş ceyranı tüfəngdən atəş açmaqla ovladıqlarına görə Milli Parkın yegerləri tərəfindən tutulduğu ona məlum olmuşdur. Ertəsi gün iyulun 29-da saat 09 radələrində həyətdə küçə qapısına söykədilmiş vəziyyətdə tüfəng görmüş və həmin səbəbdən tüfəngi gətirib polis şöbəsinə təhvil vermişdir. Məhkəmədə elan olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkın ŞMP- №135 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şirvan Milli Parkında ceyran və digər Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və X7 İttifaqının “Qırmızı Siyahı”sına daxil olmuş fauna növlərinə ov qadağandır. Ümumilikdə Milli Parkda hər hansı qanunsuz üsulla (odlu silahın hər növü) ov etmək qəti qadağandır. Qanunsuz ovlanmış ceyran Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və X7 İttifaqının “Qırmızı Siyahı”sına daxil olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli Qərarının 3.1-ci hissəsinə əsasən ceyranın qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyanın miqdarı 550 manat nəzərdə tutulur. Sözü gedən Qərarın 3.2-ci hissəsinə əsasən dövlət təbiət qoruqlarının ərazilərində və milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və X7 İttifaqının “Qırmızı Siyahı”sına düşmüş vəhşi heyvan növləri və onların yuvaları, mağaraları və s. yaşayış yerləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə cərimələr hər bir növ və yuva üçün vəhşi heyvan növü üzrə təyin olunmuş cədvələ əsasən üçqat ölçüdə hesablanır, yəni bir baş ceyranın qanunsuz ovlanması nəticəsində Şirvan Milli Parkına 1650 (min altı yüz əlli) manat ziyan dəymişdir. Azərbaycan Respublikası Milli X2 İnstitutunun 34-0/161 nömrəli 28 iyul 2022-ci il tarixli məktubundan görünür ki, istintaq tərəfindən AMEA Zoologiya İnstitutuna təqdim edilmiş bir baş heyvan cəsədinə mütəxəssislər tərəfindən keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, həmin heyvan ceyran (Gazella subgutturosa) növünə aid olub Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmişdir, təqdim olunmuş fərd cavan və dişidir. 01 avqust 2022-ci il tarixli aktdan görünür ki, Şirvan Milli Parkın ərazisində qanunsuz ovlanmış bir baş ceyran cəsədi AQTA-nın X8 heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun aparıcı məsləhətçisi X4, Şirvan Milli Parkın direktor müavini Nümayəndə və Salyan RPŞ-nin əməkdaşı X12 birgə iştirakı ilə Salyan rayonu ərazisindəki zibil tullantıları poliqonunda torpağa basdırılmışdır. Təqdim edilmiş əşyaya baxış və götürmə protokolundan görünür ki, X1 olaraq istintaqa təqdim etdiyi üzərində 74632 zavod nömrəsi olan, bir ədəd qoşa lüləli, çaxmaqlı, açıq sarı rəngdə ağac materialından olan qundağın sol yanağında yandırma üsulu ilə möhtərəzədə üç nöqtə həkk edilmiş yivsiz ov tüfəngi maddi sübut kimi götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-ballistik ekspertizasının 22/572R nömrəli xx.xx.2022ci il tarixli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş 74632 №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1964-cü ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. - DİN-in KTİ-də fiziki-kimyəvi məhkəmə ekspertizası keçirilməməsi səbəbindən qərarın “Təqdim edilən tüfəngdən atəş açılmışdırmı?” sualına cavab verilməmişdir. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan rayonu İHB-nın Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində bir nəfər azyaşlı uşağı vardır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X16 arayışından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. “Kapital Bank”ın 1724 №-li xx.xx.2022-ci il tarixli bank qəbzindən görünür ki, Rəşad Sultanov və Təqsirləndirilən şəxs tərəfindən Şirvan Milli Parkın ərazisində qanunsuz ceyran ovlanması nəticəsində vurulmuş 1650 (min altı yüz əlli) manat ziyan X13 tərəfindən tam olaraq ödənilmişdir. AMEA Zoologiya İnstitutundan tədqiqat müayinəsindən sonra istintaqa qaytarılmış gazella subgutturosa növünə aid olan bir baş ceyran cəsədi işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır və Salyan rayonu ərazisindəki zibil tullantıları poliqonunda torpağa basdırılmışdır. X10 məxsus 1964-cü ildə istehsal edilmiş, 16 kalibrli, TOZ-B modelli, 74632 №-li yivsiz ov silahı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır və Salyan rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmünə əsasən dövlət nəfinə müsadirə edilməsi üçün Azərbaycan Respublikası DİN-in maddi təchizat anbarına təhvil verilmişdir. Salyan Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-nin 258.3.2-ci maddəsilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 258.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, vurduğu ziyanı ödədiyini, zərərçəkmiş hüquqi şəxsin ondan şikayətçi və tələbi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini,cəzasının yüngülləşdirici hallarını, ağırlaşdırıcı halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, təqsirləndirilən şəxsin vurduğu ziyanın məbləği 1650 manat olmaqla, çox da böyük məbləğ deyil, həmin məbləğ zərərçəkmişə ödənilərək sosial ədalət bərpa olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasındə nəzərdə tutulmuş cərimə cəzası tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci ildən 04 noyabr 2022-ci il tarixə kimi tutulduğu iki gün müddət nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməlidir. Həmin Məcəllənin 69.4-cü maddəsində qeyd olunmuşdur ki, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə təqsirli bilinib, ona iki il ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə altı min manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci ildən 04 noyabr 2022-ci il tarixə kimi tutulduğu iki gün müddət nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən üzərində iki il ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə beş min manat miqdarında cərimə cəzası saxlanılsın. Cərimə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmün müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar