Məhkəmə qərarları › İş №1(057)-10/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-10/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-10/2025 21.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X2 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il sentyabrın 19-da saat 16:00 radələrində Salyan rayonu Təzəkənd kəndi ərazisində yaşadığı evin qarşısından ətrafda heç kimin olmamasından istifadə edərək Salyan rayonu Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş iribuynuzlu, 3 yaşlı, tünd qəhvəyi rəngli, 110 kq diri çəkili, dişi cinsli heyvanı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, Salyan rayon Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, fərdi əməklə məşğul olur. 19 sentyabr 2024-cü il tarixdə günün saat 16 radələrində həyətdə olarkən darvazanın qarşısında iki baş iribuynuzlu heyvanın otladığını görmüş. Əvvələr də həmin heyvanları evinin yaxınlığında otlayarkən görübmüş. Darvazadan çölə çıxaraq heyvanlara yaxından baxmış, lakin həmin heyvanların kimə məxsus olduğunu bilməmiş. Maddi cəhətdən çətinlik çəkdiyi üçün həmin heyvanlardan tünd qəhvəyi rəngdə olanını digərindən ayıraraq sonradan satmaq niyyəti ilə darvazadan içəri salmış. Həyətində özümə məxsus olan heyvanlar da var imiş. Lakin bu heyvanı onlarla bir yerə saxlamamış. Ayrıca olaraq həyətdə açıqlıq olan yerdə saxlamış. Öz heyvanlarına qulluq edən zaman həmin heyvana da qulluq edir, otunu, suyunu veirirmiş. O çox vaxt yaşadığı evi tərk etmir. Bütün günü öz həyətində göy-göyərti əkməklə məşğul olur. Həmin heyvanı satmaq qərarına gəlib. Lakin bu barədə heç bir tanışı yox imiş. Oğlanlarının hər ikisi ondan ayrı yaşayır. Ona görə də onların heç birinin bu hadisədən xəbəri yox imiş. O da oğlanlarına bu barədə heç bir şey deməmiş. Bunun üçün 21 sentyabr 2024-cü il tarixdə yeznəsi Şamxala istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək ona bir baş dişi cinsli, iribuynuzlu heyvanının olduğunu və onu satmaq istədiyini demiş. Lakin, həmin heyvanın oğurluq olması barədə Şamxala heç nə deməmiş. Şamxal onların evinə çox gec-gec gəldiyi üçün evində olan heyvanlar barədə heç bir məlumatı yox imiş. Şamxal da ona heyvan alveri ilə məşğul olan bir nəfər tanışının olduğunu və ona bu barədə köməklik edəcəyini bildirmiş. Bir qədər sonra tanımadığı bir nömrədən ona zəng gəlmiş. Həmin şəxs onun nömrəsini yeznəsi Şamxaldan aldığını demiş və harada yaşadığını soruşmuş. O da həmin şəxsə Salyan rayonu Qarabağlı kəndində yaşadığını demiş. Biraz sonra Şamxal tanımadığı bir nəfərlə onlara gəlmiş. O Şamxal və onunla gələn şəxslə salamlaşdıqdan sonra Şamxal onunla birlikdə gələn şəxsi təqdim edib adının İbrahim olduğunu bildirmiş. O Şamxal və İbrahimi heyvanı saxladığı yerə apararaq satmaq istədiyi həmin heyvanı göstərmiş. İbrahim ondan heyvanı haradan əldə etdiyini və neçəyə satdığını soruşmuş. O da İbrahimə heyvanın özünə məxsus olduğunu, təxminən 5 ay bundan qabaq aldığını, balasını oğluna verdiyini, özünün isə süd vermədiyini və 900 manata satmaq istədiyini demiş. İbrahim həmin heyvana 800 manat verə biləcəyini demiş. O da ibrahimlə razılaşmış və 800 manata heyvanı satmış. Bundan sonra İbrahim tanışına zəng edərək maşını ilə onlara gəlməsini istəmiş. Bir qədər sonra İbrahimin tanışı maşınla onların həyətə gəlmiş və onlar həmin heyvanı maşına mindirib onunla sağollaşıb getmişlər. Əlavə olaraq həmin heyvanın dişi cinsli, tünd qəhvəyi rəngli və 110 kq diri çəkidə olduğunu bildirmiş. Heyvanı oğurlama səbəbi maddi cəhətdən imkanın zəif olması və pula ehtiyacının olması imiş. 23 sentyabr 2024-cü il tarixdə saat 17:00 radələrində yaşadığı ünvanda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Zərərçəkmiş şəxs məxsus heyvanı oğurlamaqda şübhəli olduğunu bildirərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müstəntiq tərəfindən Zərərçəkmiş şəxs məxsus bir baş iribuynuzlu heyvanı oğurlmaqda şübhəli şəxs qismində tutulduğu ona elan olunmuş və hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmişdir. Əməlindən peşman olaraq, məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə olaraq, ifadəsinin yerində yoxlanılması protokolları, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin protokolları və digər istintaq materialları, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan rayonu Qarabağlı kəndində yaşayır, fərdi əməklə məşğul olur. Həmçinin yaşadığım ünvanda 4 baş iribuynuzlu heyvan saxlamaqla məşğul olur. Həmin heyvanlardan ikisi danadır. Ona görə də o danaları heyvanlar üçün nəzərdə tutulmuş saxlanc yerində saxlayıram. Lakin digərlərini hər gün səhər otlamaq üçün evinin yaxınlığında olan “Axmaz” adlanan kiçik su gölünün ətrafına ötürür. Axşam hava qaralana yaxın heyvanlar özləri evə gəlir. 19 sentyabr 2024-cü il tarixdə axşam hava qaralana yaxın heyvanlardan biri gəlmiş. Lakin o birisi gəlməmiş. Ona görə də o həmin heyvanı tapmaq üçün kənd ərazisini axtarmış və tanış adamlardan soraqlaşmış. Lakin heyvanımı tapa bilməmiş. Soruşduğu insanlar da heyvanını görmədiklərini bildirmişlər. 23 sentyabr 2024-cü il tarixə qədər hər gün beləcə kəndlərində və qonşu kəndlərdə heyvanı axtarmış. Lakin tapa bilməmişdir. Buna görə də 23 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Salyan Rayon Polis Şöbəsinə ona məxsus bir baş heyvanın oğurlanması barədə ərizə ilə müraciət etmiş. Bundan sonra Salyan rayonu Noxudlu kənd ərazisində yolun kənarında yerləşən heyvan bazarına getmiş. Fikirləşmiş ki, birdən heyvanını bazara gətirib satarlar. Çünki həmin vaxt heyvan bazarı günü imiş. Bazara getdikdən sonra bazarda heyvanını axtarmağa başlamış. Təxminən saat 12 radələrində bazarın daxilində bir nəfər tanımadığı şəxsin onun heyvanını dəmir turbaya bağlayaraq satdığını görmüş. O həmin şəxsə yaxınlaşaraq heyvanın ona məxsus olduğunu bildirmiş. Qazelin sürücüsü ona heyvanın ona məxsus olmadığını, heyvanı sadəcə bazara gətirdiyini, heyvanın İbrahimə məxsus olduğunu bildirmiş. Sonradan ona məlum olmuş ki, həmin qazelin sürücüsünün adı Amildir. Amil öz mobil telefonu ilə kiməsə zəng edərək təcili bazara gəlməsini istəmiş. Biz bir qədər gözlədikdən sonra İbrahim adında bir nəfər onların yanına gəlmiş. O İbrahimə heyvanın ona məxsus olduğunu 19 sentyabr 2024-cü il tarixdə evinin yaxınlığında naməlum şəxs tərəfindən oğurlandığını bildirmiş. Mobil telefonunda həmin heyvanın şəkli var imiş. O həmin şəkli onlara sübüt kimi göstərmiş. İbrahim də ona heyvanı 2 gün bundan qabaq Salyan rayon Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs aldığını bildimiş. Onlar bundan sonra bazarda xidmət aparan polis əməkdaşlarına bu barədə məlumat vermişlər. Polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər. Sonda ifadəsində Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını və dəymiş ziyanın ona ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Salyan RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı vəzifəsində işləyir. 23 sentyabr 2024-cü il tarixdə Salyan rayonu Noxudlu kənd ərazisində yerləşən heyvan bazarında xidmət apararkən tanımadığı bir nəfər ona yaxınlaşaraq Salyan rayon Qarabağlı kəndindən olduğunu və adının Zərərçəkmiş şəxs olduğunu bildirmiş. Daha sonra 19 sentyabr 2024-cü il tarixdə Salyan rayonu Qarabağlı kənd ərazisində bir baş iribuynuzlu heyvanın oğurlandığını, həmin vaxtdan bu günə kimi həmin heyvanını axtardığını, bu gün yəni, 23 sentyabr 2024-cü il tarixdə həmin heyvanının oğurlanması barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs ona məxsus olan həmin heyvanın hal-hazırda bazarda tanımadığı şəxslər tərəfindən satıldığını bildirmişdir. Zərərçəkmiş şəxs yanında olan digər iki nəfərdən biri də həmin heyvanı başqa şəxsdən aldığını bildirmiş, o da baş verənlər barəsində dərhal rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. Daha sonra o, həmin şəxslərə xidməti vəsiqəsini göstərərək özünü təqdim edib onları rayon polis şöbəsinə dəvət etmiş, o, həmin şəxsləri rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Rayon polis şöbəsində məlum olmuş ki, həmin şəxslər xx.xx.1987-ci il təvəllüdlü Salyan rayonu Parça-Xalac kəndində qeydiyyatda olan və yaşayan Şahid3 və xx.xx.1988-ci il təvəllüdlü Salyan rayonu Parça Xalac kəndində qeydiyyatda olan və yaşayan Şahid1dur. Sonra bu barədə raport yazaraq yenidən xidməti ərazisinə geri qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. Şahid qismində məhkəməyə dəvət olunmuş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsi olmadığını, ərizəsini nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, özünə məxsus “Qazel” markalı yük avtomobili var və həmin avtomobillə mal-qara daşımaqla məşğul olur. 23 sentyabr 2024-cü il tarixdə həmkəndlisi və sinif yoldaşı olan İbrahim ona zəng edərək bir baş iribuynuzlu heyvanın əmisində, bir baş da iribuynuzlu heyvanın da özündə olduğunu demiş və ondan həmin heyvanları qazel ilə bazara aparmağını xahiş etmiş. O da İbrahimə xırdabuynuzlu heyvan aparmalı olduğunu ona görə İbrahimin iribuynzulu heyvanlarını apara bilməyəcəyini demiş. İbrahim ona demiş ki, sən gəl iribuynuzlu heyvanları apar, xırdabuynuzlu heyvanları mən öz avtomobilimlə apararam. O da İbrahimlə razılaşmış. Bundan sonra o, İbrahimin əmisinin evinə gedərək onun həyətində bir baş iribuynuzlu heyvanı götürmüş. Sonda İbrahimin evinə getmiş və onun həyətində saxlanc yerindən olan iribuynuzlu heyvanı çıxardaraq maşınına mindirmişlər. İbrahimgilin həyətində çıxan zaman İbrahimdən soruşmuş ki, heyvan bazarında o gələnə qədər heyvanın qiymətini soruşan olsa nə qədər desin. İbrahim ona demiş ki, əgər heyvanın qiymətini soruşan olsa 1250 manat deyersən. O, İbrahimgildən çıxaraq Salyan rayonu Noxudlu kənd ərazisində yerləşən heyvan bazarına getmişdir. Bazara gəldikdən sonra heyvanı maşından düşürdüb heyvanları bağlamaq üçün nəzərdə tutumuş dəmir turbaya bağlamışdır. Bir qədər sonra bir nəfər ona yaxınlaşaraq həmin heyvanın ona məxsus olduğunu bildirmiş, o da həmin heyvanın ona məxsus olmadığını, heyvanı sadəcə bazara gətirdiyini, heyvanın İbrahimə məxsus olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin adı Məhəmməddir. O, öz mobil telefonu ilə İbrahimə zəng edərək təcili bazara gəlməsini istəmişdir. Onlar bir qədər gözlədikdən sonra İbrahim onların yanına gəlmiş, Məhəmməd ona heyvanın ona məxsus olduğunu 19 sentyabr 2024-cü il tarixdə evinin yaxınlığında naməlum şəxs tərəfindən oğurlandığını bildirmiş. Məhəmməd mobil telefonunda həmin heyvanın şəklinin olduğunu bildirmiş və həmin şəkli onlara sübüt kimi göstərmiş. İbrahim də ona heyvanı 2 gün bundan qabaq Salyan rayon Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs aldığını bildirmiş. Onlar bundan sonra bazarda xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bu barədə məlumat vermişlər. Polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etdmişlər. Şahid qismində məhkəməyə dəvət olunmuş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsi olmadığını, ərizəsini nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan rayonu Parça-Xalac kəndində yaşayır. Sürücü işləyir və hərdən də heyvan alqı-satqısı ilə məşğul olur. 21 sentyabr 2024-cü il tarixdə həmkəndlisi Şamxal ona zəng edərək qayınatasının evində bir baş iribuynuzlu heyvanın olduğunu, onu almaq istəyib-istəmədiyini soruşmuşdur. O da Şamxala almaq istədiyini bildirmişdir. Sonra o, öz maşını ilə Şamxalı yoldan götürmüş və Qarabağlı kəndinə Şamxalın qaynatasının evinə getmişlər. Heyvanlar üçün nəzərdə tutulmuş saxlanc yerinə daxil olmuşlar. Orada üç baş iribuynuzlu heyvan var imiş. Ev sahibi olan Əldəmət heyvanlardan dişi cinsli, tünd qəhvəyi rəngli və təxminən 110 kq çəkidə olan birini göstərib, 5 ay bundan qabaq bazardan aldığını, süd vermədiyini, balasını oğluna verdiyini və bu səbəblərdən satmaq istədiyini bildirmiş. O, Əlmədətdən heyvanın qiymətini soruşmuşdur. Əlmədət ilk olaraq heyvanın qiymətini 900 manata desə də, sonradan 800 manata razılaşmışdır. Sonra o, tanışı Hükmrəvana zəng edərək qazeli ilə Əldəmətgilə gəlməsini istəmiş, bir qədər sonra Hükmrəvan gəlmişdir. Onlar heyvanı maşına mindirmiş və onun həyətinə gətirmişlər. 2 gün sonra Salyan rayonu Noxudlu kəndində yolun kənarında heyvan bazarı olacaqmış. Ona görə də, o, həmin heyvanı 2 gün həyətində saxlamışdır. 23 sentyabr 2024-cü il tarixdə tanışı Amilə zəng edərək ona bir baş iribuynuzlu heyvanının olduğunu və onu bazara aparmaq istədiyini demişdir. Amil onun sinif yoldaşıdır və o, hərdən bazara heyvan aparmaqla məşğul olur. Ona görə də, o, Amilə zəng edərək belə bir şey istəmiş, Amil ona xırda buynuzlu heyvan aparacağını ona görə də onun heyvanını apara bilməyəcəyini demişdir. O, Amilə demişdir ki, mən həmin xırda buynuzlu heyvanları apararam, sən də gəl mənim iribuynuzlu heyvanımı apar. Amil də onunla razılaşmış. Amil öz qazeli ilə gələrək həmin heyvanı götürərək bazara getmiş, Amil gedəndən sonra o da Amilin xırdabuynuzlu heyvanlarını götürərək bazara getmişdir. O, Amildən bir qədər gec çıxdığına görə Amil bazara ondan tez çatıbmış. Bazara təzəcə çatıbmış ki, Amil ona zəng edərək təcili onun yanına gəlməli olduğunu bildirmiş, o da Amildən bazarın hansı tərəfdə olduğunu soruşub onun yanına getmişdir. Amilə çatanda onun heyvanını dəmir turbaya bağladığını və yanında da bir nəfərin olduğunu görmüşdür. Amil ona bir nəfəri göstərib demişdir ki, həmin şəxs iddia edir ki, onun satmaq istədiyi həmin heyvan həmin tanımadıqları şəxsə məxsusdur. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin adı Məhəmməddir. Məhəmməd ona mobil telefonunda həmin heyvanın şəklinin olduğunu bildirmiş və telefonunu çıxardıb həmin heyvanın şəklini göstərmişdir. Bundan sonra, o, Məhəmmədin dediklərinə inanmışdır. O, Məhəmmədə həmin heyvanı 2 gün bundan qabaq Salyan rayon Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Onlar bundan sonra heyvan bazarında xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bu barədə məlumat vermişlər. Polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Hadisə yerinə baxış” protokolundan görünür ki, 19 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs iki baş iribuynuzlu heyvanı otlamaq üçün ötürdüyü yer Salyan rayonu Qarabağlı kənd ərazisində yerləşən yaşayış evlərinin kənarında olan, bir tərəfindən su kanalı və torpaq yol keçən, yulğun ağaclarından ibarət ərazidir. “Şübhəli şəxsin tutulması haqqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il sentyabrın 23-də saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Heyvana baxış keçirilməsi” bərədə protokoldan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə Salyan rayonu Noxudlu kənd ərazisində yerləşən heyvan bazarında Zərərçəkmiş şəxs təqdim etdiyi bir baş iribuynuzlu, tünd qəhvəyi rəngli, dişi cinsli və 1500 manat dəyərində olan heyvan ona məxsusdur. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış 1 baş iri buynuzlu heyvan məhkəməyədək saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli 2-27 nömrəli məktubundan görünür ki, 2024-cü ilin sentyabr ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 1 baş, 3 illik, dişi cinsli, diri çəkisi 110 kiloqram iri buynuzlu heyvanın (inəyin) satış qiyməti 1500 manat təşkil etmişdir. Salyan Rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində Təqsirləndirilən şəxs digər cinayətlərdə iştirakının olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. 24 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Salyan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs 2024-cü il sentyabrın 19-da saat 16:00 radələrində Salyan rayonu, Təzəkənd kəndi ərazisində yaşadığı evin qarşısından ətrafda heç kimin olmamasından istifadə edərək Salyan rayonu Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş iribuynuzlu, 3 yaşlı, tünd qəhvəyi rəngli, 110 kq diri çəkili, dişi cinsli heyvanı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurması faktı və həmin fakt üzrə toplanmış materiallar olmuşdur. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Salyan RPŞ İB-nin müstəntiqi polis leytenantı Samir Eynullazadə tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 29 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs məxsus iribuynuzlu heyvanın oğurluq etdiyi yeri göstərməklə bir daha təsdiq etmişdir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan rayon İHB-nin Salyan rayonu, Qarabağlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 sentyabr 2024-cü il tarixli, 5-71-8/2-441/24 nömrəli məktuba əlavə olunmuş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 02 noyabr 2024-cü il tarixli CD formatlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Salyan rayonu Təzəkənd kəndində qeydiyyatda olan 10 avqust 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. Salyan RMX-nin 11 oktyabr 2024-cü il tarixli, 18-1-68/2-1956/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin törətdiyi əməldən səmimi peşman olması, müəyyən yaş həddinə çatması, sağlamlıq vəziyyəti və həyat şəraiti nəzərə alınmalı və qeyd edilən əsaslara görə azadlıqdan məhrum edilməməlidir. Məhkəmə belə hesab edir ki, daha yüngül cəza növünün tətbiq edilməsi təqsirləndirilən şəxsin islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan bir baş iribuynuzlu heyvanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablansın və ona qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 1 baş iri buynuzlu heyvanın qanuni sahibinə qaytarılması nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar