Məhkəmə qərarları › İş №1(057)-108/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-108/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-108/2023 13.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan rayonunun Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, "xxxx" ASC-nin Hidrogeoloji və Meliorativ Xidmət İdarəsində müşahidəçi işləyən, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21063” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri, Nizami küçəsində 50 km/saat sürətlə Salyan şəhər dairəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, Təqsirləndirilən şəxs bunları etməyərək yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ yan güzgüsündən vurması nəticəsində yolnəqliyyat hadisəsi törətmiş, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməmiş, ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada Zərərçəkmiş şəxs sağ bud sümüyünün distal ucunun qapalı, çoxqəlpəli, oynaqdaxili yerini dəyişən sınığı, sol diz oynağının əzilməsi kimi xəsarətlər almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 23 fevral 2023-cü il tarixdə səhər saat 09 radələrində idarə etdiyi “VAZ 21063” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı kənddən çıxıb Salyan şəhəri ərazisinə gəlmişdir. Salyan şəhər dairəsinə çatan zaman Salyan şəhəri, Nizami küçəsində 50 km/saat sürətlə hərəkətdə olarkən 60 metr məsafədə irəlidə yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə bir nəfər qadının asta hərəkətlərlə yolu keçmək istədiyini görmüşdür. Onun dayanacağını düşündüyü üçün hərəkətini davam etdirmişdir. Həmin qadın yolun üzərində olan zaman onu vurmamaq üçün avtomobilini sol tərəfə istiqamətləndirmişdir. Lakin, avtomobilinin sağ yan güzgüsü qadına dəyməsi nəticəsində həmin qadın yerə yıxılmışdır. Avtomobili yolun hərəkət hissəsinin sol tərəfində saxlayıb onun yanına qayıtmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu qadını avtomobilinə mindirib Salyan Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, idarə etdiyi avtomobil ilə vurmağı nəticəsində xəsarət almış piyada, Salyan rayonu, Xalac kənd sakini Zərərçəkmiş şəxs olmuşdur. Bir neçə saat həmin qadının yanında qalmış və daha sonra oradan çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, 23 fevral 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı spirtli içkilərin və narkotik vasitələrin təsiri altında olmamışdır. Bildirmişdir ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi və “VAZ 21063” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə dair etibarnaməsi vardır. 23 fevral 2023cü il tarixdə səhər saat 09 radələrində baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün avtomobilini yolun sol tərəfinə istiqamətləndirsə də, yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Həmin piyadanı təxminən 60 metr məsafədən görmüşdür. Həmin piyadanı görən zaman idarə etdiyi avtomobildə əyləci sıxaraq avtomobili yolun sol tərəfinə istiqamətləndirsə də, avtomobilin sağ yan güzgüsü həmin qadına dəyməsi nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir. 23 fevral 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilində tək olmuşdur. Hadisə baş verdikdən sonra isə ətrafda bir neçə şəxslər olsa da, həmin şəxsləri tanımamışdır. 23 fevral 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl idarə etdiyi avtomobilin sürət həddi 50 km/saat olmuşdur. Törətdiyi əməldən peşmandır, hadisə ehtiyatsızlıqdan törənmişdir. Zərər çəkmiş şəxsin müalicəsinə maddi köməklik göstərmiş, implantın pulunu vermiş, himayəsində bir azyaşlı uşağı var. Ailədə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərinin nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. 05 ildir ki, şəkərli diabet xəstəsidir və bu səbəbdən hər ayda bir dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasına müalicə olunmaq üçün gəlir. 23 fevral 2023-cü il tarixdə saat 08:30 radələrində Salyan şəhər dairəsində avtobusdan düşüb piyada xəstəxanaya yola düşmüşdür. Həmin gün saat 09 radələrində Salyan şəhəri, Nizami küçəsində xəstəxanaya tərəf piyada getmişdir. Yolun əks tərəfindən avtomobilin gəlməsini görmədiyi üçün yolun sol tərəfindən sağ tərəfinə keçmək istədikdə bu zaman həmin istiqamətdə gələn avtomobilin sağ yan tərəfindən onu vurması nəticəsində yerə yıxılaraq xəsarət almışdır. Hadisədən sonra huşunu itirmiş, xəstəxanaya gəldikdən sonra bir qədər özünə gəlmişdir. Həmin vaxt bilmişdir ki, yolu keçmək istəyərkən həmin istiqamətdə gələn, Salyan rayonu, Ərəbqardaşbəyli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfindən onu vurması nəticəsində sağ ayaq nahiyəsindən xəsarət almış və hadisədən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onu tibbi yardım almağı üçün xəstəxanaya gətirmişdir. Təqsirləndirilən şəxs xəstəxanada olarkən ona dəymiş olan bütün ziyanı ödəyəcəyinə dair söz verib ondan orada ilkin məlumat qeydə alınarkən yol-nəqliyyat hadisəsi nəticəsində deyil, özü yıxılmağı nəticəsində xəsarət aldığını bildirməyi xahiş etmişdir. Ona inanıb xəstəxanaya huşunu itirib yıxıldığını bildirmişdir. Daha sonra xəstəxanaya gələn Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirmişdir. Şəhriyarın iki dəfə onun yanına gəldiyini, 500 manat dəyərində olan implantın pulunu vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X2 Bölməsinin polis sahə rəisi vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 23 fevral 2023-cü il tarixdə Salyan Rayon Mərkəsi Xəstəxanasından rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat daxil olmuş, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs “sağ bud sümüyünün distal ucunun qapalı sınığı” diaqnozu ilə xəstəxanadan yardım alması və deməsinə görə Salyan şəhər dairəsi ərazisində yıxılması bildirilmişdir. Daxil olmuş məlumatın araşdırılması həmin gün şöbə rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Bundan sonra icraatında olan materialın araşdırılması zərurəti ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Aldığı məlumat əsasında həmin şəxsin heç də özü yıxılması nəticəsində deyil, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını müəyyən etmişdir. Bundan sonra müəyyən etmişdir ki, həmin gün yəni 23 fevral 2023-cü il tarixdə saat 09 radələrində Salyan rayonu, Ərəbqardaşbəyli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri, Nizami küçəsində Salyan şəhər dairəsi istiqamətində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs yolun sol tərəfindən sağ tərəfinə keçmək istəmiş və həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Odur ki, icraatında olan materialın “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” qeydiyyata alınaraq araşdırmanın davam etdirilməsi üçün 24 fevral 2023-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 09 may 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin 7-ci vərəqində olan AD 654953 nömrəli 17 dekabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Babaşov Baxtiyar Rəşid oğlu “VAZ 21063” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Babaşov Baxtiyar Rəşid oğluna məxsusdur. Cinayət işinin 7-ci vərəqində olan AE 520590 nömrəli sürücülük vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs ”BC” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. Cinayət işinin 8-ci vərəqində olan ƏN-Vİİİ № 656585, xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Babaşov Baxtiyar Rəşid oğlu “VAZ 21063” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə və istifadə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir. Cinayət işinin 12-20-ci vərəqlərində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, hal şahidlərinin iştirakı ilə Salyan şəhəri, Nizami küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi yeri müayinə olunmuş, fotoşəkillər çəkilmiş və hadisə yerinin sxemi tərtib olunmuşdur. Cinayət işinin 26-cı vərəqində olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2023-cü il tarixli 34 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, onun tərəfindən alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Cinayət işinin 27-ci vərəqində olan “DVD” diskdə olan yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün 47-ci saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada Zərərçəkmiş şəxs dəymişdir. Cinayət işinin 29-cu vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2023-cü il tarixli, 91 nömrəli rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ bud sümüyünün distal ucunun qapalı, çoxqəlpəli, oynaqdaxili yerini dəyişən sınığı, sol diz oynağının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Cinayət işinin 30-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 01 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 33-36-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/945 nömrəli rəyindən görünür ki, “VAZ 21063” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır. Cinayət işinin 42-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 50-51-ci vərəqlərində olan Salyan RİH başçısının Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində azyaşlı oğlu var və barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 61-62-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 71-ci vərəqində olan “qətimkan tədbirinin seçilməsi barədə” 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 73-76-cı vərəqlərində olan “sübutların qiymətləndirilməsi haqqında” 26 may 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “DVD” disk maddi sübut hesab edilmiş, cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün olaraq tövsüf olunmuş, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işinin materialları, şahid ifadəsi, ekspert rəyi və təqsirləndirilən şəxsin etirafı ilə sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.1, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə də, onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağının olmasını, dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun zərər çəkmiş şəxslə barışmağa cəhd etməsini, həmin şəxsə maddi yardım göstərməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun "xxxx" ASC-nin Hidrogeoloji və Meliorativ Xidmət İdarəsində müşahidəçi işləməsini, şəxsiyyətini müsbət səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aylıq qazancının 15 %-i məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasının, əlavə cəza növü olaraq 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (himayəsində bir azyaşlı uşağının olması, zərəri qismən ödəməsi) və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin olunmalı, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. İş üzrə maddi sübut olan - Qəza hadisəsini özündə əks etdirən videogörüntülərinin əks olunduğu 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba keçirilməlidir: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 3 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış - yol-nəqliyyat hadisəsini özündə əks etdirən videogörüntünün əks olunduğu 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar