Məhkəmə qərarları › İş №1(057)-11/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-11/2023

06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-11/2023 06.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu Atabəy kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 yanvar 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə əvvələr çoban işlədiyi Salyan rayonu Qardili kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus heyvandarlıq fermasından oğurluq etmək qərarına gəlib 2022-ci il sentyabrın 01-də saat 09 radələrində fermanın ərazisində heyvanların saxlanılması üçün nəzərdə tutulan metal setka və barmaqlıqlarla əhatə edilmiş saxlanc yeri hesab edilən qəhərə qanunsuz olaraq daxil olub burada saxlanılan iri buynuzlu heyvanların arasından təxminən 150 kq diri çəkidə, 3 yaşlı, qara rəngli, yerli cins növünə aid, 1300 manat qiymətində 01 baş iri buynuzlu dişi heyvanı və həmin tarixdə saat 13 radələrində fermanın arxasındakı ərazidə metal dirəklər üzərində quraşdırılmış şifer materialından dam örtüyü olan talvarın altında saxlanılan 320 manat qiymətində 80 ədəd yonca ot kiplərini vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1620 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin dekabr ayında Xalidə ilə birlikdə Salyan rayonu Qardili kəndi ərazisində sahibkar Zərərçəkmiş şəxs məxsus heyvandarlıq fermasında işə düzəlmişlər. Aralarında olmuş şifahi razılaşmaya əsasən Zərərçəkmiş şəxs hər ay onlara 500 manat pul və bir kisə un vermişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs müraciət edib verdiyi əmək haqqının artırılmasını xahiş etmiş, lakin hər dəfə Zərərçəkmiş şəxs rədd cavabı vermişdir. Bu səbəbdən 2022-ci ilin avqust ayının sonunda Sabirin fermasında işləmək üçün Qusar rayonuna getmək qərarına gəlmişlər. Avqustun 25-də Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayıb onun fermasından işdən çıxdıqlarını, artıq özlərinə yeni iş yeri tapdıqlarını bildirib gəlib fermanı təhvil almağını demişdir. Oktay hazırda Naxçıvanda olduğunu, bir neçə gündən sonra gələcəyini demişdir. Avqustun 30-da fermada tək olarkən artıq Oktay müəllimin fermasında işləmədiyini düşünüb Qusar rayonuna getmək üçün yol pulu əldə etmək məqsədilə fermadan bir qədər yonca kipi və bir baş heyvan oğurlamaq qərarına gəlmişdir. 2022-ci ilin sentyabrın 01-də saat 09 radələrində Mehdi onun olduğu fermaya gəlib bir gün əvvəl təklif edilən inəyi almaq istədiyini bildirmişdir. O da, fermadakı qəhərdə saxlanılan 3 yaşlı, qara rəngli, diri çəkisi təxminən 150 kq olan inəyi Mehdiyə 700 manata satmışdır. Mehdi aldığı heyvanı gəldiyi “Qazel” markalı yük avtomobilinə yükləyib oradan getmişdir. Həmin gün saat 13 radələrində tanımadığı 2 nəfər “Qazel” markalı yük avtomobili ilə fermaya gəlib yonca kipləri almaq istədiklərini bildirmişlər. O da, Oktay müəllimin fermasındakı ot kipləri saxlanılan talvardan 80 ədəd yonca kipini hər birini 4,0 manatdan hesablamaqla cəmi 320 manata həmin şəxslərə satmışdır. Tutduğu əməldən peşman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir 2021-ci ilin dekabr ayından etibarən aralarında olmuş şifahi razılığa əsasən Təqsirləndirilən şəxs arvadı Xalidə ilə birlikdə ona məxsus həmin fermada işləmişlər. Hər ay əmək haqqı olaraq Saiqə 500 manat pul və bir kisə un vermişdir. 2022-ci ilin avqust aynın sonlarında Naxçıvanda olarkən Saiq onunla telefon əlaqəsi saxlayıb fermadan işdən çıxıdığını, özünə yeni iş yeri tapdığını bildirmişdir. Naxçıvanda olduğunu, bir neçə gün gözləməyi, gəlib yeni çoban tapdıqdan sonra çıxıb getməyini istədikdə Saiq bildirmişdir ki, gözləyə bilməyəcək, yeni iş yerinə getməlidir.Saiqə heyvanlarını tövləyə salıb qapıları bağlayıb çıxıb getməyi demişdir. Sentyabrın 02-də saat 19 radələrində fermaya gəldikdə 1 baş yerli cinsli 3 yaşında təxminən 140-150 kq çəkidə qara rəngli dişi heyvanın və 320 manat dəyərində 80 ədəd ot kipinin oğurlandığını aşkar etmişdir. Fermadan oğurlanmış 01 baş 3 yaşlı dişi inəyi isə 2021-ci ilin may ayında 1300 manata almışdır Bu səbəbdən baş vermiş oğurluq nəticəsində onun təsərrüfatına ümumilikdə 1620 manat maddi ziyan vurulmuşdur. Mülki iddianın təmin olunmasını qeyd edərək təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Şahid qismində məhkəmədə dindirilmiş Şahid1 X2 dediklərini təsdiq etmişdir. Şahid2 göstərmişdir ki, 2022-ci il avqust ayının son günlərində Saiq ona zəng edib Qardili kəndində işlədiyi fermada özünə məxsus 800 manata satılıq inək olduğunu deyib heyvanı almaq istəsə fermaya gəlməyini demişdir. Sentyabrın 01-də saat 09 radələrində yoldan keçən “Qazel” markalı yük avtomobili tutub Qardili kəndinə, Saiqin işlədiyi heyvandarlıq fermasına gəlmişdir. Saiqdən bir baş 3 yaşında və 140-150 kq çəkidə olan qara rəngli dişi heyvanı 700 manata almışdır. Məhkəmədə elan olunmuş X4 İnkişaf Mərkəzinin 83 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, quru yonca otu kipinin pərakəndə bazar qiyməti 2022-ci ilin sentyabr ayında 4,00 (dörd manat) təşkil etmişdir. Salyan Rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 224 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 2022-ci ilin sentyabr ayında 1 baş 3 illik diri halda çəkisi 150 kq olan yerli cins inəyin orta bazar pərakəndə satış qiyməti 1300 (bir min üç yüz) manat dəyərində olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 30 avqust 2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 326.2, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nın 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra oounması barədə qərar qəbul olunmuşdur. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.4cü maddəsilə təqsirli bilinib 3000 manat cərimə cəzasına və xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddələrilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2017-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası ödənilməmiş qalmışdır. Şəmkir RİHB-nın Atabəy kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmişşəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmişşəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir. Onun zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsi, sosial ədalətin bərpa olunmaması,məhkumluğu ödənilmiş olsa belə əvvəllər oxşar cinayətə görə məhkum olunması, lakin islah olunmaması kimi halların olması bir daha onu göstərir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə onu islah etmək mümkündür.Həmçinin məhkəmə baxışı zamanı zərərçəkmiş ziyanın ödənilmədiyini qeyd edərək şikayətçi olduğunu bildirmişdir. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunacağı təqdirdə o, yenə cinayət əməllərini davam etdirəcəkdir. Ona görə də məhkəmə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını daha əsaslı və ədalətli hesab edir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilməli, cərimə cəzası həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs barəsində 20 oktyabr 2022-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalınada həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia təmin olunmalı, Təqsirləndirilən şəxs 1620 manat və dövlət rüsumu kimi ödənilmiş 37 manat alınıb zərərçəkmiş Zərərçəkmiş şəxs verilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilsin, üzərində iki il müddətə azadlıqdan məhrum etmə və üç min manat cərimə cəzası saxlanılsın, cərimə cəzası həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 06 yanvar 2023-cü ildən hesablansın. Barəsində seçilmiş 20 oktyabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin olunsun-Təqsirləndirilən şəxs 1620 manat və dövlət rüsumu kimi ödənilmiş 37 manat alınıb zərərçəkmiş Zərərçəkmiş şəxs verilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********,Corr.Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. ƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar