Məhkəmə qərarları › İş №1(057)-11/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-11/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-11/2025 14.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 7, mənzil 43-də qeydiyyatda olan, Salyan Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, о, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,217 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli bilindiyi üçün, 2024-cü il sentyabrın 25-də saat 22:17 dəqiqədə Salyan şəhəri, M.Quluzadə küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış və əynindəki qara rəngli cins şalvarının sağ arxa cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, o, arada bir narkotik vasitə heroin və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul edir. 2024-cü il sentyabrın 25-də günorta saatlarında o, yaşadığı binanın yaxınlığında yerləşən zibil qutusunun yanında yerdən 1 ədəd sellofan büküm tapmışdır. O, həmin sellofan bükümə baxmış və bükümün içində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu aşkar etmişdir. Həmin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olan bükümü istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. Həmin tarixdə saat 22:17 radələrində Salyan şəhəri, M.Quluzadə küçəsində piyada hərəkət edən zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərini yoxlamağa başlamışlar. Həmin anda o, əynində olan qara rəngli cins şalvarının arxa sağ cibində olan 1 ədəd sellofan bükümü polis əmədaşlarına təqdim etmişdir. Həmin kütləni həmin gün günorta saatlarında o, yaşadığı binanın yaxınlığında yerləşən zibil qutusunun yanında yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. O, həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Həmçinin, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəməkimyəvi, məhkəmə-tibbi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü il sentyabrın 25-də ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, həmin tarixdə saat 22:17 dəqiqədə o, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri, M.Quluzadə küçəsində piyada hərəkət edən zaman yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tərəflərindən video çəkiliş aparmaqla onun üzərini yoxlamağa başlamışlar. Həmin anda Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının arxa sağ cibində olan 1 ədəd sellofan bükümü onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içində isə kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin kütləni bu gün, yəni 2024-cü il sentyabrın 25-də günorta saatlarında yaşadığı binanın yaxınlığında yerləşən zibil qutusunun yanında yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin kütlədən heç kimə verməmiş yaxud satmamış, eləcə də həmin kütləni üzərində saxlayarkən satış məqsədinin olmadığını bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,30 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlar ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol Təqsirləndirilən şəxs ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili, Şahid2 və Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili, Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 2024-cü il sentyabrın 25-də Salyan RPŞ-nin X3 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat axtarış tədbirinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə olunmuş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. 2024-cü il sentyabrın 25-də Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən tərtib edilmiş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə olunmuş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, 2024-cü il sentyabrın 26-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqları xx.xx.2024-cü il tarixdə saat 22:17 dəqiqədən etibarən məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə saat 00:10-da Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X4 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/829 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,217 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetamin təmiz çəkisi– 0,217 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,167 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli, 798 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 tərəfindən verilmiş məhkəmətibbi ekspertizasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Salyan Rayon Məhkəməsinin 4(057)-87/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Salyan Rayon Məhkəməsinin 1(057)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin 7(007)-578/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 03 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Salyan MİTTİB-nin 11 oktyabr 2024-cü il tarixli, 1371 nömrəli məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan RMX-nin 11 oktyabr 2024-cü il tarixli, 218-1-68/2-1958/2024 nömrəli arayışından görünür ki, Salyan rayonunda anadan olmuş, ünvan 3 ünvanda yaşayan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini nə vaxt, harada, kimdən, nə məqsədlə və hansı miqdarda əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir. 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-ci maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (4 dəfə) məhkum olunmuş, sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Salyan rayon məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü üzrə 03 ay 29 gün çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini məhz Nizami rayon məhkəməsinin qərarı ilə barəsində tətbiq edilmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə dövründə, məhkumluğu ödənilmədən törətmişdir. Belə ki, onun barəsində əvvəlki hökm üzrə Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmalı olsa da, hazırkı cinayət əməlini xx.xx.2024-cü il tarixdə, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ərzində törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv var. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Salyan rayon məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü üzrə 03 ay 29 gün çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Həmin vaxtdan 02 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda, cinayətlərin residivi yaranır, ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı yüngülləşdirən halları müəyyən etməmiş, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətin hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun məcburi müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,167 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 04 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 31,95 manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməldir. Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,167 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar