Məhkəmə qərarları › İş №1(057)-113/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-113/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-113/2023 04.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum olunmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 66.5-ci maddələri ilə qəti olaraq 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 il, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən 6 ay müddətinə azaldılmış, ünvan 1 ünvanda yaşayan, barəsində Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(057)58/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.161 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il aprelin 11-də saat 16:45-də Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı yataqxananın qarşısında qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 17:00-da ünvan 3 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, səmimi peşimandır məhkəmə baxışı zamanı ifadə verməkdən imtina edir. Ona görə də onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPMnın 327.1-ci maddəsinə əsasən elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, o, psixotrop maddə metamfetamin qəbul edir, əvvəlki müddətdə bununla bağlı məhkumluğu da olmuş, 2023-cü il aprelin 10-da axşam saatlarında o, yaşadığı ünvan 5 ünvanından çıxaraq zibil atmaq üçün həmin küçədə qoyulan zibil qutusunun yanına getmiş, o, zibili atdıqdan sonra yerdə sellofan torba olduğunu görmüş və sellofan torbanı açaraq içərisinə baxmış, sellofan torbanın içərisində 1 ədəd bıçaq və psixotrop maddə metamfetamin olan 1 ədəd sellofan büküm olduğunu görmüş, o, dərhal həmin 1 ədəd bıçaq və içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd sellofan bükümü götürərək cibinə qoymuş, həmin tarixdə bir dəfə həmin psixotrop maddədən az miqdarda istifadə etmiş, qalan hissəsini də sonra istifadə etmək məqsədilə üzərində saxlamış, tapdığı bıçağı da iş görən zaman istifadə etmək üçün cibinə qoymuş, 2022-ci il aprelin 11-də saat 16:45 dəqiqədə Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı yataqxananın qarşısında piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşlarının ona tərəf gəldiklərini görmüş, həmin anda polis əməkdaşlarının onu tutmaq üçün gəldiklərini başa düşdüyü üçün üzərində olan bıçağı çıxararaq boğaz, sol qol və qarın nahiyələrimə xəsarətlər yetirmiş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq edilməmiş, bununla bağlı heç bir şikayəti yoxdur, mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim etdikdən sonra özünə yenədə xəsarət yetirməməsi üçün əlində olan bıçağı ondan almış, polis əməkdaşları ona qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermiş, eyni zamanda, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində müstəntiq tərəfindən ona qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşımaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmiş, eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, o, həmin anda əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbacığı çıxarıb masanın üzərinə qoymuş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmiş, onun təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan torbacığın içində kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmiş, ondan həmin kütlə barədə soruşulduqda o, həmin kütlənin psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin kütləni 2023-cü il aprelin 10-da saat 19 radələrində yaşadığı evin yaxınlığında zibil atarkən yerdən tapmasını və istifadə etmək məqsədilə götürüb üzərində saxlamış, həmin kütlədən heç kimə verməmiş yaxud satmamış, eləcə də, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamış, o, özünə xəsarət yetirdiyi bıçağı da psixotrop maddə metamfetamin ilə birlikdə zibil atan zaman yerdən tapmış, onun üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetamin olan 1 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 1,41 qram olması müəyyən olunmuş, onun üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetamin olan 1 ədəd sellofan büküm və 1 ədəd bıçaq müstəntiq tərəfindən ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüş, bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra o, digər iştirakçılarla birlikdə protokolu da imzaladığını bildirmişdir. Şahid qismində dindirilmiş Salyan rayon Polis Şöbəsinin X4 baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2023-cü il aprel ayının 11-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün onun ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüş, həmin gün saat 16:45 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı yataqxananın qarşısında tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində müstəntiq Mircavidə üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs da həmin anda əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, Mircavidin təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı Mircavid sellofan bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin kütləni aprelin 10-da axşam saatlarında Salyan şəhəri ərazisində yaşadığı yaşadığı evin yaxınlığında zibil atarkən yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamış, həmin predmeti üzərində saxlayarkən satış məqsədi olmamış, heç kimə satmamışdır. Bundan sonra Mircavidin üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunan əlavə əşya və ya maddə aşkar edilməmiş, şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və protokollaşdırılmışdır. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin X4 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Məhkəmədə elan olunmuş 11 aprel 2023-cü il tarixdə tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. 13 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd samsung markalı, 3520xx/xx/914102/5 İmei kodlu mobil telefonda iş üzrə əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 12 aprel 2023-cü il tarixli, 18/409 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-1.161 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 487 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Salyan RMX-nın xx.xx.2023-cü il tarixli, PHŞ-6-68/2-754/2023 saylı arayışından görünür ki, həkim-narkoloq S.Zərgərlinin məlumatına əsasən ünvan 6 ünvanda yaşayan, 1991-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs “Tiryək” narkomaniyası diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatda dayanır. Həkim-psixiatr X.Ağayevanın xx.xx.2023-cü il tarixli məlumatına əsasən qeydiyyatda yoxdur. Azərbaycan Respublikası, Salyan rayonu İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 1085 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, 28 May küçəsi ev 31-də yaşayır. Həmin Nümayəndənin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsində göstərilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Daxili İşlər Nazirliyinin 22 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 il, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən 6 ay müddətinə azaldılmışdır. Həmçinin, həmin qərarda göstərilir ki, məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilməsi məsələsi həmin Amnistiya qərarının 36-cı maddəsinin tələbinə uyğun olaraq, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilsin. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsinin xx.xx.2023cü il tarixli, 149110/04 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1500 manat cərimə cəzasını tam qaydada çəkdiyi üçün xx.xx.2019-cu il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 1.111 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. O, əvvəllər oğurluq və narkotik vasitələrlə bağlı cinayətlərə görə məhkum olunmuş, əməlində cinayətlərin residivi var,ona təyin olunmuş cəzalarla islah olunmamış və qısa müddət keçməmiş yenidən oxşar cinayət əməlini törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs başqa cinayət əməlinə görə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (057)58/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 iyun 2023-cü il saat 14:15-dən hesablanmışdır. Ona görə də onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalı, həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 1.111 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Salyan Rayon Məhkəməsinin 15 iyun 2023-cü il tarixli, 4(057)58/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1.111 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar