Məhkəmə qərarları › İş №1(057)-113/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-113/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-113/2024 18.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 23 avqust 1979-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 2 (iki) ay 1 (bir) gün çəkilməmiş hissəsi hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 2-də pasport qeydiyyatındada olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə saat 17 radələrində birlikdə yaşadıqları Salyan şəhəri, Aslan Hüseynov küçəsi, ev 61, mənzil 2-də aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sağ gözaltı nahiyyəsinə qəsdən yumruq zərbələri vuraraq sonuncuya sağ almacıq, sağ göz orbitasının qançırları və şişkinliyi ilə müşayiət edilən xəsarətlər yetirib, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadı və bibisi qızıdır. 29 və ya 30 yanvar 2024-cü il tarixində günorta saatlarında o, Salyan şəhərində olan bazarın yaxınlğında kafedə spirtli içki qəbul etdikdən sonra evə gəlmiş, sərxoş olduğu üçün özündə deyilmiş, Diləfruz ona bildirmişdir ki, anası Zəbər Cəfərova onalara qonaq gələcəkdir. Zəbər onlara gəlməsinə etiraz etdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Diləfruza bərk əsəbləşmiş və sillə ilə iki dəfə Diləfruzu vurmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, xalası ilə birlikdə Salyan və Neftçala rayonunda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Etdiyi əmələ görə çox peşmandır. Sərxoş olmasaydı hadisə törətməzdir. Zərər çəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizası üzrə ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə 27 iyun, 11 iyul və 18 iyul 2024-cü il tarixlərində teleqram vuraraq səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilədiyini, təqsirləndirilən şəxsin həbs olunmasını istəmədiyini, ondan uzaq durmasını bildirmişdir. Cinayət işinin 41-45-ci vərəqələrində olan zərərçəkmiş Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsindən görünür ki, “X10 və X5 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş əridir, İntizam 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən ona azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkdiyi dövrdə İntizam cəzaçəkmə müəssisəsində başqa bir cinayət törətdiyinə görə də cinayət məsuliyyətinə cəlb edilmiş, o, İntizamdan 2018-ci ildə rəsmi olaraq ayrılmış, İntizamla birlikdə olan nikahından 3 övladı var. İki oğlu əvvəllər onunla birlikdə yaşamışdır. 2023-cü ilin oktyabr ayında İntizam cəza müddəti başa çatdığı üçün cəzaçəkmə müəssisəsindən buraxılmış, İntizam cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra onun yaşadığı ünvana gəlmiş, İntizamla birlikdə yaşamağa başlamış və birlikdə Salyan şəhərinə gəlmişdir. Salyanda bir müddət birlikdə yaşadıqdan sonra İntizamın mütəmadi olaraq spirtli içki qəbul etdiyini görmüş, son olaraq 30 yanvar 2024-cü il tarixdə günorta saatlarında İntizam sərxoş vəziyyətdə evə gəlmiş, o, İntizamın spirtli içki içməsinə etiraz etmiş, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Mübahisə zamanı İntizam iki dəfə yumruqla onun sağ göz nahiyyəsindən zərbə vurmuş, bundan sonra o, öz otağına gedib qapını bağlamış, İntizam isə sərxoş olduğu üçün yuxuya gedib yatmışdır. Daha sonra o, İntizamın qanunsuz hərəkətləri barədə polisə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-2-ci vərəqlərində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi, başlanmış cinayət işi üzrə ibtidai istintaq aparılması qərara alınmışdır. Cinayət işinin 9-cu vərəqində olan Zərərçəkmiş şəxs Salyan RPŞ-də verdiyi xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, 30 yanvar 2024-cü il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə Salyan şəhəri, M.Əzizbəyov küçəsi, ev 61-də yerləşən evlərində mübahisə zamanı onu vəhşicəsinə döyərək, sürüyərək bıçaqla hədələyərək döymüşdür. Onun barəsində tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin 12-14-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və foto şəkildən görünür ki, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X11, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X2, RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, hal şahidləri X9, X7 iştirakları ilə protokol tərtib etmişdir ondan ötrü ki, vətəndaş Zərərçəkmiş şəxs döyüldüyü Salyan şəhəri, A.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirtmişdir. Baxış zamanı fərdi yaşayış evində Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı hər hansı sübut əhəmiyyətli predmet əldə olunmamışdır. Cinayət işinin 20-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16 xx.xx.2024-cü il tarixli, 49 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ almacıq, sağ göz orbitasının qançırları, şişkinliyi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Cinayət işinin 21-22-ci vərəqlərində olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlının 13 fevral 2024-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi barədə” qərarından görünür ki, Salyan şəhəri, A.Hüseynov küçəsində yaşayan X6 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X13 zəng edərək verdiyi məlumat, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nə yazdığı ərizə əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Salyan RPŞ-nin İB-nə verilmişdir. Cinayət işinin 48-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X20 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X16 18-1-68/2-608/2024 saylı, 18 mart 2024-cü il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan şəhəri, M.Əzizbəyov küçəsi, ev 61, mənzil 2-də qeydiyyatda olan və yaşayan, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 2011-ci ildən “tiryək” ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. Cinayət işinin 49-cu vərəqində olan “məcburi gətirilmə haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yuxarıda sadalanan istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün məcburi olaraq Salyan RPŞ-nin İBnə gətirilməsi qərara alınmışdır. Cinayət işinin 51-53-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 01 aprel 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2012-ci il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 09 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə CM-nin 317.3, 67 maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 55-56-cı vərəqlərində olan “şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, şübhəli şəxsin olduğu yer müəyyən olunduqda o, tutularaq cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi qərara alınmışdır. Cinayət işinin 59-cu vərəqində olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin tutulub cinayət prosesini həyata keçirən orqanın sərəncamına təhvil verildiyi vaxtadək dayandırılması qərara alınmışdır. Cinayət işinin 64-cü vərəqində olan “cinayət işinin təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Cinayət işinin 80-81-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 93-94-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 16 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-98-ci vərəqlərində olan Salyan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və barəsində yaşayış yeri üzrə şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 99-100-cü vərəqlərində olan Salyan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 2 ünvanda yaşayır və barəsində yaşayış yeri üzrə şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 102-108-ci vərəqlərində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1024/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmünün ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 317.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 2 (iki) ay 1 (bir) gün çəkilməmiş hissəsi hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, o, məhkum olunsa və məhkumluğu ödənilməsə də (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü) onun hazırki iş üzrə törətdiyi cinayət əməli (CM-nin 18.4.1) böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğu üçün cinayətin residivi yaratmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər və ekspertiza xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar