Məhkəmə qərarları › İş №1(057)-114/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-114/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-114/2024 30.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2021-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 01 il 05 ay 28 günə endirilmiş, xx.xx.2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəza sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan,barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 iyul 2024-cü ildə Salyan rayonunda açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,192 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2024-cü il aprelin 28-də saat 10:00 dəqiqədə Salyan şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 10:15 dəqiqədə Ə.Zeynalov küçəsi 62 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinin yuxarı tərəfində olan balaca cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü il aprelin 28-də Salyan şəhərində yerləşən Mərkəzi bazar adlanan yerə gedən zaman yolda 01 ədəd sellofan bükümdə heroinə oxşar kütlə görmüşdür.İstifadə etmək məqsədi ilə götürüb özündə saxlamışdır. Həmin günü saat 10 radələrində yaşadığı evin yaxınlığında küçədə olan zaman polis əməkdaşları onu tutub polisə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilmiş və baxış zamanı həmin maddə aşkar olunub götürülmüşdür. Onun üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,28 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd büküm müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bu barədə tərtib olunmuş protokola imza etmişdir.Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 qrupunun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2024-cü il aprelin 28-də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və həmin günü saat 10:00 dəqiqədə RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tutub polisə aparmışlar. Polis şəbəsində üzərinə baxış keçirilmiş və sonuncunun üzərindən heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd büküm müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkilləri Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş 2024-cü il aprelin 28-də Salyan Rayon Polis X4 müstəntiqi, polis kapitanı Sahib Əzizov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2024-cü il tarixli 3-16-16/2-18/441 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,192 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2024-cü il tarixli, 387 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 01 il 05 ay 28 günə endirilib, xx.xx.2021-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır, xx.xx.2022-ci ildə cəza sonu ilə azad olunub. Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 1(057)-43/2021 saylı, xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)491/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, məhkum olunmasına dair cinayət işi üzrə Salyan rayon Məhkəməsinin 1(057)-43/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)-1093/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 iyun 2024-cü il tarixli, 5-71-6/2-498/2024 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan RMX-nin 08 may 2024-cü il tarixli 18-1-68/2-936/2024 saylı arayışından görünür ki, ünvan 1 ünvanda yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,142 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi ilə əlaqədar maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması,təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdlır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 aprel 2024-cü ildən 30 aprel 2024-cü il tarixədək və 07 iyul 2024-cü ildən həbsdə olduğu 25 gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, məhkəmə iclası zalında həbs azad olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,142 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu iyirmi beş gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində iki il on ay on gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun, məhkəmə iclası zalında həbsdən azad olunsun, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,142 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar