Məhkəmə qərarları › İş №1(057)-115/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-115/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-115/2023 11.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X12 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1963-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri 20 Yanvar küçəsi ev 53-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,578 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023cü il mart ayının 05-də saat 11:40 dəqiqədə Salyan şəhəri 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 12:00 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa о, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,628 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il aprelin 16-da saat 06:00 dəqiqədə Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, “kakos” kimi tanıdığı narkotik vasitə heroin və tiryək qəbul etməklə xəstədir. 2023-cü il martın 04-də günorta saatlarında Salyan şəhəri 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığından keçən dəmir yolu relsinin yanından 01 ədəd şəffaf rəngli büküm tapmış, içərisinə baxdıqda orada narkotik vasitə tiryək olduğunu görmüş, öz istifadəsi üçün götürmüşdür. 2023-cü il martın 05-də saat 12 radələrində o, küçədə olan zaman polis əməkdaşları onu saxlayaraq Salyan RPŞ-yə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bu zaman o,üzərində olan 01 ədəd şəffaf rəngli bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Onun üzərindən aşkar edilmiş içində narkotik vasitə tiryəkə oxşar kütlə olan 1 ədəd şəffaf rəngli büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 3,1 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş büküm müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. 2023-cü il aprelin 15-də günorta saatlarında Salyan şəhərinin mərkəzində yerləşən bazara getmiş, orada tanımadığı bir nəfər şəxsin narkotik vasitə satdığını görmüş, həmin şəxsə yaxınlaşaraq ondan pul qarşılığında narkotik vasitə istəmişdir. Həmin şəxsdən 40 manata sellofan bükümdə olan “kakos” kimi tanıdığı narkotik vasitə heroin almış, özü istifadə etmək üçün cibinə qoyub yaşadığı evə getmişdir. 2023-cü il aprelin 16-da saat 06 radələrində o, küçədə olan zaman mülki geyimdə olan Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin əməkdaşları onu saxlayaraq Salyan RPŞ-yə aparmışlar. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı üzərində olan içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin 01 ədəd sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Onun üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 1,69 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş içində “kakos” kimi tanıdığı narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Narkoloji dispanserdə qeydiyyatdadır.Astma xəstəsidir.Əməlindən peşmandır. Xəstəliyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidlərin ifadələri ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. 2023-cü il mart ayını 05-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həmin tarixdə günorta saatlarında digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq Salyan RPŞ-yə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlamasında şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd şəffaf rəngli bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli bükümün içərisinə baxıldıqda, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə tiryəkə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə narkotik vasitə tiryəkdir. Həmin kütləni 2023-cü il martın 04-də günorta saatlarında Salyan şəhəri 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığından keçən dəmir yolu relsinin yanında piyada gəzən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmçinin həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə tiryəkə oxşar kütlə olan 1 ədəd şəffaf rəngli büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 3,1 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə tiryəkə oxşar kütlə olan 01 ədəd şəffaf rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2023-cü il aprelin 16-da ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, həmin tarixdə saat 06:00 dəqiqədə o, Regional Şöbənin əməkdaşları Şahid5 və Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat verilmiş, eyni zamanda, onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlamasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs həmin anda qolsuz gödəkçəsinin sol yan cibində «KGTEL» markalı mobil telefonu, şalvarının sol yan cibindən 5 manat pulu, şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, 30 manat pulu, qolsuz gödəkçəsinin sağ yan cibindən 1 ədəd alışqanı, 1 ədəd kəsilmiş boş siqaret qutusunu, içərisində 18 ədəd siqaret olan “Keno” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş və onun üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisinə baxıldıqda, içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin kütləni 2023-cü il aprelin 15-də günorta saatlarında Salyan şəhərinin mərkəzində yerləşən bazarda tanımadığı şəxsdən 40 manata almış və istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin kütlədən birazını istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs həmin kütlədən heç kimə vermədiyini və satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 1,69 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində “kakos” kimi tanıdığı narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “DİN zərflər üçün № 7 (1)” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 35 manat pul, 1 ədəd alışqan, 1 ədəd kəsilmiş boş siqaret qutusu, içərisində 18 ədəd siqaret olan “Keno” markalı siqaret özünə qaytarılmışdır. Bundan başqa təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs məxsus olan “KGTEL” markalı mobil telefon material üzrə əhəmiyyət kəsb etdiyindən məlumat verilərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin əməliyyat müvəkkili Şahid5 və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin polis nəfəri Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələr Şahid4 ifadəsinə anoloji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli olduğu üçün saat 11:40-da Salyan şəhəri, 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq saat 12:00-da rayon PŞ-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:15-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:25-dən saat 12:35-dək Salyan RPŞ-nin binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli bükümün içərisinə baxıldıqda, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə tiryəkə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə narkotik vasitə tiryəkdir. Həmin kütləni 2023-cü il martın 04-də günorta saatlarında Salyan şəhəri 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığından keçən dəmir yolu relsinin yanında piyada gəzən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütlədən birazını istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmçinin həmin kütlədən heç kimə verməmiş, yaxud satmamışdır. Eləcə də, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə tiryəkə oxşar kütlə olan 1 ədəd şəffaf rəngli büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 3,1 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə tiryəkə oxşar kütlə olan 01 ədəd şəffaf rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün No 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera ilə çəkiliş aparılmış, həmin videogörüntü protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 mart 2023-cü il tarixli 18/273 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,578 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (İ siyahı). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, tiryəkin təmiz çəkisi -2,578 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq – 2,478 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/273 nömrəli rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Salyan RPŞ-nin MSY-dən tutulmadan azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar sonuncuya həmin tarixdə saat 11:10-da elan edilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 2,478 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəki tutulmamışdan 1 gün əvvəl, yəni xx.xx.2023-cü tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerdən tapması və öz istifadəsi üçün üzərində saxlamaqla daşıması məlum olsa da, sonuncunun həmin narkotik vasitə olan tiryəkdən kiməsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat məlumatı əldə edilməmişdir. Bundan başqa keçirilmiş bir sıra tədbirlər nəticəsində Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 257 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 15 mart 2023-cü il tarixli PHŞ-6-68/2-396/2023 saylı arayışından görünür ki, ünvan 3 ünvanda yaşayan, 1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2009-cu ildən “Heroin” narkomaniyası diaqnozu ilə dispanser qeydiyyatında dayanır, psixonevroloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı 1959-cu il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş DİN-in BNMİ-nin X7 Şöbəsinin əməliyyat müvəkkili Şahid4 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, 16 aprel 2023-cü il tarixdə DİN-in BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 06:00-da Salyan şəhəri, 20 yanvar küçəsində yerləşən yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan DİN-in BNMİ-nin X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokolundan və qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:00-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 07:45-dən saat 07:56-dək Salyan RPŞ-nin binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qolsuz gödəkçənin sol yan cibindən bir ədəd “Ketel” markalı mobil telefon, şalvarın sol yan cibindən bir ədəd 5 manatlıq pul əskinası olmaqla 5 manat pul, şalvarın sağ yan cibindən bir ədəd selofan büküm, altı ədəd 5 manatlıq pul əskinası olmaqla cəmi 30 manat pul, qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, bir ədəd kəsilmiş boş siqaret qutusu, içərisində 18 ədəd siqaret dənəsi olan “Kenop” siqaret qutusunu çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos var, özünə məxsusdur, bir gün əvvəl Salyan şəhərində “Bazar” ərazisində tanımadığı şəxsdən özü qəbul etmək üçün 40 manata almış, əldə etdiyi kakosdan qəbul etməmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş cəmi 35 manat pul, boş siqaret qutusu, içərisində siqaret dənələri olan siqaret qutusu və alışqan material üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokola əlavə olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlə 1,69 qram çəkidə oldu. Sonra həmin selofan büküm zərfə qoyulmuş, zərfin üzəri “DİN Zərflər üçün No7(1)” möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Müdafiəçi Vəliəhəd Həbibov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, 1-2 ildir narkotik maddə qəbul edir, sürücü işləmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman “Sony” markalı video kamera vasitəsilə çəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 aprel 2023-cü il tarixli 19/466 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,628 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (Siyahı İ). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi - 1,628 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq – 1,528 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 19/466 nömrəli rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizalarının rəylərini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmənarkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 17:25-də sonuncuya elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 1,528 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin CM-nin 234.1-ci maddəsi ilə icraatda olan ********* saylı cinayət işinə birləşdirilməsi və cinayət təqibinin bir icraatda aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Salyan RPŞ-nin İB-də barəsində istintaq olunan ********* saylı cinayət işi üzrə ona məxsus olan “KGTEL” markalı mobil telefon işlək vəziyyətdə Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 Salyan RPŞ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 2023-cü il aprelin 15-də günorta saatlarında Salyan şəhərinin mərkəzində yerləşən bazarda şəxsiyyəti müəyyən olunmayan şəxsdən 40 manata alması, özü qəbul etmək üçün üzərində saxlaması, həmin narkotik vasitədən hər hansı bir şəxsə və ya şəxslərə satmaması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə heroini aldığı şəxsi müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 01 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il martın 07-də Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsilə, 2023-cü il aprelin 17-də Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittihama dəyişiklik edilərək 2023-cü aprelin 20də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona yenidən elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; Təqsirləndirilən şəxs üzərində saxladığı xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış; onun törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; onun əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmış; onun üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 2,478 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 1,528 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizanın 05 mart 2023-cü il tarixli 18/273 saylı, məhkəmə-kimyəvi ekspertizanın 16 aprel 2023-cü il tarixli 19/466 saylı və məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli, 257 saylı rəyləri, ifadələr və protokollar, şəxsi axtarışı əks etdirən 02 ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuş, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “KGTEL” markalı mobil telefonun Təqsirləndirilən şəxs özünə təhvil verilməsi nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,578 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il martın 05-də saat 11:40 dəqiqədə Salyan şəhəri 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 12:00 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülməsi, bundan başqa оnun istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,628 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il aprelin 16-da saat 06:00 dəqiqədə Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran hal kimi Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini nəzərə alır, cəzanı yüngülləşdirən hallar isə müəyyən edilməmişdir, əməlindən səmimi peşmançılıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlində cəzanı ağırlaşdıran halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04(dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara, ətrafdakı şəxslərə də psixoloji problemlər yaradır, cəmiyyətdə cinayətkarlığın artması dinamikasına təsir edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə tiryək və narkotik vasitə heroin aşkar olunmuşdur ki, həmin narkotik vasitələr kimyəvi üsulla hazırlanmaqla tərkiblərinə görə ən güclü təsirə və asılılıq yaratma qüvvəsinə malikdir. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması, saxlamasını məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Həmçinin, opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla o, islah oluna bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 2,478 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1,528 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 109,74 (bir yüz doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04(dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 2,478 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1,528 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 109,74 (bir yüz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar