Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-116/2023 11.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 1(057)- 09/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə təyin olunmuş 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsinin 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər hesablanmaqla cəzalar qismən birləşdirilmiş və ona 05 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 13 mart 2018-ci il tarixli “Məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsi barədə” qərarı ilə Salyan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası CPMin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, Salyan rayonu 1-ci Varlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü il martın 30-da saat 18 radələrində Salyan rayonu Çadırlı kəndində yerləşən “3-cü mədən” adlanan ərazidə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni sonuncunun ona idarə etdiyi yük avtomobilini ərazidə olan təpəyə qaldıra bilməməsi ilə bağlı irad bildirərək onunla kobud danışması səbəbindən yaranmış mübahisə zamanı yerdən götürdüyü istintaqa məlum olmayan metal alətlə qəsdən Zərərçəkmiş şəxs baş nahiyyəsinə zərbə vuraraq sonuncuya başın təpə nahiyyəsinin yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü il martın 30-da səhər saatlarında şirkətin göstərişi əsasında idarə etdiyi şirkətə məxsus “Kamaz” markalı yük avtomobili ilə Şirvan şəhərinə getmiş, orada avtomobilə “Şirvan Oil” şirkətinə məxsus metal borular yığıldıqdan sonra saat 17 radələrində həmin əmlakları Salyan rayonu Çadırlı kəndində yerləşən “Şirvan Oil” şirkətinə məxsus neft quyularının yerləşdiyi və “3-cü mədən” adlanan əraziyə aparmışdır. Həmin ərazidə təpəni qalxmaq istədiyi vaxt avtomobilin yükü ağır olduğundan yolda irəliyə hərəkət edə bilməmiş, buna görə də “Şirvan Oil” şirkətinin dispeçeri ilə əlaqə saxlayaraq kömək üçün avtomobil göndərməsini xahiş etmiş və avtomobili dayandırıb gözləməyə başlamışdır. Həmin vaxt “Şirvan Oil” şirkətinin əməkdaşı olan və daşımalara nəzarət edən Vidadi adlı şəxs də orada olmuşdur. Hüseyn ondan təpəni nə üçün keçə bilmədiyini soruşmuş, o isə şəxsi avtomobili olmadığını, buna görə də ehtiyat etdiyini demişdir. Hüseyn isə avtomobilin açarlarını verməyini, rahatlıqla təpəni keçə biləcəyini demiş, Hüseynə qorxduğunu və açarları verə bilməyəcəyini demişdir. Hüseyn təkrarən açarları istəsə də, lakin o, açarları verməkdən imtina etmişdir. Həmin anda Hüseyn təkid etdiyi üçün o əsəbləşib Hüseynin ünvanına nalayiq ifadə işlətmiş və getməsini demişdir. Hüseyn isə ona daha da ağır nalayiq ifadələrlə qarşılıq vermişdir. Həmin anda ani olaraq əsəbləşmiş və avtomobilinə tərəf gedib yerdən təkəri təmir etmək üçün istifadə etdiyi təxminən 40-50 sm uzunluğunda olan “mantrofka” deyilən düz metal aləti götürmüşdür. Həmin vaxt Hüseyn öz avtomobilinə tərəf getmişdir. Hüseynin üzərinə gedərək əlində olan metal alətlə Hüseynə zərbə vurmaq istəmiş, Hüseyn isə sol əlini yuxarı qaldırdığı üçün metal alət Hüseynin sol əlinə dəymişdir. İkinci dəfə isə əlində olan metal alətlə Hüseyni vurmaq istədiyi vaxt Hüseyn başını aşağı əydiyi üçün metal alət Hüseynin başının təpə nahiyyəsinə dəymişdir. Sonradan törətdiyi əməldən peşman olduğu üçün Zərərçəkmiş şəxsla görüşüb üzrxahlıq etmiş və Hüseynlə barışmışdır. Törətdiyi əməldən peşman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmədə Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlki müddətdə ümumiyyətlə tanımamış, heç bir münasibətləri yaxud ədavətləri olmamışdır. 2023-cü il martın 30-da saat 15 radələrində Şirvan şəhərində şirkətdə işdə olduğu vaxt şirkətin daşınmaya nəzarət edən şəxsi olan Məhərrəm Novruzov onun mobil telefonuna zəng edərək Salyan rayonu Çadırlı kəndinə getməyini, orada şirkətin yükünü daşıyan sürücüyə köməklik etməyini demişdir. Bundan sonra idarə etdiyi şirkətə məxsus “Kamaz” markalı yük avtomobili ilə Salyan rayonu Çadırlı kəndində neft quyularının yerləşdiyi “3-cü mədən” deyilən əraziyə getmişdir. Saat 18 radələrində həmin əraziyə çatmış və həmin yerdə adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs “Kamaz” markalı yük avtomobilində əyləşdiyini görmüşdür. Onunla eyni şirkətdə çalışan Vidadi də həmin ərazidə olmuş, Vidadi ilə söhbət etdiyi vaxt ona məlum olmuşdur ki, Rəşad idarə etdiyi metal borular yüklənmiş “Kamaz” markalı yük avtomobilini təpəyə qaldırmaqdan imtina etmişdir. Rəşad həmin metal boruların yerə boşaldılmasını, daha sonra isə onun idarə etdiyi yük avtomobilinə yüklənməsini istəmişdir. Vidadi ondan Rəşada məxsus yük avtomobilini idarə etməyini və təpəni keçməyini xahiş etmiş, o da Rəşada yaxınlaşaraq avtomobili idarə etməyi üçün ona verməsini, təpəni asanlıqla keçə biləcəyini demişdir. Rəşad isə şəxsi avtomobili olmadığını, buna görə də idarə etməyi üçün ona verə bilməyəcəyini demişdir. Rəşada onlara problem yaratmamasını, əlavə əziyyət verməməsini, açarları ona verməsini dedikdə Rəşad onun ünvanına nalayiq ifadə işlətmişdir. Rəşada danışığına fikir verməsini, nalayiq ifadə işlətməməsini dedikdə Rəşad avtomobildən düşüb onun üzərinə gəlməyə başlamışdır. Rəşadın onu vurmaq istədiyini gördükdə əli ilə Rəşadı itələmiş və yaşda ondan kiçik olduğunu, öz işi ilə məşğul olmasını demişdir. Bundan sonra geriyə dönərək öz avtomobilinə tərəf getməyə başlamış, Rəşad isə həmin vaxt avtomobilinin yanında yerdən təxminən 40-50 sm uzunluğunda olan düz mismarçıxaran metal aləti götürüb ona tərəf qaçmışdır. Rəşadın onu vura biləcəyini gözləməmiş, lakin Rəşadın ona çatdığı vaxt əlində olan metal aləti qaldıraraq onu vurmaq istədiyini gördükdə sol əlini qarşıya verərək özünü müdafiə etmək istəmiş, həmin anda Rəşadın əlində olan metal alət onun sol əlinə dəymişdir. Bundan sonra Rəşad metal alətlə onun başının təpə nahiyyəsinə bir dəfə zərbə vurmuş, daha sonra Rəşada müqavimət göstərmək və əlində olan metal aləti almaq istəmişdir. Həmin anda onun baş nahiyyəsindən üzünə doğru qan axmağa başlamış, Rəşad onun üzündə qan olduğunu gördükdə qaçaraq uzaqlaşmışdır. Bundan sonra idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə əyləşmiş, avtomobildən tapdığı parçanı başında olan yaraya sıxaraq qan axmasının qarşısını almışdır. Həmin anda Vidadi təcili yardıma zəng etmiş, təxminən 10-15 dəqiqə sonra təcili tibbi yardım avtomobili həmin yerə gələrək onu Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. İlk andan etibarən Rəşad barəsində şikayət etmək istəməmişdir. Rəşad cavan oğlan olduğu, onun oğlu ilə həmyaşıd olduğu üçün Rəşadın cəza almasını istəməmişdir. Hazırki müddətdə də Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı şikayət və ya tələbi yoxdur. Rəşadla aralarında olan mübahisə Rəşadın onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən yaranmış, təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt onların yanında onunla eyni şirkətdə çalışan Vidadi olmuş, yaxın ətrafda isə başqa heç kim olmamışdır. Şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 2023-cü il martın 30-da saat 17 radələrində Salyan rayonu Çadırlı kəndində neft quyularının yerləşdiyi “3-cü mədən” adlanan ərazidə olmuş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə onun işlədiyi şirkətə məxsus metal boruları həmin əraziyə gətirmişdir. Rəşad həmin ərazidə olan təpəni gördükdə idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə həmin təpəni qalxa bilməyəcəyini demişdir. Buna görə də Rəşada təklif etmişdir ki, yükü yerə boşaltsın, özü isə şirkətin dispeçeri ilə əlaqə saxlayaraq yük avtomobili və sürücü göndərməsini istəmişdir. Bundan sonra həmin ərazidə sürücünün gəlməsini gözləmiş, saat 18 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə həmin əraziyə gəlmişdir. Hüseyn əvvəlcə Rəşada yaxınlaşaraq avtomobili idarə etməyi üçün ona verməsini, təpəni asanlıqla keçə biləcəyini demiş, Rəşad isə şəxsi avtomobili olmadığını deyib bundan imtina etmişdir. Həmin vaxt bir qədər kənara çəkilmiş və onların nə danışdığını eşitməmişdir. Daha sonra Rəşadın və Hüseynin birbirilərinin yaxasından tutduqlarını və mübahisə etdiklərini görmüş, onların yanına gedərək Hüseyni tutub kənara çəkmişdir. Rəşadın əlində metal alət olmuşdur. Onların yanına çatdığı vaxt artıq Hüseynin baş nahiyyəsindən üzünə doğru qan axdığını görmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 11 aprel 2023-cü il tarixli, 135 nömrəli rəyindən görünür ki, 1965-ci təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – başın təpə nahiyyəsinin yarası küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə metal alətlə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin 21 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 66.2, 67.1 və 69.3-cü maddələrinə əsasən 05 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Salyan rayon məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 1(057)-09/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə təyin olunmuş 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsinin 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər hesablanmaqla cəzalar qismən birləşdirilmiş və ona 05 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 13 mart 2018-ci il tarixli “Məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsi barədə” qərarın surətindən görünür ki, Salyan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. Zərərçəkmiş şəxs 13 may 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı şikayət və ya tələbi yoxdur və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, zərərçəkmişlə barışması və həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Hökmün icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, ona min manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-116/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-116/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver