Məhkəmə qərarları › İş №1(057)-122/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-122/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-122/2024 23.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Salyan şəhəri, H.Əliyev küçəsi ev 59da qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 may 2024-cü il tarixdə saat 11:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki boz rəngli qolsuz gödəkçənin sol yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 03 may 2024-cü il tarixdə axşam yaşadığı evin yaxınlığında küçədə gəzərkən yerdə olan bir bükümdə psixiotrop maddə metamfetamin görmüşdür. Həmin maddədən istifadə etmək məqsədi ilə götürüb saxlamışdır. 04 may 2024-cü il tarixdə saat 11:30 radələrində yaşadığı evin yanında olarkən polis əməkdaşları onu tutub polisə aparmışlar.Polis şöbəsində üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən həmin maddə aşkar olunub götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, özü də həmin protokola imza etmişdir. Törətdiyi əmələ görə peşimandır, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Məhkəmədə şahid kimi dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatı ilə əlaqədar 04 may 2024-cü il tarixdə saat 11:30 radələrində onun yaşadığı Salyan şəhəri, H. Əliyev prospektində olduğunu görüb, onu tutub polisə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilərkən metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür.Onda aşkar olunmuş maddə elektron tərəzidə çəklmiş və büküm qarışıq çəkisinin 0,62 qram olması müəyyən edilmişdir. Daha sonra, həmin bir bükümdəki maddə ekspertizaya təqdim edilməkdən ötrü kağız paketə qoyulub qablaşdırılmış, paketin ağzı möhürlənərək bağlanmış və iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və özü həmin protokola imza etmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid3 Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunmuş 04 may 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə barədə protokoldan və videogörüntüdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən onun üzərindən bir bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 04 may 2024-cü il tarixli, 3-16-16/2-18/465 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən " sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,506 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 418 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. "Salyan rayon mərkəzi xəstəxanası" X4 23 may 2024-cü il tarixli, 18-1-68/2- 1050/2024-cü il tarixli məktubundan görünür ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində və psixiatr qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə barəsində Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,456 qram psixotrop maddə olan metamfetamin 06 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 07 may 2024-cü il tarixli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs Salyan şəhəri, H. Əliyev küçəsi ev 59-da yaşaması və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir nəfər azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs tutulduğu iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 0,456 qram psixiotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 0,456 qram psixiotrop maddə metamfetamin hökm qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar