Məhkəmə qərarları › İş №1(057)-124/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-124/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-124/2023 01.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Yaqub oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X11 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx xxxx 1988-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, Neftçala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Neftçala rayonu Bankə qəsəbəsi R.Əliyev küçəsi ev 4 mənzil 1-də qeydiyyatda olmaqla Neftçala rayonu Xıllı qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 may 2023-cü il tarixdə saat 16:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,593 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, əlinə düşəndə hərdən bir narkotik maddələr qəbul edir. Tutulmamışdan 3 gün əvvəl Salyan şəhər avtovağzalında olarkən saat 12 radələrində yerdən içərisində "kakos" adlandırdıqları maddə olan bir büküm tapmışdır. Narkoman olduğundan həmin heroindən bir dəfə qəbul etmiş, qalanını isə sonra qəbul etməsi üçün üzərində gəzdirmişdir. 23 may 2023-cü il tarixdə saat 16:30 radələrində Salyan şəhəri F. Məlikov küçəsində olarkən polis əməkdaşları onu saxlayaraq Salyan RPŞ-yə aparmışlar. Salyan RPŞ-də o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə tutulmuş, üzərində videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşlarının təklifindən sonra üzərindəki həmin bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi büküm açılıb baxıldıqda onun içərisində tünd qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə olduğu məlum olmuşdur. Təqdim etdiyi bir büküm iştirakı ilə elektron tərəzidə çəkildikdə büküm qarışıq həmin maddənin çəkisinin 0,79 qram olması müəyyən edilmiş, ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq, möhürlənərək bağlanmış və paketin üzərinə iştirakçılar imza etmişlər. Üzərindən aşkar edilmiş bir bükümdəki narkotik vasitə olan heroindən kiməsə verməmiş və ya satmamışdır. Əməlindən səmimi peşimandır. Ailəli olmaqla himayəsində iki azyaşlı uşaqları var. Ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmədən ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunraq tədqiq olunmuş şahid ifadəsi ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə Salyan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında digər polis əməkdaşları ilə birlikdə 23 may 2023-cü il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs saxlayaraq Salyan RPŞ-yə aparmışlar. Salyan RPŞ-də, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs həmin vaxt üzərindəki bir büküm çıxarıb onu təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki “kakos” kimi tanıdığı maddədir, onu 3 gün əvvəl Salyan şəhər avtovağzalında olarkən yerdən tapmış və özünün qəbul etməsi üçün üzərində saxlamış, tapdıqdan sonra bir hissəsini də qəbul etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açılıb baxıldıqda onun içərisində tünd qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə olduğu məlum olmuşdur. Onun təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdə büküm qarışıq həmin maddənin çəkisinin 0,79 qram olması müəyyən edilmiş, sonra həmin büküm içərisindəki kütlə ilə birlikdə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq, möhürlənərək bağlanmışdır. Aqşin Əliyevin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-də Salyan RPŞnin İB-də şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Salyan RPŞ-nin inzibati binasında saat 17:40-dan saat 18:00-a dək şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarışa başlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində bir bükümdə "kakos" adlandırdıqları heroin vardır, həmin heroini 3 gün əvvəl Salyan şəhər avtovağzalında olarkən yerdən tapmış və sonra onu özünün qəbul etməsi üçün üzərində gəzdirmişdir. Hazırda üzərindən aşkarlanan bir bükümdəki kütləni tapdıqdan sonra ondan bir dəfə istifadə etmişdir. Bundan sonra o, əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, həmin büküm açılıb baxıldıqda onun içərisində tünd qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək başqa bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdəki narkotik vasitə olan heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və onun çəkisinin 0,79 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılmış, üzərində “DİN Zərflər üçün N-113” sözləri əks olunmuş möhürlü kağızla möhürlənmiş, şübhəli şəxsin özü, müdafiəçisi və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra tərəfimdən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman “Samsunq” markalı rəqəmsal videokamera ilə videoçəkiliş aparılmaqla fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/545 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki yazılmış bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,593 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respiblikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir. (İ siyahı) Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi– 0,593 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq – 0,543 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/545 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 671 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 14:00-da sonuncuya elan olunmuşdur İş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Salyan RPŞ-nin MSY-dən azad edilmişdir.. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,543 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nə təhvil verilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığına alınmış xx.xx.2023-cü il tarixli, 3-13-104/1- 18265/23 nömrəli cavab raportunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini onun nə vaxt, harada, hansı miqdarda və kimdən əldə etməsini, həmçinin sonuncunun narkotik vasitələrin qanunsuz satışı ilə bağlı məşğul olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müsbət nəticə əldə olunmadığı göstərilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il 25 may tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış: iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş: iş üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri cinayət işi üzrə sübut kimi tanınmış; iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,543 qram çəkidə narkotik vasitə olan heroinin cinayət işı üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri olan DVD diski sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Neftçala RPŞ-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Neftçala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(053)- 33/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarinda olan Neftçala Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli 190 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona təyin edilmiş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 ay 7 gününü çəkmiş, cəzanın çəkilməmiş hissəsi 1 il 9 ay 19 gün təşkil edir. İş materiallarında olan Neftçala rayon Bankə qəsəbə İƏDÜN-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4039 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1985-ci il təvəllüdlü arvadı X2, 2011-ci il təvəllüdlü X1, 2019-cu il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan Neftçala rayon Bankə qəsəbə İƏDÜN-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə, X10 xx.xx.2019-cu il tarixdə anadan olmuşlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 may 2023-cü il tarixdə saat 16:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,593 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməlində cinayətin residivi yoxdur. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərarbər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun cəzasını yüngülləşdirən halı, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Neftçala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01(bir) il 09 (doqquz) ay 19 (on doqquz) gün müddətin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla cəmi 10 (on) ay 24 (iyirmi dörd) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunacaq cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara, ətrafdakı şəxslərə də psixoloji problemlər yaradır, cəmiyyətdə cinayətkarlığın artması dinamikasına təsir edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur ki, həmin narkotik vasitə kimyəvi üsulla hazırlanmaqla tərkiblərinə görə ən güclü təsirə və asılılıq yaratma qüvvəsinə malikdir. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsi, daşıması, saxlamasını məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsinin-himayəsində olan uşaqların dolanışığını, eləcə də onların sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Həmçinin, opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Bundan başqa Təqsirləndirilən şəxs əvvəl törətdiyi oxşar cinayət əməlinə görə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından heç bir nəticə çıxarmamış, islah yoluna qədəm qoymadan yenidən cinayət törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla o, islah oluna bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X8 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,543 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir vəTəqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Neftçala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 (bir) il 09 (doqquz) ay 19 (on doqquz) gün müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla cəmi 10 (on) ay 24 (iyirmi dörd) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 01 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X8 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,543 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar