Məhkəmə qərarları › İş №1(057)-124/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-124/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-124/2025 24.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ X15 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X10 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs, Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Salyan rayonu Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində 1 azyaşlı uşağ olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2021-ci ilin fevral ayının sonlarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən və Salyan rayonu Kürsəngi bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı 0,74 ha torpaq sahəsində beton özül tökdürərək həmin özülün üzərində mişar daşlarından hasarlama işlərinə başlamış, daha sonra 2025-ci ilin may ayında qanunsuz hasarlama işlərini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə həmin torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2021-ci ildə Salyan rayonu Xıdırlı kəndinin əvvəlki icra nümayəndəsi mərhum Elçinə 5000 manat pul verərək torpaq sahəsi almışdır. Elçin həmin torpağı gələcəkdə sənədləşdirəcəyini bildirmişdir. Bundan sonra o, həmin torpaq sahəsində mişar daşı alaraq usta çağırıb özül tökdürmüş və üzərində bir neçə daş hörgü işi aparmışdır. Təxminən 1 ay sonra Elçin dünyasını dəyişmişdir. O, əvvəlki blədiyyə sədri Pərinin yanına gedərək Elçinin vəfat etdiyini, ona köməklik etməsini demiş, lakin Pəri də bir söz deməmişdir. 2025-ci ilin mart ayının əvvəllərində bələdiyyə binasına gedərək təzə bələdiyyə sədri təyin olunmuş Zərərçəkmiş şəxs ilə görüşmüşdür. O, Şahinə Xıdırlı kənd icra nümayəndəsi vəzifəsində işləmiş mərhum Elçindən 2021-ci ilin fevral ayında torpaq sahəsi aldığını, hazırda sənədinin olmadığını deyərək ona köməklik etməsini xahiş etmişdir. Şahin ona torpaq sahəsinin sənədləşdirilməsindən əvvəl kadastr vurulmalı olduğunu, kadastr işləri aparılan zaman rüsum ödənilməli olduğunu bildirmişdir. O, həmin əraziyə icra nümayəndəsini, bələdiyyə sədrini aparmış, onlar əraziyə baxış keçirmişlər. 2025-ci ilin mart ayının sonlarında o, dənizdə işdə olan zaman Salyan şəhərindən əməkdaşların gələrək torpaq sahələrində kadastr üzrə ölçü götürdüklərini öyrənmişdir. O, oğlu Vüqara evdən 200 manat pul götürüb aparıb bələdiyyə sədri Şahinə verməsini demiş, oğlu onun dediyini etmiş, Şahin həmin pulu aldıqdan sonra onlara köməklik edəcəyini bildirmişdir. O, Şahinlə danışan zaman sonuncu ondan 2500 manat pul istəmiş, həmin pulun müqabilində onun tikinti işlərinə mane olmamamağa söz vermişdir. O, da Şahinə 500 manat pul vermiş, qalan 2000 manatı da imkanı olduqca verəcəyini bildirmişdir.Təxminən 1 ay sonra Şahin onu çağırmış, ondan aldığı 700 manat pulu ona qaytarmış, sənədinin alınmadığını bildirmişdir. Bundan sonra Şahin ondan polisə şikayət etmişdir. Aidiyyatı orqanlardan ona bildirilmişdir ki, kadastrda torpağın təyinatı örüş təyinatlıdır, buna görə də ona sənəd verilə bilməz. Gələcəkdə həmin torpaq sahəsinin təyinatı dəyişilərsə, alqı-satqı predmeti ola bilər. O, məmurlar tərəfindən aldadılmışdır. Sözügedən torpaq sahəsinə sənədi yoxdur.Lakin həmin ərazinin sənədləşdirilməsi üçün köməklik istəyir. Onun himayəsində bir azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, oğlu hazırda hərbi xidmətdədir. Tikinti işlərini dayandırmış, həmin ərazidə heç bir hərəkət etmir. O torpaq sahəsini artıq bələdiyyəyə qaytarmışdır. Həmin torpaq sahəsinin qonşuluğunda olan evlər var, oradan cəmi 6 metr məsafədə olan ərazilərin sənədləri var. Törətdiyi əməldən peşmandır, odur ki, ona köməklik olunmasını,barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, cinayəti etiraf edir. Bildirir ki, zəbt edilən torpaq sahəsində bütün işləri saxlamışdır. Heç bir iş görmür. Təhvil vermişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin, məhkəmə istintaqı zamanı elan olunraq tədqiq olunmuş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Hazırda Salyan rayonu Kürsəngi bələdiyyəsinin sədri vəzifəsində işləyir, 1 ildir ki, bu vəzifədə işləyir. 2025-ci ilin əvvəllərində kənd sakini Təqsirləndirilən şəxs bələdiyyə binasına yaxınlaşaraq keçmiş icra nümayəndəsi mərhum Elçindən torpaq sahəsi aldığını, hazırda sənədinin olmadığını və ona köməklik etməyini xahiş etmişdir. O, icra nümayənəsi ilə birlikdə əraziyə baxış keçrimiş, ərazinin çox böyük olduğunu, bu ərazinin bir adama verilməsinin mümkün olmadığını, torpaq sahəsinin sənədləşdirilməsi üçün kadastr işlərinin aparılmasını, bunun üçün rüsum olduğunu İlqara bildirmiş, sonuncu da razılaşmışdır. Bir müddət sonra kadastr işləri üçün 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları gəlmiş, həmin ərazidə ölçü işləri görmüşlər, İlqarın mərhum Elçindən almış olduğu torpaq sahəsini də kadastr vasitəsilə ölçmüşlər. Həmin vaxtı İlqarın torpaq sahəsində kadastr ölçü işləri görən zaman İlqarın adını bilmədiyi oğlu onların yanına gələrək atasının dənizdə olduğunu deyərək atasının 200 manat pul göndərdiyini bildirmiş, o, pulu qəbul etməmiş, lakin uşaq pulu onun maşınının içinə atıb qaçmışdır. O, İlqarla kadastrın cavablarının çıxıb-çıxmaması haqda telefonda danışmışdır. O, sonradan bu barədə İlqarla danışarkən kadastr çıxdıqdan sonra qanuni qaydada ailə üzvlərinin sayı hesabına rüsum ödəyəcəyini və sənədləşmənin tamamlanacağını demişdir. İlqar bələdiyyə binasına gəlmiş, orada 500 manat pul çıxararaq stolun üstünə qoyub getmiş, o, İlqardan heç bir məbləğ tələb etməmişdir. O, İlqarın oğlunun ona verdiyi 200 manat pulu və İlqarın ona verdiyi 500 manat pulu bir yerə qoyaraq ümumilikdə 700 manat pulu aparıb qardaşı Tahirə İlqarın işinin alınmadığı halda ona qaytarması məqsədilə ona vermişdir. 2025-ci ilin aprel ayının əvvəllərində icra nümayəndəsi Mahir mobil telefon vasitəsilə ona zəng edərək kadastr barədə məlumat verərək İlqarın torpaq sahəsinin sənədinin alınmadığını bildirmişdir. O, İlqara zəng edərək ata evinə çağırmış, orada İlqara sənədin alınmadığını, torpaq sahəsinin örüş torpağı çıxdığını, buna görə də sənədləşdirmə edə bilmədiklərini demişdir, 700 manat pulu qardaşından alıb İlqara qaytarmışdır. O, İlqara həmin torpaq sahəsinin ətrafında olan hasarı sökməsini və torpaq sahəsini bələdiyyəyə qaytarmasını demiş, lakin İlqar onun sözlərinə məhəl qoymamışdır. 2025-ci il mayın ayının əvvəllərində tərəfindən Salyan rayonu, Xıdırlı kəndi ərazisində keçirilən təkrar yoxlamalar zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsini buraxmadığı aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs özbaşına torpaq sahəsini zəbt edərək tikinti işlərini davam etdirəcəyi təqdirdə ondan bu barədə polisə şikayət edəcəyini demişdir. Lakin İlqar ona əhəmiyyət verməyərək torpaq sahəsinin onun özünə məxsus olduğunu, oradan çıxmayacağını bildirmişdir. Ona görə də o, bu barədə ərizə ilə Salyan Rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin ərazinin gələcəkdə yalnız təyinatı dəyişildikdən sonra sənədləşdirilməsi mümkündür. Hazırda həmin torpaq bələdiyyəyə qaytarılmış, İlqar peşman olmuş, səhv etmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs qanun çərçivəsində köməklik olunmasını məhkəmədən xahiş edir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsini geri qaytarmışdır. Hazırda ona qarşı şikayət və tələbi yoxdur. Cəza məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2015-2025-ci illərdə Salyan rayonu, Xıdırlı bələdiyyəsinin sədri vəzifəsində işləmişdir.O, bələdiyyə sədri işlədiyi dövrdə 2020-2021-ci ildə kənd sakini Təqsirləndirilən şəxs mərhum icra nümayəndəsi Elçindən qeyri-qanuni torpaq sahəsi almışdır. Əslində isə icra nümayəndliyinin torpaq vermək səlahiyyəti yoxdur. İlqar Bələdiyyəyə müraciət etmiş, o, da İlqara izah etmişdir ki, onun istədiyi torpaq bələdiyyənin ehtiyat fonduna daxil olan örüş təyinatlı torpaq sahəsidir, həmin torpağın təyinatı dəyişilməzsə, sənədləşdirilə bilməz, əgər gələcəkdə təyinat dəyişilərsə yalnız həmin halda sənəd ala bilər. Lakin sonradan İlqarla icra nümayəndəsi mübahisə edərkən eşitmişdir ki, onlar arasında pul söhbəti olub. Onun işlədiyi dövrdə İlqar bələdiyyəyə məxsus həmin torpaq sahəsində 2 daş hörgü apararaq özbaşına ərazini hasarlamışdır. O, İlqarı xəbərdar etdikdən sonra İlqar tikintini saxlamış, həmin ərazidə heç bir iş görməmişdir. Onun səlahiyyət müddəti bitdikdən sonra kəndə yeni bələdiyyə sədri Şahin seçilmişdir. Onun tərəfindən İlqara heç bir rəsmi sənəd verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Hazırda Salyan RİHB-nın Xıdırlı kənd inzibati ərazi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. 2025-ci ilin mart ayının əvvəllərində o, Kürsəngi bələdiyyəsinin inzibati binasında bələdiyyə sədri Zərərçəkmiş şəxs ilə birlikdə söhbət edən zaman Xıdırlı kənd sakini Təqsirləndirilən şəxs ora gələrək bələdiyyə sədrinə icra nümayəndəsi vəzifəsində işləmiş mərhum X5 torpaq sahəsi aldığını, hazırda sənədinin olmadığını və ona köməklik etməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs və o İlqara torpaq sahəsinin sənədləşdirilməsindən əvvəl kadastr vurulmalı və ondan sonra alqı-satqıya yararlı olub-olmaması müəyyən olunmalı, bundan sonra digər sənədləşmə işləri aparılmalı olduğunu bildirmişlər. Şahin İlqara kadastr işləri aparılan zaman rüsum ödənilməli olduğunu bildirmişdir. Həmin ərəfələrdə 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları Salyan rayonu, Xıdırlı kəndinə gələrək İlqarın mərhum Elçindən almış olduğu torpaq sahəsini kadastr vasitəsilə ölçmüşlər. Bir müddətdən sonra Şahin mobil telefon vasitəsilə ona zəng edərək cavabların çıxıb-çıxmadığını soruşmuş, o da öyrənərək hələ çıxmadığını demişdir. Təxminən 3 gün sonra Şahin ilə mobil telefon vasitəsilə danışan zaman kadastrın cavabının çıxdığını, İlqarın torpaq sahəsinin sənədinin alınmadığını demişdir. 2025-ci ilin aprel ayının əvvəllərində Şahinin İlqarla danışdığını, sənədləşmə işinin alınmadığını, həmin torpaq sahəsində heç bir tikinti işinin aparılmaması barədə xəbərdarlıq etdiyini öyrənmişdir. 2025-ci il mayın 15-də bələdiyyə sədri Zərərçəkmiş şəxs ona Salyan rayonu, Xıdırlı kəndi ərazisində keçirilən yoxlamalar zamanı Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yerləşən və Salyan rayonu Kürsəngi bələdiyyəsinə məxsus 0,74 ha kənd təsərrüfatı təyinatlı bələdiyyənin örüş torpaq sahəsini özbaşına zəbt edərək hasarlaması faktı aşkar etdiyini demişdir. Şahid1 xx.xx.2026-cı il tarixdə məhkəməyə ünvanladığı teleqramından görünür ki, hal-hazırda Bakı şəhərində olduğu, Salyan rayon məhkəməsinə gələ bilmədiyi üçün istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirir. Bunu üzrlü sayıb nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, qardaşı Zərərçəkmiş şəxs Salyan rayonu Kürsəngi bələdiyyəsinin sədri vəzifəsində çalışır. 2025-ci ilin mart ayının sonlarında qardaşı Şahin ona 700 manat pul verərək saxlamağını istəmişdir. O da 700 manat pulu alaraq özündə saxlamışdır. Təxminən 5 gün sonra, yəni 2025-ci ilin aprel ayının əvvəllərində Şahin həmkəndlisi Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə zəng edərək evinə gəlməsini xahiş etmiş, ona zəng etmiş, bir neçə saat sonra İlqar onun yaşadığı evə gəlmişdir. Şahin 700 manat pulu ondan alaraq İlqara vermişdir. X16 zəbt etdiyi torpaq sahəsində tikinti işləri aparmamasını, torpaq sahəsinin ətrafında olan hasarı sökməsini demiş və ondan həmin torpaq sahəsini bələdiyyəyə qaytarmasını tələb etmişdir. İlqar Şahinin sözlərindən narazı qalmışdır. Buna görə də o, İlqara həm o, həm də Şahinin ona gələcəkdə bu barədə alınacağı təqdirdə lazimi köməklik göstərəcəklərini, hazırkı dövrdə isə Şahinin dediklərini etməli olduğunu demişdir. İlqar da pulu alaraq çıxıb getmişdir. O, Şahindən nə məsələ olduğunu soruşduqda, Şahin İlqarın torpaq məsələsini həll etməsi üçün ona pul verdiyini, torpağın sənədləşmə işi alınmadığı üçün pulu ona geri qaytardığını bildirmişdir. Onun bu işlə heç bir əlaqəsi olmamışdır. Şahin qabaqcadan bu haqda ona heç bir söz deməmişdir. Sadəcə olaraq Şahin ondan 700 manat pulu alaraq İlqara qaytaran zaman o da orada olduğundan baş verənlər barədə məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2025-ci ilin mart ayının sonlarında atası dənizdə olan zaman mobil telefon vasitəsilə ona zəng edərək evdən 200 manat pul götürüb bələdiyyə sədri Şahinə aparıb verməyini bildirmiş, o da atasının dediyi kimi evdən 200 manat pul götürüb bələdiyyə binasına getmiş, lakin Şahinin orada olmadığını öyrənmişdir. O, Şahinin atası İlqarın Elçindən almış olduğu torpaq sahəsinin yanında ölçü işlərini gördüyünü öyrənmiş və ora getmişdir. O, Şahinin yanına gedərək 200 manat pulu atasının göndərdiyini və götürməsini demiş, Şahin 200 manat pulu ondan alaraq əlindəki kitabçanın arasına qoymuşdur. Şahin əvvəl atasına kömək edəcəyini desə də, sonradan heç bir köməklik etməmişdir. Şahin atasından Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. İş materiallarında olan ünvan 2 ünvanladığı xx.xx.2025-ci il tarixli 08 saylı ərizəsindən görünür ki, Xıdırlı kənd sakini Təqsirləndirilən şəxs bələdiyyənin örüş otlaq mülkiyyətinə aid olan sahəsinin 1 hektar ərazisini qeyri-qanuni zəbt edərək son bir həftə ərzində hasarlama işlərini aparmışdır. Vətəndaş Təqsirləndirilən şəxs ilə bir neçə dəfə profilaktik və qeyri-qanuni iş aparmasının xəbərdar edilməsinə baxmayaraq, o özbaşına tikinti işlərini aparmışdır və özünün qanunazidd tikinti işinin aparılmasını ətrafda gedən sənədsiz, özbaşına tikintilərinin aparılması ilə əsaslandırmışdır. Bununla bağlı hüquqi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin istintaq bölməsinin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş 18 iyun 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxış keçirilən ərazi Salyan rayonu, Xıdırlı kəndi ərazisində kənd daxili yolun kənarında yerləşməklə örüş sahəsidir. Qeyd olunan sahə mişar daşları ilə hasara alınmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ərazidə yerləşən 0,74 ha torpaq sahəsini Salyan rayonu, Xıdırlı kənd icra nümayəndəsi vəzifəsində işləmiş mərhum Elçindən 5000 manata almışdır. Baxışda iştirak edən Salyan rayonu Kürsəngi bələdiyyəsinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs bildirmişdir ki, qeyd olunan örüş sahəsi Salyan rayonu Kürsəngi kənd bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlıdır və həmin ərazini Təqsirləndirilən şəxs zəbt edərək hasarlamışdır. Daha sonra baxışda mütəxəssis qismində iştirak edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində mühəndis vəzifəsində işləyən Mübariz Vəliyev tərəfindən müasir texniki vasitələrdən istifadə edilməklə örüş sahəsində ölçmə işləri aparılmış, döngə nöqtələri müəyyənləşdirilmiş və mütəxəssis rəyinin istintaqa təqdim ediləcəyi bildirilmişdir. Baxış saat 11:00-da başlamış, 11:20-də başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 4 iyul 2025-ci il tarixli, 3-21-3-38/2- 2166/2025 nömrəli məktubundan görünür ki, Salyan rayonu, Xıdırlı kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən hasarlanmış 0,74 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən, kateqoriyası ehtiyat fondu torpaqları, uqodiyası örüş olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və kənd təsərrüfatı məqsədi üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin istintaq bölməsinin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin istintaq bölməsinin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:15də Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tutulmuş, o, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarix, saat 11:00-dan tutulmuş hesab edilmişdir. İş materiallarında olan Salyan rayonu Kürsəngi bələdiyyəsinin 11 avqust 2025-ci il tarixli, 21 nömrəli məktubundan görünür ki, Salyan rayonu, Xıdırlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən yaşadığı kənd ərazisində özbaşına hasarlama işləri aparılmış 0,74 ha torpaq sahəsi Salyan rayonu Kürsəngi bələdiyyəsinə məxsus olmaqla kənd təsərrüfatı təyinatlıdır və Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququ yoxdur. İş materiallarında olan müstəntiq polis polkovnik-leytenantı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarıdan görünür ki, Salyan rayonu Kürsəngi kənd bələdiyyəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxs Salyan rayonu Kürsəngi kənd bələdiyyəsinin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Qərar Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da elan olunmuşdur. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin tarixdə saat 12:30-da qərarın surəti ona təqdim edilmişdir. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. İş materiallarında olan Salyan RİHB-nin Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-71-23/2-421/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı- 1984-cü il təvəllüdlü X1, oğlu 2007-ci il təvəllüdlü Şahid5, qızı -2005-ci il təvəllüdlü X6, oğlu 2019-cu il təvəllüdlü X3 ibarətdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən, EMİS-dən çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Salyan RİHB-nin Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 15 avqust 2025-ci il tarixli, 18-1-68/2-1304/2025 nömrəli məktubundan görünür ki, Salyan rayon, Xıdırlı kəndində anadan olmuş və həmin ünvanda yaşayan, xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 28 avqust 2025-ci il tarixli, 3-21-3-38/2-2963/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı daşınmaz əmlak haqqında məlumat daşınmaz əmlakın elektron məlumat bazasında aşkar edilməmişdir. İş materiallarında olan Salyan Regional “Asan Xidmət” X4 22 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-14-1318/2025 nömrəli məktuba əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmuş və yaşamış X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Salyan rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Toğrul Əhədzadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində CM-nin 308.1-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Samir Eynullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə” protokolundan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşdirilmiş, onlar ayrı-ayrılıqda ifadələrində vermiş olduqları xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan istintaq orqanının “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il avqustun 12-də Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; cinayət işi üzrə baxış keçirilməsi barədə protokol, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 4 iyul 2025-ci il tarixli, 3-21-3-38/2-2166/2025 nömrəli məktubu, Salyan rayonu Kürsəngi bələdiyyəsinin 11 avqust 2025-ci il tarixli, 21 nömrəli məktubu və digər istintaq sənədləri iş üzrə sübut növü kımi qiymətləndirilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2021-ci ilin fevral ayının sonlarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən və Salyan rayonu Kürsəngi bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı 0,74 ha torpaq sahəsində beton özül tökdürərək həmin özülün üzərində mişar daşlarından hasarlama işlərinə başlamış, daha sonra 2025-ci ilin may ayında qanunsuz hasarlama işlərini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə həmin torpaq sahəsində özbaşına tikinti işləri aparması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü, 59.1.12-ci, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilməsini; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulan 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Xıdırlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, Təqsirləndirilən şəxs əməlindən peşmandır, himayəsində azyaşlı uşağı var, zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir; cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə aradan qaldırılmış, belə ki, zəbt olunmuş torpaq sahəsi bələdiyyəyə qaytarılmışdır, o, ailədə yeganə qazanc gətirən şəxsdir, buna görə də təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Xıdırlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar