Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-126/2024 07.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Zaqatala rayonu, Çobankol kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə Lənkəran rayon sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya məxsus 1982-ci ildə istehsal edilmiş Vaz- 2106 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 1500 manata alacağı barədə aralarında olmuş telefon danışığı zamanı sonuncunun etibarını qazanıb əldə edilmiş razılığa əsasən alacağı avtomobilin pulunu bank kartına göndərəcəyi barədə əvvəlcədən yalan vəd verməklə aldadıb inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2023-cü il noyabrın 8də özünə məxsus həmin avtomobili evakuator xidməti vasitəsilə Lənkəran rayonundan Salyan rayonuna göndərmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Astara-Ələt magistral avtomobil yolunun Salyan rayonu Noxudlu kəndi ərazisindən keçən hissəsində avtomobili əldə etdikdən sonra pulu ertəsi gün göndərəcəyi barədə aralarında olmuş telefon danışığı zamanı yalan vəd verib inandıraraq Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Çobankol kəndində qeydiyyatda olmaqla orada yaşayır, rəsmi nikahı olmasa da əvvəllər evli olmuşdur, lakin sonradan ayrılmışdır, himayəsində azyaşlı övladı yoxdur, günəmuzd fəhlə işləyir. 2023-cü ilin noyabr ayının 7-də yaşadığı evdə olarkən “Turbo.az” internet saytında VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2000 manata satılması barədə elana rast gəlmiş və həmin avtomobili almaq üçün elanın altında qeyd edilmiş mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Avtomobilin sahibi Lənkəran rayon sakini Allahşükür adlı şəxs ilə aralarında olmuş telefon danışığı zamanı Allahşakür bildirmişdir ki, avtomobili 2000 manata satışa çıxartsa da, son olaraq 1800 manata satırmış. O, avtomobili almaq istədiyini və bir qədər qiymətdə endirim etməyi xahiş etdikdə Allahşükür bildirmişdir ki, anasının müalicəsi ilə bağlı təcili pul lazımdır və son olaraq avtomobili 1500 manata satacağını demişdir. O, bu qiymətə avtomobil almağa razılıq vermiş və daha sonra Allahşükürdən xahiş etmişdir ki, avtomobili evakuator xidməti vasitəsi ilə Salyan rayonun Noxudlu kəndi ərazisindəki körpüyə göndərsin. Allahşükür pulu nə vaxt və necə verəcəyini soruşduqda, o bildirmişdir ki, avtomobili Salyan rayonunda götürdükdən sonra Allahşükürün bank kart hesabına əvvəlcə 500 manat göndərəcək, qalan 1000 manatı isə noyabrın 16-da Cəlilabad rayonuna gələndə görüşüb pulu əlbə-əl verəcəkdir. Allahşükür onun dedikləri ilə əvvəlcə razılaşmamış, lakin o, and-aman edib inandırdıqdan sonra Allahşükür onunla razılaşmışdır. Ertəsi gün, noyabrın 8-də günorta saatlarında evakuator xidmətinin 156 saylı telefon nömrəsinə zəng edib 200 manat müqabilində Lənkəran şəhərindən avtomobili götürüb hansı yaşayış məntəqəsinə kimi gətirə biləcəklərini soruşmuş və ona bildirmişlər ki, 180 manat müqabilində avtomobili Lənkəran şəhərindən Salyan rayonuna kimi gətirə bilərlər. O razılaşmış və düşünmüşdür ki, avtomobili Salyan rayonundan götürüb özü sürüb Zaqatala rayonuna gətirəcəkdir. Ona görə evakuator xidmətinə avtomobili gətirmək sifarişini verib həm Allahşükürün, həm özünün mobil telefon nömrəsini söyləyib əlaqə saxlamalarını istəmişdir. Bundan sonra Zaqatala şəhərindən çıxıb yol avtomaşınları ilə Salyan rayonuna gəlmişdir. Yolda olarkən təxminən saat 21 radələrində evakuator avtomobilinin sürücüsü ona zəng edib Lənkəran şəhərində yüklədiyi avtomoibili Salyan rayonu Noxudlu kəndindəki körpüyə gətirib onu gözlədiyini bildirmişdir. O, bir neçə dəqiqədən sonra həmin yerə çatmış və avtomobili evakuator xidmətindən təhvil alarkən sürücüyə 180 manat xidmət haqqı ödəmişdir. Həmin vaxt Allahşükür ona zəng edib avtomobilin çatıb-çatmadığını, pulu nə vaxt göndərəcəyini soruşduqda, o Allahşükürə demişdir ki, hazırda yorğundur, yaxınlıqda heç bir bankomat yoxdur, ertəsi gün mütləq bank kartına pulu göndərəcəkdir. Bundan sonra Allahşükürün göndərdiyi avtomobilin sükanı arxasına əyləşib Zaqatala rayonuna özünün yaşadığı kəndə gəlmişdir. Ertəsi gün avtomobili nəzərdən keçirdikdə məlum olmuşdur ki, avtomobil texniki cəhətdən çox pis vəziyyətdədir. Ona görə zəng edib bu barədə Allahşükürə söyləmiş və əlavə etmişdir ki, ya avtomobilin qiymətindən 500 manat çıxıb cəmi 1000 manata razılaşsınlar, ya da Allahşükür özü Zaqatalaya gəlib avtomobilini götürüb aparsın. Lakin Allahşükür onun heç bir təklifini qəbul etməmiş və bildirmişdir ki, danışdıqları kimi 1500 manatı göndərməlidir. O, həmin vaxt qərara gəlmişdir ki, Allahşükürdən aldığı həmin avtomobili dəyər-dəyməzə satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləsin. Ona görə həmin VAZ- 2106 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1000 manata satışa çıxarılması barədə “Tap.az” mobil internet saytına elan yerləşdirmişdir. Həmin gün ona zəng edib özünü Siyəzən şəhər sakini Rəsul kimi təqdim etmiş şəxs həmin avtomobili almaq istədiyini bildirmiş və o, həmin avtomobili 900 manata satmağa razılıq vermişdir. Həmin telefon danışığı zamanı Rəsul ilə əldə olunmuş razılığa əsasən ertəsi gün səhər saatlarında avtomobilin sükanı arxasına əyləşib Sumqayıt şəhərinin girişində yerləşən dairəyə gəlmiş və burada Rəsul ilə görüşmüşdür. Rəsul onun gətirdiyi Allahşükürə məxsus VAZ-2106 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxıb bəzi detalların köhnə olduğunu bildirib cəmi 800 manat verə biləcəyini dedikdə, o razılaşmış və avtomobili həmin qiymətə Rəsula satıb oradan çıxıb yol avtomaşını ilə Zaqatala rayonuna qayıtmışdır. Allahşükürə məxsus avtomobilin Rəsul adlı şəxsə satışından əldə etdiyi 800 manatı isə öz ehtiyaclarına xərcləmişdir. Bundan sonrakı günlər Allahşükür dəfələrlə ona zəng edib ona satdığı avtomobilin pulunu istədikdə, o hər dəfə Allahşükürü aldadıb demişdir ki, darıxmasın, bir az gözləsin, yaxın günlərdə pulunu göndərəcəkdir, lakin əsl həqiqətdə onun Allahşükürə hər hansı məbləğdə pul göndərmək fikri və maddi imkanı olmamışdır, çünki həmin vaxtlar daimi iş və sabit gəlir yeri olmamışdır. Tutduğu əməldən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Barəsində istintaq tərəfindən axtarış elan edildiyini bilirmiş, bu səbəbdən yaşadığı kənddə deyil, müvəqqəti olaraq Bakı şəhəri Binəqədi qəsəbəsində kirayişin yaşayıb limonad sexində fəhlə işləyirmiş. Onun əvvəlcə Allahşükürə qarşı dələduzluq etmək niyyəti olmamışdır, lakin Allahşükürdən aldığı və Zaqatala rayonuna gətirdiyi avtomobili nəzərdən keçirərkən avtomobilin texniki cəhətdən çox pis vəziyyətdə olduğunu görüb Allahşükürə zəng edib avtomobilin qiymətindən 500 manat çıxmağını, yaxud da Zaqatalaya gəlib öz avtomobilini götürüb aparmağını təklif etdikdə Allahşükürün onun heç bir təklifini qəbul etmədiyini və 1500 manatı verməyi istədikdə həmin vaxt qərara gəlmişdir ki, Allahşükürdən aldığı avtomobili dəyər-dəyməzə satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləsin. Törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində daha yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə, baxış keçirilməsi haqqında protokol və cinayət işində olan digər istintaq materialları ilə aşağıda göstərilən qaydada tam sübuta yetirilmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclası barədə bildirişi qəbul etmişdir, Təqsirləndirilən şəxs, həqiqətən də, ona dəymiş ziyanı tam ödəmiş və barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi və valideynləri ilə birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayır, avtoyuma məntəqəsində işləyirmiş. 2023-cü il mayın 23-də Lənkəran şəhərində mülki etibarnamə əsasında X4 vasitəçiliyi ilə Goranboy rayon sakini X5 məxsus VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 2500 manata almışdır. 2023-cü ilin noyabr ayının 1-də anası həyətlərindəki xurma ağacından yıxılıb belindən xəsarət almışdır. Anasının müalicəsi üçün müəyyən qədər pul tələb olunduğundan öz avtomobilini 2000 manata satmaq qərarına gəlmiş və noyabrın 5-də “Turbo.az” internet saytında bu barədə elan yerləşdirmişdir. Noyabrın 7-də təxminən saat 23 radələrində əvvəllər tanımadığı ***-***-**- ** və ***-***-**-** mobil telefon nömrələrindən ona zəng edib özünü Elgün kimi təqdim etmiş şəxs avtomobili almaq istədiyini bildirmişdir. Telefon danışığı zamanı o bildirmişdir ki, avtomobilin son satış qiyməti 1800 manatdır, lakin Elgün cəmi 1500 manatı olduğunu demiş və sonda o, avtomobili həmin qiymətə satmağa razılıq vermişdir. Bundan sonra Elgün avtomobili evakutor xidməti vasitəsi ilə Salyan rayonu Noxudlu kəndi ərazisindəki körpüyə göndərməyini xahiş etmişdir. O, Elgündən pulu nə vaxt və necə verəcəyini soruşduqda, Elgün cavab vermişdir ki, avtomobili Salyan rayonunda götürdükdən sonra onun bank kart hesabıma əvvəlcə 500 manat göndərəcək, qalan 1000 manatı isə noyabrın 16-da Cəlilabad rayonuna gələndə onunla görüşüb əlbə-əl verəcəkdir. O, əvvəlcə Elgünün dedikləri ilə razılaşmamışdır, lakin Elgün and-aman edib pulu söz verdiyi vaxtda çatdıracağına onu inandırdıqdan sonra, o razılaşmış və avtomobili göndərmək üçün evakuator göndərməyini istəmişdir. Ertəsi gün, noyabrın 8-də təxminən saat 18 radələrində sonradan adı ona məlum olmuş Elşən adlı şəxs zəng edərək evakuator sürücüsü olduğunu, hazırda Lənkaran rayonu Gərmətürk qəsəbəsində olduğunu və Elgünün sifarişi ilə buradan avtomobil götürüb Salyan rayonuna aparmalı olduğunu demişdir. O da, heç bir problem olmadığını deyib öz avtomobilini işə salıb Lənkəran şəhərindəki “Şah sarayı” şadlıq sarayının qarşısında Elşən ilə görüşmüşdür. Elşən onun avtomoibilini evakutor avtomobilinin üzərinə qaldırdıqdan sonra, o avtomobilin qeydiyyat şəhadatnaməsini Elşənə verib Salyan rayonu Noxudlu körpüsündə avtomobili qarşılayan şəxsə çatdırmağını istəmişdir. Elşən onun verdiyi şəhadətnaməni alıb evakuator avtomobilini işə salıb oradan uzaqlaşıb getmişdir. Bundan təxminən 3 saat sonra Elgün ona zəng edərək artıq avtomobili götürdüyünü demişdir. O, Elgündən pulu nə vaxt göndərəcəyini soruşduqda Elgün cavab vermişdir ki, hazırda yorğundur, lakin ertəsi gün mütləq onun bank kartına pul göndərəcəkdir. O da, əlacsız qalıb Elgün ilə razılaşmışdır. Lakin ertəsi gün, noyabrın 9-da dəfələrlə zəng etdikdə Elgünün istifadəsində olan mobil telefon nömrələrinə zəng çatmamışdır. O artıq aldadıldığını anlayıb DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin gün Elgün özü ona zəng edib qohumunun vəfat etdiyini, başı qarışıq olduğunu deyib onun bank kartına 100 manat göndərmişdir, pulun qalan hissəsini isə sonradan göndərəcəyinə söz vermişdir. Lakin sonradan Elgün onun zənglərinə cavab vermədiyindən özü Elgünün və öz avtomobilinin axtarışına başlamışdır. Bu səbəbdən ilk olaraq avtomobili ona satmış Vasif Məmmədov ilə telefon əlaqəsi saxlamışdır. Vasif ona bildirmişdir ki, bir neçə gün əvvəl iki nəfər yanına gəlmişdir, onlardan biri özünü Allahşükür kimi təqdim edib yanındakı Rəsul adlı şəxsə etibarnamə verilməsini xahiş etmişdir və o da, Şahid2 adlı şəxsə etibarnamə vermişdir. O, öz başına gələn hadisəni ətraflı olaraq danışdıqdan sonra Vasif Rəsul adlı şəxsə verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra Rəsul onunla telefon əlaqəsi saxlayıb danışmışdır ki, noyabrın 9-da Elgün adlı şəxs onun avtomobilini ona 900 manata satmışdır, o da Elgün ilə birlikdə gedib Vasif ilə görüşüb öz adına etibarnamə almışlar, lakin sonradan Vasif həmin etibarnaməni ləğv etmişdir. Hazırda bildiyinə görə ona məxsus VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Siyəzən rayonunda Şahid2 həyətindədir. Çox sonradan bilmişdir ki, özünü Elgün kimi ona təqdim etmiş şəxsin əsl adı Təqsirləndirilən şəxsdur və Zaqatala rayonu Çobankol kənd sakinidir. Odur ki, onun etibarından sui-istifadə edib onu aldadaraq özünə məxsus VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirib başqa şəxsə satmış Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib ona məxsus avtomobilin özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, Lənkaran rayonu Liman şəhəri R.Rza küçəsi ev 171-də qeydiyyatda olsa da, faktiki olaraq Lənkaran şəhəri Ş.İ.ünvan 1 ünvanında yaşayır, təxminən 10 ildir “156 evakuasiya xidməti” şirkətində sürücü işləyirmiş, hazırda “İsuzu” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yükdaşıma avtomobili idarə edirmiş. O, şirkət tərəfindən qəbul edilmiş sifarişlər əsasında avtomobilləri ölkə ərazisində müxtəlif rayonlara daşıyırmış. 2023-cü il noyabrın 8-də təxminən saat 16 radələrində “156” xidmətinə daxil olmuş sifariş əsasında operator tərəfindən ona verilmiş hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır, onunla danışan adının Elgün olduğunu deyən şəxs ona Allahşükür adlı başqa bir şəxsin mobil telefon nömrəsini verib əlaqə saxlamağını istəmişdir. O, hazırda xatırlamadığı həmin nömrə ilə əlaqə saxladıqda Allahşükür adlı şəxs hazırda Lənkaran rayonu Gərmətürk qəsəbəsində yerləşən “Şah sarayı” adlı şadlıq sarayının yanında olduğunu deyib həmin ünvana yaxınlaşmasını istəmişdir. O, idarə etdiyi evakuator avtomobili ilə həmin yerə gəldikdə Allahşükür VAZ 2106 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili, həmin avtomobilin açarlarını və qeydiyyat şəhadətnaməsini ona verib avtomobili Salyan rayonu Noxudlu kəndi ərazisində yerləşən körpüdə qarşılayacaqlarını, avtomobili və avtomobilin sənədini həmin şəxsə verəcəyini bildirmişdir. Bundan sonra o, həmin avtomobili evakuator avtomobilinə yükləyib Salyan rayonu istiqamətində yola düşmüş, təxminən saat 21 radələrində Salyan rayonu Noxudlu kəndi ərazisindəki körpüyə çatmış, avtomobili saxlayıb şirkətin operatoru tərəfindən verilmiş sifarişçinin mobil telefon nömrəsi ilə əlaqə saxladıqda həmin şəxs təxminən bir saata gələcəyini demişdir. O da, həmin yerdə dayanıb alıcını gözləməyə başlamış, təxminən bir saatdan sonra yanında dayanmış markasını və dövlət qeydiyyat nömrəsini xatırlamadığım sərnişin mikroavtobusundan düşmüş şərnişinlərdən biri ona yaxınlaşıb avtomobilin ona veriləcəyini deyib avtomobilin açarını və qeydiyyat şəhadətnaməsini istəmişdir. O da, Allahşükürün ona təhvil verdiyi minik avtomobilini, açarını və qeydiyyat şəhadatnaməsini həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxs xidmət haqqı olaraq ona 100 manat vermiş və o, özünün evakuator avtomobilinə əyləşib Lənkəran rayonuna qayıtmışdır. Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır, məhkum olunmamışdır, Siyəzən şəhərindəki "xxxx"ASC-də fəhlə işləyirmiş. 2023-cü il noyabrın 9-da “Turbo.az” internet saytında VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1500 manata satıldığı barədə elan diqqətini cəlb etmişdir. Elanda olan ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxladıqda özünü Elgün kimi və həmin avtomobilin sahibi kimi təqdim etmiş şəxs bildirmişdir ki, avtomobil özünə məxsus olsa da, adına olan etibarnamənin müddəti bitmişdir və əgər avtomobili alası olsa avtomobilin ilk sahibi Gəncə şəhər sakini Vasif Məmmədov ona baş etibarnamə verəcəkdir. O, həmin avtomobili almaq qərarına gəlmiş və Elgün ilə ertəsi gün Xırdalan şəhərində görüşmək barədə razılıq əldə etmişlər. Elgün avtomobilin alınması üçün beh verilməsini istədikdə, o 50 manatı beh kimi Elgünün göndərdiyi bank kartına keçirtmişdir. Noyabrın 10-da Xırdalan şəhərində Elgün ilə görüşmüş və birlikdə VAZ-2106 markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhər dairəsinə gəlmişlər. Burada bacısı oğlunun gətirdiyi 1450 manatı Elgünə vermiş və avtomobili alıb özü sürüb yaşadığı Siyəzən şəhərinə gəlmişdir. Ertəsi gün avtomobilin birinci sahibi olan Vasif Məmmədov ilə telefon əlaqəsi saxlayıb həmin avtomobili aldığını deyib baş etibarnamə verilməsini istəmişdir və noyabrın 14-də bu məqsədlə Gəncə şəhərinə getmişdir. Həmin gün Vasif ilə görüşmüş və Gəncə şəhərindəki notariat kontorunda Vasif həmin avtomobilə görə ona baş etibarnamə vermişdir. Siyəzən şəhərinə qayıtdıqda və avtomobili öz adına keçirtmək istəyən zaman məlum olmuşdur ki, avtomobilin 125 manat və 373 manat cəriməsi vardır. Elgün bu barədə ona bir söz demədiyi üçün Elgün ilə telefon əlaqəsi saxlamağa çalışmışdır, lakin Elgünün telefonu zəngləri qəbul etməmişdir. Noyabrın 21-də əvvəllər tanımadığı Zərərçəkmiş şəxs adlı şəxs ona zəng edib Lənkəran rayon sakini olduğunu, VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğunu və noyabrın 9-da Elgün adlı şəxsin həmin avtomobili ondan aldığını, lakin onu aldadaraq pulunu vermədiyini, bununla bağlı polisə şikayət etdiyini bildirmişdir. Bundan sonra o, Siyəzən rayon polis şöbəsinə dəvət olunaraq ona izah edilmişdir ki, həqiqətən VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur və Vasif Məmmədov tərəfindən ona verilmiş etibarnamə onun özü tərəfindən ləğv edilmişdir və bununla bağlı polisdə araşdırma aparılır. Sonra o, Siyəzən rayon polis şöbəsində aparılan təhqiqat araşdırmasında izahat vermiş və VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin araşdırmanın sonunadək öz həyətində saxlanılması barədə iltizam vermişdir. Daha bir neçə gündən sonra ona məlum olmuşdur ki, Allahşükürün şikayəti əsasında Salyan rayon polis şöbəsində araşdırma aparılırmış. Bununla bağlı Salyan RPŞdə olmuş və orada izahat vermişdir, həmin vaxt ona bir daha bildirilmişdir ki, həyətindəki Allahşükürə məxsus avtomobili sata bilməz və araşdırmanın sonunadək avtomobili saxlamalıdır. Bununla yanaşı özü avtomobili ona satmış Elgün adlı şəxsin axtarışlarına başlamışdır və nəticədə ona məlum olmuşdur ki, avtomobili ona satmış və özünü Elgün kimi təqdim etmiş şəxsin əsl adı Təqsirləndirilən şəxsdur və Zaqatala rayonu Çobankol kənd sakinidir. Buna baxmayaraq Sərxan ilə heç cür əlaqə saxlayıb pulunu geri ala bilməmişdir. Bu səbəbdən 2024-cü ilin yanvar ayının ortalarında qərara gəlmişdir ki, həyətindəki həmin avtomobili satıb özünü əməliyyat elətdirsin. Ona görə həmin VAZ-2106 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1050 manata satılması barədə “Turbo.az” və “Tik-Tok” sosial şəbəkələrində elan yerləşdirmişdir. Yanvarın 22-də əvvəllər tanımadığı ***-***-**-** nömrəli telefondan ona zəng gəlmiş və özünü Cahid kimi təqdim etmiş şəxs həmin avtomobili almaq istədiyini bildirmişdir. Aralarında olmuş telefon danışığı zamanı Cahidə demişdir ki, avtomobil özünə məxsusdur və sonda avtomobili 900 manata sata biləcəyinə razılıq vermişdir. Yanvarın 23-də Cahid və iki nəfər yoldaşı onun yaşadığı Siyəzən şəhərindəki evinə gəlmişlər. Söhbət zamanı Cahidə demişdir ki, həmin avtomobilin cəmi 498 manat cəriməsi vardır və əgər cərimə Cahid tərəfindən ödənilsə avtomobili son qiymət olaraq 800 manata satacaqdır. Cahid razılaşaraq ona 800 manatı vermişdir. Bundan sonra Cahidə demişdir ki, etibarnaməni ertəsi ügn ona göndərəcəkdir, çünki düşünmüşdür ki, Allahşükürdən etibarnamə ala biləcəkdir. Bundan sonra Cahid evakuator xidməti çağırıb avtomobili evakuator avtomobilinə yükləyib yoldaşları ilə birlikdə çıxıb getmişlər. Lakin sonradan o, Allahşükür ilə telefon əlaqəsi saxlasa da, Allahşükür ona etibarnamə verməmişdir və o da, bu səbəbdən Cahidə etibarnamə verə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Cinayət işinin başlanılmasına əsas və səbəb Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2023-cü il noyabrın 8-də Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya məxsus 1500 manat dəyərində Vaz-2106 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili dələduzluq yolu ilə ələ keçirməsi faktı və həmin fakt üzrə Salyan RPŞ-nin Təhqiqat Bölməsində toplanılmış araşdırma materialı olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs eyni məzmunlu ərizəsi əsasında Lənkəran ŞRPŞ-də toplanmış araşdırma materialı Salyan RPŞ-nin TB-də araşdırması aparılan materiala əlavə edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs eyni məzmunlu ərizəsi əsasında Siyəzən RPŞ-də toplanmış araşdırma materialı Salyan RPŞ-nin TB-də araşdırması aparılan materiala əlavə edilmişdir. 2024-cü il fevralın 23-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasından ötrü barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırlması haqqında qərar qəbul edilmişdir. 2024-cü il iyunun 21-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində saxlanılıb və şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilmişdir. 2024-cü il iyunun 22-də Salyan RPŞ İB-nin müstəntiqi polis mayoru İlqar İsmayılov tərəfindən cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərar qəbul edilərək cinayət işi üzrə istintaq davam etdirilmişdir. 2024-cü il iyunun 23-də Təqsirləndirilən şəxs Salyan RPŞ İB-nin müstəntiqi polis mayoru İlqar İsmayılov tərəfindən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş və həmin tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək tutulmadan azad edilmişdir. Zaqatala RİHB-nın Çobankol kənd İƏD-si üzrə nümayəndələyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur və ayrı-ayrı nikahlardan 2 azyaşlı övladı vardır. “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs psixiatrik, onkoloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs 2024-cü il iyunun 22-də Salyan RPŞ-nə yazdığı təkrar ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər sonuncunun anası tərəfindən tam olaraq ona ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır, həmin ərizəsinin nəzərə alınıb Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 2024-cü il iyunun 23-də Salyan RPŞ-nə yazdığı ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs qarşı etdiyi dələduzluq cinayətinə görə peşmandır, etdiyi cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyan anası tərəfindən zərərçəkmiş şəxsə tam olaraq ödənilmişdir, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, biribirinə qarşı heç bir tələb və şikayətləri yoxdur və gələcəkdə də olmayacaqdır, bu səbəbdən cinayət məsuliyyətindən azad edilməsini və barəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinərək həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilib və cinayət məsuliyyətindən azad edilmişdir. İbtidai istintaq orqanının 26 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törtəməkdə öz təqsirini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı sürülmüş ittihamın əsası kimi qəbul edilmişdir. Şahid2 əməlində Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan halların olub-olmadığı müəyyən ilməsi üçün Siyəzən RPŞ-ə material ayrılıb göndərilmiş, Şahid1 və X1 əməlində cinayət tərkibi olmadığı üçün cinayət təqibi rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus 1982-ci ildə istehsal edilmiş Vaz-2106 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır. Salyan Rayon Məhkəməsinin 1(057)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ əməkdaşları tərəfindən Qobustan rayonu ərazisindən keçən ipək yolunun kənarında yerləşən “Araz” marketin qarşısında saxlanılaraq 19:30-da Salyan RPŞ-ə gətirilmişdir. Salyan Rayon Məhkəməsinin 1(057)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün, məhkəmə baxışı zamanı isə 01 ay, cəmi 01 ay 02 gün həbsdə olmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir, bununla da, o, Azərbaycan Respublikasının CM-nin 178.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq özlərinin etirafedici ifadələri ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə, baxış keçirilməsi haqqında protokol və cinayət işində olan digər istintaq materialları ilə sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə, baxış keçirilməsi haqqında protokol və cinayət işində olan digər istintaq materialları ilə aşağıda göstərilən qaydada tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinərək həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair» 28 dekabr 2022-ci il tarixli Plenum Qərarının nəticəvi hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Yuxarıda qeyd olunduğu kimi, Qax Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində qərarı xx.xx.2022-ci ildə qəbul olunub. Hazırkı iş üzrə cinayət əməli isə bundan sonra, yəni 2023-cü ildə törədilib. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən bir dəfə azad edildiyinə görə, hazırki cinayət işi üzrə icraata xitam verilməsi mümkün deyildir. Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində uşağı vardır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, məhkəmə törədilmiş cinayətin xarakterini, əməlin dələduzluqla əlaqədar olduğunu, təqsirləndirilən şəxsin rəsmi iş yerinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə cərimə və ya islah cəzasının tətbiq edilməsinin lüzumsuz olduğunu və bu cəzaların tətbiqi ilə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzaları tətbiq edilməklə cəza səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Zaqatala rayonu, Çobankol kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) ay 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Zaqatala rayonu, Çobankol kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 1982-ci ildə istehsal edilmiş, “Vaz 2106” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-126/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-126/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver