Məhkəmə qərarları › İş №1(057)-128/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-128/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-128/2024 10.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X3 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1954-cü ildə Salyan rayonu Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 sentyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1970 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü il may ayında Salyan rayonu Kürqaraqaşlı kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə torpaqda qanunsuz olaraq əkməklə sonrakı müddətdə xeyli miqdarda cəmi 12 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2024-cü il iyulun 01-də saat 18:00 dəqiqədə Salyan rayonu Kürqaraqaşlı kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 18:20 dəqiqədə ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 19:20-dən etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yarımtikiliyə baxış keçirilərkən torpaqdan ümumilikdə 12 ədəd yaş vəziyyətdə kök üstə, ümumi təmiz çəkisi 19500 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, həyat yoldaşı dünyasını dəyişdiyinə görə tək yaşayır. Belə ki, o narkotik vasitə marixuana istifadə edir. O əvvəllər qurudulmuş marixuana çəkən zaman içərisindən toxumlarını çıxardıb özündə saxlamışdır. 2024-cü il mayın 25-də həmin qurudulmuş marixuananın toxumlarını həyətyanı sahəsində yerləşən yarımtikilinin içərisində əkib-becərmək qərarına gəlmişdir. Həmin vaxt əvvəlki müddətdən özündə saxladığı qurudulmuş marixuana toxumlarını həyətyanı sahəsində yerləşən yarımtikilinin içərisində torpaqda əkmişdir. Çətənə bitkiləri də cücərdikdən sonra onlara qulluq edib suvarmağa başlamışdır. Həmin bitkilərə mütəmadi olaraq su verir, kolların diblərinin ətrafını belləyərək yumşaldır və alaq bitkilərini təmizləyirmiş. Bildirmişdir ki, çətənə bitkiləri 12 ədəd idi. 2024-cü il iyulun 01-də saat 18 radələrində yaşadığı evin qarşısında küçədə dayandığı vaxt mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkibbecərməkdə və kultivasiya etməkdə şübhəli olduğunu izah edib birlikdə rayon polis şöbəsinə gəlməyi təklif etmişlər. O də polis əməkdaşları ilə razılaşmış və onlar birlikdə polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməkdə və kultivasiya etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq ondan rayon polis şöbəsinə gətirilmə səbəbini soruşduqda bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilinin içərisində çətənə bitkiləri əkmiş və həmin bitkiləri polis əməkdaşlarına təqdim edə bilər. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən heç bir əşya aşkar edilməmişdir. O həyətyanı sahəsində çətənə bitkilərini təqdim etmək üçün yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmadığı barədə yazılı ərizə verdikdən sonra polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə yaşadığı evin həyətinə gəlmişlər. Burada dəvət olunmuş aqronomun iştirakı ilə polis əməkdaşları tərəfindən həyətinə baxış keçirilmişdir. Baxış zamanı həyətə daxil olduqdan sonra ilkin olaraq ona müstəntiq tərəfindən istintaq hərəkətinin keçirilməsi və iştirakçılar barədə məlumat verilmişdir. Bundan sonra ondan şəxsi axtarış zamanı bildirdiklərini soruşulduqda təkrarən bildirmişdir ki, həyətyanı sahəsində yerləşən yarımtikilinin içərisində torpaqda 12 ədəd narkotik tərkibli bitkilər əkib becərmiş və həmin bitkiləri təqdim edə bilər. Buna görə ona həmin bitkiləri təqdim etməyi təklif edilmiş və bundan sonra o həyətyanı sahəsində yerləşən yarımtikiliyə doğru irəliləmişdir. Burada 12 ədəd torpaqda əkib-becərdiyi çətənə bitkilərini iştirakçılara təqdim etmişdir. O şifahi sorğu zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onları 2024-cü ilin mayın 25-də torpaqda əkmiş və sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis həmin bitkilərə baxış keçirərək bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və həmin bitkilərin dibləri yumşaldıldığı və nəm olduğu üçün həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Bundan sonra polis əməkdaşları 12 ədəd torpaqda aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərini bir-bir torpaqdan çıxarıb saymağa başlamışlar, 12 ədəd yaş halda kök üstə yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Müstəntiq istintaq hərəkətinin yekunu və həyətyanı sahəsində yerləşən yarımtikilinin içərisində torpaqdan 12 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edildiyi barədə iştirakçılara məlumat vermişdir. Bundan sonra aşkar edilmiş bitkilər 02 ədəd sintetik kisədə qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidən aşkar edilmiş ümumilikdə 12 ədəd tərkibində narkotik maddələr olan çətənə kollarını özü əkmişdir. Həmin çətənə kollarına qulluq edib, su vermişdir. Bildirmişdir ki, əkib-becərdiyi həmin çətənə bitkilərinin toxumlarını əvvəllər qurudulmuş marixuana çəkən zaman içərisindən çıxarıb özündə saxlamışdır.Çətənə kollarını həyətində onlardan özü istifadə etmək məqsədi ilə əkmişdir. Həmin kolları başqa şəxsə satmaq niyyəti və istəyi olmamışdır. Əməlindən səmimi peşman olduğunu, xəstəliyini və yaşını nəzərə almaqla onun barəsində cəzanın aşağı həddinin seçilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində xidmət edir. 2024-cü il iyulun 01-də Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması barədə Salyan RPŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, həmin tarixdə saat 18:00 dəqiqədə o, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Eyni zamanda, onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərmədə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilməsinin səbəbi soruşulduqda bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə torpaqda 12 ədəd çətənə bitkiləri əkmişdir. Həmin bitkiləri polis əməkdaşlarına təqdim edə bilər və buna etiraz etmir. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs məxsus həyətə daxil olduqdan sonra ilkin olaraq Təqsirləndirilən şəxs müstəntiq tərəfindən istintaq hərəkətinin keçirilməsi və iştirakçılar barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirdikləri soruşulduqda təkrarən bildirmişdir ki, həyətyanı sahədə yerləşən yarımtikilidə torpaqda narkotik tərkibli bitkilər əkib becərmişdir və həmin bitkiləri təqdim edə bilər. Buna görə Təqsirləndirilən şəxs həmin bitkiləri təqdim etməsi təklif edilmiş və bundan sonra o, həyətin o biri tərəfinə doğru irəliləmişdir. Burada Təqsirləndirilən şəxs yarımtikilidə torpaqda əkib-becərdiyi çətənə bitkilərini iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onları 2024-cü ilin may ayının 25-də yarımtikilidə torpaqda əkmiş və sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis Şahid4 həmin bitkilərə baxış keçirərək bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və həmin bitkilərin dibləri yumşaldıldığı və nəm olduğu üçün həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Bundan sonra polis əməkdaşları torpaqda aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərini bir-bir plastik qabdan çıxarıb saymağa başlamışlar, torpaqdan 12 ədəd yaş halda kök üstə yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Müstəntiq istintaq hərəkətinin yekunu və həyətyanı sahəsində yerləşən yarımtikilidə torpaqdan 12 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edildiyi barədə iştirakçılara məlumat vermişdir. Bundan sonra aşkar edilmiş bitkilər 02 ədəd sintetik kisədə qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin baş aqronomu Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin baş aqronomu vəzifəsində işləyir, orta ixtisas təhsilli aqronommütəxəssisdir. 2024-cü il iyulun 01-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ona təklif etmişlər ki, narkotik tərkibli bitkilərin əkilib becərilməsində şübhəli bilinən şəxsin yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxışda mütəxəssis-aqronom kimi iştirak etsin. O etiraz etməmiş və həmin gün saat 19:20 radələrində polis əməkdaşları ilə birlikdə Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikiliyə keçirilmiş baxışda mütəxəssis kimi iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələri izah edildi. Bundan sonra keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə torpaqdan əkib-becərdiyi çətənə bitkilərinə iştirakçılara təqdim etmişdir. Müstəntiqin suallarına əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onları 2024-cü ilin may ayının 25-də torpaqda əkmiş və sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Həmin bitkilərə aqronom-mütəxəssis kimi baxış keçirib müəyyən etmişdir ki, həmin bitkilər gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsi olmaqla narkotik tərkiblidir, bitkilərin kök dibində olan torpağın nəm və yumşaq olması, bitkilərin boyu, gövdə, budaq və yarpaqların yaxşı inkişaf etməsinə görə belə nəticəyə gəlmişdir ki, həmin çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. Bundan sonra aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərini bir-bir torpaqdan çıxarıb saymağa başlamışlar, həmin yerdə torpaqdan 12 ədəd yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Müstəntiq istintaq hərəkətinin yekunu və həyətyanı sahədə yerləşən yarımtikilidə torpaqdan ümumilikdə 12 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edildiyi barədə ona məlumat vermişdir. Bundan sonra aşkar edilmiş 12 ədəd çətənə bitkisinə oxşar bitki 02 ədəd sintetik kisədə qablaşdırılmış, üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Daha sonra tərtib etdiyi mütəxəssis rəyini istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-da Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X2 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokoldan gürünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş narkotik vasitə və əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə torpaqdan 12 ədəd yaş halda kök üstə yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli 12 saylı mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs məxsus Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar olunmuş 12 ədəd bitki həqiqətən də, 12 ədəd çətənə bitkisidir və həmin bitkilərə mütəmadi aqro-texniki qulluq olunub. Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2024-cü il may ayının 25-də əvvəlki müddətdən saxladığı çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə torpaqda əkibbecərmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini tək halda törətmiş və hər hansı şəxsin köməyindən istifadə etməmişdir. Təqsirləndirilən şəxsin ailə üzvlərinin onun törətdiyi cinayət əməlindən məlumatlarının olması barədə məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı kənddə sakinlər arasında müsbət xarakterizə olunmuş, hər hansı cinayət əlaqəsinin olması yaxud başqa cinayətin törədilməsində iştirakı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən hər hansı şəxsin məlumatının olması barədə məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 02 iyul 2024-cü il tarixli 18/634 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 19500 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 12 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 12 ədəd çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi-19500 qram, tədqiqata sərf edildi cəmi-1.20 qram, qalıq 19498.80 qramdır. Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş, məhkəmə-narkoloji ekspertizasının 09 iyul 2024-cü il tarixli 581 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar olaraq məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsinə dair Salyan RPŞ İstintaq Bölməsinin müstəntiqi Orxan Axundovun vəsatəti təmin edilməmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qərar həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs təqdim olunmuşdur. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə torpaqdan aşkar olunaraq götürülmüş ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 19498,80 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Salyan MRX-nın Publik Hüquqi şəxsi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli 18-1- 68/2-1425/2024 saylı arayışdan görünür ki, Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, 1954-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2005-ci ildən “Tiryək” ilə narkoloji qeydiyyatda olsa da, psixonevroloji kabinetində qeydiyyatda yoxdur. Salyan rayon İHB-nin Salyan rayonu Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 iyul 2024-cü il tarixli, 477 saylı ailə tərkibi haqqında arayış və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tək yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə ACDİÜ AR məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1970 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il iyulun 03-də Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 237.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib, saxlaması faktı üzrə onun əməlində cinayət tərkibi olmadığından həmin Xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə (kannabis) bitkilərini satış və ya digər məqsədlə əkib-becərməsi əməlin tövsifi dun əhəmiyyət kəsb etmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi ******* qram narkotik tərkibli çətənə (kannıbis) bitkilərinin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verildiyi nəzərə alınmış, cinayət işi üzrə şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə, baxış keçirilməsi və götürmə aparılması barədə protokollar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəməbioloii ekspertizasının 02 iyul 2024-cü il tarixli, 18/634 nömrəli, məhkəmə narkololi ekspertizasının 09 iyul 2024-cü il tarixli, 581 nömrəli rəyləri, digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cinayətin residivi isə cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını, həmçinin barəsində CMnin 70-ci maddəsinin tətbiq edilməsini isə isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Həmçinin, opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 sentyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1970 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin vaxtdan 06 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Belə ki, AR Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış qalıq çəkisi 19498,80 qram narkotik tərkibli 12 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməldir. Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınsın və onun “tiryək” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 19498,80 qram narkotik tərkibli 12 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar