Məhkəmə qərarları › İş №1(057)-129/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-129/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-129/2024 27.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1987-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3cü maddələrinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 may 2024-cü il tarixdə saat 17:45 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,499 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 13 may 2024-cü il tarixdə axşam vaxtı Salyan şəhərində, yaşadığı R.Rzayev küçəsi ilə evinə gedərkən yolda siqaret qutusunun içərisində sellofan bükümdə "patı" kimi bildiyi maddə görmüş, həmin maddədən istifadə etmək üçün götürüb üzərində saxlamışdır. Səhərisi günü, yəni 14 may 2024-cü il tarixdə saat 17:45 radələrində Salyan şəhəri, Y. Qasımov küçəsində olarkən polis əməkdaşları onu tutub polisə aparmışlar. Polis şöbəsində şalvarın sağ yan cibindən üzərində olduğu maddəni çıxarıb təqdim etmişdir. Sonra üzərindən aşkar edilib götürülmüş maddə elektron tərəzidə çəklmişdir. Daha sonra, həmin büküm içərisindəki maddə ilə birlikdə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür.Bu barədə protokol tərtib olunmuş özü də həmin protokola imza etmişdir. Hazırda səhvini başa düşür, əməlindən peşimandır. Məhkəmədə şahid kimi dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatın yoxlanılması məqsədi ilə əməlliyat qrupu yaradılmış və 14 may 2024-cü ildə saat 17:45 radələrində Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, Y. Qasımov küçəsində tutub polisə aparmışlar. Polis şöbəsində onun üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin maddə tərəzidə çəkilmiş və çəkisinin 0,59 qram olması müəyyən edilmiş, büküm içərisindəki maddə ilə birlikdə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq kağız paketə qoyulub möhürlənmişdir. Qeyd edilənlər barədə protokol tərtib olunmuş, özü də həmin protokola imza etmişdir. Şahid kimi dindirilmiş Şahid3 və Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə elan olunmuş 14 may 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə barədə protokoldan və videogörüntüdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən onun üzərindən bir bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15 may 2024-cü il tarixli, 3-16-16/2-18/492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən " sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,499 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 446 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2022-ci ildən "Toksikoman" diaqnozu ilə qeydiyyatda durur. "Salyan rayon mərkəzi xəstəxanası" X4 23 may 2024-cü il tarixli, 18-1-68/2- 1051/2024-cü il tarixli məktubundan görünür ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs 2016-cı ildən "Tiryəklə" narkoloji qeydiyyatdadır, xx.xx.2016-cı il tarixdən "orta dərəcəli isteriya nevrozu, anamnezində funksional paroksizimlərlə" diaqnozu ilə qeydiyyatdadır. Ambulator məhkəmə psixatrik ekspertizasının 19 iyul 2024-cü il tarixli, 2101 saylı rəyindən görünür ki, X3 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşduir. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,449 qram psixotrop maddə olan metamfetamin 16 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Salyan rayon İcra Hakimiyyəti "Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi" Məhdud Məsiliyyətli Cəmiyyətdən alınmış 04 iyul 2024-cü il tarixli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs Salyan şəhəri, Raul Rzayev küçəsi ev 7-də yaşaması və barəsində Salyan MİTTİBMMC-ə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. O, narkotik vasitələrlə bağlı cinayətlərə görə məhkum olunmuş, əməlində cinayətlərin residivi var,ona təyin olunmuş cəzalarla islah olunmamış və məhkumluğu ödənilmədən yenidən oxşar cinayət əməlini törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 14 may 2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2024-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,449 qram psixiotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2024-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 may 2024-ci ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narokoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 0,449 qram psixiotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar