Məhkəmə qərarları › İş №1(057)-13/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-13/2023

05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-13/2023 05.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Müdafiəçi1 iştirakı ilə xx.xx.1990-cı ildə Salyan rayonu Aşağı Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1979-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 05 yanvar 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci il oktyabrın 14-də saat 04 radələrində Salyan şəhəri ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus Qaynaq sexinin ərazisinə hasarın üzərindən keçməklə, o cümlədən ərazidə inşa edilmiş və saxlanc yeri hesab edilən tikiliyə qapıda olan barmaqlığı aralayıb keçməklə qanunsuz daxil olaraq həmin tikilinin içində quraşdırılmış transformatorun üzərindən MMC-nin balansında olan hər biri 220 manat dəyərində 14 ədəd “ABB” markalı elektrik dövrə kəsicisini (rubilnik) və hər biri 25 manat dəyərində 70 sm uzunluğunda 8 ədəd metal birləşdirici hissəni gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 3280 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci il oktyabrın 14-də saat 04 radələrində Salyan şəhəri ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus Qaynaq sexinin ərazisinə hasarın üzərindən keçməklə qanunsuz daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 ərazidə inşa edilmiş və saxlanc yeri hesab edilən tikiliyə daxil olmasına və sonuncunun həmin tikilinin içində quraşdırılmış transformatorun üzərindən açdığı MMC-nin balansında olan hər biri 220 manat dəyərində 14 ədəd “ABB” markalı elektrik dövrə kəsicisini (rubilnik) və hər biri 25 manat dəyərində 70 sm uzunluğunda 8 ədəd metal birləşdirici hissəni tikilidən kənara çıxarmasına köməklik edərək qeyd olunan əmlakları gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 3280 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Hər iki təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi məhəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədr öz təsdiqi tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci il oktyabrın 13də saat 23 radələrində onunla qonşuluqda yaşayan və uşaqlıqdan tanışı olan Təqsirləndirilən şəxs2la yaşadıqları evin yaxınlığında yerləşən qaynaq zavodunda quraşdırılmış elektrik transformatorunun hissələrindən oğurlamaq barədə razılaşmışdır. 2022-ci ilin oktyabrın 14-də saat 04 radələrində yaşadıqları evin yaxınlığında Famil ilə yenidən görüşmüş, istifadə etmək üçün evdən 2-3 ədəd bolt açarı götürmüş, daha sonra birlikdə qaynaq zavoduna hasardan içəri girmişlər. İçəridə dövrə kəsicilərini yığdığı otağa keçmiş, oradan 14 ədəd “ABB” markalı elektrik dövrə kəsicisini (rubilnik) və 8 ədəd metal dirək götürmüşlər. Daha sonra həmin günü saat 08 radələrində Famil metal dirəkləri də götürüb Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsinə getmişdir. Bundan sonra tanışı və əmisi oğlunun dostu olan Babaya zəng etmiş, Babaya Bakı şəhərində cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı İqbalın yanına getmək istədiyini demişdir. Babaya idarə etdiyi avtomobilə benzin vuracağını deyib onu Bakı şəhərinə aparmasını xahiş etmiş, Baba da razılıq verərək təxminən 15 dəqiqə sonra idarə etdiyi “Xəzər” markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt Babaya dostu Familin də onlarla gedəcəyini demişdir. Bundan sonra Famil ilə birlikdə dövrə kəsicilərini yığdıqları karton qutunu və içində həyətdən yığdığı meyvələr olan sellofan torbaları avtomobilin yük yerinə qoymuşlar. Saat 10 radələrində Salyan şəhəri ərazisində hərəkətdə olduqları vaxt mülki geyimdə olan polis əməkdaşları onları saxlatdırıb polisə aparmışlar. Şifahi sorğu zamanı o və Famil Salyan şəhərində yerləşən qaynaq zavodundan elektrik dövrə kəsicilərini oğurladıqlarını və avtomobilin yük yerində olan karton qutulara yığdıqlarını demişlər.Rayon polis şöbəsində Babanın idarə etdiyi avtomobilə baxış keçirilmiş və yük yerində olan elektrik dövrə kəsiciləri müstəntiq tərəfindən maddi sübut kimi götürülmüşdür.Törətdiyi əməldən peşmandır, zərərçəkmişə dəymiş ziyanı qaytardıqlarını qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci il oktyabrın 13də saat 23 radələrində Təqsirləndirilən şəxs1la söhbət zamanı qonşuluqda yerləşən zavoddan oğurluq barədə razılığa gəlmişlər.Oktyabrın 14-də saat 04 radələrində yaşadıqları evin yaxınlığında Aqillə birlikdə həmin zavodun həyətinə girib oradan elektrik cərəyanını dövrdən ayırmaq üçün 14 ədəd kəsici, yəni rubilnik və 8 ədəd metal boru oğurlamışlar. Həmin boruları Salyan şəhərində metal qəbulu məntəqəsinə təhvil vermişlər.14 ədəd rubliniki isə Bakı şəhərinə aparıb satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulmuşdur.Törətdiyi əməldən peşmandır, zərərçəkmişə dəymiş ziyanı qaytardıqlarını qeyd edərək ona köməklik olunmasını xahiş etdi. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq onlara dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə baxışı zamanı Azərbaycan Resbublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC şirkətinin Salyan şəhəri ərazisində Qaynaq sexi yerləşir və həmin sexdə təsərrüfat briqadiri işləyir. Gündəlik olaraq sexin ərazisinə gedərək inventarlara nəzarət edir. Həmin qaynaq sexi təxminən 20 ildir öz fəaliyyətini dayandırıb. Buna baxmayaraq sexin ərazisində ayrı-ayrı tikililər yerləşir. 2015-ci ildə sexin yenidən fəaliyyətə başlaması planlaşdırılmış, bu məqsədlə Salyan şəhərində sexin yeləşdiyi ərazidə 5 x 5 metr ölçüdə kvadratşəkilli bina inşa edilmiş və həmin binanın içində 3 ayrı otaqda yeni elektrik transformatorları quraşdırılmışdır. Lakin sonrakı müddətdə sex fəaliyyətini bərpa etmədiyindən həmin tikilidə olan 3 otağın da qapısı açarla bağlanmış, hətta qapıların önünə ağır betonlar qoyulmuşdur. 2022-ci il oktyabrın 14-də səhər saatlarında yenə də sexin yerləşdiyi əraziyə gedərək ərazidə gəzməyə başlamış, yeni inşa edilmiş binanın yaxınlığına getdiyi vaxt qapılardan birinin qarşısında olan betonun yerindən tərpəndiyini, metal qapının aşağı hissəsində olan metal barmaqlıqların aralandığını görmüşdür. Bundan sonra qapını açaraq içəri daxil olmuş və inventarları yoxlamağa başlamışdır. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər 2022-ci il oktyabrın 14-də gecə saatlarında qaynaq sexinin ərazisinə girərək yeni inşa edilmiş binanın qapısının qarşısına qoyulmuş betonu kənara çəkmiş və qapının aşağı hissəsində olan metal barmaqlıqları aralayaraq içəri daxil olmuşlar. Həmin şəxs və ya şəxslər tikilinin içində quraşdırılmış elektrik transformatorunun içindən 14 ədəd elektrik dövrə kəsicisini (rubilnik) və 8 ədəd alüminium materialdan olan birləşdirici hissəsini oğurlamışlar. Bundan sonra Salyan Rayon Polis Şöbəsinə gələrək ərizə yazmış, polis şöbəsində qaynaq sexindən 14 ədəd elektrik dövrə kəsicisini (rubilnik) və 8 ədəd alüminium materialdan olan birləşdirici hissəni Salyan şəhər sakinləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları müəyyən edilmişdir. 14 ədəd elektrik dövrə kəsicisinin (rubilnik) hər birinin balans dəyəri 220 manat, 8 ədəd alüminium materialdan olan birləşdirici hissənin isə hər birinin balans dəyəri 25 manatdır. Beləliklə, baş vermiş oğurluq nəticəsində Zərərçəkmiş şəxs MMC şirkətinə ümumilikdə 3280 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, həmin elektrik dövrə kəsicilərinin və birləşdirici hissələrin yerinə bərpa edilməsi üçün texniki servisə 250 manat sərf edilməlidir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 göstərmişdir ki, “X8” MMC-nin Salyan qara metal qəbulu məntəqəsində baş mütəxəssis vəzifəsində işləyir. 2022-ci il oktyabrın 14-də saat 08 radələrində məntəqədə olduğu vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 məntəqəyə gələrək 8 ədəd metal boru ona satmışdır. Metalın bir kiloqramını 45 qəpiyə qəbul etdikləri üçün Familə 9 manat pul vermiş və həmin metal dirəkləri almışdır. Famildən qeydiyyat aparılması üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini istədikdə isə Famil şəxsiyyət vəsiqəsini itirdiyini demişdir. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci il oktyabrın 14-də saat 08:30 radələrində şöbənin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Salyan şəhəri ərazisində xidmətdə olduqları vaxt əvvəllər törətdiyi oğurluq cinayətlərinə görə məhkum oğlunmuş Təqsirləndirilən şəxs1 sərnişin qismində əyləşdiyi “Xəzər” markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündən avtomobili dayandırmasını xahiş etmişlər. Sürücü avtomobili dayandırdıqdan sonra yaxınlaşıb özlərini təqdim etmiş və əməliyyat xarakterli söhbət aparmağa başlamışlar. Söhbət zamanı avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salyan şəhəri ərazisində yerləşən qaynaq zavodundan elektrik dövrə kəsicilərini (rubilnik) oğurladıqlarını və həmin dövrə kəsicilərinin (rubilnik) avtomobilin yük yerində olduğunu etiraf etmişlər. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid4 da Şahid3 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunmuş 2022-ci il oktyabrın 14-də tərəfimdən tərtib edilmiş “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Şahid2 idarə etdiyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərnişin qismində əyləşdikləri “Xəzər” markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 14 ədəd elektrik dövrə kəsicisi (rubilnik) aşkar olunaraq götürülmüşdür. 2022-ci il oktyabrın 15-də tərtib edilmiş “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Salyan şəhəri, 20 yanvar küçəsində yerləşən “X8” MMC-nin Salyan qara metal qəbulu məntəqəsindən hər biri 70 sm uzunluğunda olan 8 ədəd metal birləşdirici hissə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 noyabr 2022-ci il tarixli, 9/7981 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 245 manat müəyyən edilir. O cümlədən: - 01 ədəd üzərində “ABB” markalanma göstəriciləri olan elektrik dövrə kəsicisi (rubilnik) – 220 manat; - 01 ədəd 70 sm uzunluğunda metal birləşdirici – 25 manat. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğu sonuncu dəfə Salyan rayon məhkəməsinin 16 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 1(057)-63/2016 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 oğu Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli iblinərək 4 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilərək üzərində qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğu sonuncu dəfə Salyan Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(057)-94/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 oğu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona Salyan rayon məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi təyin edilən cəzaya qismən birləşdirilməklə və şübhəli şəxs kimi tutulduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 7(057)-423/2021 nömrəli qərarının surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(057)-94/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 oğu barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Salyan Rayon İcra və Probasiya Şöbəsinin 10 noyabr 2022-ci il tarixli, 150/04 nömrəli məktubundan görünür ki, Salyan rayon məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(057)-94/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 oğu “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Salyan rayon məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 7(057)-423/2021 nömrəli qərarı ilə cəzadan azad edildiyi üçün 03 dekabr 2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğu yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğu yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 07 noyabr 2022-ci il tarixli, 2700 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 oğu 2011-ci ildən, Təqsirləndirilən şəxs2 oğu isə 2018-ci ildən Narkoloji kabinetdə “Tiryək narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatdadırlar, Psixonevroloji kabinetdə isə qeydiyyatda yoxdurlar. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə 2022-ci il 18 oktyabr tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, həmin şəxslərlə barışmışdır və MMC-nin həmin şəxslərə qarşı şikayət və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzasını yüngülləşdirən nəzərə alınmalı, cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət zarakterizə olunması, təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzasını yüngülləşdirən nəzərə alınmalı, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barələrində həbs qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəsini alana kimi həmin qətimkan tədbiri dəyişdirilməməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, hər iki təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş, onlar həmin maddlərlərlə təqsirli bilinməli və sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdırlar. Onların hər ikisini qeyd olunan maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətlərin təhlükəli residivi var, Təqsirləndirilən şəxs2 hərəkətlərində isə cinayətlərin residivi olmasa belə dəfələrlə məhkum olunmuşdur.Ona görə də məhkəmə belə hesab edir ki, onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunması daha əsaslı, qanuni və ədalətlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, hər iki təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 təhlükəli residivə görə cəza təyin olunmalı, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 05 yanvar 2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 05 yanvar 2023-cü ildən hesablanmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna məhkəmə prosesi zamanı hər iki təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü ildən hesablansın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü ildən hesablansın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı hər iki təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesablarına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar