Məhkəmə qərarları › İş №1(057)-13/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-13/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-13/2025 16.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, İİ Qarabağ müharibəsinin iştirakçısı, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmuşdur. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2024-cü il iyunun 02də saat 13 radələrində yaşadığı Salyan rayonu Şorsulu kəndində yerləşən "xxxx" adlı ərzaq mağazasında dəyərini tam ödəmədən siqaret almaq istəməsi ilə razılaşmayan mağazanın satıcısı Salyan rayonu Sarvan kənd sakini Şahid1 tam ödəniş etməsini tələb etməsinə görə əsaslı səbəb olmadan mübahisə edib sonuncunu nəlayiq ifadələrlə təhqir etdikdən sonra həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs həmin marketin qarşısına gəlib arvadı Şahid1 ünvanına nəlayiq məzmunlu ifadələrin işlədilməsi səbəbini soruşduqdan sonra hər ikisi marketin binasının sol yan tərəfinə kimsəsiz yerə çəkilib aralarında qısa zaman kəsiyində şəxsi münasibətlər zəminində yaranmış sözlü mübahisənin davamı olaraq öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərib Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir yumruq zərbəsi vuraraq xuliqanlıq niyyəti ilə sonuncuya alt çənə sümüyünün sağ şaxəsinin qapalı yerini dəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı Şorsulu kəndində yerləşən "xxxx"dən siqaret alır. Bəzən aldığı siqaretə görə qalıq pulunu kassadan götürmür ki, başqa vaxt qalıq pulu olmayanda əvəzləşdirə bilsin. 02 iyun 2024-cü il tarixdə mağazada satıcı işləyən Xanım ondan qalıq pulu tələb etdiyi üçün yanında olan sinif yoldaşı onun əvəzindən qalıq pulu vermişdir. 02 iyun 2024-cü il tarixdə "xxxx"in qarşısında dayanıb həmin marketin işçiləri Elvin və Seymur ilə öz aralarında söhbət edirkən, marketdə işləyən sonradan adının Şahid1 olaraq bildiyi şəxs küçəyə çıxıb üzünü ona tutub nəyə görə onun barəsində danışdığını soruşmuşdur. O, da cavab vermişdir ki, onun haqqında deyil, başqası haqqında danışır. Xanım ona inanmamış və onunla söhbət etmək üçün marketin içərisinə girməyini istədiyi üçün marketə daxil olmuşdur. Xanım bir daha nəyə görə onun barəsində danışdığını soruşduqda o, onun barəsində deyil, başqa bir adam barədə söhbət etdiyini demiş, Xanım ona inanmamış və onun ünvanına nəlayiq ifadələr işlətməklə söyüş söymüşdür. Xanımın bu sözlərindən sonra o əsəblərini cilovlaya bilməmiş və Xanımın üzünə qarşı nəlayiq ifadələr işlətməklə söymüşdür. Sonradan Xanımdan üzrxahlıq etmişdir. Xanım demişdir ki, “gözlə, sənin başını partladacam” və daha sonra öz mobil telefonu ilə zəng etməyə başlamışdır. Xanım ona ərinin gəlişini gözləməyi tələb etdiyi üçün marketdən bir qədər aralıda küçədə dayanıb Xanımın ərinin gəlməyini gözləmişdir. Xanımın ərini əvvəllər tanımamış, sonradan adının Emil olduğunu bilmişdir. Təxminən 15- 20 dəqiqədən sonra Xanımın əri Emil marketin qarşısına gələrək onu yanına çağırıb marketin yan tərəfinə keçmişdir. Emilin arxasınca marketin yan tərəfinə keçmişdir. Emil əlini ona uzatdığı üçün o da əlini uzatdıqda Emil sol əli ilə onun sifət nahiyyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Emil onu sinəsindən itələmiş və o, müvazinətini itirib arxaya doğru yıxılmışdır. O yerdən qalxan vaxt Emil öz qolunu onun boynuna keçirib onu boğmağa başlamışdır. O, Emildən onun boynunu buraxmamasını, buraxacağı halda onu vuracağını demişdir. Mağazanın işçiləri Elvin və Seymur araya girib onları ayırmışlar. Bundan sonra o, artıq əsəbiləşdiyi üçün qarşısında olan Emilin sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, Emil ilk öncə ona yumruq zərbəsi atıb daha sonra da itələyib boğmağa çalışdığı vaxt o Emilin əlindən çıxmışdır, həmin vaxt yanında olan mağaza işçiləri Elvin və Seymur da araya girib onları ayırmışlar. O, Emili yumruqla cəmi bir dəfə vurduqdan sonra Xanımın qışqırıq səsini eşidib həmin tərəfə baxdıqda Xanımın yerdən götürdüyü daş parçası ilə onu vurmaq istədiyini görmüşdür. İİ Qarabağ müharibə iştirakçısıdır, Zəngilanın, Qubadlının və Xocavəndin azad edilməsinə görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. Zərər çəkmiş şəxs ondan barışmaq üçün 8000 (səkkiz min) manat pul tələb edir. Onun maddi imkanı 1000 (bir min) manat ödəməyə imkan verir. Barışıq üçün Emilə zəng vurmuşdur. Şəhid atasını onlara göndərmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, arvadı Şahid1 Salyan rayonu, Şorsulu kəndində yerləşən "xxxx"də satıcı vəzifəsində işləyir. 2024-cü il iyunun 02-də təxminən saat 14 radələrində arvadı Xanım ona zəng edib ağlayaraq bir az əvvəl marketdə bir nəfərin onu nəlayiq ifadələrlə söyüb təhqir etdiyini deyib təcili gəlməyini istəmişdir. Marketə daxil olub nə baş verdiyini soruşduqda arvadı danışmışdır ki, bir az əvvəl İlknur adlı müştəri heç bir səbəb olmadan küçədə marketin digər işçiləri yanında onun ünvanına ucadan nəlayiq ifadələr işlətmişdir, daha sonra marketin içərisində onunla mübahisə edərək orada olan müştərilərin və marketin içləri yanında uca səslə onun üzünə qarşı daha ağır təhqiramiz ifadələrlə söyüb təhqir etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisədən iki-üç gün əvvəl yoldaşı Xanım ona yaşadıqları evdə demişdir ki, mağazaya gələn bir nəfər müştəri ağzı ilə ona qarşı pis-pis hərəkətlər edir. O, da yoldaşına demişdir ki, bu barədə mağazanın müdiri Elvinə bu barədə məlumat verməsini istəmişdir. İyunun 4-də qaynının toyu olacaqdır. 02 iyunda evə gələrkən yoldaşı onun mobil telefonuna zəng vuraraq demişdir ki, həmin adam yenə də gəlib onun ünvanına pis-pis sözlər demişdir. O, da yoldaşına bu barədə Elvinə məlumat verməsini dedikdə, yoldaşı ona demişdir ki, Elvin məzuniyyətdədir. On görə də o, mağazaya getmişdir. Əlində olan siqareti ağzına qoyaraq əli ilə İlknura salam vermək istəyərkən İlknur onu yıxmaq istədikdə o, cəld tərpənərək İlknuru itələyərək yerə yıxmışdır. Orda olan şəxslər onları aralamışdır. İlknur nəlayiq ifadələr işlətməklə onları söymüşdür. O, hadisə yerindən uzaqlaşmaq istəyərkən İlknur onu arxadan yumuruqla vurmuşdur. O, elə bilmişdir ki, dişi sınmışdır. Həkimlər ona demişdir ki, çənən sınmışdır. İki dəfə əməliyyat olunsa da təqsirləndirilən şəxs ora gəlməmiş, heç bir maddi yardım nə də ki, diqqət görməmişdir. O, da barışmaq istəmişdir. Yalnız bir dəfə şəhid atası onlara barışıq üçün gəlmişdir. O, şəhid övladıdır. Atası İ Qarabağ müharibəsində şəhid olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı İlknur sərxoş olmuşdur. İlknur onun sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuşdur, həmin vaxt hadisə yerində marketin işçiləri Elvin və Seymur olmuşdur, daha sonra hadisə yerinə arvadı Xanım gəlmişdir. Alt çənə sümüyü və 3 dişi sınmışdır. O, İlknuru itələdikdən sonra boynundan və qolundan yapışaraq yerdən qaldırmışdır. Eyni zamanda Elvin və Seymur onu tutub oradan uzaqlaşdırmağa başlamışlar və o üzünü ona tutub saxlayanlara tərəf çevirdikdə İlknur onun sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. İki dəfə əməliyyat olunsa da təqsirləndirilən şəxsdən heç bir diqqət görməmişdir. O, da barışmaq istəyərdi. Bir dəfə şəhid atası onlara barışıq üçün gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan rayonun Şorsulu kəndində yerləşən "xxxx"də satıcı vəzifəsində işləyir. 2024-cü il iyunun 02-də təxminən saat 13 radələrində İlknur mağazaya daxil olub pulunu tam olaraq ödəmədən ona siqaret verməyini istəmişdir, İlknur narazı halda marketdən küçəyə çıxmışdır. Bundan bir neçə dəqiqə sonra o, marketin mətbəxində nahar hazırlayan zaman İlknurun marketin qarşısında uca səslə onun adını çəkməklə ünvanına davamlı olaraq nəlayiq ifadələrlə söyüş söydüyünü eşitmişdir. O dərhal marketin qapısından küçəyə boylandıqda görmüşdür ki, marketin müdiri Elvinin yanında dayanmış işlədiyi marketin müştərisi olan İlknur onun ünvanına nəlayiq ifadələr işlətməyə davam edir. O, sözləri götürmək istəməmişdir. Marketin qarşısında küçədə mübahisə etməmək üçün İlknuru və marketin müdiri Elvini içəri çağırmış və onlar içəri daxil olduqda bir daha İlknurdan kimin ünvanına söydüyünü soruşmuşdur. İlknur bu dəfə də onun üzünə qarşı bildirmişdir ki, söydüyü söyüşlər və nəlayiq ifadələri onun haqqındadır. O zaman dözməyib İlknura bildirmişdir ki, onun ünvanına söydüyü söyüşlər və işlətdiyi nəlayiq ifadələr öz ailəsinə və yaxınlarına aiddir. Bunun cavabında İlknur onun üzərinə yerimiş və onu daha ağır məzmunlu nəlayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra o, əri Emilə zəng edib ağlayaraq yanına gəlməyini istəmişdir. Təxminən 20 dəqiqədən sonra Emil onun yanına gəlib nə baş verdiyini soruşmuş və o, bir az əvvəl baş vermiş hadisəni Emilə danışmışdır. Daha sonra Emil özü İlknur ilə söhbət edəcəyini deyib marketin müdiri Elvin və satıcı Seymur ilə birlikdə küçəyə çıxmışdır, o isə marketdə qalmışdır. Bir neçə dəqiqədən sonra o da marketdən küçəyə çıxmış və görmüşdür ki, marketin sol yan tərəfində Elnur ilə əri Emil qarşı-qarşıya dayanıb dalaşmağa, Elvin və Seymur isə araya girib onları ayırmağa başlamışlar. Sonra isə Elvin əri Emilin qollarından tutub onu kənarlaşdırmışdır. Buna baxmayaraq İlknur qəfildən Emilin sifətinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Emil ona demişdir ki, özünü pis hiss edir və onlar birlikdə ərinin avtomobilinə əyləşib rayon polis şöbəsinə gəlmişlər. İlknur bir neçə dəfə onun işlədiyi marketdən siqaret alarkən siqaretin tam dəyərini kassaya ödəmədən siqaret almaq istəmişdir. O da hər dəfə İlknura haqlı olaraq iradını bildirmişdir ki, aldığı malın dəyərini tam ödəməlidir, əks halda çatışmayan məbləğ satıcının maaşından tutulacaqdır. Hər dəfə bu səbəbdən İlknur ilə aralarında sözlü mabahisə baş vermişdir və o da hər dəfə bu barədə marketin müdirinə məlumat vermişdir. Həmin gün də, İlknur mağazaya daxil olub eyni qayda ilə pulu tam olaraq ödəmədən siqaret almaq istəmiş və aralarında yenidən sözlü mübahisə yaranmışdır. Bundan bir neçə dəqiqə sonra İlknurun marketin qarşısında küçədə onun ünvanına ucadan söyüş söydüyünü eşitmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, iki gün sonra qardaşının toyu olacağı üçün hər hansı bir hadisənin olmasından qorxmuşdur. İlknur onu söyməmiş olsaydı, o pula görə ərinə heç bir məlumat verməzdi. O, işin söz-söhbətini evə aparmaq istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şorsulu kəndində yerləşən "xxxx" MMC-nin 6107 №-li mağazasının müdiri vəzifəsində işləyir. Şahid1 həmin mağazada satıcı vəsifəsində işləyir. Şorsulu kənd sakini Təqsirləndirilən şəxs marketin daimi müştərisidir. Hadisə olan vaxt, yəni 2024-cü il iyunun 2-də o, məzuniyyətdə olmuşdur. Lakin buna baxmayaraq mağazaya getmişdir. Marketin qarşısında küçədə dayanmışdır, həmin vaxt İlknur mağazadan çıxıb əsəbi halda ona yaxınlaşıb mağazanın Xanım adlı satıcısının müştərilərlə davranışından giley etməyə başlayıb daha sonra Xanımın ünvanına ucadan nəlayiq ifadələr işlətmişdir. Bu vaxt marketin qapısından küçəyə boylanan Xanım İlknurun dediklərini eşitmiş və onu yanına çağırıb İlknurun kimin haqqında giley edib söyüş söydüyünü soruşmuşdur. O Xanıma deyəndə ki, İlknur onun haqqında gileylənir, o zaman Xanım üzünü İlknura tutub marketə girməyini istəmişdir. İlknur mağazaya girdikdə o da İlknurun arxasınca mağazaya girmişdir. Mağazanın daxilində Xanım ilə İlknur arasında sözlü mübahisə yaranmışdır, həmin vaxt Xanım nəyə görə onun barəsində nəlayiq ifadələr işlədildiyini İlknurdan soruşmuş və sonra İlknurun onun barəsində küçədə işlətdiyi nəlayiq ifadələrin İlknurun öz ailəsinə və qohumlarına aid olduğunu söyləmişdir. Bundan sonra İlknur daha da əsəbləşərək yenidən Xanımın üzünə qarşı ucadan nəlayiq ifadələr işlətmişdir. O, vəziyyətin daha ağır fəsad verməməsi üçün İlknurun qolundan yapışıb mağazadan küçəyə çıxartmışdır, həmin vaxt Xanım arxadan qışqırıb İlknura demişdir ki, heç yerə getməsin, ərinin gəlməyini gözləsin. İlknur mağazadan küçəyə çıxdıqdan sonra öz evləri istiqamətdə getmişdir. Bunu gördükdə o da öz avtomobilinə əyləşib iş yoldaşı Seymuru yaxınlıqdakı dönərxanadan götürməyə getmiş və təxminən 15 dəqiqədən sonra birlikdə mağazaya qayıtmışlar. Bundan daha təxminən 5-6 dəqiqə sonra mağazanın qarşısına Xanımın əri Emil özünün idarə etdiyi avtomaşınla gəlmişdir. Əvvəlcə Emil marketə girib arvadından nə baş verdiyini soruşmuş və sonra marketdən küçəyə çıxmışdır. Bu vaxt İlknurun öz evi tərəfdən marketə doğru gəldiyini görüb İlknuru yanına çağırmışdır. Emil ilk olaraq əlini İlknura uzadıb bura dalaşmağa deyil, arvadının ünvanına söyülən söyüşlərin səbəbini öyrənməyə gəldiyini demişdir. Bundan sonra İlknur və Emil marketin sol yan tərəfinə keçib orada öz aralarında söhbət etməyə başlamışlar. Emil ilə İlknurun dalaşmamaları üçün o və Seymur onlara yaxınlaşıb araya girmişlər, o Emili, Seymur isə İlknuru tutub saxlamaqla onları bir qədər kənarlaşdırmışlar. Bu vaxt İlknur onun Emili tutub kənarlaşdırmağından istifadə edib Emilin sifət nahiyyəsinə qəfildən bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Emilin ağzından və burnundan qan gəlməyə başlamışdır. Emil özünə gəldikdən sonra arvadı Xanım ilə birlikdə öz avtomobillərinə əyləşib oradan getmişlər. Marketin daxilində İlknur ilə Xanım arasında baş vermiş sözlü mübahisə marketin daxilindəki müşahidə kamerası tərəfindən çəkilmişdir və o, həmin hadisənin videogörüntüsünü istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Cinayət işinin 1-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Cinayət işinin 22-ci vərəqində olan “DVD formatlı diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cəmi 58 saniyəlik videogörüntüdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında yalnız sözlü mübahisə baş vermişdir, həmin vaxt mübahisə edənlər arasında heç bir dava-dalaş baş verməmişdir, həmçinin ictimai qayda pozulmamış və marketin iş fəaliyyəti dayanmamışdır. Cinayət işinin 26-cı vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2024-cü il tarixli, 244 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyunun sağ və sol nahiyələrinin, sağ və sol bazunun yuxarı 1/3nin qançırları küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə boğazından və yuxarı ətraflardan tutub sıxma nəticəsində əmələ gələ bilər. Sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin 27-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2024-cü il tarixli, 337 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-alt çənə sümüyünü sağ şaxəsinin qapalı yerini dəyişən sınığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəricəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Cinayət işinin 43-cü vərəqində olan Azərbaycan Respublikası medallarının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin 53-55-ci vərəqlərində olan “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokol və 04 ədəd fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi yeri göstərmişdir. Cinayət işinin 70-71-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 84-85-ci vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X6 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X4 18-1-68/2-1942/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin, həkim-psixiatrı Xatirə Ağayevanın məlumatlarına əsasən Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 89-cu vərəqində olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 91-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 263 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin 92-93-cü vərəqlərində olan Salyan RİHB-nın Şorsulu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Şorsulu kəndində ailəsi ilə birlikdə yaşayır, pis vərdişləri yoxdur. Uşaqlara qarşı mehriban və qayğıkeşdir. Öz davranışları ilə kənd əhalisinin dərin hörmətini qazanmışdır. 2014-2015-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti layiqli başa vurub kəndə qayıtmışdır. xx.xx.2020-ci ildən 03 yanvar 2021-ci il tarixlərdə könüllü hərbi xidmətdə olmuşdur. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib peşman olmasını, İİ Qarabağ müharibəsinin iştirakçısı olması, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayətin görüntülərini əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə, Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu, Şorsulu kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Cəzaların İcrası Məcəlləsinin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Cəzaların İcrası Məcəlləsinin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Şorsulu kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayətin görüntülərini əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar