Məhkəmə qərarları › İş №1(057)-130/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-130/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-130/2023 22.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Yaqub oğlunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X11 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 2 ədəd kibrit qutusunda 18 ədəd polietilen kəsiyi bükümündə xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan ayrı-ayrılıqda təmiz çəkiləri 0.093 qram, 0.054 qram, 0.050 qram, 0.067 qram, 0.069 qram, 0.062 qram, 0.061 qram, 0.060 qram, 0.051 qram, 0.090 qram, 0.058 qram, 0.084 qram, 0.079 qram, 0.047 qram, 0.051 qram, 0.046 qram, 0.052 qram və 0.055 qram olmaqla, ümumi təmiz çəkisi 1.129 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd kibrit qutusunda 2 ədəd kağız bükümdə xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan ayrı-ayrılıqda təmiz çəkiləri 0.199 qram və 0.904 qram, ümumi təmiz çəkisi 1.103 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il mayın 7-də saat 15:30-da Salyan şəhəri, Y.Zərgərli küçəsində, yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 15:50-də ünvan 2 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli jiletin sağ yan cibindən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək bildirmişdir ki, uzun müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin qəbul edir, narkomaniya xəstəliyindən əziyyət çəkir, bədənində ağrılar olduğu üçün narkotik maddələr qəbul edir. Onun üzərindən aşkar olunmuş ittihamda göstərilən narkotik vasitə olan heroini və metamfetamini polis tərəfindən tutulandan 3-5 gün əvvəl tanımadığı, sosial şəbəkələrdə tanış olduğu Xomeyni adlı İran İslam Respublikası vətəndaşından 200 manat pul müqabilində almış, vədələşdikləri kimi Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində olan işıq dirəklərinin birinin yanına Xomeyni tərəfindən öncədən qoyulmuş 1 ədəd sellofan torbanı götürərək açıb baxmış, içərisində onun həmin şəxsə sifariş verdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğunu görərək götürüb cibində saxlamış, bir neçə gün həmin maddələrdən bir qədərini istifadə etmiş, qalanını isə üzərində saxlamışdır. Sonuncu dəfə həmin narkotik vasitə olan heroindən bir qədərini polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə qəbul etmiş, 07 may 2023-cü il tarixdə saat 15:30 radələrində Salyan şəhəri, Y.Zərgərli küçəsi ərazisində, yaşadığı evin yaxınlığında dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə getməyi ona təklif etmiş, o da razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulmuş, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə, psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, o, həmin anda əynində olan qara rəngli jiletin sağ yan cibindən içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 03 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmiş, müstəntiq onun təqdim etdiyi kibrit qutularına baxdığı vaxt 1 kibrit qutusunun içərisində 10 ədəd, digər kibrit qutusunun içərisində 8 ədəd və digər kibrit qutusunun içərisində 2 ədəd büküm olmasını bildirərək bu barədə ona sual etmiş, o da həmin kibrit qutularının içərisində olan 10 və 8, cəmi 18 ədəd sellofan bükümdə olan kütlələrin narkotik vasitə heroin olmasını, digər kibrit qutusunda olan 2 ədəd kağız bükümdə olan kütlələrin isə psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin kütlələri 3-5 gün bundan əvvəl Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisindən əldə etdiyini və üzərində saxlamaqda məqsədinin yalnız şəxsi istifadə etməsi olmasını demiş, həmin kütlələrdən heç kimə verməmiş, yaxud satmamış, həmin kütlələri üzərində saxlayarkən satış məqsədi olmamışdır. Üzərindən aşkar olunmuş heroin və metamfetamin tərəzidə çəkilərək 03 ədəd kibrit qutusunda olan ümumilikdə 20 ədəd büküm kibrit qutusu ilə birlikdə müstəntiq tərəfindən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, o da imzası ilə təsdiq etmişdir. Ondan aşkar olunmuş həmin maddələri satmaq niyyəti olmamış, yalnız xəstə olduğu üçün özünün istifadəsi üçün ayrı-ayrı bükümlərdə qablaşdıraraq üzərində saxlamışdır. Hazırda səhv iş tutduğunu başa düşməklə peşmançılıq hissi keçirdiyini və himayəsində yaşlı atasının olduğunu qeyd edərək ona köməklik olunaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün qismən etiraf ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Salyan rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 07 may 2023-cü tarixdə Salyan şəhəri Y.Zərgərli küçəsi ev 188-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı alınmış, rəhbərlik tərəfindən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş və müvafiq əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün şöbənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin günü saat 15:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri Y.Zərgərli küçəsi ərazisində, yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də razılıq verərək onlarla birlikdə Salyan rayon Polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli jiletin sağ yan cibindən ümumilikdə 3 ədəd kibrit qutusunu və sair əşyaları çıxarıb masanın üzərinə qoymuşdur. 3 ədəd kibrit qutusunun içərisinə baxış keçirilən zaman birinci kibrit qutusunun içərisində 10 ədəd polietilen kəsiyi bükümündə, ikinci kibrit qutusunun içərisində 8 ədəd polietilen kəsiyi bükümündə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlələr, üçüncü kibrit qutusunun içərisində 2 ədəd kağız bükümdə ağ rəngli, kristalşəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələr barədə soruşulduqda o, birinci və ikinci kibrit qutusunda olan kütlələrin narkotik vasitə heroin, digər kibrit qutusunda olan kütlələrin isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri təxminən 3-5 gün bundan əvvəl Bakı şəhəri Lökbatan qəsəbəsi ərazisindən sosial şəbəkələrdən birində təxminən 1 il öncə tanış olduğu Xomeyni adlı İran İslam Respublikası vətəndaşından sonuncu tərəfindən sosial şəbəkədə ona göndərilmiş konum əsasında 200 manat pul müqabilində işıq dirəyinin yanından bükümlərə yığılmamış, bütöv vəziyyətdə 1 ədəd sellofan torbada əldə etdiyini, sonradan həmin kütlələri özünün şəxsi istifadəsi üçün ayrı-ayrı bükümlərə yığmasını bildirmişdir. Əbülfəz həmin kütlələrin çəkisinin bir qədər də çox olmasını, həmin kütlələrdən bir qədərini davamlı istifadə etməsini, son olaraq bir gün öncə həmin kütlələrdən istifadə etdiyini, pulu narkotik vasitə və psixotrop maddəni əldə etdiyi İran İslam Respublikasının Xomeyni kimi tanıdığı vətəndaşının hesab kartına göndərdiyini bildirmişdir. O, həmin kütlələri üzərində şəxsi istifadəsi üçün saxladığını və satış məqsədi olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satması barəsində onlarda əməliyyat məlumatı olmuş, lakin onun həmin narkotik vasitə və psixotrop maddəni kimlərə satmasını müəyyən edə bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid2, Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə analoji olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:05-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Salyan RPŞ-nin inzibati binasında saat 16:20-dən saat 16:50-dək İB-nin müstəntiqi X5 tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili X8, Salyan RPŞ-nin əməkdaşları Şahid3, Şahid1, Şahid2 və Fuad Yüzbaşıyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli jiletin sağ yan cibindən ümumilikdə 3 ədəd kibrit qutusunu, 1 ədəd qara rəngli samsung markalı mobil telefonu, 1 ədəd göy rəngli içərisində siqaret olan sobranie markalı siqaret qutusunu, 1 ədəd alışqanı, 7 AZN pulu və 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi birinci kibrit qutusunun içərisində 10 ədəd polietilen kəsiyi bükümündə, ikinci kibrit qutusunun içərisində 8 ədəd polietilen kəsiyi bükümündə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlələr, üçüncü kibrit qutusunun içərisində 2 ədəd kağız bükümdə ağ rəngli, kristalşəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələr barədə soruşulduqda o, birinci və ikinci kibrit qutusunda olan kütlələrin narkotik vasitə heroin, digər kibrit qutusunda olan kütlələrin isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmin kütlələri təxminən 3-5 gün bundan əvvəl Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisindən sosial şəbəkələrdən birində təxminən 1 il öncə tanış olduğu Xomeyni adlı İran İslam Respublikası vətəndaşından sonuncu tərəfindən sosial şəbəkədə ona göndərilmiş konum əsasında 200 manat pul müqabilində işıq dirəyinin yanından bükümlərə yığılmamış, bütöv vəziyyətdə 1 ədəd sellofan torbada əldə etdiyini, sonradan həmin kütlələri özünün şəxsi istifadəsi üçün ayrıayrı bükümlərə yığmasını bildirmişdir. Əbülfəz həmin kütlələrin çəkisinin bir qədər də çox olmasını, həmin kütlələrdən bir qədərini davamlı istifadə etməsini, son olaraq bir gün öncə həmin kütlələrdən istifadə etdiyini, pulu narkotik vasitə və psixotrop maddəni əldə etdiyi İran İslam Respublikasının Xomeyni kimi tanıdığı vətəndaşının hesab kartına göndərdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin kütlələr elektron tərəzi vasitəsilə həm ayrılıqda, həm də tam olaraq çəkilmiş, bu zaman birinci kibrit qutusunda narkotik vasitə heroinə bənzər kütlənin cəmi çəkisinin 1.22 qram, ikinci kibrit qutusunda narkotik vasitə heroinə bənzər kütlənin cəmi çəkisinin 0.79 qram, üçüncü kibrit qutusunda psixotrop maddə metamfetaminə bənzər kütlənin cəmi çəkisinin 1.57 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd kibrit qutusunda olan kütlələr 1 ədəd boş zərfə yığılaraq qablaşdırılmış, “Zərflər üçün No 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera ilə çəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmin tarixdə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 may 2023-cü il tarixli, 18/471 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə: -1 ədəd kibrit qutusunda 10 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.093 qram, 0.054 qram, 0.050 qram, 0.067 qram, 0.069 qram, 0.062 qram, 0.061 qram, 0.060 qram, 0.051 qram, 0.090 qram və digər 1 ədəd kibrit qutusunda 8 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.058 qram, 0.084 qram, 0.079 qram, 0.047 qram, 0.051 qram, 0.046 qram, 0.052 qram və 0.055 qram, ümumi çəkisi - 1.129 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -1 ədəd kibrit qutusunda 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0.199 qram, 0.904 qram, ümumi çəkisi -1.103 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin ümumi çəkisi– 1,129 qram, cəmi tədqiqata sərf edildi - 0.45 qram (hər ob-0.025qr), qalıq – 0,679 qram. Metamfetaminin ümumi çəkisi-1,103 qram, cəmi tədqiqata sərf edildi- 0.1 qr (hər ob- 0.05qr), qalıq- 1,003 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/471 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023-cü il tarixli, 18/507 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 18 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir; 2 ədəd bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin ümumi çəkisi- 0,679 qram, cəmi tədqiqata sərf edildi- 0,18qr (hər ob-0,01 qr), qalıq- 0,499 qram, metamfetaminin ümumi çəkisi– 1,003 qram, cəmi tədqiqata sərf edildi - 0.1 qram (hər ob- 0,05qr), qalıq – 0,903 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/507 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 700 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu(polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəylərini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmənarkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 1,129 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,103 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış müvafiq olaraq 0,499 qramı və 0,903 qramı maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 06 iyul 2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək ona yenidən ittiham elan edilməklə dindirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Salyan rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il, 11 ay, 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1219 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və onun ailə tərkibi arvadı 1979-cu il təvəllüdlü X9, oğlu 1998-ci il təvəllüdlü X3 və oğlu 1999-cu il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Ceyhun Kərimovun əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində naməlum şəxsdən əldə etmiş və sonrakı müddətdə satış məqsədi ilə üzərində saxlayaraq daşımışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 08 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,129 qram olan narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,499 qramının, ümumi təmiz çəkisi 1,103 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,903 qramının cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 18/471 nömrəli, məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 18/507 nömrəli və məhkəmə- narkoloji ekspertizasının xx.xx.2023-cü tarixli 700 nömrəli rəyləri, ifadələr və protokollar, şəxsi axtarışı əks etdirən DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi-yəni onda aşkar olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünün istifadəsi üçün əldə etdiyi, hər hansı şəxsə satmaq niyyətinin olmadığı barədə ifadəsi həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür, şahidlərin ifadələri ilə, işdə olan digər sübutlarla tam təkzib edilir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ayrıayrı hissələrə bölünmüş və bir neçə bükümlərə yığılmış (cəmi 20 büküm) formada olmuşdur ki, bu da özlüyündə həmin narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edib əvvəlcədən qablaşdırılmasına dəlalət edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmasına edilən cəhd kimi qiymətləndirir və tənqidi yanaşaraq rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 2 ədəd kibrit qutusunda 18 ədəd polietilen kəsiyi bükümündə xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan ayrıayrılıqda təmiz çəkiləri 0.093 qram, 0.054 qram, 0.050 qram, 0.067 qram, 0.069 qram, 0.062 qram, 0.061 qram, 0.060 qram, 0.051 qram, 0.090 qram, 0.058 qram, 0.084 qram, 0.079 qram, 0.047 qram, 0.051 qram, 0.046 qram, 0.052 qram və 0.055 qram olmaqla, ümumi təmiz çəkisi 1,129 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd kibrit qutusunda 2 ədəd kağız bükümdə xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan ayrı-ayrılıqda təmiz çəkiləri 0.199 qram və 0.904 qram, ümumi təmiz çəkisi 1,103 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il mayın 7-də saat 15:30-da Salyan şəhəri Y.Zərgərli küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 15:50-də ünvan 5 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli jiletin sağ yan cibindən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 83, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon Məhkəməsinin 1(057)- 27/2021 saylı 09 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Həmin vaxtdan iki il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qəbul edir, cəzanı yüngülləşdirən halları isə müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti ağırlaşdıran halı, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz əldə etməsi, daşıması, saxlamasını, əvvəllər dəfələrlə məhkum olunmasını məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Eyni növ cinayət əməllərini əvvəllər dəfələrlə törətməsi onun sabit kriminal meyilli olmaqla islah yoluna qədəm qoymayaraq ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Həmçinin, opioidlərin və stimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 1.129 qram olan narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.499 qramı, ümumi təmiz çəkisi 1.103 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.903 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri cəmi 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizalardan sonra qalıq qalmış 0,499 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,903 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 99.48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar