Məhkəmə qərarları › İş №1(057)-130/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-130/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-130/2024 11.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü il 23 may tarixdə saat 22:45 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki qolsuz gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunda ona məxsus ümumi təmiz çəkisi 6,046 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır və hərdən bir əlinə düşəndə narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmiş və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə də məhkum olunmuşdur. 23 may 2024-cü il tarixdə saat 23 radələrində Salyan şəhəri, Ə. Hüseynov küçəsindəki yaşadığı evin yaxınlığında olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğuna görə birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi ona təklif etmiş, razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə Salyan RPŞ-nə gəlmiş, şöbədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə tutuldudqan sonra öz seçimi əsasında ona vəkil təyin olunmuş və ondan sonra hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində narkotik vasitə və ya hər hansı bir qadağan olunmuş predmet olub-olmaması soruşulduqda o, əlacsız qaldığından əynindəki qolsuz gödəkçəsinin sol yan cibində gizlətdiyi bir ədəd kibrit qutusundakı qurudulmuş marixuananı çıxarıb onu polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi həmin kibrit qutusunun içərisində qurudulmuş marixuana olduğunu, onun özünə məxsus olduğunu və iki gün əvvəl Salyan şəhər avtovağzalı ərazisində tanımadığı bir şəxsdən 40 manata aldığını, əldə etdiyi həmin marixuanadan bir dəfə yalnız özünün qəbul etdiyini, ondan kiməsə vermədiyini, satmadığını, onda başqa digər heç bir narkotik vasitə olmadığını bildirmişdir. Təqdim etdiyi həmin kibrit qutusu açılıb baxıldıqda onun içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmiş, keçirilən şəxsi axtarışı zamanı üzərindən başqa digər narkotik vasitə, qadağan olunmuş predmet aşkarlanmamış və təqdim etdiyi həmin kibrit qutusu elektron tərəzidə çəkildikdə onun içərisindəki kütlə ilə birlikdə çəkisinin 8,83 qram olması müəyyən edilmişdir. Daha sonra, həmin kibrit qutusu içərisindəki kütlə ilə birlikdə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq kağız paketə qoyulub paketin ağzı möhürlənərək bağlanmış və paketin üzərinə iştirakçılar kimi o da imza etmişdir. Bu barədə tərtib edilmiş protokol oxunduqdan sonra imzaları ilə protokolun doğruluğunu da təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən və eləcədə ondan sonra bununla bağlı izahatı alınarkən o, üzərindən aşkarlanmış bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı saxlanılmamışdan 2 gün əvvəl Salyan şəhər avtovağzalında tanımadığı bir şəxsdən özünün qəbul etməsi üçün 40 manata aldığını bildirsədə əslində həmin qurudulmuş marixuananı o, kimdənsə almamış, həmin kibrit qutusundakı qurudulmuş marixuananı saxlanılmamışdan bir gün əvvəl yaşadığı küçədə yerdən tapmış və onu özünün qəbul etməsi üçün üzərində gəzdirmiş, ondan kiməsə verməmiş və ya satmamışdır. Əməlindən peşmandır, bir daha belə hüquqazidd hərəkətlərə yol verməyəcək. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və Salyan şəhər sakini olan Təqsirləndirilən şəxs əvvəldən tanımamış və onunla hər hansı bir münasibəti də olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatı ilə əlaqədar onun ifşası ilə bağlı 23 may 2024-cü il tarixdə raportla şöbə rəhbərliyinə məruzə edilmiş, alınmış məlumatın yoxlanılması üçün razılıq verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunmuş və tədbiri keçirəcək əməliyyat qrupunun yaradılması ilə bağlı şöbədə müvafiq əmr verilmişdir. Bundan sonra xidmət etdiyi Regional Şöbənin polis nəfərləri, polis baş serjantları Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, Ə. Hüseynov küçəsində olduğunu görüb yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt ona birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra birlikdə rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, qadağan olunmuş əşya və ya predmet vardırsa çıxarıb onları özü təqdim etsin, əks halda şəxsi axtarışı zamanı həmin əşyalar vardırsa onlar aşkarlanıb götürüləcəkdir. Təqsirləndirilən şəxs həmin vaxt əlacsız qaldığından əynindəki qolsuz gödəkçəsinin sol yan cibində gizlətdiyi bir ədəd kibrit qutusundakı qurudulmuş marixuananı çıxarıb onu təqdim etmiş və təqdim etdiyi həmin kibrit qutusunun içərisində qurudulmuş marixuana olduğunu, onun özünə məxsus olduğunu və iki gün əvvəl Salyan şəhər avtovağzalı ərazisində tanımadığı bir şəxsdən 40 manata aldığını, əldə etdiyi həmin marixuanadan bir dəfə yalnız özünün qəbul etdiyini, ondan kiməsə vermədiyini, satmadığını, onda başqa digər narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kibrit qutusu açılıb baxıldıqda onun içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmiş, keçirilən şəxsi axtarışı zamanı onun üzərindən başqa digər narkotik vasitə, qadağan olunmuş predmet aşkarlanmamış və təqdim etdiyi kibrit qutusu elektron tərəzidə çəkildikdə onun içərisindəki kütlə ilə birlikdə çəkisinin 8,83 qram olması müəyyən edilmişdir. Daha sonra, həmin kibrit qutusu içərisindəki kütlə ilə birlikdə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq kağız paketə qoyulub paketin ağzı möhürlənərək bağlanmış və paketin üzərinə iştirakçılar imza etmişlər. Bu barədə tərtib edilmiş protokol oxunduqdan sonra imzaları ilə protokolun doğruluğunu da təsdiq etmişlər. İş üzrə Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, Şahid1 ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:45-də Salyan RPŞ-nin İBdə şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X6 Yerinə təhvil verilmişdir. Salyan RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına 3-13-104/1-17543/24 saylı cavab raportundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı onun tutulmamışdan 2-3 gün əvvəl yaşadığı ərazidə yerdən tapdığının, onu öz istifadəsi üçün üzərində gəzdirdiyinin, sakinlər arasında Təqsirləndirilən şəxs narkotik istifadəçisi kimi tanındığının müəyyən edildiyi, lakin onun həmin narkotik vasitədən kiməsə satmasının və ya satmaq niyyətinin olmasının müəyyən edilmədiyi göstərilmişdir. 24 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və 01 ədəd diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən onun əynindəki qolsuz gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 24 may 2024-cü il tarixli 19/446 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Vət, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi:-6,046 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi– 6.046 qram, tədqiqata sərf olundu – 0,025 qram, qalıq – 5.996 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 19/446 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış manat) manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 474 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 93.1.4-cü maddələrinə əsasən təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 5.996 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 07 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Salyan şəhəri, Ə. Hüseynov küçəsi ev 13-də yaşaması və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Salyan RMX-nin 11 iyun 2024-cü il tarixli 18-1-68/2-1198/2024 saylı arayışından görünür ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs 2006-cı ildən "Tiryəklə" diaqnozu ilə narkoloji qeydiyyatdadır, Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, xx.xx.2024-cü ilş tarixdə rayon polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs sifət nahiyyəsi9ndə aşkar edilmiş xəsarətlərlə bağlı cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizasının rəyləri cinayət işi üzrə sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 5.996 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri olan CD diski sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 7.81 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Salyan şəhəri, Ə. Hüseynov küçəsi ev 13-də yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 5.996 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 60 (altmış manat) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 4 ünvanında yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X8 aparılmış ekspertizadan sonra qalıq qalmış 5,996 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar