Məhkəmə qərarları › İş №1(057)-130/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-130/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-130/2025 27.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ X21 Yaqub oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Saatlı rayonu, Qarayevkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2025-ci il sentyabrın 01-də saat 21 radələrində Salyan rayonu, Yenikənd kəndində yerləşən “Ümid Palace” şadlıq sarayının həyətində olan zaman orada yerləşən skamyanın üzərindən Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus 2000 manat dəyərində olan “İphone 15 Pro Max” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Saatlı rayonu, Orta Muğan kəndində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhərində yerləşən “Su səsi” adlı restoranda ofisiant işləyir. 2025-ci il sentyabrın 01-də o, ailəsi ilə birlikdə Salyan rayonu, Yenikənd kəndində yerləşən “Ümüd palace” şadlıq sarayında keçirilən qohumunun toy şənliyinə gəlmişdir. Təxminən saat 21 radələrində yaşadığı evə qayıtmaq üçün restorandan çıxmışdır. O, şadlıq sarayının həyətinə çıxdıqda orada yerləşən skamyanın üzərində mobil telefon olduğunu görmüşdür. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mobil telefonu skamyanın üzərindən götürərək restoranın həyətində saxladığı özünə məxsus etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 190 markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq alın şüşəsinin aşağı tərəfindəki plasmasda olan aralığında gizlətmişdir. Valideynləri gəldikdən sonra avtomobilə əyləşərək yaşadıqları Saatlı rayonu, Orta Muğan qəsəbəsinə geri qayıtmışlar. Evə çatdıqdan sonra o, oğurladığı mobil telefona baxmamış, telefon maşında qalmışdır. Həmin mobil telefon “İphone 5 Pro max” markalı mobil telefon olmuşdur. O, mobil telefonun kilidli olmasını görüb parolunu açmağa çalışsa da, aça bilməmişdir. Mobil telefona zəng gəlməmiş, telefonu söndürüb avtomobilində gizlətmişdir. Telefon onda təxminən 10 gün qalmışdır. Təxminən 3-4 gün sonra Bakı şəhəri, Nizami rayonunda yerləşən “Su səsi” şadlıq sarayına işləməyə getmişdir. Restoranda olarkən polislər oraya gəlmiş, həmin yerdən siqnal gəldiyi üçün orada işləyən şəxslərin telefonlarını yoxlamışlar. Həmin vaxt oğurladığı telefon onun maşınında olmuşdur. Bundan sonra telefonun polis tərəfindən axtarıldığını bilib qorxmuşdur. Yaşadığı rayona qayıdaraq izi itirmək üçün həmin telefonu qırıb tullamışdır. Daha sonra onu polis işçiləri şübhəli olduğu üçün yaşadığı evin yaxınlığında saxlamış , Salyan RPŞ-yə gətirmişlər. Belə ki, onun toy məclisinə gələnlərin siyahısında adının olması, “Su səsi” restoranında işləməsi, telefonun siqnalının da həmin restorandan gəlməsi məlum olmuş, buna görə də ondan şübhələnmişlər. Törətdiyi əməldən çox peşmandır. Onun himayəsində xəstə ata və anası var. Belə ki, atası başından əməliyyat olunmuş, Maştağada yerləşən xəstəxanada müalicə almış, anasında isə 2-ci dərəcəli yanıq xəsarətləri var. O, ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmişə dəymiş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Atası zərərçəkmiş şəxslə danışarkən sonuncu məhkəməyə barışıq ərizəsini verdiyini bildirmişdir. Odur ki, ailə vəziyyətini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsindən görünür ki, Hacıqabul rayonu, Muğan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 01 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X15 və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə o, müraciət etmişdir. 01 sentyabr 2025-ci il tarixdə əmisi oğlu X12 rayonu Yenikənd kəndi ərazisində yerləşən “Ümüd plazada” qız toyu şənliyi keçirilirmiş. Bu səbəbdən o, saat 18 radələrində toy mərasiminə getmişdir. Toyda iştirak etdikdən sonra saat 21 radələrində o, namaz qılmaq üçün çölə çıxmış və restoranın qarşısında namaz qılmışdır. Ondan sonra restoranın həyətində olan stulda oturmuşdur. Ona zəng gəlmiş, dostu ilə videogörüntü əsasında danışmışdır. Ondan sonra özünə məxsus olan “İphone 15 Pro Max” markalı mobil telefonunu stulun üstünə qoymuşdur. Tanışları təxminən 25 metr kənarda söhbət etdiyindən onların yanına getmişdir. Telefonu isə stulun üzərində qalmışdır. Təxminən 20 dəqiqə sonra o, geri qayıtmış, telefonunun stulun üzərində olmadığını görmüşdür. Mobil telefonuna bağlı olan saatı vasitəsilə mobil telefonunun ətrafda olduğunu bilmiş, bu səbəbdən dərhal telefonuna (+7***-***-**-**) zəng vurmuşdur. Lakin nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, telefonunun oğurlandığını bildiyi üçün bu barədə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X15 müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki. naməlum şəxs və ya şəxslər “İphone 15 Pro Max” markalı mobil telefonunu oğurlamaqla ona 2000 manat maddi ziyan vurmuşdur. Həmin telefonu bir il əvvəl əmisi oğlu X5 onun üçün Rusiya Federasiyasından aldığını və həmin telefonun bütün qeydiyyat işlərini Elnurun adından aparıldığını bildirmişdir. Telefonunun korpusunun rəngi tünd göy imiş və üzərində qara rəngli üzəri naxışlı, kənar çıxıntıları sarı rəngli kobura var imiş. Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2026-cı il tarixdə teleqram göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Cəza məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, bina 61, ev 63-də ailəsi ilə birlikdə yaşayır. Qızı Fatimənin toyu 2025-ci il sentyabrın 01-də Salyan rayonu, Yenikənd kəndində yerləşən “Ümid place” adlı şadlıq sarayında keçirilmişdir. Təxminən saat 21 radələrində bəyin əmisi oğlu Elşən özünə məxsus olan “İphone 15 Pro Max” markalı mobil telefonunu şadlıq sarayının həyətində skamyanın üzərinə qoyduğunu, naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Sonra Elşən Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X15 məlumat vermişdir. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər, Elşənin mobil telefonunu axtarmışlar, lakin tapa bilməmişlər. Həmçinin Elşən şadlıq sarayında mikrofon ilə mobil telefonunu kiminsə götürdüyünü deyərək gətirib qaytarmasını bildirmiş, lakin heç kim qaytarmamışdır. Sonradan Elşənin “İphone 15 Pro Max” markalı mobil telefonunu qohumu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Təqsirləndirilən şəxs 2025-ci il sentyabrın 01-də Salyan rayonu, Yenikənd kəndində yerləşən “Ümüd palace” adlı şadlıq sarayında keçirilən həmin toy şənliyində iştirak etmişdir. Şahid xx.xx.2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahiddir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Üzrlü səbəbdən xx.xx.2026-cı il tarixində keçiriləcək məhkəmə iclasında iştirak edə bilmir. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində naməlum şəxs və ya şəxslər ünvan 1 yerləşən “Ümid Plaza” şadlıq evinin həyətində olan stulun üzərinə qoyduğu “İphone 15 pro maks” markalı telefonu oğurlamaqla ona 2000 manat ziyan vurmuşdur. Odur ki, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Salyan RPŞ-nin əməkdaşları – X2, X7, Zərərçəkmiş şəxs, hal şahidləri – X11 iştirakları ilə ünvan 1 yerləşən Zərərçəkmiş şəxs İphone 15 pro maks” markalı telefonunun oğurlandığı yerə baxış keçirilmiş, baxış zamanı mobil telefonun “Ümid Plaza” adlı restoranın həyətində olan ağacın altında olduğu, həmçinin ətrafda rayon tipli tikililərin olduğu, nəzarət kameralarının olmadığı müəyyən olunmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan “Tele Doktor” mobil aksessuarlar mağazasının müdiri X3 dərəfindən verilmiş arayışdan görünür ki, bir ədəd “İphone 15 Pro Max” markalı tünd göy rəngli, bir sim kartlı, 256 GB yaddaş tutumu olan bir il əvvəl alınmış mobil telefonun 2025ci ilin sentyabr ayına olan satış qiyməti 2000 manat təşkil edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaydcan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan müstəntiqi Şəhriyar İbrahimov tərəfindən tərtib olunmuş 11.1.2025-ci il tarixli “Whatsapp tətbiqi vasitəsilə göndərilmiş fotoşəkillərə baxış keçirilməsi haqqında protokoldan” və eyni tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan oğurlanmış “İphone 15 Pro Max” markalı, 35 684067 707070 7 İMEİ kodlu mobil telefonun Sumqayıt Dəmir Yolu vağzalının yaxınlığında yerləşən fərdi yaşayış evində, həmçinin Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Su Səsi” şadlıq sarayının həyətində olması müəyyən olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Beyrək Nəsirov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs ünvan 1 yerləşən “Ümid Plaza” adlı restoranın həyətində olan ağacın altında stolun üzərinə qoyduğu “İphone 15 Pro Max” markalı, 35 684067 707070 7 İMEİ kodlu mobil telefonu Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da Saatlı rayonu Orta Muğan kəndində yaşadığı evin qarşısında saxlanılaraq saat 13:00-da RPŞ-nə gətirilmişdir. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı həmin tarixdə saat 12:00-dan məhdudlaşdırılmış, həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Ağayev X13 rayonu Çolpı kəndi yaxınlığında oğurladığı “İphone 15 Pro Max” markalı mobil telefonu asfalta vuraraq sındırmış, qalan qalıqları yandırmağa cəhd etmişdir. Telefonun yanmadığını görüb qalıqların bir hissəsini kolluq əraziyə bir hissəsini isə yaxınlıqdan keçən su kanalına atmışdır. Baxış zamanı mobil telefonun tam yanmamış ekranı və korpus hissəsinin tünd göy rəngli qalıqları aşkar olunaraq götürülmüşdür. Baxış həmin tarixdə saat 12:10-da başlamış, saat 12:35-də qurtarmışdır. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan “İphone 15 Pro Max” markalı mobil telefonun qalıqları işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş “toy şənliyində pulların yazıldığı dəftərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, toy şənliyində pulların yazıldığı dəftərdə “Ağayev Elman 100 m” yazısının yazılmış olması, Şahid qızı Fatimə üçün keçirtmiş olduğu toy şənliyində X9 iştirak etməsi müəyyən olunmuşdur. İş materiallarında olan Saatlı RİHB-nın Orta Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 253 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi- atası 1961-ci il təvəllüdlü X8, 1982-ci il təvəllüdlü X4, 2002-ci il təvəllüdlü X6 ibarətdir. Atası İİ qrup əlildir, Təqsirləndirilən şəxs ona qulluq edir. İş materiallarında olan Saatlı RİHB-nın Orta Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 20 oktyabr 2025-ci il tarixli 18-1-65/2-781/2025 nömrəli arayışından görünür ki, Saatlı rayon, Orta Muğan kəndində qeydiyyatda olan və yaşayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji, pisxoloji və digər xəstəliklərlə bağlı dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə ünvanladığı ərizəsindən görünür ki, xx.xx.2025-ci ildə ünvan 1 yerləşən şadlıq sarayında keçirilən toy şənliyində ona məxsus mobil telefon naməlum şəxs tərəfindən oğurlanmışdır.Hazırda həmin oğurluq hadisəsinin iştirakçısı Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına alınmış Salyan RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahverdi Cəfərovun verdiyi xx.xx.2025-ci il tarixli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən hər hansısa şəxsin köməyindən istifadə etməsini, həmçinin iş üzrə digər zərərçəkmiş şəxslərin olub-olmamasını və digər bu növ cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Hacıbala Əlisgəndərli tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilərk istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Hacıbala Əlisgəndərli tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 19:30-dan 19:35-dək ünvan 1 yerləşən “Ümid palace” şadlıq sarayının həyətində aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyi yeri göstərməklə bir daha ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı “İphone 14” markalı mobil mobil telefonla fotoçəkiliş aparılmış və tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarında olan müstəntiq Hacıbala Əlisgəndərli tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il oktyabrın 18-də Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; onun əməlində qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətinin tərkibi müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə cinayət təqibinin başlanılması rədd edilmiş; cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olan “İphone 15 Pro Max” markalı mobil telefonun qalıqları saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmış, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu, fotoşəlillərə və toy şənliyində pulların yazıldığı dəftər baxış keçirilməsi protokolları, hadisə yerinə baxış protokolları və digər istintaq hərəkətlərinin protokol və sənədləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin anası Pərvanə Ağayeva və atası Elman Ağayevə məxsus tibbi sənədlərdən görünür ki, hər iki şəxs müxtəlif diaqnozlarla müalicə almışlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2025-ci il sentyabrın 01-də saat 21 radələrində Salyan rayonu, Yenikənd kəndində yerləşən “Ümid Palace” şadlıq sarayının həyətində olan zaman orada yerləşən skamyanın üzərindən Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus 2000 manat dəyərində olan “İphone 15 Pro Max” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkəmə məsuliyyətinə cəlb olunmamasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini; CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Saatlı rayonu Orta Muğan kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Saatlı rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş, zərərçəkmiş şəxslə barışıq əldə olunmuş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, hal-hazırda əməlindən səmimi peşman olmuş, əvvəllər məhkəmə məsuliyyətinə cəlb edilməmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailədə yeganə qazanc gətirən şəxsdir, valideynləri xəstə olmaqla onun himayəsindədirlər. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Salyan RRŞ-nin maddi sübutları saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus olan “İphone 15 Pro Max” markalı mobil telefonun qalıqları hökm qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Saatlı rayonu Orta Muğan kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Saatlı rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Salyan RRŞ-nin maddi sübutları saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus olan “İphone 15 Pro Max” markalı mobil telefonun qalıqları hökm qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar