Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-132/2023 05.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1960-cı ildə Salyan rayonunun, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olan, faktiki olaraq Sabirabad rayonu, Yaxa Dəllək kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirmək qərarına gəlib bu məqsədlə Sabirabad rayonu, Poladtoğay kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun həbsdə olan oğlu Nihad Hümmətovu azadlığa çıxaracağı barədə əvvəlcədən yalan vəd verməklə bu işlərin görülməsi üçün müəyyən vəzifəli şəxslərlə danışıqlar aparılması məqsədilə görüşlərə getməsi, oğlunun törətmiş olduğu əməl üzrə ittihamın nisbətən yüngül maddəyə tövsif edilməsi və sair bu kimi yalan məlumatlar verib aldadıb inandırmaqla vahid niyyətlə Sabirabad rayonu, Poladtoğay kəndi ərazisində 2022-ci ilin yanvar ayının sonunda Zərərçəkmiş şəxs 300 manatını, fevral ayının əvvəlində 200 manatını, fevral ayının ortasında 200 manatını, mart ayının əvvəlində 300 manatını, mart ayının ortasında 300 manatını, aprel ayının əvvəlində 300 manatını, aprel ayının ortasında 300 manatını, may, iyun və iyul aylarında hər ayda 2-3 dəfə olmaqla müəyyən vəzifəli şəxslərlə görüşə gedəcəyi barədə yalan məlumatlar verərək hər dəfəsində 200-300 manatını, avqust ayının 25-də Sabirabad rayonu, Yaxa Dəllək kəndi ərazisində 2560 manatını, ertəsi gün bankomat vasitəsilə göndərilmiş daha 100 manatını, sentyabr, oktyabr, noyabr, dekabr ayları ərzində hər ayda 2-3 dəfə olmaqla müəyyən vəzifəli şəxslərlə görüşə gedəcəyi barədə yalan məlumatlar verərək hər dəfəsində 200-250 manatını, sonuncu dəfə 2023-cü ilin yanvarın 10-da Salyan rayonu, Qarabağlı kəndi ərazisində 950 manatını, ümumilikdə isə xeyli miqdar təşkil edən 8000 manat pulunu ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddə ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1-da qeydiyyatda olsa da, faktiki olaraq Sabirabad rayonu, Yaxa Dəllək kəndində yaşayır, heç yerdə işləmir. Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayında həmkəndlisi Qurbanın vasitəsilə tanımışdır. Həmin vaxt Qurban ona demişdir ki, qohumu Seymurun oğlunu hərbi hissədə adam öldürmə cinayətinə görə həbs ediblər, hörmətli və geniş əlaqələri olan bir adam kimi bu işdə kömək etməyi xahiş etmişdir. Seymurla görüşüb söhbət edərkən Seymur ona demişdir ki, oğlunu etmədiyi cinayətə görə tutmuşlar. O, Seymurdan işi aparan müstəntiqin kim olduğunu soruşub müstəntiqin telefon nömrəsini istəmişdir. Seymurun verdiyi telefon nömrəsi ilə zəng edib əlaqə saxlayıb danışdıqda ona məlum olmuş ki, həqiqətən Seymurun oğlunu qəsdən adam öldürmə cinayətinə görə həbs etmişlər və barəsində hərbi prokurorluğda cinayət işi istintaq edilir. O, nə zaman görüşüb bu barədə daha ətraflı söhbət edə biləcəyini soruşduqda müstəntiq ona bildirmiş ki, hazırda Şuşa şəhərindədir, nə zaman Bakı şəhərinə qayıtsa zəng edib ona xəbər verəcəkdir. Təxminən 02 ay sonra müstəntiq ona zəng edib Şirvan Şəhər Prokurorluğuna gəldiyini, görüşmək istəsələr prokurorluğa gələ biləcəyini bildirmişdir. Bundan sonra özü, Seymur və arvadı Naidə birlikdə həmin gün Şirvan şəhər prokurorluğuna gəlmişlər və müstəntiq xidməti otaqda Seymurun oğlu Nihadın ifadəsinin yerində yoxlanılmasının videogörüntüsünü kompüterdə onlara nümayiş etdirmişdir. Həmin videogörüntüdə Seymurun oğlu törətmiş olduğu əməli etiraf etmişdir. Bundan sonrakı müddətlərdə, hazırda dəqiq xatırlamadığı tarixlərdə, ayrı-ayrı vaxtlarda 03 dəfə Seymurun özü ilə birlikdə əvvəlcə Daşburun qəsəbəsindəki hərbi prokurorluğa, daha sonra Beyləqan rayonundakı hərbi hissə komandanınlığının yanına və son dəfə Füzuli rayonuna hərbi məhkəmənin katibi ilə görüşməyə getmişlər. Seymurun istəyi ilə Sumqayıt şəhərinə bir neçə dəfə gedərək zərər çəkmiş şəxsin yaxın qohumları ilə barışıq məqsədi ilə görüşmüşdür. O, hər dəfə harasa gedəndə nəqliyyat xərci olaraq Seymurdan pul almışdır. Seymur ilə Yaxa Dəllək kəndində yaşayan bacısı Elmiranın həyətində görüşmüşlər və həmin vaxt Seymurdan 2500 manat pul istəmişdir. Bir neçə gündən sonra Seymur ona zəng edib lazım olan pulu topladığını bildirmişdir. O, həmin vaxt Biləsuvar rayonunda olduğundan Seymura demişdir ki, pulu aparıb bacısı Elmiraya versin. Həmin gün axşam saatlarında bacısıgilə gəlib Seymurun verdiyi 2500 manatı götürüb Seymura zəng edib pulun ona çatdığını bildirmişdir. Seymurdan aldığı həmin 2500 manatı öz ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin yanvar ayında növbəti dəfə pula ehtiyacı olduğundan yenidən qərara gəlmişdir ki, Seymurdan pul alsın. Ona görə yanvarın 9-da Seymura zəng edib 1000 manat pul istəmişdir. Ertəsi gün, yanvarın 10-da Seymur ona zəng edib 1000 manatı hara gətirmək lazım olduğunu soruşduqda, o cavab vermişdir ki, hazırda Salyan rayonu, Qarabağlı kəndindədir, pulu gətirib burada ona versin. Seymur demişdir pulu öz bacısı oğlu ilə göndərəcəkdir. Həmin gün günorta saatlarında Seymurun bacısı oğlu Elşad ona zəng edib dayısının göndərdiyi pulu gətirdiyini bildirmişdir. Elşad, Seymurun göndərdiyi 950 manatı gətirib ona vermişdir. Seymurdan aldığı 950 manatı öz ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs yalnız 2022-ci ilin avqust ayında 2500 manat və 2023-cü ilin yanvar ayında 950 manat pul almışdır. Həqiqətən 2022-ci ilin fevral ayının əvvəllərində, o Zərərçəkmiş şəxs oğlunun işi ilə bağlı Daşburun qəsəbəsinə gedib hərbi prokuror ilə görüşmək üçün Seymurdan pul istəmişdir, həmin gün Seymur Sabirabad rayonun, Yaxa Dəllək kəndinə gəlib ona 100 manat verdikdə o, pulun az olduğunu demişdir, Seymur gedib evdən əlavə pul gətirmək istədikdə isə gözləməyə vaxtı olmadığını, kənddəki mağaza sahibi Şahid5 100 manat götürəcəyini deyib Seymurun isə öz evindən gətirəcəyi 100 manatı aparıb Əşrəfə verməyini istəmişdir, bundan sonra Əşrəfdən 100 manat alıb getmişdir, Seymur isə 100 manatı gətirib həmin gün Əşrəfə qaytarmışdır. 2022-ci il avqustun 25-də ona çatdırmaq üçün Zərərçəkmiş şəxs 2500 manatı onun bacısına vermişdir, lakin o, həmin vaxt Seymurdan əlavə 200 manat yol pulu istəməmişdir. Dəfələrlə Seymur ona oğlunun işi ilə bağlı Daşburun qəsəbəsinə, Bakı şəhərinə, Şirvan şəhərinə, Sumqayıt şəhərinə və.s yerlərə onunla birlikdə, bəzən də onun tək gedib maraqlanmağı təklif etmiş, hər dəfə də o, nəqliyyat pulu ona verilmişdir. Seymur nəqliyyat xərci ilə bağlı ona verdiyi pulları da ondan istəyir. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, zərər çəkmiş şəxslə barışmasını, xəstə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Sabirabad rayonu, Poladtoğay kəndində yaşayır. 2022-ci ilin yanvar ayının 1-də Qubadlı Hərbi Prokurorluğu tərəfindən qəsdən adam öldürmə cinayətinə görə oğlu Nihad Hümmətov tutulmuşdur. Oğlu Nihad törətdiyi həmin cinayət hadisəsinə görə azadlıqdan məhrum edilmişdir. Oğlunun adam öldürməsinə inanmadığı üçün bu işdə kömək edə biləcək şəxslərin axtarışına çıxmışdır. Yanvar ayının ortalarında arvadının əmisi oğlu Qurban Lətifov ona zəng edib Telman adlı dindar seyyid tanışının yaxşı əlaqələri olduğunu deyib Telman ilə görüşüb oğlunun işi ilə bağlı söhbət etməyi məsləhət görmüşdür. O, həmin gün Sabirabad rayonu, Yaxa Dəllək kəndinə getmiş və Qurban onu Telman adlı şəxslə tanış etmişdir. 2023-cü ilin mart ayında Sabirabad rayonu Qaragüney polis bölməsində onların şikayəti əsasında aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, Telmanın əsl adı Loğmandı. Tanış olduqdan sonra Loğmana başına gəlmiş hadisəni, oğlunun cinayətdə əlinin olmadığını söyləyib bu işdə nə kömək edə biləcəyini soruşmuşdur. Loğman demişdir ki, bu çox çətin bir məsələdir və onun 10000 (on min) manata yaxın xərci çıxacaqdır. Loğman əlavə etmişdir ki, özü seyyid adamdır, vəzifəli şəxslərin yanında xətir-hörməti vardır, prokurorluq və məhkəmə orqanlarında yaxşı tanışları vardır, onun kimi neçə-neçə adamlara bu kimi işlərdə kömək etmişdir, əgər bu işə girişsə o zaman ona başqa adam axtarmaq lazım olmayacaq, cəmi 5- 6 min manata oğlunu azadlığa çıxaracaqdır. Sonra Loğman oğlunun işini aparan müstəntiqinin adını soruşub müstəntiqin telefon nömrəsini istəmiş, o müstəntiqin telefon nömrəsini söylədikdə Loğman onun yanında öz telefonu ilə zəng edib müstəntiq ilə danışmış və sonda görüşüb ətraflı söhbət edəcəyini deyib telefonu qapatmışdır. Telefon danışığından sonra Loğman ona demişdir ki, heç bir problem yoxdur, yaxın günlərdə Daşburun qəsəbəsinə gedib müstəntiqlə üzbəüz görüşüb oğlunun işini həll edəcəkdir. Yanvar ayının sonlarında Loğman onlara gəlib gecələmiş və ertəsi gün Daşburun qəsəbəsinə gedib oğlunun işi ilə bağlı müstəntiq ilə görüşəcəyini demişdir. O, birlikdə gedib-gəlməyi təklif etdikdə Loğman etiraz edib özü tək gedəcəyini demişdir. Ertəsi gün səhər saatlarında Loğman onlardan çıxıb gedərkən 300 manat istəmişdir və o, həmin pulu Loğmana vermişdir. Bundan təxminən 10 gün sonra, fevral ayının əvvəllərində günorta saatlarında Loğman ona zəng edib həmin gün saat 18-dək Daşburun qəsəbəsində oğlunun işi ilə bağlı hərbi prokurorun yanında olacağını deyib 100 manat istəmişdir, o, Loğman ilə görüşüb 100 manatı verdikdə Loğman əsəbləşmiş, pulun az olduğunu bildirmişdir. Vəziyyəti belə gördükdə Loğmana demiş ki, evdən pul götürüb gətirəcək. Loğman demişdir ki, gözləməyə vaxtı yoxdur, gedib kənddəki mağaza sahibi Əşrəfdən 100 manat götürəcəkdir, o isə pulu gətirib Əşrəfə verər. O deyilən qaydada etmişdir. Fevral ayının ortalarında Loğman yenidən onun evinə gəlmiş və ertəsi gün zərər çəkmişin valideynləri ilə görüşüb barışıq əldə etmək üçün Sumqayıt şəhərinə gedəcəkdir, ölən adamın valideynləri barışıq verməsələr Sumqayıtdakı hörmətli adamlarla görüşüb mütləq barışıq əldə edəcəkdir, ona 200 manat vermişdir. Mart ayının əvvəllərində Loğman onun evində gecələyib ertəsi gün ayrılıb gedərkən ondan 300 manat istəmiş və o, istədiyi pulu Loğmana vermişdir. Aprel ayının əvvələrində Loğman yenidən onun evinə gəlib bu dəfə oğlunun işi ilə bağlı ertəsi gün Daşburun qəsəbəsinə gedib müstəntiq ilə görüşəcəyini demiş və gecələyib ertəsi gün onlardan ayrılıb gedərkən ondan 300 manat istəmiş və o, bu dəfə də həmin pulu Loğmana vermişdir. Aprel ayının ortalarında Loğmana 300 manat vermişdir. Bu minvalla sonrakı may, iyun və iyul ayları ərzində hər ayda 2-3 dəfə olmaqla Loğmana 200, 250, 300 manat pul istəmiş və o, də hər dəfə istədiyi pulu Loğmana vermişdir. Növbəti dəfə avqust ayının sonlarında Loğman ona zəng edib təcili olaraq Yaxa Dəllək kəndində yaşayan öz bacısı Elmiranın həyətinə gəlməyini istəmişdir. O, deyilən yerə getdikdə Loğman onu kənara çəkib demişdir ki, bir gün əvvəl oğlunun işi ilə bağlı prokuror ilə görüşüb söhbət etmişlər, əvvəlcə prokuror oğlunun cinayət işinin Cinayət Məcəlləsinin 120.2-ci maddəsindən nisbətən daha yüngül olan Cinayət Məcəlləsinin 120.1-ci maddəyə tövsif edilməsi üçün 5000 manat istəmiş, lakin o prokuroru razılığa gətirib 2500 manat ilə razılaşmışlar və həmin pulu prokurora vermək üçün 1-2 günə lazım olan məbləği toplayıb çatdırmağını istəmişdir. O bu xəbərə çox sevinmiş və bu dəfə də Loğmana inanaraq həmin pulu toplamaq üçün öz təsərrüfatında olan 02 baş inək və 01 baş dananı dəyər-dəyməzə satıb lazım olan pulu toplayıb avqustun 25-də Loğmana zəng edib pulun hazır olduğunu, görüşüb pulu ona harada verə biləcəyini soruşmuşdur. Loğman Biləsuvar rayonunda olduğunu deyib pulu aparıb bacısı Elmiraya verməyini istəmişdir. O və arvadı Loğmanın dediyi kimi edib həmin gün 2500 manatı aparıb Loğmanın bacısı Elmiraya öz evində vermişlər. Pulu Elmiraya verdikdən sonra Loğmana zəng edib pulu bacısına verdiyini dedikdə, Loğman ona demişdir ki, əlavə olaraq yol pulu kimi 200 manat da verməlidir. O etiraz etməmiş və həmin vaxt cibində olan 60 manatı da Loğmanın bacısına vermişdir. Həmin gün axşam saatlarında Loğman ona zəng edib 2560 manatı bacısından götürdüyünü, ertəsi gün qalan 140 manatın da bankomat vasitəsilə göndərilməsini istəyib hazırda xatırlamadığı bank kartının rəqəmlərini ona söyləmişdir. O da ertəsi gün, dəqiq xatırlamadığı yerdən bankomat vasitəsilə Loğmana əlavə olaraq 100 manat göndərmişdir. Bu minvalla da, sonrakı sentyabr, oktyabr, noyabr və dekabr ayları ərzində hər ayda 1-2 dəfə olmaqla Loğman onlara gəlib onun evində gecələmiş, ertəsi gün çıxıb gedərkən oğlunun işi ilə bağlı guya müstəntiq, hərbi prokuror və yaxud vəkil ilə görüşəcəyini deyib hər dəfə ondan 200-250 manat pul istəmiş və o, hər dəfə istədiyi pulu Loğmana vermişdir. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının 9-da Loğman ona zəng edib guya oğlunun işi ilə bağlı Füzuli rayonuna gedib məhkəmə hakiminin köməkçisi ilə görüşəciyini deyib təcili 1000 manatı çatdırmağı istəmişdir. O, həmin pulu toplamaq üçün öz həyətindəki üzüm çardağının armatur dayaqlarını və təsərrüfatında olan toyuq-cücələri dəyər-dəyməzə satıb cəmi 700 manat toplaya bilmiş, çatışmayan 300 manatı isə qonşusu Rasifdən borc almışdır. Pulu topladıqdan sonra yanvarın 10-da Loğmana zəng edib pulu hara gətirməli olduğunu soruşduqda Loğman demişdir ki, hazırda Salyan rayonu, Qarabağlı kəndi ərazisindədir və pulu həmin yerə gətirməyini istəmişdir. O özü Salyan rayonuna gedə bilmədiyi üçün bacısı oğlu Şahid2 950 manatı verib Salyan rayonu, Qarabağlı kəndinə gedib zəngləşib görüşüb pulu Loğmana çatdırmağı tapşırmış, 50 manatı isə Elşadı aparıb-gətirəcək taksiyə yol haqqı kimi vermişdir. Həmin gün Loğman ona zəng edib 950 manatı aldığını bildirmişdir. Lakin bundan sonra Loğman bir daha onlara gəlib-getməmiş, onun etdiyi telefon zənglərinə isə ümumiyyətlə cavab verməmişdir. Bu səbəbdən məcbur qalıb Sabirabad rayon Qaragüney polis bölməsinə şikayət etmişlər. Bu müddət ərzində Loğman dəfələrlə ona demişdir ki, özü olan yerdə ona başqa adam lazım deyilmiş, çünki bütün ölkənin yüksək vəzifəli adamları onun əlindədir, oğlunun məsələsini özü həll edəcəkdir və oğlunu azadlığa çıxaracaqdır, hətta onu məcbur etmişdir ki, oğlunu öz vəkilindən imtina elətdirsin. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından başlayaraq 2023-cü ilin yanvar ayınadək olan müddətdə hissə-hissə ümumilikdə onun 8000 manat pulunu almışdır. Konkret olaraq tarixlərini xatırladığı bunlar olmuşdur, yəni 25 avqust 2022-ci il tarixdə Sabirabad rayonu Yaxa Dəllək kəndində Loğmanın tapşırığı ilə bacısı Elmiranın vasitəsilə 2560 manat və 10 yanvar 2023-cü il tarixdə Salyan rayon Qarabağlı kəndi ərazisində bacısı oğlu Şahid2 vasitəsilə 950 manat vermişdir. Qalan 4490 manatı isə Loğman müxtəlif yalan vədlər və bəhanələr ilə 2022-ci ilin may, iyun, iyul, sentyabr, oktyabr, noyabr və dekabr aylarında onun yaşadığı evdə hissə-hissə ondan almışdır. Təqsirləndirilən şəxs ondan aldığı pulların hamısını guya onun oğlu Nihadın işinin əvvəlcə istintaqda, daha sonra məhkəmədə müsbət həll etdirəcəyi və oğlunun azadlığa buraxılacağı adı ilə ondan almışdır. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayında Qubadlı hərbi prokurorluğu tərəfindən oğlu Nihad Hümmətov qəsdən adam öldürmə cinayətinə görə tutulmuşdur. 2022-ci ilin yanvar ayında Sabirabad rayonu, Yaxa Beşdəli kəndində yaşayan əmisi oğlu Qurban Lətifov onlara demişdir ki, Telman adlı tanışı vardır, ağır seyiddir, yaxşı əlaqələri vardır və sonra əri Seymuru Telman ilə görüşdürmüşdür. Əsl adının Təqsirləndirilən şəxs tez-tez onların evinə gedib-gəlməyə başlamışdır. Loğman ayda 2-3 dəfə onların evinə gəlib gecələyib ertəsi gün guya övladlarının işi ilə bağlı Qubadlı və Laçın rayonlarına, Bakı şəhərinə getməli olduğunu demişdir. Hər dəfə Loğman onlarda gecələyib ertəsi gün çıxıb gedərkən guya müəyyən işləri görəcəyi ilə bağlı pul istəmiş və hər dəfə əri Seymur Loğmana 200-300 manat civarında pul vermişdir. Bir neçə dəfə şahidi olmuşdur ki, Seymur Loğmana 100-150 manat verdikdə Loğman həmin məbləğlə pul götürməmiş, ən azı 200-250 manat verməli olduğunu demiş və onlar da məcbur qalıb övladlarının işinin xatirinə Loğmanın istədiyi pulu vermişlər. 2022-ci ilin yanvar ayından həmin ilin avqust ayınadək olan müddətdə guya Nihadın işi ilə bağlı müəyyən vəzifəli şəxslərə görüşəcəyi adı ilə Loğman onlardan hissəhissə xeyli məbləğdə pul almışdır. 2022-ci ilin avqust ayında 2500 manat almışdır. Həmin pulu vermək üçün təsərrüfatlarında olan 02 baş inək və 01 baş dananı satıb pulu avqustun 25-də Loğmana verməsi üçün bacısı Elmiraya vermişlər. Loğman demişdir ki, əlavə yol pulu olaraq 200 manat də verməlidirlər. Həmin vaxt Seymur cibində olan 60 manatı da Loğmanın bacısına vermişdir. Həmin gün Loğman zəng edib 2560 manatı öz bacısından götürdüyünü bildirmişdir. Ertəsi gün Seymur bankomat vasitəsilə Loğmana əlavə 100 manat da göndərmişdir. Bundan sonrakı aylarda da, Loğman ayda 2-3 dəfə onların evinə gəlib-getmiş, gecələyib ertəsi gün gedərkən yenidən hər dəfə 250-300 manat civarında pul almışdır. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının 9-da Loğman onun əri Seymura zəng edib guya övladlarının işi ilə bağlı Füzuli rayonuna gedib məhkəmə hakiminin köməkçisi ilə görüşəciyini deyib təcili 1000 manat çatdırmaqlarını istəmişdir. Həmin pulu toplamaq üçün əri Seymur həyətlərindəki üzüm çardağının armaturlarını və təsərrüfatlarında olan toyuq və xoruzları dəyər-dəyməzə satmış və cəmi 700 manat toplaya bilmişdir, çatışmayan 300 manatı isə qonşuları Rasifdən borc almalı olmuşlar. Pulu topladıqdan sonra Loğman ilə telefon əlaqəsi saxladıqda Loğman demişdir ki, Salyan rayonu, Qarabağlı kəndi ərazisindədir və pulu həmin yerə gətirmələrini istəmişdir. Özləri Salyan rayonuna gedə bilmədikləri üçün Seymur öz bacısı oğlu Şahid2 950 manatı verib Salyan rayonu, Qarabağlı kəndinə gedib pulu Loğmana çatdırmağı tapşırmışdır, 50 manatı isə Elşadı aparıb-gətirəcək taksiyə vermişdir. Həmin gün Loğman Seymura zəng edib 950 manatı aldığını bildirmişdir. Bundan sonra Loğman bir daha onlara gəlib-getməmiş, telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən məcbur qalıb Sabirabad rayon Qaragüney polis bölməsinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Sabirabad rayonu, Poladtoğay kəndində yaşayır. Zərərçəkmiş şəxs onun dayısı, Şahid1 isə dayısı arvadıdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 2021-ci ilin dekabr ayında Qubadlı hərbi prokurorluğu tərəfindən dayısı oğlu Nihad Hümmətov qəsdən adam öldürmə cinayətinə görə tutulmuşdur. 2022-ci ilin fevral ayının əvvəllərində Loğman onun dayısı Seymura demişdir ki, Daşburun qəsəbəsinə gedib hərbi prokurorla görüşəcəkdir və yol pulu verməyini istəmişdir. Həmin gün o, dayısı Seymur ilə birlikdə taksi avtomaşını ilə Yaxa Dəllək kəndinə gəlmişlər və Loğman ilə görüşüb 100 manatı vermişlər. Loğman pulu görüb əsəbləşmiş, pulun az olduğunu demişdir. 2023-cü il yanvarın 10-da dayısı Seymur onu öz yanına çağırıb özü Salyan rayonuna gedə bilməyəcəyini deyib 950 manatı ona verib Salyan rayonu, Qarabağlı kəndinə gedib zəngləşib Loğman ilə görüşüb pulu çatdırmağı tapşırmışdır. O da, həmin gün Qarabağlı kəndinə gəlib Loğmana zəng edib harada olduğunu soruşduqda Loğman “Sarı seyidalan piri”ndə olduğunu deyib həmin yerə gəlməyini istəmişdir. O, Loğmanın dediyi yerə gəlib dayısı Seymurun verdiyi 950 manatı əlbə-əl Loğmana vermişdir. Loğman pulu ondan alıb narahat olmamağını, pulu aparıb hakimə özü verəcəyini demiş, sonra onun yanında dayısı Seymura zəng edib 950 manatı aldığını bildirmişdir. Bundan sonra o, bir daha Loğmanı görməmişdir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş Şahid3 ifadə vermək təklif olunduqda o, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. O, Konstitusiyanın 66-cı maddəsində nəzərdə tutulmuş “yaxın qohumlarının əleyhinə ifadə verməmək” hüququndan istifadə edərək məhkəmə baxışı zamanı ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 onun əmisi qızıdır, Zərərçəkmiş şəxs əmisi qızının əridir. Təqsirləndirilən şəxs isə təxminən 30 ildir tanıyırmış, əvvəllər onların kəndində evlənib yaşamışdır, arvadı vəfat etdikdən sonra müxtəlif ünvanlarda yaşamışdır, aralarında ədavət və ziddiyyət olmamışdır. 2021-ci ilin dekabr ayında Qubadlı hərbi prokuroluğu tərəfindən qəsdən adam öldürmə cinayətinə görə Nahidə və Seymurun oğlu Nihad tutulmuşdur və barəsində cinayət işi istintaq edilirmiş. Həmin vaxtlar Seymur oğlunun günahkar olmadığına görə bu işdə ona kömək edə biləcək şəxslərin axtarışına çıxmışdır. Hətta onun özü də əmisi qızı Nahidəyə oğlu Nihadın işində köməklik göstərilməsi məqsədilə vəkil tapıb görüşdürmüşdür. 2022-ci ilin yanvar ayında Seymur ilə söhbət edən zaman demişdir ki, Loğman adlı bir tanışı vardır, yaxşı əlaqələri vardır və Loğman ilə görüşüb oğlunun işlə bağlı söhbət etməyi Seymura məsləhət görmüşdür. Seymur etiraz etməmiş və həmin gün Seymur ilə Loğmanı tanış etmişdir. Bundan sonrakı müddətlərdə Seymur ilə Loğmanın arasında olmuş münasibətlərdən onun məlumatı və xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla həm də onun qonşusudur, bir qonşu kimi yaxın münasibətləri vardır. Bilirmiş ki, Seymurun oğlu Nihadı hərbi xidmətdə olarkən adam öldürmə cinayətinə görə tutmuşlar. 2023-cü ilin yanvar ayının 9-da axşam saatlarında Seymur onlara gəlib təcili 300 manat borc verməyini istəmişdir. O, pulun təcili nəyə lazım olduğunu soruşmadan Seymurdan istədiyi pulu borc olaraq vermişdir. Təxminən 02 aydan sonra Seymur həmin pulu hissə-hissə ona qaytarmışdır və hazırda heç bir borcu qalmamışdır. Seymurun borc aldığı pulu hansı məqsədlə aldığını bilməmişdir, çünki özü bu barədə soruşmamışdı, Seymur da ona bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X2 № ********* saylı cinayət işi üzrə 01 may 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 13-cü vərəqində olan “materialın ərazi aidiyyəti üzrə göndərilməsi” barədə Sabirabad RPŞ-nin TB-nin baş təhqiqatçısı Elnur Hacıyevin HK-1/194 saylı material üzrə 25 mart 2023-cü il tarixli qərarından görünür ki, Şahid1 ərizəsi əsasında toplanmış materialın ərazi aidiyyəti üzrə Salyan RPŞ-nə göndərilməsinə qərar verilmişdir. Cinayət işinin 65-66-cı vərəqlərində olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyin müavini E.V.Quliyev tərəfindən verilən xx.xx.2023cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, bacısı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 70-71-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 106-cı maddəsinin 2-ci hissəsi, 109-cu maddəsinin 3-hissəsi 38. AZ.SSSR nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, xx.xx.1989-cu ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-2 maddəsinə əsasən 03 il 10 ay 22 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.1989-cu ildə Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 03 il 07 ay 22 gün müddətinə cəzaçəkmə yerinə qaytarılmış, xx.xx.1990-cı ildə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə CM-nin 50-ci maddəsinə əsasən 02 il 06 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinin 1-ci hissəsinə əsasən amnistiya qərarına əsasən xitam edilmişdir. Məhkumluğu ödənilmişdir. Cinayət işinin 118-119-cu vərəqlərində olan 14 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 127-128-ci vərəqlərində olan 14 iyul 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 131-132-ci vərəqlərində olan 14 iyul 2023-cü il tarixli “vəsatətə baxılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 2023-cü il iyulun 14-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə vəsatəti qanuni və əsaslı olmadığından bütünlükdə rədd edilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, ona həbslə bağlı əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum edilsə də, onun məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yanlız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Sabirabad rayonu, Yaxa Dəllək kəndində yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili X4 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-132/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-132/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver