Məhkəmə qərarları › İş №1(057)-132/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-132/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-132/2024 12.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X11 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Salyan şəhəri Y.Qasımov adına 4 nömrəli tam orta məktəbində Tarix fənni üzrə müəllim işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, şəxsi həyatın sirri olan məlumatları, belə məlumatları əks etdirən sənədləri, foto çəkilişi materiallarını qanunsuz toplayaraq yaymışdır. Belə ki, o, 14 sentyabr 2020-ci il tarixində rəsmi nikaha daxil olduğu keçmiş əri Zərərçəkmiş şəxs ilə Salyan Rayon Məhkəməsində nikahın pozulması və digər qarşılıqlı mülki iddialarına baxılması səbəbindən mənafeləri arasında ziddiyyətlər yarandığı üçün ondan qisas almaq qərarına gələrək bu məqsədlə «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun 38.2.4-cü maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan, Zərərçəkmiş şəxs hər kəsdən sirr olaraq gizlətdiyi, sonuncunun sağlamlıq vəziyyəti ilə bağlı şəxsi həyatına dair məlumatlar hesab edilən, ona Salyan Rayon Mərkəzi Xəstəxanası Şorsulu Rayonlararası X6 tərəfindən «İpoxondrik nevroz» xəstəliyi diaqnozu qoyulduğu xx.xx.2009-cu il tarixli, 255 saylı «səhhətin müayinə edilməsi aktı»-nın surətini, həmçinin Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Salyan Rayon Mərkəzi Xətəxanasında S43.4 «bazu oynağının kapsulbağ aparatının gərilməsi və zədələnməsi» diaqnozu qoyulması, onun «sol çiyin oynağı rentgenoqrafiyası» üzrə xx.xx.2024-cü il tarixdə kardioloji müayinə üçün həmin tibb müəssisəsinə müraciət etməsi, həmin tarixdə ona «Taxikardiya» diaqnozu qoyulması, xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Poliklinika şöbəsində dövrü müayinələrdən keçməsi, xx.xx.2016-cı il tarixdən F-42.2 «İpoxondrik nevroz» diaqnozu ilə qeydiyyatda olması kimi məlumatları özündə əks etdirən «Salyan Rayon Mərkəzi Xəstəxanası» X13 direktoru Şirin Səmədova tərəfindən 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Şahid7 ünvanlanmış 18-1-68/2-724/2024 nömrəli elektron məktubu Zərərçəkmiş şəxs məlumatı və razılığı olmadan istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etməklə qanunsuz toplayaraq istifadəsində olan OPPO A 78 markalı mobil telefonunun rəqəmsal yaddaşında saxlamış, həmin məlumatlardan xx.xx.2009-cu il tarixli, 255 saylı «səhhətin müayinə edilməsi aktı»-nın fotoşəkilini və eyni məzmunlu mətn yazısını qanunsuz olaraq özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən «WhatsApp» ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 01 aprel 2024-cü il saat 21:21 tarixindən 02 aprel 2024-cü il tarixinədək keçən dövr ərzində 20 saatadək müddətdə paylaşmaqla, eləcə də 18-1-68/2-724/2024 nömrəli elektron məktubu 11 may 2024-cü il tarixdə saat 09:18-də X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən «WhatsApp» ani mesajlaşma mübadilə şəbəkəsi profilinə yuxarıda qeyd olunan nömrəsindəki profili vasitəsi ilə mesaj bölməsindən göndərməklə təkrarən yaymışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, 2024-cü il mart ayının sonları, aprel ayının əvvəlləri xatırlamadığı gündə Zərərçəkmiş şəxs öz facebook profilində və bəzi saytlarda onun Mehdinin anası Elmira Abıyevanı döyməsi barədə həqiqətə uyğun olmayan məqalə yazdırmışdır. Həmin məqaləni oxuduqdan sonra qərara gəlmişdir ki, içində Mehdinin «İpoxondrik nevroz» diaqnozlu psixi xəstəlikdən əziyyət çəkdiyi əlyazma tibbi sənədi paylaşsın. Belə də etmiş və Mehdinin onun barəsində həqiqətə uyğun olmayan paylaşımlarına cavab olaraq özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən Whatsapp profilindən həmin tibbi sənədi paylaşaraq Zərərçəkmiş şəxs psixi durumunun yerində olmadığını, onun Salyan Rayonlararası Psixiatrik Xəstəxanasında «İpoxondirik nevroz» diaqnozu ilə qeydiyyatda olmasını statusunda qeyd etmişdir. Həmçinin həmin yazısına sübut olaraq evdən tapdığı əlyazma tibbi sənədin fotoşəkilini əlavə etmişdir. Həmin tibbi sənədi tapana qədər özü də Mehdinin qeyd olunan diaqnozulu psixi xəstəlikdən əziyyət çəkməsini bilməmişdir. Həmçinin qohumları da Mehdinin həmin diaqnozulu xəstəlikdən əziyyət çəkməsini bilməmişlər. Mehdi həm ondan, həm də digər ailə üzvlərindən həmin xəstəliyi ilə bağlı məlumatları gizlətmişdir. Ona hətta həmin xəstəliyi ilə hərbi xidmətdən azad olunması barədə belə məlumat verməmişdir. Telefonunun rəqəmsal kamerası ilə həmin sənədin şəkilini çəkib özündə saxlamışdır. Həmçinin keçmiş iş yoldaşı Şahid5 11 may 2024-cü il tarixində saat 09:18-də Zərərçəkmiş şəxs sağlamlığı ilə bağlı hansısa sənədi göndərmişdir. Lakin həmin sənədin dəqiq olaraq 01 aprel 2024-cü il tarixində paylaşdığı tibbi sənəd və ya Salyan Rayon Mərkəzi X9 Şəxs tərəfindən X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinə göndərilmiş xx.xx.2024-cü il tarixli 18-1-68/2- 724/2024 saylı məktub olmasını dəqiq xatırlamır. Həmin sənədlərdən birini Şahid5 göndərmişdir. Şahid5 həmin sənədi atmışdır ki, aralarındakı mülki mübahisə zamanı Şahid5 həmin məlumatlardan Zərərçəkmiş şəxs əleyhinə istifadə etsin. Əməlindən peşman olaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, baxış keçirilməsi haqqında protokollar və həmin protokollara əlavə edilmiş video və fotoşəkillər, müxtəlif dövlət orqanlarına edilmiş sorğular və əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2020-ci ilin sentyabr ayının 14-də Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə münasibətləri pisləşərək boşanma ərəfəsinə çatmış, 2024-cü ilin iyul ayında rəsmi olaraq boşanmışdırlar. 01 aprel 2024-cü il tarixində saat 21:32-də keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onu nüfuzdan salmaq üçün onun 2009-cu ildə hərbi xidmətə cəlb edilməyi üçün həkim komissiyası tərəfindən müayinə edilməsi ilə bağlı tərtib edilmiş tibbi sənədin fotoşəkilini istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə işləyən Whatsap profili ilə status kimi paylaşmışdır. Həmçinin statusa yazılı formada həmin sənəddə qeyd edilmiş, yayılmasını istəmədiyi, «İpoxondrik nevroz» diaqnozu ilə xəstəxanada Zülfiyyənin təbiri ilə desə dəlixanada qeydiyyatda olması ilə bağlı status yazmışdır. O həmin məlumatları öz yaxın ətrafından, hətta qardaşı və onun ailəsindən belə gizlin saxlamışdır. Yayılmasını istəmədiyi sağlamlığı ilə bağlı həmin məlumatların Təqsirləndirilən şəxs tərəfindən paylaşılması onu hələ də dərin depressiyaya salmışdır. Həmin paylaşımı görən qardaşı Şahid1 ona telefonla zəng edərək məsələ ilə bağlı onu ilk dəfə məlumatlandırmışdır. O yaşadığı ünvandan Rəsulun yaşadığı Şorsulu kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Həmin evdə həm Rəsulun, həm də onun həyat yoldaşı Şahid2 telefonu ilə həmin statusa özü də baxaraq həm qeyd olunan sənədi, həm də onun 2009-cu ildə tibb müəssisəsində müalicə alması və Salyan Rayon Mərkəzi Xəstəxanasında «İpoxondrik nevroz» diaqnozu ilə qeydiyyatda olması ilə bağlı statusu öz gözü ilə görmüşdür. O qardaşıgilə gedən zaman gecə saat 00 keçmiş və artıq 02 aprel 2024-cü il tarixinə keçən gecə olmuşdur. Telefonlardan birində həmin statusu oxudub, öz istifadəsində olan Xiomi Mi 9 markalı telefonunun rəqəmsal kamerası ilə foto və videoçəkilişini çəkmişdir. Həmin məlumatları o bütün yaxın ətrafından gizlətmişdir. Bu sirrin açılması ona çox pis təsir etmişdir. Çünki Zülfiyyənin kontaktında çoxlu ortaq tanışları, iş yoldaşları, iş yeri müdiriyyəti, yaxın və uzaq qohumları olmuşdur ki, həmin statusda onun barəsində yayılmasını istəmədiyi, hər kəsdən gizlətdiyi sağlamlıq vəziyyəti ilə bağlı məlumatları görüb biləcəkmişlər. Həmin günü axşam və sonrakı günlərdə qardaşından əlavə iş yoldaşları Şahid6, qardaşı arvadı Şahid2, Təqsirləndirilən şəxs iş yoldaşları İzzət müəllim, Zülfiyyənin dərs dediyi məktəbin direktor əvəzi Könül xanım, Sadiqə müəllimə, Zülfiyyənin əvvəlki iş yoldaşları Hürüzat Əliyevadan ona həmin statusu gördükləri barədə məlumat gəlmişdir. Həmin şəxslərdən bəziləri onun xahişi ilə həmin statusu ekrandan köçürmə yolu ilə (screen) Təqsirləndirilən şəxs paylaşdığı statusun fotosunu ona Whatsapp-da göndərmişlər. Zülfiyyənin bu davranışı ona çox pis təsir etmiş, ona ilk dəfə «İpoxondrik nevroz» diaqnozu hərbi xidmətə çağırışla bağlı komissiya yoxlanışından keçən zaman komissiya tərəfindən qoyulmuşdur. O həmin diaqnozu heç kəsə, heç bir yaxın ailə üzvlərinə bildirməmişdir. Həmin məlumatların yayılmasını qəti istəməmişdir. Bu məsələ ona o qədər məhrəm olmuş ki, heç Zülfiyyə ilə ailəli olduğu müddətdə ona belə bu barədə heç bir söz deməmişdir. Qardaşı, qardaşı arvadı və yaxın qohumları da, onun psixi xəstəliyi ilə bağlı hər hansı məlumata malik olmamışlar. Həmçinin Zülfiyyə onun barəsində Salyan Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən iş yerinin müdiriyyətinin sorğusuna cavab olaraq göndərilmiş içində sağlamlığı haqqında məlumatlar öz əksini tapdığı 08 aprel 2024-cü il tarixli 18-1-68/2-724/2024 saylı məktubu paylaşaraq şəxsi həyat toxunulmazlığını pozmuşdur. Həmin məktubu Təqsirləndirilən şəxs keçmiş iş yoldaşı, Salyan rayonu Yolüstü kəndində yerləşən tam orta məktəbdə kitabxanaçı işləyən Şahid5 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə işləyən Whatsapp profili vasitəsi ilə onun istifadəsində olan mobil nömrə ilə işləyən Whatsapp profilinə 21 may 2024-cü il tarixində saat 16:45-də göndərmişdir. Şahid5 həmin məktubu haradan əldə etməyini soruşduqda ona həmin məktubu Təqsirləndirilən şəxs əldə etməsini bildirmişdir. Şahid5 həmçinin ona demişdir ki, Təqsirləndirilən şəxs bundan başqa da onun xəstəliyi, ona qoyulan diaqnoz barədə başqa tibbi sənədləri də öz statusunda paylaşmışdır. Onun yayılmasını istəmədiyi və uzun müddət ən yaxın ailə üzvləri, dost və tanışlarından gizlətdiyi xəstəliyi ilə bağlı məlumatlar şəxsi həyat sirrinə dair məlumatlardır. Həmin məlumatların keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən belə yayılması onun şəxsi həyat sirri toxunulmazlığını pozmuşdur. O həmin məlumatlar yayıldıqdan sonra cəmiyyət içinə çıxmağa xəcalət çəkir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxsla oxşar məzmunda ifadə verməklə Zərərçəkmiş şəxs sağlamlığı ilə bağlı qeyd olunan məlumatların Təqsirləndirilən şəxs tərəfindən Whatsapp profilindəki status bölməsində 01 aprel 2024-cü ildə paylaşılaraq 02 aprel 2024-cü ilədək saxlanılmasının şahidi olmalarını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Watsapp profilini görür. Zülfiyyənin həmin profilində paylaşdığı statusları izləyə bilir. 2024-cü ilin aprel ayının əvvəlləri, xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs həmin nömrəsindəki profilindən boşanmaq istədiyi əri Zərərçəkmiş şəxs Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda olması, psixi problemləri olması barədə status paylaşmışdır. Təqsirləndirilən şəxs statusunu və həmin statusa əlavə etdiyi Zərərçəkmiş şəxs xəstəliyinin müayinəsi ilə bağlı tərtib edilmiş əlyazma tibbi sənədi görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid8 ilə oxşar məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlıq vəziyyəti ilə bağlı 2024-cü ilin aprel ayının 01-də paylaşdığı statusu və həmin statusa əlavə etdiyi tibbi sənədin fotoşəkillərini gördüklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, iş yoldaşı Mehdinin həyat yoldaşı Təqsirləndirilən şəxs 2020-ci ildə onlar ailə həyatı qurduqları vaxtdan bəri tanımışdır. Sonradan Təqsirləndirilən şəxs oğlu Ziya Səmədbəylinin orta məktəbdə sinif rəhbəri olmuş və elə o vaxtdan Zülfiyyənin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini telefonunda qeyd etmiş həmin nömrə ilə işləyən Whatsapp profilini görmüşdür. 2024-cü ilin aprel ayının əvvəli axşam saatlarında Mehdi ona istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən Whatsapp profili ilə yazaraq Zülfiyyənin statusunu ona ekran şəkilini çəkib (screen) göndərməsini istəmişdir. Mehdinin xahişindən sonra Zülfiyyənin Whatsapp profilində paylaşdığı paylaşımların ekran şəkilini çəkib (screen) Mehdiyə göndərmişdir. Həmin vaxt görmüşdür ki, Zülfiyyə Mehdinin tibb müəssisəsində psixi durumuyla əlaqədar qeydiyyatda olması ilə bağlı yazı yazıb paylaşmış, həmin yazıda Mehdinin «İpoxondrik nevroz» diaqnozu ilə qeydiyyata durmasını qeyd etmişdir. Zülfiyyə həmçinin sübut kimi Mehdiyə həmin diaqnozun qoyulması ilə bağlı əlyazma halında olan tibbi sənədi də, statusuna əlavə etmişdir. Həmin sənəddə də Mehdiyə «İpoxondrik Nevroz» diaqnozu qoyulması öz əksini tapmışdır. Qeyd olunan statusa qədər Mehdinin sağlamlıq vəziyyətində problem olmasını, Mehdinin psixi pozuntusunun olmasını və «İpoxondrik Nevroz» diaqnozu ilə qeydiyyatda olmasını nə o, nə də digər iş yoldaşları bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, 2014-cü ildən bəri X1 İdarəsinin Salyan şəhəri Q.Əsgərov adına Uşaq İncəsənət Məktəbində direktor vəzifəsində çalışır. Zərərçəkmiş şəxs 2013-cü ildən bəri həmin məktəbdə fortepiano müəllimi işləyir. 2024-cü ilin mart ayının səhv etmirsə sonları Zərərçəkmiş şəxs keçmiş arvadı Təqsirləndirilən şəxs onun barəsində X1 İdarəsinə şikayət etmişdir. Şikayətində Zərərçəkmiş şəxs psixi xəstəliyi ilə bağlı Salyan Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda durmasını, bu səbəbdən azyaşlı uşaqlara dərs deməsinin qanunsuz olmasını bildirmişdir. Mehdinin hansısa psixi xəstəliklə tibb müəssisəsində qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün 03 aprel 2024-cü il tarixində ünvan 3 ünvanlamışdır. 08 aprel 2024-cü il tarixində ona həmin xətəxanadan 18-1-68/2-724/2024 saylı cavab məktubu daxil olmuşdur. Həmin məktubda Zərərçəkmiş şəxs həqiqətən xx.xx.2016-cı ildən «İpoxondrik nevroz» diaqnozu ilə Poliklinika şöbəsində qeydiyyatda durması qeyd edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)- 721/2024 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 14 sentyabr 2020-ci ildə 141 nömrə ilə Salyan Rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası Təqsirləndirilən şəxs himayəsinə verilməsi, uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Təqsirləndirilən şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan AA4836880 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2021-ci ildə doğulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd DVD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içində «elmira m», «xesteliyin subutu», «huruzad» adlı videofayıllar, həmçinin «xestelik kagizi demisem (1)» adlı audiofayl olması aşkar edilmiş, «elmira m» adlı videofayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən WhatsApp profili ilə iş yoldaşı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən WhatsApp profilinə xx.xx.2024-cü il saat 23:20-də yazaraq Təqsirləndirilən şəxs tərəfindən paylaşılan statusların telefonun «screen» funksiyası ilə rəsminin köçürülməsi ilə ona göndərilməsini xahiş etmişdir. Şahid6 də həmin günü saat 23:23-də Təqsirləndirilən şəxs tərəfindən paylaşılmış statusların görüntülərini «screen» funksiyası ilə telefonuna köçürərək ona 9 ədəd fotofayılda göndərmişdir. Həmin fotoşəkildə ardıcıl olaraq sadalayacağım məlumatlar qeyd olunmuşdur. 1-ci şəkildə «Salyan RPŞ-nin xx.xx.2023cü il tarixli qərarının 5-ci səhifəsinin sonuncu abzasında olan Təqsirləndirilən şəxs izahatından görünür ki, Təqsirləndirilən şəxs qeyri-qanuni repetitor fəaliyyəti göstərməklə vergi cinayəti törətmiş və hal-hazırda törətməyə davam edir.(sübut iddia ərizəsinə əlavə olunur) məzmunlu iddia ərizəsindən fotoşəkil, və həmin fotoşəkilin altında «Mehdinin məndən yazdığı şikayət (gülüş işarələri) mən repetitorluqla məşğulam cinayətkar imişəm (gülüş işarələri)» insan necə bu qədər özünü əskildər axı (gülüş işarəsi) başa düşmür ki özünü gülünc vəziyyətə salır(gülüş işarəsi)» 2-ci şəkildə «Deməli hər yerdə ağzına gələni danışır boşanmaya mən verdiyim təqdirdə boşanmaya gəlmir (gülüş işarələri) bu gün formalni olaraq Türkiyəyə uçuş bileti alıb ki guya müalicəyə gedirəm. İş araşdırılır məlum olur ki bu adam salyandadır (gülüş işarələri) məhkəməni uzatmaqdan sarı gördüyü növbəti oyundur (gülüş işarəsi)» 3-cü şəkildə «Bundan sonra hər kəsin cavabı yerində veriləcək(gülüş və ürək işarəsi)bəzi insanlar çox qudurdu» 4-cü şəkildə «yoxe ərinmirsən 300azn ə yaxın xərcləyirsən ki, bilet alım onu edim bunu edim məhkəməyə getməyim (gülüş işarəsi) Kübranın baxça pulu 150 azndi. Neçə aydır mən verirəm. 300 AZN boş yerə verəcəyinə gətir uşağın baxsa pulunu ver də (gülüş işarəsi) bu qədər əskilmə məncə (gülüş işarəsi) gülüncsən. Daha mənim dövrüm başlayır (gülüş və ürək işarəsi)» 5-ci şəkildə «Qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan (gülüş işarəsi)» 6-cı şəkildə «2009-cu ildə Şorsuluda dəlixanada yatıb, 2017 ci ildən də salyan rayon mərkəzi xəstəxanasının psixiatr şöbəsində qeydiyyatdadır. Xəstəliyinin adı İPOXONDRİK NEVROZ (gülüş işarəsi)SÜBUT PAYLAŞİRAM İNDİ» 7-ci şəkildə Zərərçəkmiş şəxs Salyan Rayon Mərkəzi Xəstəxanası Şorsulu Rayonlararası X6 tərəfindən «İpoxondrik nevroz» xəstəliyi diaqnozu qoyulduğu xx.xx.2009-cu il tarixli, 255 saylı «səhhətin müayinə edilməsi aktı»-nın fotoşəkili və altında «Xəstəliyin sübutu» yazısı 8-ci şəkildə həmin sənədin ikinci hissəsinin fotoşəkili və həmin fotoşəkilin altında «Sən dayanmadın. Mən insanlıq elədim indiyə qədər haralara məndən şikayət yazdın. Daha biti sıra məndədir» yazısı 9-cü şəkildə «Bundan sonra hamı ağıllı olsun !» yazısı qeyd edilmişdir. Həmin statuslardan birincisi Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il saat 21:21-də, sonuncusu (9-cu şəkildəki) saat 21:40-da paylaşılmışdır. Bundan başqa «xəsteliyin sübutu» adlı videofayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs masa üstündə olan android tipli, qardaşı Şahid1 məxsus olan mobil telefonda xx.xx.2024-cü il saat 00:07-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən «WhatsApp» profilinin status bölməsində paylaşdığı paylaşımlara baxır. Videonun davamında Təqsirləndirilən şəxs tərəfindən status bölməsində xx.xx.2024-cü il tarixində saat 21:21-dən saat 21:40-dək yuxarıda qeyd olunan məzmunlu fotoşəkil və mətn formasında statusların paylaşılması müəyyən edilmişdir. Həmçinin «huruzad» adlı videofayla baxış keçirilməklə müəyyən edilmişdir ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin WhatsApp profili ilə 21 may 2024-cü il tarixində saat 16:45-də Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən WhatsApp profilinə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Salyan Rayon Mərkəzi Xətəxanasında S43.4 «bazu oynağının kapsulbağ aparatının gərilməsi və zədələnməsi» diaqnozu qoyulması, onun «sol çiyin oynağı rentgenoqrafiyası» üzrə xx.xx.2024-cü il tarixdə kardioloji müayinə üçün həmin tibb müəssisəsinə müraciət etməsi, həmin tarixdə ona «Taxikardiya» diaqnozu qoyulması, xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Poliklinika şöbəsində dövrü müayinələrdən keçməsi, xx.xx.2016-cı il tarixdən F-42.2 «İpoxondrik nevroz» diaqnozu ilə qeydiyyatda olması kimi məlumatları özündə əks etdirən «Salyan Rayon Mərkəzi Xəstəxanası» X13 direktoru Şirin Səmədova tərəfindən 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Şahid7 ünvanlanmış 18-1-68/2-724/2024 nömrəli elektron məktubu göndərmişdir. Qarşılıqlı yazışmalardan görünür ki, Şahid5 həmin məktubu Təqsirləndirilən şəxs əldə etmişdir. Bundan əlavə «xestelik kagizi demisem (1)» adlı audiofayla baxış keçirilməklə müəyyən edilmişdir ki, Şahid5 Təqsirləndirilən şəxs statusunda Zərərçəkmiş şəxs xəstəliyi ilə bağlı başqa sənəd də görmüşdür. İş materiallarında olan Şahid5 məxsus olan Redmi 9A markalı, **********91328 və **********91336 İMEİ kodlu mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, telefonda «Zülfiye M» kimi adı qeyd edilmiş, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən profildən 11 may 2024-cü il tarixində saat 09:18-də «724.pdf» adlı, 180 kb həcmli elektron məktubun onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən Whatsapp profilinə göndərilmişdir. Həmin pdf formatında olan sənədin üzərində «yönləndirilib» sözü və sənədin 2 səhifədən ibarət olması qeyd edilmişdir. Baxışda iştirak edən Şahid5 həmin sənədin izahatında qeyd etdiyi kimi Zərərçəkmiş şəxs göndərdiyi «Salyan Rayon Mərkəzi Xəstəxanası» X17 direktoru Şirin Səmədova tərəfindən imzalanılaraq 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Şahid7 ünvanlanmış 18-1-68/2-724/2024 nömrəli məktub olmasını bildirmişdir. İş materiallarında olan Şahid7 təqdim etdiyi sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, «Salyan Rayon Mərkəzi Xəstəxanası» X18 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 18-1-68/2-724/2024 saylı məktub həqiqətən onun adına göndərilmiş və məktubda Zərərçəkmiş şəxs sağlamlıq vəziyyətini özündə əks etdirən məlumatlar öz əksini tapmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus olan olan OPPO A78 markalı, içində ***-***-**-** saylı mobil telefon nömrəsi olan, İMEİ **********05771 və İMEİ **********05763 kodlu mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, mobil telefonda Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixində Whatsapp profili vasitəsi ilə paylaşılan Zərərçəkmiş şəxs Salyan Rayon Mərkəzi Xəstəxanası Şorsulu Rayonlararası X6 tərəfindən «İpoxondrik nevroz» xəstəliyi diaqnozu qoyulduğu xx.xx.2009-cu il tarixli, 255 saylı «səhhətin müayinə edilməsi aktı»-nın surətinin hər iki tərəfdən fotoşəkili, həmin fotoşəkillərin xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs özünə məxsus olan elə həmin mobil telefon vasitəsi ilə saat 18:31-də çəkilməsi, həmçinin Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixində saat 09:18-də istifadəsində olan mobil telefon nömrəsi ilə işləyən WhatAapp profili ilə Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən WhatsApp profilinə göndərdiyi «724.pdf» adı ilə qeyd edilmiş «Salyan Rayon Mərkəzi Xəstəxanası» X13 direktoru Şirin Səmədova tərəfindən 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Şahid7 ünvanlanmış 18-1-68/2-724/2024 nömrəli elektron məktubun telefonun «Dosyalarım» - «Kaynaklar» - «WhatsApp» - «Belgeler» faylında «724.pdf», «724-1.pdf», «724-2.pdf» adları ilə yaddaşa yazılmaları müəyyən edilmişdir. Həmin elektron məktublardan «724- 1.pdf» adlı olanının xx.xx.2024-cü il tarixində saat 09:18-də, «724-2.pdf» adlı olanının xx.xx.2024-cü il tarixində saat 14:44-də, «724.pdf» adlı olanının xx.xx.2024-cü il tarixində saat 19:29-da «Cihaz saklama alanı» - «Android» - «media» - «com.whatsapp» - «WhatsApp» - «Media» - «WhatsApp Documents» - «Private» fayıllarından əldə edilməsi və ya həmin hissələrdə istifadə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-68/2-434/2024 saylı məktuba əsasən Zərərçəkmiş şəxs xəstəxanada «İpoxondrik nevroz» diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-68/2-1194/2024 saylı məktuba əsasən Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, ünvan 4 ünvanında yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixdən «İpoxondrik pozuntu remisiya vəziyyəti» diaqnozu ilə psixonevroloji qeydiyyatdadır. İş materiallarında olan «Salyan Rayon Mərkəzi Xəstəxanası» X13 direktoru Şirin Səmədova tərəfindən 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Şahid7 ünvanlanmış 18-1-68/2-724/2024 nömrəli məktuba əsasən xəstə xidmətləri şöbəsinin şöbə müdiri Aygün Manafovanın məlumatına əsasən, Salyan rayonu, Şorsulu kənd sakini, xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə S43.4 (bazu oynağının kapsulbağ aparatının gərilməsin və zədələnməsi) diaqnozu ilə, eyni zamanda «sol çiyin oynağı rentgenoqrafiyası» üzrə, xx.xx.2024-cü il tarixdə isə kardioloji müayinə üçün tibb müəssisəsinə müraciət etmişdir. Terapiya şöbəsinin müdiri Müşfiq Abdullayevin məlumatına əsasən, xx.xx.2024-cü il saat 15:05-də müayinə olunmuş, müayinə nəticəsində şəxsə «Taxikardiya» diaqnozu qoyulmuşdur. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, Zərərçəkmiş şəxs xx.xx.2016-ci il tarixdən F-42.2 «İpoxondrik nevroz» diaqnozu ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin müdiri Tünzalə Əsədovanın məlumatına əsasən, Zərərçəkmiş şəxs xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Poliklinika şöbəsində dövrü müayinələrdən keçmişdir. Vərəm şöbəsinin şöbə müdiri Xanış Abbasovun, Poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin, İSX (Ailə sağlamlıq mərkəzinin) şöbə müdiri Fidan Xankişiyevanın və X12 müdiri Emin Abasovun məlumatlarına əsasən, Zərərçəkmiş şəxs müraciət etməmişdir. İş materiallarında olan X1 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 211/8 saylı məktuba əsasən Salyan şəhər sakini Təqsirləndirilən şəxs həmin idarəyə xx.xx.2024-ci il tarixli müraciəti ilə bağlı idarədə, həmin idarəyə tabe olan Salyan Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi Zərərçəkmiş şəxs barəsində araşdırma aparılmış, sonuncunun xəstəliyinin olub-olmaması, müsbət halda xəstəliyinin pedaqoji fəaliyyətinə mane olub-olmaması ilə bağlı «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-ə müraciət edilmiş və nəticəsi barədə Təqsirləndirilən şəxs məktəbin direktoru Şahid7 tərəfindən xx.xx.2024-cü il tarixli izah məktubu göndərilmişdir. İş materiallarında olan Salyan Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-104/2-18530/2024 saylı məktuba əsasən Təqsirləndirilən şəxs barəsində, eləcə də sonuncunun şikayəti əsasında toplanmış material üzrə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. İş materiallarında olan Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-43-52/2-577/2024 saylı məktub və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2009-cu il tarixli, 255 saylı «səhhətin müayinə edilməsi aktı»-na əsasən Zərərçəkmiş şəxs Salyan Rayon Mərkəzi Xəstəxanası Şorsulu Rayonlararası X6 tərəfindən «İpoxondrik nevroz» xəstəliyi diaqnozu qoyulduğu üçün sonuncu hərbi xidmətdən azad edilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 156.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində Azərbaycan Respublikası CPM-nin 278-ci maddəsinin tələblərinə uyğun olaraq tərəfimdən axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. 06 avqust 2024-cü il saat 09:10-da Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verildiyi üçün cinayət işinin dayandırılmış icraatı təzələnərək ona həmin tarixdə Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 06 avqust 2024-cü il saat 12:25-də Təqsirləndirilən şəxs tutmadan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsinin digər sübutlarla təsdiq olunan hissəsi, Zərərçəkmiş şəxs təqdim etdiyi DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü 11 tarixli protokol və həmin protokola əlavə edilmiş videomateriallar, Şahid5 məxsus olan Redmi 9A markalı, **********91328 və **********91336 İMEİ kodlu mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, Şahid7 təqdim etdiyi sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, Təqsirləndirilən şəxs məxsus olan olan OPPO A78 markalı, içində ***-***-**-** saylı mobil telefon nömrəsi olan, İMET **********05771 və İMEİ 86495 ********** kodlu mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş video və fotoşəkillər, mülki işə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş müvafiq sənədlərin surətləri, Salyan Rayon Mərkəzi X9 Şəxsinin direktoru Şirin Səmədova tərəfindən 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Şahid7 ünvanlanmış 18-1-68/2- 724/2024 nömrəli məktub, X1 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 211/8 saylı məktub və həmin məktuba əlavə edilmiş müvafiq sənəd surətləri, Salyan Rayon Mərkəzi Xəstəxanası Şorsulu Rayonlararası X6 tərəfindən təsdiq edilmiş Zərərçəkmiş şəxs cİpoxondrik nevrozə xəstəliyi diaqnozu qoyulduğu xx.xx.2009-cu il tarixli, 255 saylı səhhətin müayinə edilməsi aktı, habelə istintaq zamanı toplanmış digər sənədlər iş materiallarına tam uyğun olduğundan sübut növü kimi qiymətləndirilmiş və toplanmış sübutlar ittihamın həlli üçün kifayət qədər hesab edilmiş, qərarın təsviri hissəsində qeyd edilənləri nəzərə alaraq Zərərçəkmiş şəxs ifadəsinin Şahid5 barəsində olan hissəsi işin hallarına uyğun olmadığından mötəbər sübutların arasından çıxarılmış və həmin xüsusat üzrə Şahid5 barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsi cinayət işi üzrə toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən onun əvvəllər istintaqa verdiyi ifadəsinin, həmçinin ilkin yoxlama zamanı verdiyi izahatlarının həmin ifadə ilə ziddiyyət təşkil edən hissələri mötəbər sübutların arasından çıxarılmış, qərarın təsviri hissəsində qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsi Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilərək nəzərə alınmış, istintaqın ilkin mərhələsində iş üzrə Təqsirləndirilən şəxs şahid qismində ifadəsi alınan zaman Şahid5 içində Zərərçəkmiş şəxs sağlamlığı haqqında məlumatların əksini tapdığı hər hansı rəsmi tibbi sənəd göndərmədiyini bildirməsi sonuncunun özünün müdafiəsi üçün gətirdiyi əsassız dəlil hesab edilərək rədd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixində rəsmi nikaha daxil olduğu keçmiş əri Zərərçəkmiş şəxs ilə arasında ziddiyyətlər yarandığı üçün ondan qisas almaq qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs hər kəsdən sirr olaraq gizlətdiyi, sonuncunun sağlamlıq vəziyyəti ilə bağlı şəxsi həyatına dair məlumatlar hesab edilən məlumatları Zərərçəkmiş şəxs məlumatı və razılığı olmadan istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etməklə qanunsuz toplayaraq istifadəsində olan mobil telefonunun rəqəmsal yaddaşında saxlamış və həmin məlumatları «WhatsApp» ani mesajlaşma mübadilə şəbəkəsi profilinə profili vasitəsi ilə mesaj bölməsindən göndərməklə yaymışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biridir. 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir. 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayəti təkrar törətməsi isə cəzanı ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 23.1-ci maddəsinə əsasən, məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. icra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir. 25-ci maddəsinə əsasən, əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların, yəni ictimai işlər və ya islah işləri cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və himayəsində bir azyaşlı uşağı vardır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işin materiallarına əlavə olunmuş, iş üzrə sübut əhəmiyyəti kəsb edən 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 1200 manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işin materiallarına əlavə olunmuş, iş üzrə sübut əhəmiyyəti kəsb edən 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar