Məhkəmə qərarları › İş №1(057)-133/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-133/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-133/2023 22.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X12 Yaqub oğlunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində 2 azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri Ə.Quliyev küçəsi ev 1 mənzil 47-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,347 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2023-cü il iyunun 13-də saat 17 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsində yaşadığı evin yaxınlığında Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki cins şalvarının sol yan cibindən həmin narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Salyan şəhəri Ə.Quliyev küçəsi ev 1 mənzil 47-də ailə üzvlərilə birlikdə yaşayır, hazırda heç bir yerdə işləmir, arvadı işləyərək ailəni dolandırır, əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə 2021-ci ildə Salyan rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırıması cəzasına məhkum olunmuş, 2022-ci ildə amnistiya qərarı ilə cəzası 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. 12 iyun 2023-cü il tarixdə axşam saatlarında yaşadığı binanın yanından keçərkən yerdəki selofan büküm diqqətini cəlb etmiş, həmin bükümü qaldırıb açıb içərisinə baxdıqda orada narkotik vasitə heroin olduğunu görüb özü qəbul etmək üçün həmin heroini üzərində saxlamışdır. İyunun 13-də saat 17 radələrində yaşadığı evin yaxınlığında mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməsini təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və qadağan olunmuş digər əşya varsa təqdim etsin. O bildirmiş ki, üzərində narkotik vasitə “kokos” vardır və əynindəki cins şalvarının sol yan cibindən bir gün əvvəl tapıb üzərində saxlamaqla daşıdığı həmin heroini, şalvarın sağ yan cibindən 6 manat pulu və şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzini çıxardıb təqdim etmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl yaşadığı evin yanından küçədən tapmış, narkotik vasitə olduğunu bilib özü qəbul etmək üçün üzərində saxlamış, heç kimə heroin satmamış, satmaq məqsədi və niyyəti olmamışdır. Ondan aşkar edilmiş elektron tərəzini isə köhnə plata və mikrosxemlərdən əridib topladığı gümüş metalı çəkmək üçün istifadə etmişdir. Tapdığı narkotik vasitə heroindən bir dəfə özü qəbul etmiş və qəbul edəcəyi heroinin dozasını çəkmək üçün həmin elektron tərəzidən istifadə etməklə bir dəfə çəkib ölçmüşdür və üzərindən aşkar edilmiş həmin elektron tərəzinin üzərində heroin izləri həmin vaxt qalmışdır. Ondan aşkar edilmiş bir bükümdə heroin və bir ədəd elektron tərəzi zərfə qoyulub qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş, özü və iştirakçılar zərfin üzərini imzaladıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Ondan aşkar edilmiş 6 manat pul özünə qaytarılmışdır. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonunda polis işçiləri onu saxlayaraq Polis Şöbəsinə aparılmış, üzərində şəxsi axtarış zamanı narkotik vasitə marixuana aşkar edilmiş, 2 gün saxlanıldıqdan sonra azadlığa buraxılmış, araşdırmanın nəticəsindən xəbəri yoxdur. Törətdiyi əməlindən peşmandır, himayəsində azyaşlı uşaqları vardır, odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023-cü il iyunun 13-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxladığı barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün yaradılmış əməliyyat qrupun tərkibində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin tarixdə saat 17:10 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri Ə.Quliyev küçəsində yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməsini təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və qadağan olunmuş digər əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində “kokos” kimi tanıdığı narkotik vasitə heroin vardır və əynindəki cins şalvarın sol yan cibindən bir ədəd selofan bükümü, şalvarın sağ yan cibindən 6 manat pulu və şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş selofan bükümün içərisinə baxıldıqda orada qəhvəyi rəngdə, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl yaşadığı evin yanından küçədə tapmış, narkotik vasitə olduğunu bilib özü qəbul etmək üçün üzərində saxlamış, heç kimə heroin satmamış, satmaq məqsədi və niyyəti olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin selofan büküm müstəntiq tərəfindən kağız zərfə qoyulub qablaşdırılıb möhürlü kağızla möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 manat pul özünə qaytarılmışdır. Ondan aşkar edilmiş elektron tərəzini isə köhnə plata və mikrosxemlərdən əridib topladığı gümüş metalı çəkmək üçün istifadə etməsini bildirmişdir. Bu barədə müstəntiq tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid3, Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə analoji olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də Salyan RPŞnin İB-də Azərbaycan Respublikasının CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Salyan RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa, təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs həmin anda əynində olan cins şalvarın sol yan cibindən bir ədəd selofan büküm, şalvarın sağ yan cibindən pul dəsti və şalvarın arxa sağ cibindən elektron tərəzi çıxarıb masanın üzərinə qoymuş, onun təqdim etdiyi pul dəsti sayıldıqda cəmi 6 (altı) manat pul olduğu, təqdim etdiyi bir ədəd selofan bükümə baxıldıqda orada tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olduğu, təqdim etdiyi bir ədəd işlək vəziyyətdə olan elektron tərəziyə baxıldıqda tərəzi üzərində narkotik vasitəyə oxşar izlər olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, həmin kütləni bir gün əvvəl Salyan şəhəri Ə.Quliyev küçəsində yaşadığı evin yaxınlığında yerdən tapmış, elektron tərəzini isə mikrosxemlərdən topladığı gümüş metalı çəkmək üçün istifadə etməklə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera ilə çəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/632 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,347 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından onun miqdarını və digər maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi– 0,347 qram, tədqiqata sərf olundu - 0.05 qram, qalıq – 0,297 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli 18/632 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 640 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 15:30-da sonuncuya elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,297 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Salyan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli 773 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri Ə.Quliyev küçəsi ev 1 mənzil 47-də yaşayır və onun ailə tərkibi arvadı 1980-ci il təvəllüdlü Günay Dadaşovadan, qızı 2005-ci il təvəllüdlü Şahanə Dadaşovadan, qızı 2007-ci il təvəllüdlü Zəhraxanım Dadaşovadan ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X4 və X8 xx.xx.2023-cü il tarixdə anadan olmuşlar. İş materiallarında olan Salyan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 774 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ibtidai istintaq orqanının 22 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,297 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzinin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizanın 18/632 №-li və məhkəmə-narkoloji ekspertizasının 640 №-li rəyləri, ifadələr və protokollar, şəxsi axtarışı əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,347 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2023-cü il iyunun 13-də saat 17 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsində yaşadığı evin yaxınlığında Salyan RPŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən həmin narkotik vasitə heroinin aşkar edilib götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməlində cinayətin residivi yoxdur. Hazırda o, məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun cəzasını yüngülləşdirən halı, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunacaq cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara, ətrafdakı şəxslərə də psixoloji problemlər yaradır, cəmiyyətdə cinayətkarlığın artması dinamikasına təsir edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur ki, həmin narkotik vasitə kimyəvi üsulla hazırlanmaqla tərkibinə görə ən güclü təsirə və asılılıq yaratma qüvvəsinə malik olan narkotik vasitələrdəndir. Aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsini, daşımasını, saxlamasını məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsinin-himayəsində olan uşaqların dolanışığını, eləcə də onların sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Həmçinin, opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Bundan başqa Təqsirləndirilən şəxs əvvəl törətdiyi oxşar cinayət əməlinə görə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından heç bir nəticə çıxarmamış, islah yoluna qədəm qoymadan yenidən cinayət törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla o, islah oluna bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikasının CPM-nin 132.1 və 132.1.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X6 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,297 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs həmin elektron tərəzidən məhz narkotik vasitələrin çəkilməsində istifadə etdiyi alət olduğuna görə hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X6 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,297 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar