Məhkəmə qərarları › İş №1(057)-142/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-142/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-142/2024 19.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Qiyas oğlunun iştirakları ilə, xx.xx.1997-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə etmə, daşıma və saxlama cinayət əməlini törətməyə görə ittiham verilmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olan, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan 2 ədəd patronu əldə edib yerini dəyişməklə daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən evində qanunsuz olaraq saxlamış, 2024-cü il iyulun 24-də saat 15 radələrində qohumu Neftçala rayonu, Aşağı Xıllı kənd sakini Şahid tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə onun evindən oğurluq edərkən sandıqda saxlanılan anasına məxsus cəmi 2500 manat dəyərində qızıl-zinət əşyalarını, paltar dolabında saxlanılan 340 manat ekvivalentində 200 ABŞ dolları və 150 manat nağd pul vəsaitini, həmin otaqdakı güzgülü dolabın süyürtməli gözündə saxlanılan cəmi 13 manat 50 qəpik qiymətinə 3 ədəd Kent-4 markalı siqaret qutusunu və həmin 2 ədəd döyüş sursatı hesab edilən avtomat patronunu gizli olaraq talayıb ünvan 2 ünvanında yerləşən “Kür” otelinin anası ilə müvəqqəti yaşadığı otağına gətirib özünə aid geyim əşyalarının arasında gizlətmiş, iyulun 27-də Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid Salyan şəhəri ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilmiş və həmin tarixdə “Kür” otelinin otağında keçirilmiş baxış zamanı içərisində özünə aid geyim əşyaları olan selofan paketdə gizlətdiyi qızıl-zinət əşyaları, 200 ABŞ dolları, 11 manat və döyüş sursatı hesab edilən həmin 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, atası rəhmətə gedib. 2017-ci ildə əsgərlikdən qayıtdıqdan 02 gün sonra mərhum atası X8 şəhər qəbirstanlığındakı məzarını ziyarət edərkən həmin 02 ədəd avtomat patronlarını qəbirstanlıq ərazisində yerdən tapmışdır və həmin patronları yerdən götürüb, heç bir məqsədi olmadan gətirib öz evində saxlamışdır. Daha sonra patronları evdə bir yerə qoymuş, harada olmasını unutmuşdur. Oğurluq hadisəsilə bağlı Abzərin ifadəsindən sonra patronların dolabda olduğunu bilmişdir. Patronların evdə olmasını bilsə də harada olmasını bilməmişdir. 27 yaşı vardır və heç zaman polis orqanları ilə bağlı işi olmamışdır. Peşimandır və ona kömək edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid onun dayısı oğludur. Evdə olan oğurluq hadisəsinə görə Abzərdən şübhələnmiş və onun işlədiyi yerə gedərək ondan oğurluğu edib-etməməsini soruşmuşdur. Abzər isə onlara oğurluq etmədiyini bildirdiyi üçün Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraicət etmişlər. Ərizədə patronların oğurlanması ilə bağlı heç bir məlumat verməməsinin səbəbi isə onların evdə olmasını unutması olmuşdur. Abzərin evdən götürdüyü partonlar onun tapdığı patronlar olmuşdur və onlardan istifadə etmək məqsədi olmamışdır. Müstəntiqə ilk dəfə fərqli məzmunda ifadə verməsinə səbəb səhər saatlarında polis şöbəsinə gətirilməsi, həmin vaxt yuxulu olması və eləcə də hərbi xidmət dövründən qalması barədə ifadənin onun üçün daha yaxşı olacağını düşünməsi olmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, oğurluqdan iki gün öncə Abzər onların evində gecə qalmışdır. Evdə o, anası və Abzər olmuşdur. Hadisə günü o və anası səhər yuxudan oyandıqdan sonra evin qapısını bağlayaraq işə getmişlər. Abzər isə onlardan öncə oyanaraq otaqda stolun üzərində olan anasının istifadə etdiyi evin açarını götürərək getmişdir. Onlar işdən qayıtdıqdan sonra evin digər açarını axtararkən tapmamışlar və bundan sonra Abzərdən şübhələnməyə başlamışlar. Bundan sonra Abzərin iş yerinə gedərək onu evə gətirib, ondan açarın harda olmasını soruşmuşlar və məlum olmuşdur ki, qızıl-zinət əşyaları, pul və digər əşyalarda evdən oğurlanmışdır. Bu barədə Abzərdən soruşduqda oğurluq etdiyini qəbul etməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Salyan şəhərində yerləşən “Kür” otelində qalmasına səbəb “Kür” şadlıq sarayında işləməsi olmuşdur. Hazırda Neftçala rayonunda, yəni evlərində yaşayır. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Onların evində qızıl-zinət əşyaları, pul və patronları oğurlamışdır. Bu əşyaları evdə olub-olmamasını əvvəlcədən bilməmişdir və evin dolabını açarkən görüb götürmüşdür. Verilən suallara cavab olaraq Şahid bildirmişdir ki, evə qapını açaraq daxil olmuş, evi axtarmış, evdən qızıl-zinət əşyaları, pul, siqaret və iki ədəd patron taparaq götürmüşdür. Götürdükdən sonra oğurladığı əşyaları Salyan şəhərində yerləşən “Kür” oteldə qaldığı otaqda gizətmişdir. Bu barədə “Kür” otelinin rəhbərliyinin və ya başqa şəxslərin məlumatları olmamışdır. Polis əməkdaşları “Kür” otelində onun qaldığı otaqda axtarış edən zaman bu əşyaları tapmışlar. İki ədəd patronu oğurlayıb özündə saxlamasına səbəb isə onları bəzək üçün özündə saxlamışdır. Oğurluq hadisəsində öncə Təqsirləndirilən şəxs evində patron olmasını bilməmiş, yalnız oğurluq edərkən görmüş və götürmüşdür. Təqsirləndirilən şəxs evinə sonuncu dəfə oğurluq etdiyi gündən bir gün əvvəl getmişdir. Evi axtardıqdan sonra əşyaları tapmışdır. İlk öncə dolabdan pulu sonra siqaret və patronları, sonuncu isə sandıqdan qızılları tapmışdır. Oğurladığı 04 ədəd qızıl qadın üzüyünü, 02 cüt qızıl sırğa dəstini, 01 ədəd beşlik qızıl kulonu, 01 ədəd qadın bilərziyini, 200 ABŞ dollarını, 11 manat pulu və 02 ədəd avtomat patronu polis əməkdaşlarına “Kür” otelindəki anası ilə birgə qaldıqları otaqda anasının iştirakı ilə təqdim etmişdir. Təqsirləndirilən şəxs oğurladığı 03 ədəd Kent-4 markalı siqaretləri isə özü istifadə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılovun 29 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaq edilməsi qərara alınmışdır. Cinayət işinin 5-ci vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, yaşadığı evdən anasına məxsus qızıl-zinət əşyaları, 200 ABŞ dolları, 150 manat pul naməlum şəxs tərəfindən ona məlum olmayan vaxt və şəraitdə oğurlanmışdır. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Baş vermiş oğurluq nəticəsində onlara təxminən 2500 manat ziyan dəymişdir. Cinayət işinin 13-15-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan və 02 ədəd fotoşəkildən görünür ki, Şahid oğurladığı qızıl-zinət əşyaları, pul vəsaitləri, 02 ədəd döyüş sursatı hesab edilən avtomat patronunu və Kent-4 markalı siqaretə baxış keçirilmişdir. Cinayət işinin 20-22-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1293 №-li ekspert rəyindəm görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronudur, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Cinayət işinin 24-cü vərəqində olan 29 iyul 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 25-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılovun tutma haqqında məlumatından görünür ki, ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə saat 14:45 dəqiqədə Salyan RPŞnin İB-də tərəfindən şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nin X6 təhvil verilmişdir. Cinayət işinin 33-cü vərəqində olan 29 iyul 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı 29 iyul 2024-cü il tarixdə, saat 14:00 dəqiqədən məhdudlaşdırılmış, 29 iyul 2024-cü il tarixdə saat 14:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqlərində olan 31 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Cinayət işinin 75-77-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 68/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddət 03 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 29 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 84-cü vərəqində olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ehtiyatda olan hərbi vəzifəli xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015xx.xx.2016-cı il tarixlərində N nömrəli hərbi hissədə, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərində N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş, MN-nin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Cinayət işinin 87-90-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 70/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 92-ci vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 94-95-ci vərəqlərində olan Salyan rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 08 avqust 2024cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda anası ilə birlikdə yaşayır və onun haqqında Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 104-cü vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X10 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X9 18-1-68/2-1596/2024 saylı, 14 avqust 2024-cü il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın və həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatlarına əsasən, ünvan 1-da qeydiyyatda olan və yaşayan, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 105-ci vərəqində olan 29 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Şahid Azərbaycan Respublikası CMnin 177.2.3 və 232.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Cinayət işinin 106-cı vərəqində olan 06 sentyabr 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Şahid götürülmüş və ekspertizadan sonra istintaqa qaytarılmış 02 ədəd 7.62x39 mm kalibrli patronların demontaj olunmuş komponentləri işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli 2 ədəd patronu əldə etməsi, özü ilə daşıyaraq yaşadığı Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 30 ünvanında yerləşən evində saxlamasından ibarət olan əməlinin əhəmiyyətliliyi, ictimai təhlükəliliyi, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməsi və ya zərər yetirmək təhlükəsi yaratması ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X2rşı”, “X3rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olan, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan 02 ədəd patronu əldə edib yerini dəyişməklə daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən evində qanunsuz olaraq saxlamışdır. Qeyd olunan hərəkətlərinə görə Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 228.1-ci maddəsinin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin onun həmin hərəkətləri az əhəmiyyətli olmuş, ictimai təhlükəli deyil, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməmiş və ya zərər yetirmək təhlükəsi yaratmamışdır. CM-nin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Göründüyü kimi az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan əməllər cinayət hesab edilmir. Hazırki CM-nə görə ictimai təhlükəlilik yalnız cinayət sayılan əməllərə şamil edilir. İctimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münasibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır. İctimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır. İctimai təhlükəliliyin dərəcəsi yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Qanunvericilikdə ictimai təhlükəlilik əlaməti mövcud olmadığına görə cinayət sayılmayan az əhəmiyyətli əməli xarakterizə edən 2 meyar müəyyən edilmişdir: CM-in xüsusi hissəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin formal olaraq az əhəmiyyətli sayılan əməldə mövcud olması; İctimai təhlükəlilik əlaməti mövcud olmadığı üçün belə əməlin şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirə bilməməsi və ya zərər yetirmək təhlükəsi yarada bilməməsi. Əməlin az əhəmiyyətli sayılmasını baş vermiş əməldə təzahür edən əlamətlər şərtləndirə bilər. (cinayətin törədilmə üsulu, cinayətin motiv və məqsədi, başa çatdırılması səviyyəsi və s.). Cinayət əməli məcburi qaydada cəzalanmalı əməldir. CM-in 14.1-ci maddəsində cinayətə “bu Məcəllə ilə cəza təhdidi altında” əməl kimi qiymət verilir. Qanunla ictimai təhlükəli sayılan əmələ görə müvafiq cəza növü nəzərdə tutan sanksiya müəyyən edilmişdir. CM-in 41.1-ci maddəsində cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi tədbir kimi müəyyən edilir. Cəza cinayət törətməkdə təqsirli sayılan şəxsə tətbiq olunmaqla onun barəsində qanunla müəyyən edilən məhrumiyyətlər yaratmaqda və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasında ifadə olunur. Törədilən əmələ görə cəza tətbiq etmək mümkün deyilsə, belə əməl cinayət sayıla bilməz. Cinayət qanunvericiliyində təqsirli şəxsin cinayət cəzasından azad edilməsini nəzərdə tutan müvafiq maddələrin mövcud olması əməlin cəzalanmalı olmasının cinayət əməlinin zəruri əlaməti sayılmasını istisna etmir. Cəza və əməlin cəzalanmalı olması anlayışlarını eyniləşdirmək olmaz. Cəza törədilmiş cinayət əməlinin hüquqi nəticəsi olmaqla, cinayət hüququnda müstəqil kateqoriyadır. Qanunverici orqan ilk dəfə olaraq CMin 14.1-ci maddəsində cinayət hüququnda cinayət əməlinin əlamətlərini tam əhatə etməklə üç müstəqil institutu birləşdirmişdir. Bu anlayışlar isə cinayət qanunu, cinayət və cəzadan ibarətdir. Törədilmiş əməlin az əhəmiyyətli sayılmasının müəyyən edilməsi isə təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının səlahiyyətinə aiddir. Baş vermiş əməldə az əhəmiyyətlilik əlaməti aşkar edildikdə, cinayət işi başlanmır, başlanmış cinayət işinə isə əməldə cinayət tərkibi olmadığından bəraətverici əsaslarla xitam verilir, məhkəmə baxışı zamanı isə bəraət hökmü çıxarılır. Məhkəmə hazırki işin faktiki hallarını və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun hərəkətlərində döyüş sursatını qanunsuz olaraq əldə etmə, gəzdirmə, daşıma və saxlama əməlləri formal cəhətdən mövcud olsa da, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və zərər yetirmək təhlükəsi yaratmadığından bu əməl CM-nin 14.2-ci maddəsinə əsasən ictimai təhlükəli sayılmayan az əhəmiyyətli kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs həmin əməli cinayət hesab oluna bilməz. İstintaq orqanı onun əməlinin cinayət hüquqi qiymətləndirilməsində səhvə yol vermişdir. Çünki baş vermiş hadisənin məqsədi və motivi, törədilməsi üsulu, eləcə də nəticələri məhkəmənin bu nəticəyə gəlməsinə əsas verir. İşin ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 02 ədəd patronu 2017-ci ildə Salyan şəhər qəbirstanlığının ərazisində yerdən tapmışdır. Əgər həmin patronlar Təqsirləndirilən şəxs tərəfindən tapılmasaydı, korroziyaya uğrayaraq yararsız vəziyyətə düşəcək idi. Yəni, Təqsirləndirilən şəxs həmin döyüş sursatlarını əldə etməklə bağlı öncədən niyyəti olmamış, bunu qabaqcadan arzu etməmiş və planlaşdırmamışdır. O, Salyan şəhər qəbirstanlığında atası Eldar Əsgərovun məzarını ziyarət edərkən həmin 02 ədəd avtomat patronlarını görmüş və götürərək yerini dəyişməklə daşıyaraq yaşadığı Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 30 ünvanında yerləşən evində saxlamışdır. Üstəlik onun bu əməlin törədilməsində məqsədi və motivi də qeyri müəyyəndir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən Şahid tərəfindən edilmiş oğurluq nəticəsində o, zərər çəkmişdir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun hərəkətlərində döyüş sursatını qanunsuz olaraq əldə etmə, gəzdirmə, daşıma və saxlama əməlləri formal cəhətdən mövcud olsa da, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və zərər yetirmək təhlükəsi yaratmadığından CM-nin 14.2-ci maddəsinə əsasən onun əməli ictimai təhlükəli sayılmayan az əhəmiyyətli əməl kimi qiymətləndirilməlidir. CPM-in 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Məhz yuxarıda sadalananları nəzərə alan məhkəmə gəldiyi nəticəni ədalətli və əsaslı sayır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 62-ci bəndinə görə məhkəmə baxışı nəticəsində CM-in 14-cü maddəsində göstərilən hal (təqsirləndirilən şəxsə istinad edilən hərəkət və ya hərəkətsizlikdə cinayət qanununda nəzərdə tutulmuş əməlin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə əməlin ictimai təhlükəli olmadığı, yəni şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirmək təhlükəsi yaratmadığı) və yaxud CM-in 36-40-cı maddələrində nəzərdə tutulmuş müvafiq olaraq zəruri müdafiə, cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməməsi kimi hallar müəyyən edildikdə, bunlar əməldə cinayət tərkibinin olmaması kimi qiymətləndirilməli, müvafiq olaraq da şəxsə bəraət verilməsini (dövlət ittihamçısı ittihamdan imtina etdikdə həmin əsasla cinayət təqibinə xitam verilməsini) şərtləndirən əsas kimi nəzərdən keçirilməlidir. CPM-in 42.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətə aidiyyəti sübuta yetirilmədikdə və ya şəxsin təqsirliliyi sübuta yetirlmədikdə təqsirləndirilən şəxsə bəraət verilməlidir. CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və prosesual əsas kimi CPM-in 42.1.2-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayət tərkibi əlamətləri olmadığından CM-in 228.1-ci maddəsi ilə ona, əməlində cinayət tərkibi olmadığından bəraət verilməlidir. CPM-in 42.2.3-cü maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə CPM-in 42.1.2-ci maddəsinə əsasən ona bəraət verilməlidir. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş 2 (iki) ədəd atəşə yararlı patronların demontaj olunmuş komponentləri Azərbaycan Respublikası DİN-in Təchizat idarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin predmeti olan əmlaklar aşkar olunmamışdır. Eyni zamanda CPM-in 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbiri seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ izah edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakim tərəfindən baxıldıqdan sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialında olan Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci eləcə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21, 42, 55, 346, 347, 349, 350, 352-354, 356-358, 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş 2 (iki) ədəd atəşə yararlı patronların demontaj olunmuş komponentləri Azərbaycan Respublikası DİN-in Təchizat idarəsinə təhvil verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialında olan Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar