Məhkəmə qərarları › İş №1(057)-145/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-145/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-145/2024 19.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X5 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, о, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 2024-cü il iyunun 29-da saat 21 radələrində Salyan rayonu Kürsəngi kəndi ərazisində asfalt yolda hərəkətdə olduğu motovelosipedlə həmkəndlisi Zərərçəkmiş şəxs kifayət qədər yaxınlığından sürətlə keçməsinə görə sonuncunun motovelosipedi sürətlə sürməsinin ona və ətrafdakı insanlara zərər vura biləcəyi barədə haqlı iradını bildirməsindən sonra geri qayıdaraq əsassız yerə özünü Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub əxlaqa və hüquqa zidd davranışlar sərgiləyərək Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra heç bir səbəb olmadan yumruq və təpiklə onun üz və bədən nahiyələrinə vuraraq sol göz bucağının səthi yarası, şişkinliyi, alt və üst dodağın selikli qişasının qansızması, sağ körpücük sümüyünün sınığı ilə nəticələnən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla aralarında əvvəlcədən ədavət və düşmənçilik olmamışdır. Münasibətləri normal olmuşdur. 29 iyun 2024-cü il tarixdə saat 21 radələrində əmisioğlu Qaragöz Aydınova məxsus motorlu velosipedi almış və yaşadığı kənd ərazində yerləşən Səfqan adlı şəxsə məxsus olan marketə getmək məqsədilə evdən çıxmışdır. O, velosipedlə hərəkət edən zaman həmkəndlisi Zərərçəkmiş şəxs yolda olduğunu görmüşdür. Zərərçəkmiş şəxs onun yanından keçərkən ona əli ilə işarə edərək velosipedini saxlamağını istəmişdir. Velosipedə motor quraşdırıldığından onunla sürətli hərəkət etmək olurmuş. Ona görə də, uzaqda olmasına baxmayaraq qısa zamanda onun lap yaxınlığında olmuşdur. Yolun kifayət qədər enli olmasına baxmayaraq o, Ziyafətin yanından ötən zaman velosipedi lap yaxınlığından sürərək onu ötüb keçmişdir. Ona görə də onun yanından ötən zaman ona Ziyafət ona “ay bala velosipedi yavaş idarə elə, az qaldı ki, üzərimə çıxasan” ifadələrini işlətmişdir. O, sürətli hərəkət etdiyi üçün onun sözünü eşidən kimi velosipedi saxlaya bilməmişdir. O, bir qədər keçəndən sonra velosipedi dayandırıb Ziyafətə doğru gəlmiş və yaxınlaşdıqdan sonra ona nə söylədiyini soruşmuşdur. O da Fərzalıya demişdir ki, “ay bala, velosipedi yavaş sür az qalmışdı ki, üstümə çıxasan”. Səsinin tonundan və üzünün ifadəsindən ona bildirdiyi irad onun xoşuna gəlməmişdir. O, Ziyafətdən onu elə bu səbəbə görə saxladığını soruşmuş, o da Fərzalıya olduqları yolun kənd ərazisi olduğunu, yolda çox vaxt uşaqların oyun oynadığını, bu cür sürətlə hərəkət edərsə kiməsə xəsarət yetirəcəyini demişdir. Aralarında sözlü mübahisə yaranmış, Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyə-söyə onun sifət nahiyyəsinə yumruqla bir neçə dəfə vurmağa başlamışdır. Onun əsəbi soymadığından Zərərçəkmiş şəxs ayaqüstə olan zaman da bir neçə dəfə təpiklə zərbə endirmişdir. Onun əli ilə üzünü tutduğunu görüb yanından uzaqlaşaraq evinə getmişdir. Çünki dalaşan zaman üst-başı torpaqla bulanmışdır. O vəziyyətdə marketə gedə bilməmiş. Həmin hadisədən sonra Ziyafətlə aralarında heç bir mübahisə olmamışdır. Lakin iki gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Ziyafətin onun barəsində DİN-in 102 Xidməti-X6 müraciət etməsi ona məlum olmuşdur. Onların aralarında olan mübahisə təxminən 6-7 dəqiqə davam etmişdir. Artıq zərərçəkmiş şəxslə barışmış, etdiyi əməldən peşmançılıq çəkdiyini bildirmişdir. Bunun nəzərə alınaraq barəsində yüngül cəza tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər istintaq materialları, həmçinin, işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən, barəsində yüngül cəza tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Salyan rayonu Kürsəngi kəndində ailə üzvlərimlə birlikdə yaşayır. “SOCAR-ın Əmirov NQÇİ”-də operator işləyir. Zərərçəkmiş şəxs onun əmisidir. Təqsirləndirilən şəxs isə həmkəndlisidir, onunla ədavət və düşmənçiliyi olmamış, münasibəti normal olmuşdur. 2024-cü ilin iyul ayının 30-da səhər saat 8 radələrində tanımadığı bir nömrədən əmisi Zərərçəkmiş şəxs ona zəng edərək onlara gəlməyini istəmişdir. Sonradan ona məlum olub ki, Ziyafətin ona zəng elədiyi həmin mobil nömrə Ziyafətin qonşusu Familə məxsusdur. O da özünə məxsus olan **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı Toyota Prius markalı avtomobili ilə Ziyafətgilə getmişdir. O, Ziyafətə yaxınlaşanda onun sifət nahiyəsindən xəsarət aldığını görmüşdür. Ondan bunun necə baş verdiyi haqqında soruşmuş, Ziyafət ona bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə həmkəndlisi Fərzalı ilə dalaşdığını demiş, daha sonra Ziyafət çiyin nahiyəsində möhkəm ağrı olduğunu bildirmişdir. Sonra o, Ziyafətdən ona nəyə görə öz mobil telefonu ilə zəng etmədiyini soruşmuş, Ziyafət dünən Fərzalı ilə dalaşan zaman telefonunu itirdiyini demişdir. Ona görə də, Ziyafət və o, onun avtomobili ilə Ziyafət və Fərzalının dalaşdığı yerə getmişdir. Həmin yerdə telefonu bir qədər axtardıqdan sonra tapmışlar. Ziyafət telefonu tapdıqdan sonra DİN-in 102 Xidməti- Xidməti X6 zəng edərək Fərzalı ilə dalaşmağı barədə məlumat vermişdir. Ziyafətin bədənində ağrılar olduğu üçün o, Ziyafəti Salyan RMX-ya aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərmişlər. Daha sonra onlar Salyan Rayon Polis Şöbəsinə getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İlkin yoxlama zamanı baş təhqiqatçı Tural Fərmanlı tərəfindən xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokoldan görünür ki, hadisə yeri Salyan rayonu Kürsəngi kəndinə giriş yolunun asfaltdan kənar hissəsi, torpaq örtüklü yerdir. DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən, cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa, o, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, barəsində Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaqı aparılmış cinayət işinə xx.xx.2018-ci ildə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa, o, Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 67.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması və 1600 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.11 bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-98/20 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1600 manat məbləğində cərimə cəzasına və 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı şəhər probasiya idarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cərimə cəzasından azad edilmiş, həmçinin "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən icra məmurunun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin 7(008)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzasının müddəti 01 il azaldılmış və cəza müddəti başa çatdığı üçün 05.05 2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyü üçün Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 7(001)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-92/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilməklə 01 (bir) il azaldılmışdır. Salyan rayonu İHB-nin Salyan rayonu Kürsəngi kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2 azyaşlı uşağı vardır. Salyan RMX-nin 22 iyul 2024-cü il tarixli 18-1-68/2-1433/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 296 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol göz bucağının səthi yarası, şişkinliyi, alt və üst dodağın selikli qişasının qansızması, sağ körpücük sümüyünün sınığı küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:50-də Salyan RPŞ-nin İBdə şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X2 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib tutulmadan azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər əvvəllər birbirini tanımış, onlar qonşu olmuş, hadisəyə qədər aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxsin yaşadığı kəndin ərazisində yerləşən Səfqan adlı şəxsə məxsus olan marketin qarşısında təhlükəli davranışı mübahisə edilməzdir. Zərərçəkmiş şəxsin iradı haqlı olmuş, hadisə zərərçəkmişin təşəbbüsü ilə başlamamış, təqsirləndirilən şəxs heç bir səbəb olmadan mübahisə yaratmış, mübahisə nəticəsində zərərçəkmişi nalayiq ifadələrlə təhqir etmiş, yumruq və təpiklə onun üz və bədən nahiyələrinə vuraraq sol göz bucağının səthi yarası, şişkinliyi, alt və üst dodağın selikli qişasının qansızması, sağ körpücük sümüyünün sınığı ilə nəticələnən, onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, ya da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Xuliqanlıq niyyəti ilə törədilən əməl çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək qeyd edir ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 127.2.3-cü maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs daha əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (CM 128, 177) nəzərdə tutulan cinayət əməlləri törətmiş, lakin cəza siyasətinin humanistləşdirilməsi məqsədilə barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəzalar tətbiq olunmuşdur. Lakin təqsirləndirilən şəxs bu cəzalardan nəticə çıxarmamış və yenidən Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə müəyyən etdi ki, təqsirləndirilən şəxs barəsində əvvəllər tətbiq edilən alternativ cəzalar məqsədinə çatmamış, onun islah olunması üçün yetərli olmamış, o, ictimai təhlükəli davranışını davam etdirmişdir. Təqsirləndirilən şəxsin yenidən cinayət törətməsi onun cəmiyyət üçün təhlükə təşkil etdiyini və azadlıqdan məhrum etmə cəzasının zəruriliyini göstərir. Odur ki, təqsirləndirilən şəxsin davranışları nəzərə alınaraq onun islah olunması, həmçinin cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Əks təqdirdə, onun tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Məhkəmə, həmçinin qeyd edir ki, azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi cəza siyasətinin humanizmi prinsipinə zidd deyil, əksinə təqsirləndirilən şəxsin islah olunması və ictimai təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar