Məhkəmə qərarları › İş №1(057)-148/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-148/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-148/2024 19.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Salyan rayonu, Qardili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Salyan rayonu, Qardili kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2024-cü ilin fevral ayının əvvəllərində Salyan rayonu, Həsənli kəndində yaşayan qohumu, Zərərçəkmiş şəxs müddətli həqiqi hərbi xidmətini yenicə başa vurmuş oğlu Şahid1 orduda müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu kimi işə düzəldəcəyi barədə yalandan vəd verib aldadaraq bu məqsədlə 2024-cü ilin fevral ayının 10-da, saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Salyan rayonu, Həsənli kəndindəki evində əvvəlcə 3000 manat almış, daha sonra vahid niyyətlə Zərərçəkmiş şəxs oğlu işə qəbul olunduqdan sonra onun Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində xidmət etməsi üçün əlavə 500 manat pul verməli olduğunu bildirib həmin vaxt Zərərçəkmiş şəxs xahişi ilə Şəmkir rayonunda yerləşən fermalardan birində işləyən anası Şahid3 vasitəsi ilə 2024-cü ilin fevral ayının 19-da saat 20:31:50-də onun Kapital Banka aid, özünə məxsus 4169 7388 5376 6404 nömrəli BirBank kartına göndərilmiş 200 manat və həmin tarixdə saat 20:50:43-də göndərilmiş 300 manat pulu, həmçinin Şahid1 işə düzəlməsi ilə bağlı tibbi komissiyadan keçməsi adı ilə 2024-cü ilin aprel ayının 10-da, saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdə aldığı əlavə 200 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə ona məxsus ümumilikdə cəmi 3700 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, Kapital Bankdan alınmış ödəniş kartı üzrə cədvəllər və digər istintaq sənədləri ilə ona tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2000 manat pulu Elmanın evində ondan almış, 500 manat pulu isə Elmanın anası plastik kart vasitəsi ilə göndərmişdir. O, Zərərçəkmiş şəxs aldığı borc pulla qızına Masallı rayonundan mebel almışdır. Zərərçəkmiş şəxs aldığı puldan 1200 manatını ona geri qaytarmışdır. Elman onun adına Qarabağlı kəndində aldığı dəmir qapı üçün borclu olduğu 400 manat pulu və “İdeal” mağazasına olan 100 manat borcunu özü ödəmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, bacanağı Elmanın oğlu Asimlə birlikdə iki dəfə taksi ilə Bakı şəhərinə getmişdir. Asim Bakı şəhərini tanımadığı üçün onunla birlikdə 20 Yanvar metrostansiyasına kimi getmiş, oradan da taksi ilə Müdafiə Nazirliyinin hərbi həkim komissiyasının olduğu ünvana getmişlər. İkinci dəfə isə patinka almaq üçün getmişdir. Çöldə işlədiyi üçün patinkadan istifadə edir. Asimin MAXE kimi işə düzəltmək istədiyini bilmişdir. Elman Quliyev adında tanışının olduğunu onunla hər hansı bir pul söhbəti olmamışdır. Elman qapısındakı inəyini bildiyi qədər 2000 manata satmış və 2024cü ilin fevral ayının əvvəllərində ona borc olaraq 2000 manat pul vermişdir. Sonradan isə Elman ona əlavə 500 manat da vermişdir. Elman ona 3700 manat yox, cəmisi 2500 manat pul vermiş, onun sonradan ona verdiyi 200 manat pulu da Ülvin adlı hərbçi tanışına borclu olduğu üçün onun bank kartına atmışdır. Həmin 200 manat pulu o Ülvinə olan 200 manat borcunu silmək üçün göndərmiş və bu barədə bacanağı Elmana heç nə deməmişdir. Əlavə olaraq bildirmişdir ki, peşmandır, zərər çəkmiş şəxsə barışmışdır və ona vurulmuş zərər tam olaraq ödəmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. Oğlu Şahid1 orduda MAXE kimi işə düzələrək işləməsini arzu etmişdir. Bundan Təqsirləndirilən şəxs xəbərdar idi, oğlu həqiqi hərbi xidmətdən qayıtmağa az qalmış Yamin ona Elman Quliyev adında yüksək rütbəli tanışının olduğunu və onunla danışıb Asimin işə düzəlmə məsələsinə kömək edə biləcəyini demişdir. Bir neçə gündən sonra Yamin özü onlara gəlib ailə üzvlərinin yanında ona Elman adlı tanışı ilə Asimin işə düzəlmə məsələsini danışdığını, Asimi işə düzəltmək üçün tanışı Elmanın 3000 manat pul istədiyini və Asimi işə düzələndən sonra Gəncədəki hərbi hissədə saxlatdırmaq istəsələr əlavə 500 manat da verməli olduğunu ona demiş o da həmin vaxt Yaminə oğlunun həmin məbləğdə işə düzəlməsinə razı olduğunu, ancaq əlində o qədər pulu olmadığını bildirib pulu düzəldəndən sonra ona xəbər verəcəyini demişdir. Yamin də onun dedikləri ilə razılaşmış və ondan sonra o, qapısındakı inəyini kənddə mal-qara alveri edən Mehman adlı şəxsə 2000 manata satmış, inəyi alarkən Mehman da onun inəyi nə üçün satdığını soruşmuş, o da oğlunu işə düzəltməklə əlaqədar pul lazım olduğu üçün satdığını bilmişdir. İnəyi satandan sonra evdə olan bütün pullarını da cəmləyib 3000 manat düzəltmiş və 2024-cü ilin fevral ayının 10-da, saat 19 radələrində Yamini evinə çağırıb bibisi oğlu Şahid4 Şahüseyn oğlu və arvadı, Şahid2 ilə oğlu Asimin yanında Yaminə 3000 manat pul vermiş, o da pulu sayıb qəbul edəndən sonra onları arxayın etmişdir ki, 3-4 ay ərzində Asimin hərbidə işə düzəlmə məsələsi həll olunacaqdır. Həmin 3000 manat pulu aldıqdan təxminən bir həftə sonra Yamin yenə onlara gəlmiş və ona demişdir ki, Elmanla danışmışam və o deyir ki, Asim işə düzələndən sonra onu Gəncədəki hərbi hissədə saxlatdırmaq istəyirlərsə indidən əlavə 500 manat da pul verməlidirlər. O da Yaminə demişdir hazırda mənim əlimdə pulum yoxdur, ancaq anamla danışaram, onda pul olarsa 500 manat da əlavə sənə pul verərəm deyə bildirmiş, sonra həmin dövrdə Şəmkir rayonundakı fermalardan birində işləyən anası Tehranə Süleymanova ilə telefon əlaqəsi saxlayıb vəziyyəti ona danışmış və ondan 500 manat pul istəmişdir. Anası da ona müdirlə danışıb xəbər edəcəyini bildirmişdir. Anası işlədiyi fermanın müdiri ilə danışıb razılaşandan sonra öz müdirinin telefon nömrəsini onlara göndərmiş və Yamin də həmin nömrəyə öz bank kartının şəklini göndərdikdən sonra anasıgili Yaminin bank kartına 500 manat pul göndərmişlər. 2024-cü ilin aprel ayının əvvəllərində Yamin yenə onlara gəlmiş və Asimin işə düzəlməsi ilə bağlı komissiyadan keçməli olduğunu və bunun üçündə 200 manat pul lazım olduğunu ona demişdir. O da 2024-cü ilin aprel ayının 10-da, saat 10 radələrində öz evində qayınanası və ailə üzvlərinin yanında Yaminə 200 manat pul vermiş və bir neçə gündən sonra Yamin özü Asimi komissiyaya aparmışdır. Bir neçə dəfə komissiyaya gedib gələndən sonra Asimdə qan azlığı aşkarlandığından o həmin vaxt komissiyadan keçə bilməmiş və ona həmin vaxt gedib müalicə olunandan sonra təkrar gəlib komissiyadan keçməli olduğun bildirilmişdir. Ondan sonra vəziyyəti belə görüb Yaminə artıq Asimin hərbidə işə düzəlməsini istəmədiklərini bildirib ondan aldığı pulları geri qaytarmasını tələb etmiş, lakin Yamin pulu qaytarmaqdan imtina edərək ona müxtəlif əsassız bəhanələr gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə cəmi 3700 manat pulu qaytarmadığı üçün Salyan RPŞ-nə şikayət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir şəxsi işə düzəltməsindən xəbəri yoxdur. Təqsirləndirilən şəxs oğlu Asimi Bakı şəhərinə Müdafiə Nazirliyinin hərbi həkim komissiyasına aparmışdır. Yamin yalandan deyir ki, ona pulu borc olaraq vermişəm. Yaminin səsini telefonla danışarkən yazmış, lakin həmin telefon işləmədiyi üçün həmin səs yazılarını təqdim edə bilmir. Yamin onun yanında bir neçə dəfə Elman adlı şəxslə danışırmış kimi mobil telefonla danışmışdır. Təqsirləndirilən şəxs ona hissə-hissə olmaqla 1500 manat pulu qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş zərər tam olaraq ödənildiyi üçün heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Asimi işə düzəltmək adı ilə ərindən 3700 manat pul almışdır. 2024-cü ilin fevral ayının əvvəlində Yamin onların yaşadığı evə tez-tələsik gələrək Elmana Asimin işi üçün 3000 manat pul istədiyini demişdir. Qapısındakı inəyi sataraq pulunu Yaminə vermişlər. Pulu əri Elman onun yanında sayıb vermişdir. Qaynanası 500 manat pulu fermadan kart vasitəsi ilə Yaminə göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hərbiyə marağı olduğu üçün MAXE kimi işə düzələrək işləməsini arzu etmişdir. Təqsirləndirilən şəxs onu Müdafiə Nazirliyinə işə düzəltmək adı ilə atası Elmandan hissəhissə olmaqla 3700 manat pul almışdır. Bakıda Hərbi Hospitala müayinəyə Yaminlə birlikdə getmişdir. 3-4 dəfə Bakı şəhərinə getmiş, hər dəfə də Yamin onunla birlikdə getmişdir. Yamin içəri keçməmiş çöldə onu gözləmişdir. Qan azlığı olduğu üçün işi alınmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. X3 hərbidə işə düzəltmək istəmiş, ona görə də həmin vaxtlarda Elman qapısındakı bütün heyvanları satmışdır ki, Asimin işə düzəlmə məsələsinin həll olunması üçün pul düzəltsin. Elman həmin vaxtlarda özü ona demişdir ki, Yamin ondan Asimi hərbidə işə düzlətmək üçün 3000 manat pul istəmişdir. Elman onun yanında Yaminə 3000 manat pul vermişdir. Pul verilərkən Elman pulu yanlarında saymışdır. Özü də Elmana 100 manat borc vermiş, sonradan Elman onun pulunu geri qaytarmışdır. Elmanın satdığı heyvanı özü avtomobilə mindirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan rayonu, Şəkərli kəndində yaşayır və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əvvəldən qonşu kənd sakinləri kimi tanımışdır. 2024-cü ilin fevral ayının əvvəllərində özü üçün alıb saxlamaq məqsədi ilə damazlıq inək axtaran zaman qonşu Həsənli kəndində yaşayan Zərərçəkmiş şəxs inək satdığını eşidib onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Sonra onlara gedərək bu barədə ondan soruşanda Elman həqiqətəndə bir inəyini satmaq istədiyini bildirmiş, həmin vaxt Elmandan inəyini nə üçün satmaq istəməsi barədə soruşduqda Elman ona oğlunu işə düzəltmək istədiyini və bu məqsədlə də ona pul lazım olduğunu demiş, lakin həmin vaxt Elman ona oğlunu kimin işə düzəldəcəyi barədə heç nə deməmişdir. O da Elmanın satmaq istədiyi inəyə baxıb onu bəyənmiş və ona görə də qapısında Elmana 2000 manat verib bir baş boğaz inəyi ondan alıb evlərinə gətirmişdir. Elmana verdiyi iki min manat pul 100 manatlıq əsginas olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Elman və onun ailəsi ilə birlikdə Salyan rayonu, Həsənli kəndində yaşayır və Şahid1 onun nəvəsidir. Təqsirləndirilən şəxs da oğlu Elmanın bacanağıdır. Asim 2024-cü ilin yanvar ayında hərbi xidmətini başa vurub kəndə qayıtmış, oğlu Elman da Asimi həmin vaxt hərbidə işə düzəltmək istəmişdir. Özü həmin vaxtlarda Şəmkir rayonu ərazisində yerləşən Şərqiyyə adlı qadına məxsus fermada işləmiş, təxminən 2024-cü ilin fevral ayının ortalarında oğlu Elman ona zəng vurub Asimin hərbidə işə düzəlməsi üçün Yaminə 3000 manat pul verdiyini, Yaminin ondan əlavə 500 manat da pul istədiyini, lakin pulu olmadığından onu verə bilmədiyini bildirib ondan pul istəmişdir. O da pulu olmadığını, bu barədə müdiri ilə danışıb ondan pul istəyəcəyini demiş, fermanın müdiri Şərqiyyə xanımdan borc kimi 500 manat pul istəmiş və o da razılıq verəndən sonra onun telefon nömrəsini Elmana göndərmişdir. Yamin də həmin nömrəyə öz bank kartının şəklini göndərəndən sonra Şərqiyyə xanım 19 fevral 2024-cü il tarixdə Yaminin bank kartına 500 manat pul göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Yamin oğlu Elmanı aldadıb və ona görə də Asimin hərbidə işə düzəlmə məsələsi həll olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin noyabr ayından Müdafiə Nazirliyinin hərbi hissələrindən birində gizir kimi xidmətə başlamış və hazırda Bakı Hərbi Kollecində taqım komandiri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs 2018-ci ildən tanımış, həmin dövrdə onunla eyni hərbi hissədə xidmət aparmışlar. Təxminən 2024-cü ilin əvvəllərində Yamin bir dəfə onun iş yerinə gəlmiş və ehtiyacı olduğunu bildirib ondan 200 manat borc pul istəmişdir. O da köhnə bir iş yoldaşı kimi çıxarıb Yaminə həmin vaxt 200 manat pul vermişdir. Bir müddət sonra Yamin bir dəfə qohumu olan bir cavan oğlanla onun yanına gəlmiş, həmin vaxt onları qarşılayıb öz hesabına nahar təşkil etmiş, nahar edərkən Yamin qohumu olan həmin oğlanı hərbidə işə düzəltmək istədiklərini bildirmiş, nahar etdikdən sonra onlar çıxıb getmiş və daha onları bir daha görməmişdir. Həmin vaxt o, Yamingilin komissiyadan keçmələri üçün hara getmələrini bilməmiş, bu barədə onlarla heç bir söhbət etməmiş, komissiyadan keçməklə bağlı Yamindən və ya onun yanında olan oğlandan hansısa bir miqdarda pul istəməmişdir. Təxminən 2024-cü ilin aprel ayının əvvəllərində Yamin ona zəng edib ondan bank kartının şəklini istəmiş, Yamindən bank kartımın şəklinin ona nə üçün lazım olması barədə soruşanda Yamin ona səndən aldığım borc pulu göndərmək istəyirəm, ancaq mənim telefonum köhnə modelli olduğu üçün mən öz qohumumun telefon nömrəsini sənə göndərirəm, sən də öz bank kartının şəklini həmin mobil nömrəyə atarsan deyə bildirmişdir. O da heç bir şeydən şübhələnmədiyi üçün bank kartının şəklini Yaminin ona göndərdiyi mobil telefona atmışdır. Ondan sonra həqiqətəndə bank kartına 200 manat pul yüklənmiş və həmin vaxt elə zənn etmişdir ki, həmin pul Yaminin ondan borc kimi aldığı 200 manat pulun əvəvzində ona göndərilib. Sonradan ona məlum olmuşdur ki, Yamin onu aldadıb və özgəsinin pulunu ona göndərmişdir. İş materiallarında görünür ki, ibtidai istintaqda cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə iş üzrə ifadələri arasında müəyyən ziddiyyət olduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid2 ilə şahid Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda üzləşdirmələr keçirilmiş və həmin üzləşdirmələr zamanı Elman və X2 Abasovun üzünə oğlanları Asimin hərbidə işə düzəlməsi ilə bağlı 2024-cü ilin fevral ayının 10-da, saat 19 radələrində yaşadıqları Salyan rayonu, Həsənli kəndindəki evlərində 3000 manat pul verdikləri bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan 15 avqust 2024-cü il tarixli “cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi” barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 3-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 16 avqust 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi istintaqının aparılması üçün icraatına qəbul edilmişdir. Cinayət işinin 22-ci vərəqində olan “zərərççəkmiş şəxs qismində tanınma haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 52-59-cu vərəqlərində olan 02 oktyabr 2024-cü il tarixli “üzləşdirmə protokolları”ndan görünür ki, Elman və X2 Abasovun üzünə oğlanları Asimin hərbidə işə düzəlməsi ilə bağlı 2024-cü ilin fevral ayının 10-da, saat 19 radələrində yaşadıqları Salyan rayonu, Həsənli kəndindəki evlərində 3000 manat pul verdiklərini bir daha təsdiq etmişlər. Cinayət işinin 62-63-cü vərəqlərində olan Salyan rayon İHB-nın Həsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Abasov X4 rayonu, Qardili kəndində ailəsi ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 65-66-cı vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Salyan RPŞ-də ********* nömrəli material üzrə işə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM 40.3 və CM-nin 73.2-ci maddələrinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarının ikinci hissəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Cinayət işinin 67-68-ci vərəqlərində olan "Kapital Bank"dan alınmış Təqsirləndirilən şəxs məxsus 4169 7388 5376 6404 nömrəli BirBank kartına dair xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edən ödəniş kartı üzrə çıxarışlardan görünür ki, 2024-cü ilin fevral ayının 19-da saat 20:31:50-də Təqsirləndirilən şəxs Kapital Banka aid, özünə məxsus 4169 7388 5376 6404 nömrəli BirBank kartına 200 manat və həmin tarixdə saat 20:50:43-də 300 manat pul daxil olmuş və yuxarıda qeyd edilən tarixlərdə həmin karta göndərilmiş ümumilikdə cəmi 500 manat pul xx.xx.2024-cü il tarixdə saat 21:35:23-də Salyan rayonu, Yenikənd kəndində yerləşən "İdeal" ticarət mərkəzində yerləşən ATM-dən realizə olunaraq götürülmüşdür. Cinayət işinin 68-ci vərəqində olan Zərərçəkmiş şəxs Salyan RPŞ-də verdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, qohumu Təqsirləndirilən şəxs onu oğlunu işə düzəldəcəyi ilə aldadaraq onun ümumilikdə cəmi 3700 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Sonradan şikayəti əsasında polis şöbəsində cinayət işi açıldıqdan sonra ona dəymiş ziyandan 1400 manat ona ödənilmiş, qalan ziyan isə qalmışdır. Ona görə də, göstərilən xüsusatın nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 82-83-cü vərəqlərində olan 04 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 94-95-ci vərəqlərində olan 04 oktyabr 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Barışmışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərər çəkmiş şəxsə tamamilə ödənilməsini, zərər çəkmiş şəxslə barışmasını, və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 (iyirmi) saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 (bir yüz iyirmi) manat məbləğində pul onun Kapital Bank”-ın Masallı rayon filialında olan Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayətin nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından Cinayət Məcəlləsinin 73-1.1ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialında olan Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qrardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar