Məhkəmə qərarları › İş №1(057)-152/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-152/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-152/2024 10.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X3 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev küçəsi, ev 218, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə 2023-cü ilin oktyabrın 5-də Neftçala rayon sakini Zərərçəkmiş şəxs sertifikasiya imtahanından müvəffəqiyyət qazanmasını təmin edəcəyi vədini verib aldadaraq Salyan rayon avtovağzalı yaxınlığında ümumi tanışları Salyan rayon sakini Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. Salyan şəhəri İ.Qurbanov küçəsində dəqiq ünvanı bilmədiyi evdə qayınanası yaşayır və bu səbəbdən bəzi vaxtlarda Salyan şəhərində olurmuş. İcarə əsasında idarə etdiyi “Mersedes” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Salyan marşrutu üzrə fərdi qaydada sərnişin daşımaqla məşğuldur. Əvvəllər Zərərçəkmiş şəxs və qayınatası Rövşəni tanımamışdır, heç biri ilə münasibəti, ədavəti və ziddiyyəti olmamışdır. O, İsmayılı və qayıntası Rövşəni 2023-cü ilin oktyabr ayının əvvəllərindən etibarən öz tanışı Salyan rayon sakini Şahid2 vasitəsilə tanımışdır. Belə ki, həmin ilin oktyabr ayının əvvəllərində Zahid ona zəng edib Neftçala rayonunda yaşayan öz tanışı Rövşənin kürəkəni İsmayılı tibb işçilərinin sertifakasiya imtahından uğurla keçməsində nə kimi kömək edə biləcəyini soruşmuşdur. Həmin vaxt Zahidə demişdir ki, heç bir problem yoxdur və 4000 manat müqabilində İsmayılın sertifikasiya imtahanından uğurla keçməsinə kömək edə biləcəyinə söz vermişdir. Bir neçə gün sonra Zahid yenidən ona zəng edib Rövşən və İsmayılın onun yanında olduqlarını, Rövşənin onunla telefonda danışmaq istədiyini və istədiyi 4000 manatı iki dəfəyə verə biləcəklərini demişdir. O, Rövşən ilə telefonda danışmağa razılıq vermiş və həmin vaxt aralarında olmuş telefon danışığı zamanı Rövşənə bildirmişdir ki, 4000 manat müqabilində onun kürəkəni İsmayılın sertifikasiya imtahanından uğurla keçməsinə kömək edə biləcəkdir və pulun da iki dəfəyə verilməsinə etiraz etməmişdir. Ertəsi gün oktyabrın 5-də Salyan rayona gəlib Zahid ilə Salyan avtovağzalında görüşdükdə Zahid Rövşən və İsmayıldan aldığı 4000 manat pulu orada ona vermişdir. X5 zəng edib onun Salyan rayonunda olduğunu və görüşmək istədiyini demişdir. O, həmin gün Zahid ilə Salyan şəhərindəki “Babək” restoranında Rövşən və İsmayıl ilə görüşmüşlər. Həmin vaxt aralarında olmuş söhbət zamanı Zahid Rövşən və İsmayıla demişdir ki, verdikləri 4000 manatı ona vermişdir. O da öz növbəsində 4000 manatın Zahid tərəfindən ona verildiyini təsdiq etmişdir. Sonrakı söhbət zamanı, o, İsmayıla demişdir ki, 2024-cü ilin yanvar ayında keçiriləcək sertifikasiya imtahanına girəcəkdir, narahat olmasın, hər şey yaxşı olacaqdır. 2024-cü ilin yanvar ayında Rövşən ona zəng edib kürəkəni İsmayılın sertifikasiya imtanından kəsildiyini deyib Zahidin vasitəsilə ona verdikləri 4000 manatı geri tələb etmişdir. O da bildirmişdir ki, qısa zamanda onların pulunu qaytaracaqdır, lakin sonrakı müddətdə insult krizi keçirdiyindən səhhəti ilə bağlı uzun müddət müalicə olunmuş və bu səbəbdən pulu geri qaytara bilməmişdir. Daha sonrakı müddətdə Rövşən və İsmayıl ilə aralarında razılıq əldə edilmişdir ki, həmin pulu onlara hissə-hissə qaytaracaqdır. İlk əvvəl Rövşənin vasitəsilə İsmayılın 1200 manatını, daha sonrakı müddətdə daha 1300 manat pulunu qaytarmışdır. Bu günədək 2500 manat qaytarmış, qalan 1500 manatı da qısa zamanda qaytarmağa söz vermişdir. Şahid2 ona verdiyi 4000 manatdan Zahidə heç bir manat verməmiş, puuların hamısı onun özündə olmuşdur. Onun real olaraq İsmayılı hər hansı sertifikasiya imtanından keçirtməyə hər hansı əlaqəsi, tanışları və digər imkanı olmamışdır. Sadəcə o zaman düşünmüşdür ki, pulu aldıqdan sonra X4 gedib bu məsələni həll etmək üçün tanış tapa biləcəkdir, lakin sonradan bunu edə bilməmişdir. Zahid Qulieyvin vasitəsilə aldığı Zərərçəkmiş şəxs məxsus 4000 manatı heçnəyə sərf etməmişdir, həmin 4000 manat Bakı şəhərində olarkən naməlum yerdə və şəraitdə onun avtomobilindən yoxa çıxmışdır, o həmin puldan özünə heç bir manat xərcləməmişdir. Onun avtomobilindən 4000 manat pulun yoxa çıxması barədə heç bir hüquq-mühafizə orqanına məlumat verməmiş və rəsmi müraciət etməmişdir. Həmçinin onun avtomobilindən həmin pulun yoxa çıxması barədə Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 heç bir məlumat verməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs, həmçinin bildirdi ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmiş, onunla barışmışdır. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Neftçala rayonu Aşağı Surra kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır, əvvəllər Neftçala Rayon Mərkəzi Xəstəxanasında aptek əczaçısı vəzifəsində işləmişdir, hazırda işsizdir. İşi ilə əlaqədar olaraq 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində keçiriləcək sertifikasiya imtahanından keçməli imiş. Həmin ərəfədə qayınatası Şahid1 onu demişdir ki, özünün Zahid adlı bir tanışının yanında bu barədə söhbət edərkən Zahid də öz tanışının vasitəsilə onun sertifikasiya imtahanından keçməyə kömək göstərə biləcəyini demişdir. O, 2023-cü ilin oktyabr ayının əvvəllərində qayınatası Rövşən ilə birlikdə Salyan rayonu Arbatan kəndinə gedən avtomobil yolunun üstündə yerləşən çay evinin yaxınlığında Zahid ilə görüşüb bu barədə söhbət etmişlər. Zahid imtahandan keçməkdə ona köməklik ediləcəyini və bunun müqabilində 4000 manat lazım olduğunu demişdir. O həmin vaxt üstündə 2000 manat olduğunu və qalan pulu bir neçə günə çatdıra biləcəyimi demişdir. Zahid razılıq vermiş və bu işləri özünün Azər adlı bir tanışının vasitəsi ilə görüləcəyini demişdir. Daha sonra Zahid qayınatası Rövşəni öz tanışı Azər ilə telefonda danışdırmışdır və Azər də eyni sözləri deyib 4000 manat müqabilində onu sertifikasiya imtahanından keçirəcəyinə söz vermişdir. Bundan sonra o, üstündə olan 2000 manatı orada Zahidə vermişdir. Təxminən 3 gün sonra qayınatası Rövşən ilə birlikdə yenidən Arbatan kəndinə gedən yoldakı çay evinin yanında Zahid ilə görüşüb qalan 2000 manatı da orada Zahidə vermişdir. O zaman Zahid demişdir ki, bir neçə gündən sonra Azər ilə onları görüşdürəcəkdir. Həqiqətən bir neçə gündən sonra Zahid onun qayınatasına zəng edərək görüşmək istədiklərini bildirmişdir. Həmin gün o və qayınatası Salyan şəhərindəki “Babək” restoranına gəlib Zahid və Azər ilə görüşmüşlər. Həmin vaxt Zahid onun verdiyi 4000 manatı Azərə çatdırıldığını demişdir, Azər də öz növbəsində bunu təsdiq edərək 4000 manatı Zahiddən götürdüyünü bildirmişdir. Daha sonra Azər demişdir ki, o ilk iki sertifikasiya imtahanına girməməlidir və yalnız 2024-cü ilin yanvar ayında keçiriləcək imtahana girəcəkdir. Bunun səbəbini soruşduqda Azər demişdir ki, bu cür etmək lazımdır, çünki Bakı şəhərindəki bu işi görən adam belə tapşırmışdır. O da Azərin dediyi kimi edib 2023-cü ilin oktyabr və noyabr aylarında keçirilmiş sertifikasiya imtahanlarına girməmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Azər ilə telefon əlaqəsi saxladıqda Azər ona demişdir ki, bu ay keçiriləcək imtahana girməlidir, lakin özü heç bir şey yazmasın, bütün test cavabları onun əvəzinə başqa şəxs tərəfindən yazılacaqdır. O da yanvar ayında sertifikasiya imtahanına girmiş və Azərin dediyi kimi edib heç bir imtahan suallarını cavablandırmamışdır. Bir neçə gündən sonra imtahan nəticələrini yoxladıqda öz adının imtahandan keçmiş şəxslərin arasında olmadığını görmüşdür. O və qayınatası Azər ilə telefon əlaqəsi saxlayıb nəyə görə imtahandan keçə bilmədiyini öyrənmək istəmişlər, lakin Azər onların zənglərinə cavab verməmişdir. Bundan sonra ona aydın olmuşdur ki, Azər onlara yalan danışmışdır, onun etibarından sui-istifadə edib aldadaraq pulunu ələ keçirilmişdir. Sonrakı müddətdə Azər hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən məcbur qalıb Neftçala rayon polis şöbəsinə şikayət etmişdir. Sonrakı araşdırma Salyan rayon polis şöbəsində aparıldığı müddətdə Zahid qayınatası Rövşənin vasitəsilə onun 1200 manatını qaytarmışdır, pulun qalan hissəsini də hissə-hissə qaytaracağına söz vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını qeyd edərək, bu barədə notarial qaydada təsdiq olunmuş yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun analoji ifadə vermişdirlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tam ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və xx.xx.2004-cü ildə cəzanın sonu ilə azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş yazılı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1- ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəsini və məhkəmə iclasında həmin ərizəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar