Məhkəmə qərarları › İş №1(057)-153/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-153/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-153/2023 23.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, yetkinlik yaşına çatmayan 1 uşağı olan, işləməyən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-268/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 04 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu olan, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 1(053)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, təkrarən qanunsuz olaraq yaşayış sahəsinə və başqa saxlanc yerinə daxil olmaqla oğurluq yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 iyul 2023-cü il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Salyan şəhəri, E.İmanov küçəsi 49 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinə yəni saxlanc yerinə hasardan tullanmaq yolu ilə qanunsuz olaraq daxil olub həyətyanı sahədə yerləşən Zərərçəkmiş şəxs3 məxsus mişar daşlarından olan yarımtikilidən hər biri 35 manat dəyərində, 16 ədəd erkək cinsli diri halda çəkiləri 4-5 kiloqram olan hind quşlarını oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 560 (beş yüz altmış) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 iyul 2023-cü il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Salyan şəhəri, E.İmanov küçəsi 27 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarından həyətə tullandıqdan sonra özü ilə gətirdiyi kəlbətin və vintaçan vasitəsilə evin plastik pəncərəsini açaraq içəriyə yəni yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin aynabənd deyilən otağından Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 500 (beş yüz) manat dəyərində, 109 dioqanallı “Samsung” markalı televizoru oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində Salyan-Neftçala yolunun Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində yol kənarında yerləşən, Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi bərbər salonunun taxta qapısının balaca dəmir qıfılını özü ilə gətirdiyi kəlbətin və vintaçan vasitəsilə açaraq içəriyə yəni saxlanc yerinə qanunsuz olaraq daxil olub salondan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 20 manat dəyərində “Men” markalı üzqırxan ülgüc, 1 ədəd 25 manat dəyərində “Grundig” markalı saçqırxan maşın, 1 ədəd 30 manat dəyərində “Mozer” markalı saç qurutmaq üçün hava feni, habelə salonun divarından 1 ədəd 50 manat dəyərində “ BKL-2500” markalı kondisioneri çıxarıb oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 125 (yüz iyirmi beş) manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Törətdiyi oğurluq cinayət əməlinə görə sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixdə 04 ay 14 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Azadlığa çıxdıqdan sonra narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Bu səbəbdən narkotik vasitənin pulunu əldə etməkdən ötrü oğurluq etməyi planlaşdırmışdır. Narkotik vasitənin pulunu əldə etməkdən ötrü həm də küçələrdən dəmir parçaları yığıb metal qəbulu məntəqəsinə verərək pul əldə etmişdir. O, adətən, küçələrdən yığdığı dəmir parçalarını Salyan şəhər dairəsinin yaxınlığında yerləşən Salyan şəhəri, E.İmanov küçəsində olan metal qəbulu məntəqəsinə gətirib satmışdır. 2023-cü ilin iyul ayının sonlarında həmin küçədə yerləşən metal qəbulu məntəqəsinə metal satarkən həmin yerin yaxınlığında əvvəllər tanımadığı, hazırda adını bildiyi Gülxarə adlı yaşlı bir qadının özünə məxsus çoxlu sayda ev quşlarını küçədə otardığını görmüşdür. Ona pul lazım olduğu üçün onun həyətindən oğurluq etməyi qərara almışdır. Bu səbəbdən 22 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı Neftçala rayonu, Xıllı qəsəbəsindən çıxıb Salyan şəhəri, E.İmanov küçəsi ərazisində qeyd etdiyi evin yaxınlığına gəlmişdir. Hasardan həyətə boylanıb heç kimin olmadığını görmüşdür. Daha sonra hasardan həyətə tullanmışdır. Ev quşları həyətdə mişar daşlarından yarım tikilmiş vəziyyətdə olan yerdə olmuşdur. Oraya daxil olduqda içəridə çoxlu sayda ev quşları olmuşdur. O, həmin ev quşlarından 16 ədəd hind quşunu oğurlayıb özü ilə gətirdiyi torbalara yığaraq həyətdən uzaqlaşmışdır. Daha sonra Salyan şəhər avtovağzalına gəlmiş və oradan oğurladığı 16 ədəd hind quşunu avtovağzal ərazisində tanımadığı şəxslərə ümumilikdə 400 manata satmışdır. Əldə etdiyi pulları isə narkotik vasitə əldə edib qəbul etməyə və digər ehtiyaclarına xərcləmişdir. 23 iyul 2023-cü il tarixdə günorta saatlarında yenə də Salyan şəhər dairəsinin yaxınlığında yerləşən Salyan şəhəri, E.İmanov küçəsində olan metal qəbulu məntəqəsinə gəlmiş və gətirdiyi bir qədər dəmir parçalarını 15 manata satmışdır. Həmin vaxt metal qəbulu məntəqəsinin yaxınlığında yerləşən fərdi yaşayış evinin həyətinin giriş qapısında dəmir qıfılın olmasını görmüşdür. Həmin evdə yaşayışın olmamasını ehtimal edib həyətin hasarına yaxınlaşmışdır. Daha sonra hasarın üstünə çıxıb həyətin ot-alaq basdığını görərək həmin evdə uzun müddətdir yaşayışın olmadığına əmin olmuş və oradan oğurluq etməyi qərara almışdır. Bundan sonra qayıdıb yaşadığı Neftçala rayonu, Xıllı qəsəbəsinə getmişdir. Oğurluqda istifadə etməkdən ötrü yaşadığı evdən kəlbətin və vintaçan götürmüş və həmin gün axşam saat 21 radələrində yenidən Salyan şəhəri ərazisinə qayıtmışdır. Salyan şəhərinə çatdıqdan sonra avtovağzal ərazisində bir neçə saat çayxanada oturmuş və gecənin olmasını gözləmişdir. 24 iyul 2023-cü il tarixdə gecə saat 04 radələrində Salyan şəhəri, E.İmanov küçəsində yerləşən gündüzdən nişanladığı evin qarşısına gəlmişdir. Həmin vaxt həyətyanı sahənin hasarından həyətə tullanmışdır. Daha sonra evin plastik pəncərəsini üzərində olan kəlbətin və vintaçanla açıb evə daxil olmuşdur. Evin içəri otağından “Samsung” markalı plazma televizoru oğurlayıb evdə olan divan üstü örtüyünə bükmüş və evdən çıxmışdır. Televizoru hasarın ortasına qoymuş və daha sonra özü hasardan küçəyə tullanmışdır. Televizoru da hasarın üstündən götürüb Salyan şəhər dairəsinə gəlmişdir. Hava artıq, yavaş-yavaş açılmışdır. Salyan şəhər dairəsində Bakı şəhərinə işləyən, tanımadığı taksi sürücüləri olmuşdur. Həmin taksi sürücülərinə özünə məxsus olan televizoru 400 manata satdığını bildirmişdir. Həmin tanımadığı və hazırda xatırlamadığı sürücülərdən biri onunla 350 manata razılaşmış və həmin məbləğə televizoru ona satmışdır. Bundan sonra yenidən yaşadığı Neftçala rayonu, Xıllı qəsəbəsinə qayıtmışdır. Qeyd etmişdir ki, o, mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyi üçün oğurluq nəticəsində əldə etdiyi pulları tez bir zamanda xərcləmiş və ona narkotik vasitə əldə etməyə yenə də pul lazım olmuşdur. Bu səbəbdən yenidən Salyan rayonu ərazisinə gəlib oğurluq etməyi qərara almışdır. 25 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı Neftçala rayonu, Xıllı qəsəbəsindən Salyan-Neftçala yolunun Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisinə gəlmişdir. Bir neçə gün əvvəl oradan keçərkən yol kənarında bərbər salonunu görmüşdür. Bir az aralıda avtomobildən düşüb piyada həmin salona yaxınlaşmışdır. Salonun qapısı taxtadan olmuş və üzərinə balaca dəmir qıfıl vurulmuşdur. Özü ilə gətirdiyi kəlbətin və vintaçan vasitəsilə qıfılı qırıb içəriyə daxil olmuşdur. Salonda əlinə keçən 1 ədəd üzqırxan ülgüc, 1 ədəd saçqırxan maşın, 1 ədəd saç qurutmaq üçün hava fenini götürmüşdür. Daha sonra divarda olan köhnə kondisioneri görüb onu da oğurlamaq qərarına gəlmiş və divarı söküb kondisioneri də çıxararaq aparmışdır. Həmin vaxt salonun arxasında kanal qırağında kondisioneri söküb içərisində olan mis metalını çıxarıb özü ilə götürmüşdür. Qalan hissələrini isə oradakı yulğunluğa tullamışdır. Həmin gün gündüz saatlarında mis metalını yoldan keçən, tanımadığı metal yığan motosikletçiyə 25 manata satmışdır. Saç qırxan maşını isə Salyan-Neftçala marşrutlarının yanında tanımadığı qadına 15 manata satmışdır. Ülgüc və hava fenini isə sata bilmədiyi üçün Salyan rayonu ərazisində yerləşən zibil qutularından birinə tullamışdır. Həmin oğurluqdan əldə etdiyi pulları da narkotik vasitələr əldə etməyə və şəxsi ehtiyaclarına xərcləmişdir. 26 iyul 2023-cü il tarixdə saat 17 radələrində Salyan şəhəri ərazisində olarkən Salyan Rayon Polis Şöbəsi əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə gətirmişlər. Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən, habelə Zərərçəkmiş şəxs2 işlətdiyi bərbər salonundan etdiyi oğurluq əməllərini tək törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadələri, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə ildir ki, Salyan-Neftçala yolunun yaşadığı Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində yol kənarında icarə əsasında bərbərxana işlətmişdir. Bildirmişdir ki, adətən, səhər saatlarında bərbərxananı açıb axşam saatlarında bağlayaraq yaşadığım evə getmişdir. Bərbərxananı qapısında balaca dəmir qıfıl olmuşdur. Sonuncu dəfə 24 iyul 2023-cü il tarixdə axşam saatlarında yenə də həmişə olduğu kimi bərbərxananın qapısının dəmir qıfılını bağlayıb yaşadığı evə getmişdir. Növbəti gün yəni 25 iyul 2023-cü il tarixdə səhər saatlarında bərbərxanaya gələrkən qapı qıfılının sındırıldığını, lakin qapının bağlı vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olduqdan sonra oradan özünə məxsus olan 1 ədəd üzqırxan ülgüc, 1 ədəd saçqırxan maşın, 1 ədəd saç qurutmaq üçün hava feninin olmadığını aşkar etmişdir. Daha sonra otağın divarına baxdıqda divara bərkidilmiş 1 ədəd kondisionerin də olmadığını müəyyən etmişdir. O, əvvəlcə həmin əşyaları tapacağını zənn etsə də, daha sonra əşyaların naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını müəyyən edib 28 iyul 2023-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Bidirmişdir ki, işlətdiyi bərbərxanadan ona məxsus olan 1 ədəd 25 manat dəyərində “Men” markalı üzqırxan ülgüc, 1 ədəd 30 manat dəyərində “Grundig” markalı saçqırxan maşın, 1 ədəd 50 manat dəyərində “Mozer” markalı saç qurutmaq üçün hava feni və 1 ədəd 100 manat dəyərində “BK-2500” markalı kondisioneri oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 205 (iki yüz beş) manat maddi ziyan dəymişdir. Ona dəymiş olan maddi ziyanın məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən kimi olması ilə razıdır və maddi ziyanın ekpertiza qiymətinə uyğun 125 manat dəyərində tanınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava, ev 157-də qeydiyyatda olmaqla Salyan şəhəri, E.İmanov küçəsi ev 27-də ailə üzvləri ilə birlikdə yaşayır. 2015-ci ildə həyat yoldaşı rəhmətə getdikdən sonra hər il yay aylarında Bakı şəhərində uşaqları ilə birlikdə valideynlərinin yanında yaşamışdır. Evə onunla bir həyətdə, digər evdə yaşayan qaynı Şahid və onun ailə üzvlərinin nəzarət etmişdir. 18 iyun 2023-cü il tarixdə Bakı şəhərinə getmişdir. 24 iyul 2023-cü il tarixdə günorta saatlarında qaynı Şəhriyar ona zəng edərək evin pəncərəsinin torunun yerdə olduğunu gördüklərini evə kənar şəxs (şəxslər) tərəfindən daxil olunduğundan şübhələndiyini bildirmişdir. Şəhriyar telefonda ona pəncərədən evə naməlum şəxsin (şəxslərin) daxil olduğunu və oğurluq ola biləcəyini bildirib təcili Bakı şəhərindən gəlməyini demişdir. Şəhriyar özü o, gələnə qədər Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Növbəti gün yəni 25 iyul 2023-cü il tarixdə Bakı şəhərində Salyan rayonuna gəlmişdir. Həmin gün evə daxil olub nəzər saldıqda evin aynabənd deyilən otağından 1 ədəd “Samsung” markalı televizorun naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını müəyyən etmiş və həmin gün Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, yaşadığı evdən ona məxsus 1 ədəd 1000 manat dəyərində “Samsung” markalı, 109 dioqanallı televizor oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə, ona 1000 manat maddi ziyan dəymişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğlu Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsini xahiş etdi. İttiham aktının siyahısında zərər çəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Dövlət ittihamçısı şifahi vəsatət verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadələrinin elan edilməsi ilə kifayətlənməsini təklif etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətin təmin edilməsini xahiş etmişlər. Zərər çəkmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Cinayət işinin 130- 131-ci vərəqlərində olan həmin ifadəsində o, bildirmişdir ki, Salyan şəhəri, E.İmanov küçəsi ev 49-da qeydiyyatda olmaqla tək yaşayır. Hazırda heç bir yerdə işləmir və təqaüd alır. Qeyd etmişdir ki, yaşadığı evin həyətyanı sahəsində yerləşən, mişar daşlarından tikilmiş yarımtikilidə özünə məxsus içərisində hind quşları və digər ev quşları olan ümumilikdə təxminən 90 ədəd ev quşlarını saxlamışdır. O, adətən, gündüz vaxtlarında ev quşlarını küçəyə otlamaq üçün buraxıb daha sonra yenidən həyətə salmışdır. Sonuncu dəfə 21 iyul 2023-cü il tarixdə axşam saatlarında ev quşlarını evin həyətinə saldıqdan sonra saymışdır. Növbəti gün yəni 22 iyul 2023-cü il tarixdə səhər saatlarında yuxudan durub evin həyətinə düşmüşdür. O, yarımtikilidə olan ev quşlarını saydıqda onların içərisində 16 ədəd hind quşunun olmadığını görüb həmin hind quşlarının naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını müəyyən etmiş və dərhal Azərbaycan Respublikası DİNin “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Daha sonra Salyan Rayon Polis Şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidən ona məxsus hər biri 35 manat dəyərində olan 16 ədəd erkək cinsli, 4-5 kq çəkidə hind quşları oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə, ona 560 manat maddi ziyan dəymişdir. Həmin vaxt həyəcanlı olduğundan 90 ədəd hind quşlarının oğurlandığını bildirmiş, əslində həyətindən ona məxsus 16 ədəd hind quşu oğurlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Salyan şəhəri, E.İmanov küçəsi ev 27-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd etmişdir ki, qardaşı Türkel 2015-ci ildə rəhmətə getdikdən sonra onun həyat yoldaşı Aynur hər il yay aylarında Bakı şəhərində uşaqları ilə birlikdə valideynlərinin yanında yaşamışdır. Onlar bir həyətdə, ayrı-ayrı evlərdə yaşadıqlarından onların evinə də özləri olmadıqda o, onlar nəzarət etmişdir. 24 iyul 2023-cü il tarixdə həyətdə evə baş çəkərkən evin pəncərəsinin torunun yerdə olduğunu görüb evə kənar şəxs (şəxslər) tərəfindən daxil olunduğundan şübhələnmiş və həmin vaxt Aynura zəng vurmuşdur. O, telefonda Aynura pəncərədən evə naməlum şəxsin (şəxslərin) daxil olduğunu və oğurluq ola biləcəyini bildirib təcili evə gəlməyini demişdir. O, özü Aynur gələnə qədər Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Növbəti gün, yəni 25 iyul 2023-cü il tarixdə Aynur gəlmişdir. Həmin gün Aynur evə daxil olub nəzər saldıqda evin aynabənd deyilən otağından 1 ədəd “Samsung” markalı televizorun naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını müəyyən etmiş və həmin gün Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra bilmişlər ki, qardaşı arvadı Aynurun evindən ona məxsus 01 ədəd “Samsung” markalı televizoru oğurlamış şəxs Neftçala rayonu, Xıllı qəsəbə sakini Təqsirləndirilən şəxs olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 № ********* saylı cinayət işi üzrə 26 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 7-12-ci vərəqlərində olan “baxış keçirilməsi barədə” 25 iyul 2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenatı X10 Azərbaycan Respublikası CPM-nin 51, 86, və 236-c maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Mürsəl Həşimov, CAB-nin əməliyyat müvəkkili Tural Əhmədlinin, Salyan RPŞ-nin ekspert krimnalisti Fuad Yüzbaşıyevin və hal şahidlərinin iştirakı ilə ünvan 1-də yaşayan Zərərçəkmiş şəxs1ə Rafiq qızının yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və foto şəkillər şəkilmişdir. Cinayət işinin 15-ci vərəqində olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Fuad Mirzəzadənin vətəndaş Zərərçəkmiş şəxs1ə Rafiq qızının ərizəsi əsasında toplanmış materialın “materialın aidiyyəti üzrə göndərilməsi” barədə 26 iyul 2023-cü il tarixli qərarından görünür ki, ünvan 1-də yaşayan Zərərçəkmiş şəxs1ə Rafiq qızının xx.xx.2023cü il tarixdə Salyan RPŞ-yə yazdığı ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Salyan RPŞ-nin İB-nə verilmişdir. Cinayət işinin 26-27-ci vərəqlərində olan “baxış keçirilməsi və götürmə aparılması barədə” 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X8 Azərbaycan Respublikası CPM-nin 236 və 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq tərtib edir ondan ötrü ki, xx.xx.1985-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, hal şahidləri: 1) xx.xx.1979-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Arbatan kəndində yaşayan X6, 2) xx.xx.1961-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 68-də yaşayan X1 iştirakları ilə ondan ötrü ki, icraatında araşdırılan HK-1/1544 nömrəli material üzrə Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq təqdim etdiyi kəlbətin və vintaçana baxış keçirilməsinə başlamışdır. Baxış keçirilməzdən əvvəl hal şahidləri- X2 və X3 Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilməklə, CPM-nin 222-ci maddəsinin tələbinə əsasən ibtidai araşdırma məlumatlarının yayılmasının yol verilməzliyi, habelə Azərbaycan Respublikası CM-nin 300-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Araşdırma materialı üzrə Təqsirləndirilən şəxs izahatında 24 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə daxil olaraq 1 ədəd “Samsung” markalı televizoru oğurlayarkən evin pəncərəsini açmaq üçün istifadə etdiyi kəlbətin və vintaçanın üzərində olduğunu bildirmiş və könüllü olaraq istintaqa təqdim etmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi kəlbətin dəmirdən olmaqla dəstəyinin üst hissəsi qırmızı rəngli plastik materialdandır. Təqsirləndirilən şəxs təqdim etdiyi vintaçana baxış keçirildikdə dəstək və tiyə hissədən ibarət olması, dəstək hissəsinin yaşıl rəngli bərk plastik materialdan, tiyə hissəsinin isə dəmirdən, ikitərəfli yəni dəyişilən olmaqla bir tərəfinin ucu düz, digər tərəfinin ucu isə fiqur formalı olması müəyyən edilmişdir. Araşdırma materialı üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən həmin kəlbətin və vintaçan tərəfindən götürülmüşdür. Cinayət işinin 28-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 № ********* saylı cinayət işi üzrə 26 iyul 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 38-39-cu vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ xx.xx.2023-cü il tarixdə 17:30 dəqiqədə məhdudlaşdırılmış və həmin gün saat 18:30 dəqiqədə tutulmuşdur. Cinayət işinin 46-47-cı vərəqlərində olan 28 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 55-56-cı vərəqlərində olan 28 iyul 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 57-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 № ********* saylı cinayət işi üzrə 28 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsin X9n azad edilməsi haqqında” qərarından görünür ki, Salyan RPŞ-nin X9 saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işinin 59-cu vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 № ********* saylı cinayət işi üzrə 28 iyul 2023-cü il tarixli “materialın cinayət işinə əlavə edilməsi haqqında” qərarından görünür ki, icraatında araşdırılan HK-1/1576 saylı material icraatında istintaq edilən ********* nömrəli cinayət işinə əlavə edilmiş və icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin 72-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 № ********* saylı cinayət işi üzrə 01 avqust 2023-cü il tarixli “materialın cinayət işinə əlavə edilməsi haqqında” qərarından görünür ki, icraatında araşdırılan HK-1/1525 saylı material icraatında istintaq edilən ********* nömrəli cinayət işinə əlavə edilmiş və icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin 82-ci vərəqində olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Mircəlal Ağalarovun 29 iyul 2023-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi” barədə qərarından görünür ki, Salyan şəhəri, E.İmanov küçəsi, ev 49-da yaşayan Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə Salyan RPŞ-yə daxil olmuş müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Salyan RPŞ-nin İB-nə verilmişdir. Cinayət işinin 91-93-cü vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29 və 120.1-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən təqsirli bilinərək, CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azadılaraq üzərində qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən çəkilməmiş qalan cəzasından 04 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü ildə cəzasını tam şəkildə çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 95-96-cı vərəqlərində olan Neftçala rayon Xıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi N.X.Məmmədov tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Babayev X4 rayonu, Xıllı qəsəbəsində yaşayır, yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Ailəsi ilə birlikdə Xıllı qəsəbəsində yaşayır, xx.xx.2016-cı il təvəllüdlü X7 adlı bir övladı var. Cinayət işinin 97-103-cü vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-268/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 104-106-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/6148 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 625 manat müəyyən olunmuşdur. Cinayət işinin 109-cu vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 118-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 124-cü vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis baş leytenantı Fikrət Əliyev tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-104/2-22090/2023 nömrəli məktubu vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədi (ADİS-in məlumat bankına Salyan RPŞ-dən daxil olan) xx.xx.1985-ci il tarixdə Neftçala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının (qapıdan götürülmüş) və sol əlinin ovuc (03 dəfə) (şüşədən götürülmüş) əksləri ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. Cinayət işinin 126-cı vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 132-ci vərəqində olan Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Ramil Əmrahov tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli məktubdan görünür ki, 2023-cü ilin iyul ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 16 ədəd erkək cinsli, diri halda çəkiləri 4-5 kiloqram olan hind quşunun 01 ədədinin qiyməti 35 manatdır. Cinayət işinin 133-134-cü vərəqələrində olan ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 07 ədəd əl izi (skoçda) işə əlavə edilmişdir. Cinayət işinin 143-144-cü vərəqlərində olan 23 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 154-cü vərəqində olan Salyan Rayon Məhkəməsinin 3(057)-664/2023 saylı, 28 iyul 2023-cü il tarixli qərardan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və onun barəsində 1 (bir) ay müddətinə inzibati “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cin ayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, dəymiş ziyanı ödəməməsini, habelə ziyanı ödəməyə heç bir cəhd etməməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs azyaşlı uşağın olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “08 noyabr Zəfər Günü” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 04 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi beş il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Cinayət Məcəlləsinin Məcəllənin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəza çəkməsinin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1), onun Neftçala Rayon Məhkəməsinin 1(053)-51/2023 saylı, 23 oktyabr 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan-hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 07 ədəd əl barmaq izinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - 01 ədəd kəlbətin və 01 ədəd vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurduğu ziyanın ödəməmiş, vurduğu ziyanı aradan qaldırmağa və zərər çəkmiş şəxslərlə barışmağa heç bir cəhd göstərməmiş və zərər çəkmiş şəxslər ondan şikayətçidir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrumetmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yanlız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək həbsdə saxlanılmasını nəzərə alaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 1(053)-51/2023 saylı, 23 oktyabr 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan-hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 7 (yeddi) ədəd əl barmaq izinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - 1 (bir) ədəd kəlbətin və 1 (bir) ədəd vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar