Məhkəmə qərarları › İş №1(057)-158/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-158/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-158/2024 24.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Salyan rayonu, Qızılağac kəndində yaşayan Zərərçəkmiş şəxs Salyan rayonu ərazisində itirmiş olduğu “XalqBank”a aid “4198 4185 6417 2045” saylı hesab kartını Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən 58-ci kilometrində yerləşən Salyan dairəsinin yaxınlığından, "xxxx" ASC-nin Salyan filialının qarşısından taparaq Salyan rayonunda müxtəlif adlarda fəaliyyət göstərən aptek, ərzaq, geyim, tikinti, elektronika və cehiz mağazalarında olan “post terminal” vasitəsilə elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs adına olan həmin plastik kart hesabdan 845 manat 60 qəpik pulu şəxsi məsrəfləri üçün gizli yolla talayaraq Zərərçəkmiş şəxsnа 845 manat 60 qəpik məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o fəhlə işləyir. 31 avqust 2024-cü il tarixdə günorta radələrində Salyan şəhərində Salyan dairəsi adlanan ərazidə yerdən “XalqBank”a məxsus, qırmızı rəngli, “4198-4185-6417-2045” saylı plastik kart tapmışdır. Kartı götürüb cibinə qoymuş və evə getmişdir. Həmin plastik kartla Salyan şəhərində yerləşən marketlərdən, apteklərdən və tikinti materialları satan mağazalardan alış-veriş etmiş, borcunu ödəmişdir. Belə ki, “Sahil” inşaat mağazasından duş və krant alaraq ümumilikdə 60 manat, “Turan” inşaat və tikinti materialları mağazasından mətbəx üçün aspirator alaraq 90 manat, “Richouse” geyim mağazasından “Versace” markalı köynək alaraq 65 manat pul xərcləmişdir. ”Ay İşığı” marketinə də bir neçə dəfə girmişdir. Ümumilikdə 31 avqust və 01 sentyabr tarixlərində 2 gün ərzində həmin kartdan istifadə edərək Salyan şəhəri ərazisində bir çox apteklərə, marketlərə, obyektlərə daxil olaraq elektron formada 845 manat 60 qəpik ödəniş etmişdir. O, həmin kartından istifadə etməklə hər hansısa bir bankomatdan pul vəsaiti çıxartmamışdır. Çünki o kartın şifrəsini bilməmiş və həmçinin kartın üzərində də şifrəsi olmamış və yazılmamışdır. Həmin kartdan istifadə edərək təmassız ödəmələr həyata keçirtmişdir. Ailə üzvləri tərəfindən zərər çəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o 2018-ci ildən "xxxx" QSC-da bölgə müdiri vəzifəsində işləyir. Onun özünəməxsus 4198-4185-6417-2045 saylı “XalqBank” plastik kartı mövcuddur. 31 avqust 2024-cü il tarixdə Salyan şəhəri, Salyan dairəsi adlanan ərazinin yaxınlığından keçərkən özünəməxsus olan əmək haqqı kartı fərqində olmadan cibindən düşərək itmişdir. Ertəsi gün, yəni 01 sentyabr 2024-cü il tarixdə o müəyyən etmişdir ki, kartından naməlum şəxs və ya şəxslər tərəfindən 31 avqustdan müəyyən etdiyi anadək müxtəlif vaxtlarda 845 manat pul xərclənmişdir. Telefonundakı “XalqBank” mobil tətbiqi vasitəsilə tarixçəyə baxanda orada aşkar etmişdir ki, itirdiyi həmin 4198-4185-6417-2045 saylı “XalqBank” plastik kartı vasitəsilə müxtəlif marketlərdə, tikinti materialları mağazalarında və elektronika mağazalarında bir sıra ödənişlər edilmişdir. Bundan sonra o banka müraciət edərək kartından başqa məbləğlər daha çəkilməsin deyə kartını bloklatdırmışdır. Növbəti gün 02 sentyabrda Salyan RPŞ-yə ərizə ilə müraciət edərək maaş kartından müxtəlif vaxtlarda naməlum şəxs və şəxslər tərəfindən 845 manat pulun çıxarıldığını bildirmişdir. İtirdiyi plastik kart “XalqBank”a məxsusdur, üzərində “4198-4185-6417-2045” nömrələri vardır və həmin plastik kart qırmızı rənglidir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənmişdir. Buna görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən “Richhouse” geyim mağazasında satıcı kimi fəaliyyət göstərir. Təxminən 2019-cu ildən bəri həmin geyim mağazasında çalışır. 31 avqust 2024-cü il tarixində saat təxminən 16:00 radələrində İxtiyar adlı şəxs həmin çalışdığı geyim mağzasına gələrək oradakı geyimlərə və ayaqqabılara baxmağa başlamışdır. Həmin şəxs mağazadakı geyimlərə biraz baxdıqdan sonra onlara özünə uyğun köynək axtardığını bildirmişdir. O İxtiyara bir sıra köynəklər göstərmiş və İxtiyar həmin köynəklərin arasından “Versace” markalı köynəyi seçərək almaq istədiyini bildirmişdir. İxtiyara seçdiyi “Versace” markalı köynəyin qiymətinin 65 manat olduğunu demiş və İxtiyar ona almaq istədiyini bildirmişdir. Bundan başqa həmin şəxs əlavə olaraq özünə corab almaq istədiyini deyərək mağazadakı corablara baxmağa başlamışdır. Biraz baxdıqdan sonra 2 manat 50 qəpik dəyərində 01 cüt kişi üçün olan corabı götürüb onu da “Versace” markalı köynəklə birlikdə kassaya təqdim etmiş və plastik kartdan istifadə etməklə ümumilikdə 67 manat 50 qəpik dəyərində ödəniş həyata keçirərək oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Ələt-Astara şossesində yerləşən “Sahil inşaat” tikinti materialları mağazasında nəzarətçi kimi fəaliyyət göstərir. Təxminən 2014-cü ildən bəri həmin tikinti materialları mağazasında çalışır. 2024-cü il sentyabr ayının 01-də saat təxminən 10-11 radələrində İxtiyar adlı şəxs həmin çalışdığı tikinti materialları mağzasına gələrək oradakı tikinti materiallarına baxmağa başlamışdır. Həmin şəxs biraz baxdıqdan sonra onlara evi üçün krant və duş axtardığını bildirmişdir. O İxtiyara bir sıra krantlar və duşlar göstərmiş və o həmin krant və duşların arasından öz büdcəsinə uyğun olanını seçib almaq istədiyini bildirmişdir. İxtiyar adlı şəxsə seçdiyi krant və duşun ikisinin birlikdə ümumi qiymətinin 60 manat olduğunu demişdir. Bundan sonra isə İxtiyar həmin krant və duşu götürərək kassaya yaxınlaşmışdır. İxtiyar plastik kartdan istifadə etməklə ümumilikdə 60 manat dəyərində alış-veriş edərək tikinti materialları mağazasından çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o təxminın 7-8 ildir ki, Salyan şəhəri, X3 küçəsi 143 ünvanında yerləşən “Turan” inşaat materialları dükanında kassir kimi fəaliyyət göstərir. 31 avqust 2024-cü il tarixində “Turan” inşaat materialları dükanında işdə olarkən saat 18 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs dükana gələrək oradakı inşaat materiallarına baxmağa başlamışdır. Biraz baxdıqdan sonra onlara mətbəx üçün aspirator axtardığını bildirmişdir. Satıcı ona aspiratorların yerini göstərdikdən sonra İxtiyar dəyəri 90 manat olan aspiratoru seçərək almaq istədiyini bildirmişdir. Daha sonra isə aspiratorla birlikdə kassaya yaxınlaşmış və plastik kartdan istifadə etməklə 90 manat dəyərində həmin aspiratoru alaraq oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 95-97-ci vərəqələrində olan Şahid2 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, Salyan şəhərindən keçən Ələt-Astara magistralında yerləşən “Ay işığı” marketdə nəzarətçi kimi fəaliyyət göstərir. 31 avqust 2024-cü il tarixdə marketdə işləyən zaman Təqsirləndirilən şəxs adlı şəxs marketə daxil olmuşdur. Həmin şəxs marketə daxil olduqdan sonra marketdəki ərzaqlara baxmağa başlamışdır. Bundan sonra o ərzaq yığmaq üçün əlinə səbət götürüb səbətin içini müəyyən qədər ərzaqla doldurmağa başlamışdır. Daha sonra ödəniş etmək üçün kassaya yaxınlaşmış və plastik kart vasitəsilə ödəməni həyata keçirtmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə neçə manat dəyərində bazarlıq etdiyini xatırlamır, sadəcə olaraq onun plastik kart vasitəsilə ödəniş etdiyini xatırlayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundovun 02 sentyabr 2024cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. Cinayət işinin 10-11-ci vərəqlərində olan “plastik karta baxış keçirilməsi və götürülməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli protokoldan və iki ədəd foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi plastik kart qırmızı rənglidir, “XalqBank”a məxsusdur, üzərində böyük hərflər ilə “classic” yazılmışdır və üzərində “4198- 4185-6417-2045”-dən ibarət olan 16 rəqəm mövcuddur. Həmçinin həmin “XalqBank”a məxsus “4198-4185-6417-2045” saylı plastik kartın üzərində Zərərçəkmiş şəxs yazısı vardır. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxs qismində tutma haqqında” 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 28-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqları xx.xx.2024-cü il tarixdə saat 14:40 dəqiqədən etibarən məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə saat 16:30 dəqiqədə Salyan RPŞ-də tutulmuşdur. Cinayət işinin 40-cı vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 51-52-ci vərəqlərində olan “qətimkan tədbiri seçilməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 55-ci vərəqində olan 04 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Salyan RPŞ-nin X2 saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. Cinayət işinin 58-61-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 04 sentyabr 2024-cü il tarixli protokol və üç ədəd fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Salyan filialının qarşısında Zərərçəkmiş şəxs məxsus “XalqBank” plastik kartını tapdığı yeri göstərmişdir. Cinayət işinin 62-ci vərəqində olan 04 sentyabr 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus “4198 4185 6417 2045” saylı “XalqBank” plastik kartı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmalarından ötrü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 74-75-ci vərəqlərində olan 06 sentyabr 2024-cü il tarixli “təqdim olunan hesabdan çıxarışa baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “4198 4185 6417 2045” saylı “XalqBank” plastik kartından istifadə edilməklə 31 avqust 2024-cü il və 01 sentyabr 2024-cü il tarixlərində müxtəlif adlarda fəaliyyət göstərən aptek, ərzaq, geyim, tikinti, elektronika və cehiz mağazalarında ödənişlər həyata keçirilmişdir. Cinayət işinin 80-ci vərəqində olan “TƏBİB” “Salyan Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs epilepsiya xəstəliyindən əziyyət çəkir və tez-tez tutulmalar baş verir. Cinayət işinin 82-ci vərəqində olan 010636 nömrəli, xx.xx.2016-cı il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan ümumi səbəbdən ikinci qrup əlildir. Cinayət işinin 83-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 84-85-ci vərəqlərində olan Salyan rayon İHB-nin Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X1 şəhəri, A.Pənah küçəsi, ev 4 saylı ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs barəsində bu günə kimi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin 86-cı vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” “Salyan Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, xx.xx.1979-cu il təvəllüdlü ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən “Epilepsiya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkimnarkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 98-100-cü vərəqlərində olan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2588 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs primitiv şəxsin aksentuasiyası qeyd edilmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənmişdir. Buna görə də, heç bir şikayət və tələbim yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxs və şahid ifadələri, baxış və götürmə protokolu, ona əlavə edilmiş fotocədvəl, ifadənin yerində yoxlanılması protokolu, XalqBankdan alınmış hesabdan çıxarışlar, maddi sübut kimi götürülmüş bir ədəd bank kartı və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, oğurluq əməlinin şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və Zərərçəkmiş şəxs şikayətinin olmaması ilə bağlı ərizə verməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (02-04 sentyabr 2024-cü il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, A.Pənah küçəsi, ev 4 ünvanında yerləşən evini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Cəzaların İcrası Məcəlləsinin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Cəzaların İcrası Məcəlləsinin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - “XalqBank” tərəfindən verilmiş “4198 4185 6417 2045” nömrəli plastik kartın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün (02-04 sentyabr 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, A.Pənah küçəsi, ev 4 ünvanını saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut - “XalqBank” tərəfindən verilmiş “4198 4185 6417 2045” nömrəli plastik kartın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. . Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar