Məhkəmə qərarları › İş №1(057)-16/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-16/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-16/2024 11.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Salyan Rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 il, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə yaşayış sahəsinə qanunsuz olaraq daxil olub xeyli miqdarda özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 06 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus olan Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə qapını açarla açma üsulu ilə qanunsuz olaraq daxil olub həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağındakı əl çantasından 8200 manat pulu, 1445.00 manat dəyərində 1 ədəd 583 əyarlı, çəkisi 17 qram olan qızıl tros boyunbağı və 165.00 manat dəyərində 1 ədəd 375 əyarlı, çəkisi 3 qram olan qızıl üzüyü götürüb aparmaqla Zərərçəkmiş şəxs cəmi 9810 manat məbləğində maddi ziyan vurub xeyli miqdarda özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 06 oktyabr 2023-cü tarixdə saat 14 radələrində qonşusu İlqarın evinin həyətinə keçmiş, evin qapısını üstündə olan açarla açaraq içəri keçmişdir.Oradan 8200 manat və 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyü götürüb oğurlamışdır.Pulu özünə sərf etmiş, qızılları isə Natiq adlı qızılçıya satmışdır.2400 manat pulu evində saxlamış və həmin pulu müstəntiqə təqdim edərək sahibinə qaytarmışdır.Törətdiyi əmələ görə peşimandır, orada çoxlu pul olmasına baxmayaraq hamısını oğurlamamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını qeyd edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O.həmin ifadəsində göstərmişdir ki, Salyan rayon Mərkəzi Xəstəxanasında travmatoloq-həkim işləyir, ali təhsillidir, Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində ona məxsus olan iki mərtəbəli fərdi yaşayış evi var, o, həmin evdə arvadı Şahid2 ilə birlikdə yaşayır, arvadı Xəyalə də Salyan rayon Mərkəzi Xəstəxanasında işləyir, oğlu isə hazırda Bakı şəhərində oxuyur və orada yaşayır, o, hər gün saat 09 radələrində arvadı Xəyalə ilə birlikdə evdən işə gedir və hər gün saat 16-17 radələrində isə işdən evə gəlir, o, bir neçə il ərzində özünün və arvadı Xəyalənin aylıq maaşlarını evdə nağd formada yığır, təxminən evdə 20 min manat pulu var imiş, o, həmin pulları yaşadığı evin yataq otağında olan əl çantasının içərisində saxlayırmış, bundan başqa həmin əl çantasının içərisində ona və arvadı Xəyaləyə məxsus qızıl-zinət əşyaları da var imiş, 06 oktyabr 2023-cü il tarixdə o, arvadı Xəyalə ilə birlikdə evdən çıxıb işə getmiş, həmin gün saat 16 radələrində isə işdən evə qayıtmış, açarla qapını açıb evə daxil olmuş, əvvəlcə evdə hər hansı bir müdaxilə aşkar etməmiş, sonra o, nəzarət üçün evdə olan pullara və qızıl-zinət əşyalarına baxmaq istəmiş, pulları və qızıl-zinət əşyalarını saxladığı əl çantasını evdən çıxarkən həmin otaqda divanın üzərində qoyub getmiş, əl çantası adətən həmin otaqda şkafda olurmuş, əl çantasının içərisinə baxarkən pulların ümumi sayının gözə az gözə çarpdığını görüb bir qədər şübhələnmiş, bundan sonra pulları saymağa başlamış, 20 min manat puldan 8200 manatının yerində olmadığını müəyyən etmiş, daha sonra qızıl-zinət əşyalarına baxış keçirmiş, həmin zinət əşyalarının içərisindən ona məxsus olan 1 ədəd qızıl tros boyunbağı və 1 ədəd qızıl üzüyün yerində olmadığını da aşkar etmişdir. Bundan sonra o, Xəyalə ilə bu barədə söhbətləşmiş, evdə hər hansı bir dağıntı da yox imiş, bundan sonra o, əvvəlcə bu barədə heç kəsə heç bir şey bildirməmiş, daha sonra isə bu barədə polisə müraciət etmiş, evindən ümumilikdə ona məxsus olan 8200 manat nağd pul, 1 ədəd 583 əyarlı 17 qram çəkidə qızıl tors boyunbağı və 1 ədəd 375 əyarlı 3 qram çəkidə qızıl üzüyün oğurlanmasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hazırda qızıl-alqı satqısı ilə məşğul olur, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, 07 oktyabr 2023-cü il tarixdə günün ikinci yarısında Xaqani onun işlətdiyi qızıl alqı-satqısı mağazasına gələrək ona 1 ədəd qızıl boyunbağı satmaq istədiyini demiş, o da həmin qızıl boyunbağını əlinə alıb baxmış, o, Xaqanidən boyunbağının qiyməti barədə soruşduqda Xaqani ona qızıl boyunbağını 1100 manata satdığını demişdir. O, Xaqanidən qiyməti aşağı salmasını xahiş etmiş və həmin boyunbağını tərəzidə çəkmiş, boyunbağının çəkisi təxminən 17 qram təşkil etmiş, boyunbağı 583 əyarlı qızıldan olmaqla tros imiş, o, çəkisinə görə boyunbağı üçün Xaqaniyə 980 manat pul verə biləcəyini demişdir. Xaqani əvvəlcə qiyməti aşağı sala bilməyəcəyini bildirərək ona “az pul verirsən” demiş və mağazadan çölə çıxmış, təxminən 10 dəqiqədən sonra Xaqani yenidən mağazaya qayıtmış, qızıl boyunbağını ona 980 manata verə biləcəyini demiş, bundan sonra o, həmin boyunbağını götürüb çəkisinə uyğun olaraq Xaqaniyə 980 manat pul vermiş, pulu aldıqdan sonra Xaqani mağazadan çıxıb getmiş, o, Xaqanidən aldığı 583 əyarlı txəminən 17 qram çəkidə 1 ədəd qızıl tros boyunbağının cinayət yolu ilə əldə edilməsindən tamamilə xəbərsiz olmasını, qızıl-alqı satqısı ilə məşğul olduğu üçün Xaqaninin satdığı qızıl boyunbağını almışdır. Məhkəmədə elan olunmuş 30 oktyabr 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokoldan görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evindən Zərərçəkmiş şəxs məxsus 8200 manat pul, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyün oğurlanması faktı öz təsdiqini tapmışdır. 30 oktyabr 2023-cü il tarixli protokol əsasında 12 ədəd 200 manatlıq pul əskinası(cəmi 2400 manat) təqsirləndirilən şəxsin yaşadığı ünvanda yerləşən su çəninin dəmir qapağında aşkar edilərək iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli, 9/8736 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, zərgərlik satışı mağazalarında, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən qızılzinət əşyalarının 2023-cü ilin oktyabr ayına olan orta bazar qityməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1610.00 manat müəyyən edilir. O, cümlədən: 1)01 ədəd 583 əyarlı, çəkisi 17 qram olan qızıl tros boyunbağı-1445.00 manat (17 qramx85 manat); 2)01 ədəd 375 əyarlı, çəkisi 3 qram olan qızıl üzük-165.00 manat (3 qramx55 manat) “Salyan rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli, 18-1-68/2- 2858/2023 nömrəli məktubundan görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin məlumatına əsasən, Neftçala şəhərində anadan olmuş, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2018-ci ildən çətənə ilə narkoloji dispanserdə qeydiyyatdadır. Həkim-psixiatr Xatirə Ağayevanın məlumatına əsasən müvafiq qeydiyyatda yoxdur. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Orucov X4 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 il, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 il, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 186196/04 nömrəli məktubunda göstərilir ki, xx.xx.1985-ci il təvəllüdlü Orucov X4 rayon Məhkəməsainin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin müvafiq məhkəmə hökmü ilə ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 01 il, 02 ay, 23 gün təşkil edir. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan rayonu, Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1031 nömrəli arayışda göstərilir ki, Orucov X4 rayonu, Kürqaraqaşlı kəndində yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvü var: atası-1955-ci il təvəllüdlü X3. Həmin nümayəndə tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli, 1030 nömrəli xasiyyətnamədə göstərilir ki, xx.xx.1985-ci ildə Neftçala şəhərində anadan olmuş və hal-hazırda Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə rətib olunmuş protokoldan görünür ki, 12 ədəd 200 manatlıq pul əskinası(cəmi 2400 manat) cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb etdiyi və cinayətin əlamətlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır.Onun qəsdən cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması və həmin cəzanın tam çəkib qurtarmadan yenidən qəsdən cinayət törətməsi halı bir daha onu göstərir ki, onu azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir.Ona görə də məhkəmə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını daha ədalətli və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Orucov X4 Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 il, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona təyin olunmuş cəzasının 01 il 02 ay 23 gün müddəti çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə ona təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Ona təiyn olunmuş əvvəlki cəzası azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından ona residivə görə cəza təyin olunmamalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü il ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Salyan Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(057)-177/2023 saylı hökmü ilə ona təyin olunmuş 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 il 02 ay 23 gün müddətin iki günü Azərbaycan Respublikası CM-nın 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla həmin cəza Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində iki il iki ay müddətə azadlıqdan məhrum etmə qəti cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar