Məhkəmə qərarları › İş №1(057)-160/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-160/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-160/2023 19.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X13 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi - X7 və onun nümayəndəsi X5, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan, Salyan şəhəri, N.Nərimov küçəsi, ev 51-da qeydiyyatsız yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan bir nəfər şəxsin dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə səbəb olmuşdur. Belə ki, o, 02 iyul 2023-cü il tarixdə saat 09:20-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi “Ford Transit” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı sərnişin, yük avtomobili ilə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 56-cı kilometrliyində Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qabaq sağ qapının açılaraq sərnişin Zərərçəkmiş şəxs avtomobildən yıxılmasına səbəb olmuşdur. Hadisə nəticəsində ehtiyyatsızlıqdan sərnişin Zərərçəkmiş şəxs başın ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, beyin toxumasının ödemi, ənsə-təpə və kəllə əsası sümüklərinin sınığı, hər iki göz orbitasının qançırı, hər iki diz qapağı nahiyəsinin sıyrığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, “B1,B” kateqoriyalı, BJ seriyalı, 352127 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqəylə etibarnamə əsasında X8 məxsus olan “Ford Transit” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı sərnişin, yük avtomobilini idarə edərək həmin avtomobillə müxtəlif vaxtlarda müxtəlif yerlərə yük daşımaqla çörək pulunu qazanırmış. O, 02 iyul 2023-cü il tarixdə səhər saatlarında Salyan şəhərində həmin avtomobillə evdən çıxmış, həmin vaxt yanında hər zaman olan və ev əşyaları alış verişi edən qadınlar Sərfinaz Yusifovanı və sonrada Zərərçəkmiş şəxs evlərindən götürüb yola çıxmışdır. Onlar Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzinə gedib oradan satmaq üçün qab-qacaq almaq istəyirmişlər. Salyan şəhəri ərazisindən Salyan-Noxudlu avtomobil yoluna çıxıb biraz getdikdən sonra körpüyə qalxmaq üçün Ələt-Astara yoluna çatmış, hərəkətdə olduğu zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə qabaq sağ oturacaqda Fatmaxanım, arxa oturacaqda isə Sərfinaz xanım oturmuşdur. Yol ayrıcına çatıb sağa Ələt-Astara yoluna dönən zaman qabaq oturacaqda oturmuş Fatmaxanım havam çatmır deyib sağ pencərəni açmış, sonra çantasından asma xəstələri üçün olan aparatı çıxararaq qapını açıb yenədə havasının çatmadığını demişdir. O, 3-4 dəfə qapını açıb bağlamış, həmin vaxt sürücü öz zolağı ilə saatda təxminən 35-40 km/saat sürətlə hərəkət edirmiş. Fatmaxanım sonuncu dəfə yəni 5-ci dəfə qapını açıb bağlayanda qapının tam bağlanmadığını görüb ona qapını açaraq tam bağlamasını demiş, Fatmaxanım qapını açan zaman o, ayağını tormoz pedalına atıb sürətini azaltmaq istəyən vaxt qapı sürətlə açıldığı üçün Fatmaxanımıda çəkərək yerə yıxmışdır. Onun yerə yıxıldığını görüb dərhal avtomobili yolun sağ hissəsində saxlayaraq düşüb Fatmaxanıma tərəf qaçmış və ona köməklik etmək istəmişdir. Bu zaman onun qulağından qan gəldiyini görmüş, ətrafdan keçən adamlar təcili yardıma xəbər verdikdən sonra hadisə yerinə gələn təcili yardım həkimləri onun öldüyünü bildirmişdirlər. O, hadisədən əvvəl idarə etdiyi “Ford Transit” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı sərnişin, yük avtomobili ilə hərəkətdə olan zaman qabaq sağ oturacaqda oturmuş Zərərçəkmiş şəxs avtomobildən yıxılmazdan əvvəl 4-5 dəfə qapını açıb bağladığını, özünün hadisədən əvvəl spirtli içki, narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ilə uzun illər ailəvi münasibətləri olmuşdur. Heç bir vaxt aralarında narazılıq olmamışdır. Fatmaxanım uzun illər asma xəstəliyindən əziyyət çəkmişdir, onun dərmanlarının xaricdən alınmasına kömək göstərmişdir. Mərhumun dəfini, yas mərasiminə maddi yardım etmişdir. Törətdiyi əməlindən səmimi peşman olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadəsi, ekspertiza rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X12 göstərmişdir ki, 02 iyul 2023-cü il tarixdə, saat 09:20-də Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 56-cı kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs onun anasıdır. O, anasını xx.xx.2023-cü il tarixdə tanışları təqsirləndirilən Təqsirləndirilən şəxsla işə yola göndərmişdir. Anası xırda alverlə məşğul olubdur. Həmin günü anasını yola saldıqdan təxminən 1 saat sonra hadisənin baş verməsini eşitmiş və dərhal hadisə yerinə və sonra da morqa getmişdir. Hadisə yerinə çatanda bilmişdir ki, anası avtomobildən düşərək aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxslə ailəvi get-gəllərinin olduğunu, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirimiş X2 göstərmişdir ki, uzun illərdi alış-verişlə məşğul olurmuş və Bakı şəhəri ərazisində yerləşən “Sədərək” bazarından xırdavatlar alıb rayonda satırmış. O və Zərərçəkmiş şəxs 02 iyul 2023-cü il tarixdə səhər saatlarında Salyan şəhərində tanışları Təqsirləndirilən şəxsla görüşüb onun idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bakı şəhərinə gedərkən, yolda Fatmaxanımın halı pisləşmişdir. O, həmin avtomobildə arxa oturacaqda oturmuş, qabaq oturacaqda isə tanışı Fatmaxanım oturmuşdur. O, Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzinə gedib oradan satmaq üçün qab-qacaq almaq istəyirmişlər. Salyan şəhəri ərazisindən Salyan- Noxudlu avtomobil yoluna çıxıb biraz getdikdən sonra körpüyə qalxmaq üçün Ələt-Astara yoluna çatmışlar. Heyvan bazarının yanından sağa dönüb yol ayrıcına çatıb sağa Ələt- Astara yoluna dönən zaman qabaq oturacaqda oturmuş Fatmaxanım havam çatmır deyib sağ pencərəni açmış, sonra çantasından asma xəstələri üçün olan aparatı çıxarıb və qapını açaraq yenədə havasının çatmadığını demişdir. O, qapını açanda ayaqqabıları və əlindəki aparatı yerə düşmüş, daha sonra 3-4 dəfə qapını açıb bağlamışdır. Həmin vaxt Əfsələddin öz zolağı ilə hərəkət edirmiş. O, sonuncu dəfə yəni 5 ya 6-cı dəfə qapını açıb bağlayanda Əfsələddin qapının tam bağlanmadığını görüb ona qapını açaraq tam bağlamasını bildirmişdir. Fatmaxanım qapını açan zaman Əfsələddin avtomobilin sürətini azaltmaq istəmiş, bu vaxt qapı sürətlə açıldığı üçün Fatmaxanımıda çəkərək yerə yıxmışdır. Onun yerə yıxıldığını görüb dərhal avtomobili yolun sağ hissəsində saxlamışdır. O, düşüb Fatmaxanıma tərəf qaçmış və ona köməklik etmək istəmişlər. Bu zaman onun qulağından qan gəldiyini görmüşlər, hadisə yerinə gələn təcili yardım həkimləri onun öldüyünü bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Fuad Şirinovun “cinayət işinin başlanılması və işin icraata qəbul edilməsi haqqında” 02 iyul 2023-cü il tarixli qərarından görünür ki, toplanmış HK-713 №-li material üzrə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin 5-12-ci vərəqlərində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 02 iyul 2023-cü il tarixli protokol və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hal şahidlərinin iştirakı ilə Ələt-Astara-İran avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 56-cı km-də baş vermiş yol-nəqliyyat hadisəsi yeri müayinə olunmuş, fotoşəkillər çəkilmiş və hadisə yerinin sxemi tərtib olunmuşdur. Cinayət işinin 14-cü vərəqində olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2023-cü il tarixli, 98 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq, alkoqol qəbulu əlamətləri olmamışdır. Cinayət işinin 19-21-ci vərəqlərində olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC 352127 nömrəli sürücülük vəsiqəsini xx.xx.2021-ci il tarixdə B1, B, kateqoriyalı sürücülük hüququ verilmişdir və həmin vəsiqə xx.xx.2031-ci ilə kimi etibarlıdır. X1 Şəhadətnaməsindən görünür ki, “Ford Transit” Yük, sərnişin, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. Cinayət işinin 34-36-cı vərəqlərində olan Şərur RİH başçısının Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatdadır. Həyat yoldaşı və oğlu ilə birlikdə yaşayır, Sədərək rayonu, Sədərək kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 40-42-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X16 02 iyul 2023-cü il tarixli, 29 nömrəli “meyitin ekspertizası” rəyindən görünür ki, 1959-cu ildə anadan olmuş Zərərçəkmiş şəxs Qəhraman qızının meyitinin müayinəsi zamanı - başın ənsə-təpə nahiyəsinin əzilmişcırılmış yarası, beyin mədəciklərinə qansızmalar, beyin toxumasının ödəmi, ənsə-təpə və kəllə əsası sümüklərinin sınığı, hər iki göz orbitasının qançırı, hər iki diz qapağı nahiyəsinnin sıyrığı. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsiri nəticəsində, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobildən yıxılma nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli hansı ki, onun ölümünə səbəb olmuş Ağır zərər vurmaya aidir. Cinayət işinin 52-55-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyat ekspertizasının 14 avqust 2023-cü il tarixli, 8/2253 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Ford Transit” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1 və 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Cinayət işinin 75-76-cı vərəqlərində olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 80-81-ci vərəqlərində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, zərər çəkən şəxsin hüquqi varisinin, şahidin ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və həmin maddə üzrə barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, yaşını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, mərhumun ailəsinə maddi yardım göstərməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs idarə etdiyi “FORD Transit” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Salyan Rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs idarə etdiyi “FORD Transit” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökm müdafiəçinin hüquqi yardıma görə pulun ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar