Məhkəmə qərarları › İş №1(057)-161/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-161/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-161/2023 24.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təsirləndirilir ondan ötrü ki, о, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri kultivasiya etmə əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin may ayının ortalarında yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki meyvə ağaclarının arasında yerləşən 0,5x2 metr ölçüdə torpaq sahəsində qanunsuz olaraq xeyli miqdarda əkməklə orada cəmi 8 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 2023-cü il iyulun 22-də saat 12 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən yaşayış evinin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus cəmi 8 ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 135,0 qram eyni tərkibli tərkibində narkotik maddələr çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ildə işğaldan azad olunmuş Zəngilan rayonunda tikinti-quruculuq işlərində fəhlə kimi işləyərkən həmin rayonun ərazisində yabanı halda bitən çətənə bitkilərini görüb onların toxumlarından bir qədər toplayıb sonradan Salyan rayonuna qayıdarkən həmin çətənə toxumlarını da özü ilə gətirərək onları yaşadığı evdə saxlamışdır. 2023-cü ilin may ayının ortalarında saxladığı çətənə toxumlarını həyətyanı sahəsində, meyvə ağaclarının arasında qarğıdalı toxumları ilə birlikdə əkmiş, əkdiyi çətənə toxumlarından cəmi 8 ədəd çətənə bitkisi əmələ gəlmişdir, bunlardan heç kimin xəbəri olmamışdır. 2023-cü il 22 iyul tarixində, saat 12:00 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu görüb yaxşınlaşaraq onlarla birlikdə Salyan RPŞ-nə getməyi təklif etmişlər. Razılıq verdikdən sonra birlikdə Salyan RPŞ-nin inzibati binasıına gəlmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir şey aşkarlanıb götürülməmiş, həmin vaxt ondan yaşadığı evdə və ya başqa yerdə narkotik vasitələr, qadağan olunmuş predmetlər olub-olmaması soruşularkən o, məcbur qalıb yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkdiyini polis əməkdaşlarına etiraf edib demişdir. Ona görə də öz yazılı razılığı əsasında polis əməkdaşları ilə birlikdə müdafiəçisinin iştirakı ilə həmin bitkiləri əkdiyi yerə, yəni yaşadığı ünvana gəlmiş və orada çətənə bitkilərini əkib becərdiyi yeri polis əməkdaşlarına göstərib təqdim etmişdir. Həmin yerə özünün və dəvət olunmuş mütəxəsis aqronomun iştirakı ilə baxış keçirilərkən oradan müxtəlif hündürlükdə 08 ədəd nəşə, yəni çətənə bitkisi aşkar olunub götürülmüşdür. İştirakı ilə yaşadığı evin həyətyanı sahəsindən aşkar olunub götürülmüş həmn 08 ədəd çətənə bitkisi ona məxsus olmaqla onları tək əkib becərmiş və bundan da kiminsə də xəbəri olmamış, həmin çətənə bitkilərini özünün sonradan istifadə etməsi üçün əkib becərmişdir. Lakin əkdiyi çətənə bitkiləri hələ tam yetişmədiyindən onların məhsulundan da yığmamış, nə də onda başqa çətənə toxumu qalmamış, özündə olan bütün çətənə toxumlarının hamısını əkmişdir. Hazırda səhvini başa düşür və tutduğu əməlindən də səmimi peşimandır. Söz verir ki, bir də heç vaxt belə işlərlə məşğul olmayacaqdır. Suallara cavab olaraq Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, mütəxəssis rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və Təqsirləndirilən şəxs əvvəldən tanımamış, hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatı daxil olduğunu, 22 iyul 2023-cü il tarixdə alınmış məlumatın yoxlanılması üçün razılıq verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunmaqla tədbiri həyata keçirəcək əməliyyat qrupunun yaradılması ilə bağlı şöbədə müvafiq əmr verilmişdir. Bundan sonra o, şöbənin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və şöbənin PPTB-nün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürdük. Həmin gün saat 12:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Qaraçala qəsəbəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi ona təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra birlikdə Polis Şöbəsinə gəlmişlər və müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Üzərinə şəxsi axtarış keçirilmiş, üzərində heç bir narkotik vasitə aşkar edilməsə də, o, yaşadığı evin həyətində 08 ədəd çətənə bitkisi əkib yetişdirdiyini və onları göstərib təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsinə əsasən aqronom-mütəxəsisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Qaraçala qəsəbəsində yerləşən fərdi yaşayış evinə evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində, meyvə ağaclarının və qarğıdalı bitkilərinin arasında müxtəlif ölçüdə, yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilmiş, həmin bitkilərin dibləri yumşaldılaraq ətrafı alaq otlarından təmizlənmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis X9 həmin bitkilərə baxış keçirərək həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq göstərilməklə mütəmadi olaraq suvarılıb diblərinin yumşaldıldığını bildirmişdir. Daha sonra aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkilər onlar tərəfindən bir-bir torpaqdan çıxarılaraq sayılmış, onların ümumilikdə cəmi 08 ədəd olması müəyyən edilmişdir. Sonra 08 ədəd bitkilər Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirlmiş, burada aşkar edilərək götürülmüş həmin bitkilər bir daha sayılmış və protokolda qeyd olunan saylarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş 08 ədəd çətənə bitkiləri ekspertizaya təqdim edilməsi üçün sellofan torbaya qoyularaq qablaşdırılmış, torbanın ağzı “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, bu barədə tərtib edilmiş protokol da oxunduqdan sonra onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Sayan RPŞ-nin əməkdaşı Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, Salyan Rayon Bitki Mühafizə Mərkəzinin rəisi vəzifəsində işləyir və Salyan rayonu, Qaraçala qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla hər hansı bir münasibəti də olmamışdır. 2023-cü il iyulun 22-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin əkilib becərilməsində şübhəli bilinən şəxsin təqdim edəcəyi əraziyə keçiriləcək baxışda mütəxəssis-aqronom kimi iştirak etməsi barədə etdikləri rəsmi müraciət əsasında həmin gün saat 13 radələrində polis əməkdaşları ilə birlikdə Salyan rayonu, Qaraçala qəsəbəsinə gəlmiş, orada sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs təqdim etdiyi fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilmiş baxışda mütəxəssis kimi iştirak etmişdir. Keçirilmiş baxış zamanı həyətyanı sahədə meyvə ağaclarının və qarğıdalı bitkilərinin arasında 0,5x2 metr ölçüdə ərazidə, yaş halda kök üstə, müxtəlif hündürlükdə, yaşıl rəngli, tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilməsi aşkar edilmiş, həmin bitkilərə aqronom-mütəxəssis kimi baxış keçirib müəyyən etmişdir ki, həmin bitkilər gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsi olmaqla narkotik tərkiblidir, bitkilərin kök dibində olan torpağı nəm və yumşaq olduğundan, onların boyu, gövdə, budaq və yarpaqları yaxşı inkişaf etdiyindən belə nəticəyə gəlmişdir ki, həmin çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. Bundan sonra həmin ərazidə olan çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılıb bir-bir sayılmış, ümumilikdə cəmi 08 ədəd çətənə bitkisi olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kök üstə, yaş vəziyyətdə 08 ədəd çətənə bitkisi rayon polis şöbəsinə gətirildikdən sonra sayılıb polis əməkdaşları tərəfindən sintetik torbaya yığılıb ağzı bağlanaraq möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahid X5 məhkəmə iclasına gəlməmişdir. Şahid X3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu, cinayət işinin 52-54-cü vərəqlərində olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, o, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və Salyan rayonu, Qaraçala qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla hər hansı bir qohumluğu, ədavəti, münasibəti də olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatı ilə əlaqədar onun ifşası ilə bağlı 22 iyul 2023-cü il tarixdə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Alınmış məlumatın yoxlanılması üçün razılıq verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunmaqla tədbiri həyata keçirəcək əməliyyat qrupunun yaradılması ilə bağlı şöbədə müvafiq əmr verilmişdir. Bundan sonra o, şöbənin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və şöbənin PPTB-nün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürdük. Həmin gün saat 12:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi ona təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmiş və sonra o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun öz seçimi əsasında dəvət olunmuş müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə olub-olmaması soruşulduqda o, üzərində heç bir narkotik vasitə olmadığını, lakin yaşadığı evin həyətində 08 ədəd çətənə bitkisi əkib yetişdirdiyini və onları göstərib təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim edib göstərəcəyi ərazidə iş üzrə əhəmiyyət kəsb edəcək əşyaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan 22 iyul 2023-cü il tarixdə həmin əraziyə baxış keçirilməsi və ərazidə narkotik vasitə və ya cinayət xarakterli digər əşya müəyyən edildiyi təqdirdə götürülməsi barədə müstəntiq tərəfindən qərar qəbul edilmiş, həmin qərara, eləcədə Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsinə əsasən aqronom-mütəxəsisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək həmin evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində, meyvə ağaclarının və qarğıdalı bitkilərinin arasında 0,5x2 metr ölçüdə ərazidə, yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilmiş, həmin bitkilərin dibləri yumşaldılaraq ətrafı alaq otlarından təmizlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, onları özünün 2023-cü ilin may ayında əkdiyini, sonrakı müddətdə mütəmadi olaraq onlara qulluq göstərdiyini, yəni həmin bitkiləri daimi olaraq suvarıb diblərini yumşaltdığını bildirmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis X9 həmin bitkilərə baxış keçirərək həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq göstərilməklə mütəmadi olaraq suvarılıb diblərinin yumşaldıldığını bildirmişdir. Daha sonra aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkilər onlar tərəfindən bir-bir torpaqdan çıxarılaraq sayılmış, onların ümumilikdə cəmi 08 ədəd olması müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs başqa ərazidə həmin bitkilərdən əkib-əkmədiyi soruşulduqda o, digər ərazidə həmin bitkilərdən əkib-becərmədiyini bildirmişdir. Bundan sonra baxış keçirilən ərazidən aşkar edilmiş yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar 08 ədəd bitkilər Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirlmiş, burada aşkar edilərək götürülmüş həmin bitkilər bir daha sayılmış və protokolda qeyd olunan saylarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş 08 ədəd çətənə bitkiləri ekspertizaya təqdim edilməsi üçün sellofan torbaya qoyularaq qablaşdırılmış, torbanın ağzı “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, bu barədə tərtib edilmiş protokol da oxunduqdan sonra onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 23 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 22-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 22 iyul 2023-cü il tarixdə, saat 12:00 dəqiqədən etibarən məhdudlaşdırılmış, həmin tarixdə, saat 12:45 dəqiqədə Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqlərində olan 22 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Salyan Rayon Polis X2 müstəntiqi, polis kapitanı X10 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan HK-1/1529 №-li material üzrə Azərbaycan Respublikası CPM-in 85 və 242-246-cı maddələrinin tələblərinə əsasən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, şöbənin PPTB-nün polis nəfəri, polis serjantı Şahid3, şübhəli şəxs qismində tutulmuş-xx.xx.1992-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə ondan ötrü ki, 22 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Salyan RPŞ-nin inzibati binasında şəxsi axtarış keçirilməsi və götürmə aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxsə üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs bildirdi ki, üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya narkotik vasitə yoxdur. Keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya, o cümlədən narkotik vasitələr, psixotrop maddələr, odlu və ya soyuq silah aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs bildirdi ki, yaşadığı evin həyətyanı sahəsində 8 ədəd çətənə bitkilərini əkib yetişdirmişdir və həmin yeri təqdim edib göstərə bilər. Şəxsi axtarış zamanı “Sony” markalı rəqəmsal kamera ilə videoçəkiliş aparıldı və çəkilişi əks etdirən bir ədəd CD disk protokola əlavə edilmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, heç bir qeyd, təklif, ərizə və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin 32-ci vərəqində olan 22 iyul 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edib göstərəcəyi ünvana baxış keçirilmiş və həmin sahədə narkotik vasitə, narkotik tərkibli bitkilər və ya cinayət xarakterli digər əşyalar müəyyən edildiyi təqdirdə götürülməsi qərara alınmışdır. Cinayət işinin 34-35-ci vərəqlərində olan 22 iyul 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokolundan görünür ki, şübhəli şəxs-xx.xx.1992-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, mütəxəssis Salyan Rayon Bitki Mühafizəsi Mərkəzinin baş aqronomu Şahid4, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Salyan RPŞ-nin Cinayət Aztarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Salyan RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə odan ötrü ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təqdim etdiyi Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirmiş və götürmə aparmışdır. “Baxış keçirilməsi və götürmə aparılması protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Salyan rayonu, Qaraçala qəsəbəsində yaşadığı kırpicdən tikilmiş fərdi yaşayış evinin arxasındakı həyətyanı torpaq sahəsində meyvə ağacları əkmişdir. Həmin yerdə qarğıdalı əkilmiş sahədə 0,5x2 metr ölçüdə ərazidə yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər olması, həmin bitkilərin diblərinin yumuşaldılması və alaq otlarından təmizlənməsi müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onları özü 2023-cü ilin çay ayının ortalarında əkmiş, sonrakı müddətdə mütəmadi olaraq suvarmış, diblərini yumşaltmışdır. Baxışda iştirak edən aqronommütəxəssis Şahid4 həmin bitkilərə baxış keçirərək bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və bitkilərə aqrotexniki qaydada qulluq göstərilmiş, mütəmadi olaraq suvarılmış, dibləri yumşaldılmışdır. Daha sonra həmin aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkilər polis əməkdaşları tərəfindən bir-bir torpaqdan çıxarılaraq sayıldı və ümumilikdə 08 ədəd olması müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs başqa ərazidə həmin bitkilərdən əkibəkmədikləri soruşulduqda o, digər ərazidə həmin bitkilərdən əkib-becərmədiyini bildirmişdir. Bundan sonra baxış keçirilən ərazidən aşkar edilmiş yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar 08 ədəd bitkilər ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştiakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Baxış və götürmə zamanı “Sony” markalı videokamera ilə çəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunacaqdır. Baxış və götürmə saat 13:40 dəqiqədə başlandı və həmin gün saat 14:20 dəqiqədə başa çatdı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, heç bir şikayət və təklif daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq edilir. Cinayət işinin 37-ci vərəqində olan Salyan BM və FM-nin rəisi Şahid4 tərəfindən verilmiş 22 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı evin arxasındakı meyvə ağaclarının arasında əkilmiş qarğıdalı sahəsindəki 0,5x2 metr ölçüdə sahədə kök üstündə yaş vəziyyətdə olan 8 ədəd bitki nümunələrinə aqronom-mütəxəssis kimi baxış keçirib müəyyən etmişdir ki, cəmi 8 ədəd bitki nümunələri gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsi olmaqla narkotik tərkiblidirlər, bitkilərin gövdə ətrafında alaq otlarından təmizlənməsi, kök dibində olan torpağın nəm və yumşaq olması, hər bir bitkinin boyu, gövdə, budaq və yarpaqların yaxşı inkişaf etməsinə görə belə nəticəyə gəlir ki, həmin çətənə bitkilərinə mütəmadi olaraq aqrotexni qaydada qulluq göstərilmişdir. Cinayət işinin 47-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 23 iyul 2023-cü il tarixli, 18/747 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 08 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 135 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 08 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin 55-56-cı vərəqlərində olan 24 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 66-67-ci vərəqlərində olan 24 iyul 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 68-ci vərəqində olan 24 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞnin müvəqqəti saxlama yerində saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işinin 72-ci vərəqində olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 134,20 qram çəkidə 8 ədəd çətənə bitkisi cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 76-cı vərəqində olan Salyan rayon İHB-nin Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 iyul 2023-cü il tarixli, 752 saylı ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Qaraçala qəsəbəsində arvadı, uşaqları və valideynləri ilə birlikdə yaşayır. Cinayət işinin 77-cı vərəqində olan Salyan rayon İHB-nin Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 31 iyul 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində bu günə kimi Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin 78-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 86-cı vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın 24 iyul 2023-cü il tarixli, 761 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan iki video çəkiliş var. Birinci çəkiliş Təqsirləndirilən şəxs üzərində heç bir cinayət xarakterli heç bir əşya aşkar edilməmişdir. İkinci çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 8 ədəd çətənə bitkisi əkib yetişdirilmiş və həmin çətənə bitkisi torpaqdan çıxarılaraq qablaşdırıldığı müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmənin gəldiyi nəticələr yanlız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik tərkibli çətənə (kannabis) bitkisinin qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), Ərazi Narkoloji Kabnetində profiloktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə, saat 12:00-da saxlanılmış, saat 12:45-də tutulmuş və 24 iyul 2023-cü il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün müddət azadlıqdan mərhum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən evini, axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyərək ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ərazi Narkoloji Kabnetində profiloktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan 08 ədəd, qalıq çəkisi 134.20 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar