Məhkəmə qərarları › İş №1(057)-167/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-167/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-167/2023 30.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 66.5-ci maddələri ilə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Salyan Rayon Məhkəməsinin 1(057)-107/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, özü istehlak etmək məqsədi ilə 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,557 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, özündə saxlayıb daşıyarkən 24 iyun 2023-cü il tarixdə saat 15 radələrində Salyan dəmir yolu stansiyasında İmişli stansiyasında Xətt polis şöbəsinin, Şirvan stansiyasında X15nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Salyan şəhərində yerləşən İmişli stansiyası XPŞ-nin, Şirvan stansiyası XPB-nin Salyan stansiyasında Xətt Polis məntəqəsinə dəvət edilərək üzərinə şəxsi axtarış keçirildikdə qeyd edilən miqdarda yəni, 0,557 qram narkotik vasitə olan heroin onun əynində olan idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 il olarkı narkotik qəbul edir, bir neçə dəfə azadlıqdan mərum edilmişdir. Axrıncı dəfə yəni, 2021-ci ilin mart ayının 19-da azadlığa buraxıldıqdan sonra həmin vaxtdan yenə də narkotik qəbulu ilə məşğuldur. O, narkotik vasitələrdən olan tiryəki atmaqla yəni udmaqla, heroini isə iyləməklə yəni, nəfəsinə çəkməklə qəbul edir. 24 iyun 2023-cü il tarixdə polis əməkdaşlarının onun üzərində aşkar etdikləri bir ədəd kağız bükümündəki narkotik vasitə olan heroini, həmin gün yəni, 24 iyun 2023-cü il tarixdə günorta saat 14:30 radələrində evindən çıxıb Salyan dəmir yolu stansiyasının ərazisində yerləşən çayxanaya gedərkən futbol stadionu ilə stansiyanın kəsişməsində olan səkinin üzərində siqaretin gümüşü rəngli kiçik kağız bükümü görmüş, həmin büküm onun diqqətini cəlb etdiyindən əyilib onu yerdən götürmüş və arasına açıb baxanda görmüşdür ki, bükümün arasında qəhvəyimtil rəngli toz halında narkotik vasitə olan heroindir. Narkotik olan bükümü əynində olan idman şalvarının cibinə qoymuşdur ki, sonralar ürəyi istəyəndə qəbul edər. Sonra o, çayxanaya tərəf yolunu davam etdirib Salyan stansiyasının perronu ilə hərəkət edərək stansiyada yerləşən çayxanaya çatmağına təxminən 5-6 metr qalmış, mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu stansiyadakı dəmir yol polis otağına dəvət etmişlər. Polis məntəqəsində polislər onun üzərinə videogörüntü ilə axtarış keçirtmişlər. Axtarış zamanı polislər onun təsadüfən tapdığı və gələcəkdə özü istifadə etmək məqsədi ilə tapdıqdan sonra cibinə qoyduğu bükümün arasındakı narkotik vasitə olan heroini aşkar edib bu barədə sənədləşmə aparmışlar. Sonda Təqsirləndirilən şəxs göstərmişdir ki, qardaşı da narkotik vasitəyə görə azadlıqdan məhrum edilmiş, 20 gün əvvəl cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli stansiyasında Xətt polis şöbəsinin, Şirvan stansiyasında X15nin Masallı stansiyasında Xətt polis məntəqəsinin rəisi, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üstündə gəzdirməsi barədə polis bölməsində əməliyyat məlumatı olmuşdur. Bununla əlaqədar olaraq o, əməliyyat yolu ilə müşahidə altına götürülmüşdür. 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Salyan dəmir yol stansiyasına gəlməklə həmin vaxt üstündə narkotik vasitə olması barədə polisə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən bölmə rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış və elə həmin günü “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərar qəbul edilmişdir. Yaradılan əməliyyat qrupunun iştirakçıları; İmişli st. XPŞ-nin, Şirvan st. XPB-nin Salyan XPM-nin polis nəfərləri polis baş serjantları Şahid2 və Şahid3 ilə birlikdə qeyd edilən tarixdə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 15 radələrində Təqsirləndirilən şəxs Salyan dəmir yol stansiyası ilə gedərkən ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt stansiyada gediş-gəliş çox olduğuna görə Təqsirləndirilən şəxs üzərinə normal qaydada şəxsi axtarış və götürmə keçirilməsi mümkün olmadığından ona Salyan dəmir yolu stansiyasındakı polis məntəqəsinə getmək təklif olunmuş və o təkliflə razılaşaraq onlarla birlikdə Salyan stansiyasında Xətt polis məntəqəsinə gəlmişdir. Qanuna müvafiq olaraq polis məntəqəsinə dəvət edilərək şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl onun müdafiə hüquqlarının təmin edilməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi video-çəkilişlə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd kağız bükümü aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd kağız bükümü açılıb arasına baxış keçirildikdə həmin bükümün arasında qəhvəyimtil rəngli maddə olduğu müəyyən edilmişdir. Bükümün arasındakı maddə barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üstündən aşkar edilmiş 1 ədəd kağız bükümün arasındakı qəhvəyimtil rəngli maddə narkotik vasitə olan heroindir. Aşkar edilmiş narkotik vasitəni nə vaxtı, haradan, kimdən və nə məqsədlə əldə etməsi barədə sorğu-sual edilərkən isə Təqsirləndirilən şəxs qeyd edilən bükümdəki narkotik vasitə heroini elə həmin günü yəni, 24 iyun 2023-cü il tarixdə Salyan dəmir yolu stansiyasının yaxınlığında təsadüfən yerdən tapdığını, narkotik qəbulu ilə məşğul olduğundan tapmış olduğu narkotik vasitəni özü qəbul etmək məqsədilə üstündə gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümün arasındakı maddə çəkildikdən sonra paketə qoyularaq paketin ağzı bağlanıb “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi DYNPİ-nin İmişli st. XPŞ-nin Şirvan st. X15 Zərflər üçün” dairəvi möhrü ilə möhürlənmişdir. Bütün bunlar barəsində protokol tərtib edilərək həmin protokol oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Qeyd edilən 1 büküm maddədən başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı şübhə doğuracaq digər hər hansı bir əşya və sairə aşkar edilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş İmişli stansiyasında Xətt polis şöbəsinin, Şirvan stansiyasında X15nin Salyan stansiyasında Xətt polis məntəqəsinin polis nəfərləri polis baş serjantları Şahid2 və Şahid3 oğlu Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan İmişli st. XPŞ-nin İstintaq və təhqiqat qrupunun baş müstəntiqi X5 25 iyun 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 10-cu vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 18-19-cu vərəqlərində olan 24 iyun 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə saat 15:20 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqlərində olan “Şəxsi axtarış və götürmə barədə” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, İmişli st. XPŞ-nin Şirvan st. XPB-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X7 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 51, 86.4.2, 207.4, 245-247 və 445.2-ci maddələrinin tələblərinə əsasən Şirvan st. XPB-nin Masallı XPM-nin rəisi polis mayoru, Şahid1, Şirvan st. XPB-nin Salyan st. XPM-nin polis nəfəri, polis baş serjantı Şahid2, Şirvan st. XPB-nin st. XPM-nin polis nəfəri, polis baş serjantı Şahid3, xx.xx.1962-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmuş, işsiz, Salyan şəhər, M.Rəsulzadə küçəsi, ev 141-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, Şirvan regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, video çəkilişlə tərtib edir həmin protokolu ondan ötrü ki, İmişli st. XPŞ-nin Şirvan st. XPB-nə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 14:50 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Salyan dəmir yolu stansiyasında saxlanılaraq Salyan şəhəri Salyan dəmir yolu stansiyasında yerləşən Şirvan st. XPB-nin Salyan st. XPM-nə gətirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsində, saxlamasında, istifadəsində şübhəli bilindiyi üçün onun üzərində razılığı əsasında şəxsi axtarış keçirildi. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış keçiriləcəyi barədə onun etirazının olub-olmaması, hər hansı bir fiziki və ya psixi təzyiqə məruz qalıb-qalmaması soruşuldu. Təqsirləndirilən şəxs bildirdi ki, heç bir fiziki və ya psixi təsirə məruz qalmamışdır və üzərinə video çəkilişlə qeydiyyatda alınmaqla şəxsi axtarış keçirilməsi ilə bağlı heç bir etirazı yoxdur. Şəxsi axtarış İmişli st. XPŞ-nin Şirvan st.XPB-nin Salyan st. XPM-nin rəisinin xidməti otağında aparıldı. Təqsirləndirilən şəxs əynində qara rəngli qısaqol köynək, boz rəngli idman şalvar və ayağında çəkələk vardır. Axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, eləcə də hər hansı bir qadağanedici əşya, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərindəki boz rəngli idman şalvarın sol yuxarı cibindən siqaret cığarasında narkotik maddəyə bənzər kütləni çıxartdı. Siqaret cığarasına bükülmüş narkotik maddə olan heroinə bənzər olduğu müəyyən edildi. Şəffaf rəngli cığaraya bükülünü açdıqda içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə üyüdülmüş vəziyyətdə olduğu göründü. Həmin kütlənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda o, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirdi. Həmin kütləni Salyan şəhərində Salyan dəmir yol sataniyası yaxınlığında yerdən tapdığını bildirdi. Həmin kütlə elektron tərəzidə çəkildi, çəkisi 0.6 qram oldu. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də hər hansı bir qanunla qadağan olunan əşya aşkar edilmədi. İş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükülüdəki narkotik vasitə heroinə bənzər kütlə müdafiəçi, iştirakçılar və onun özünün iştirakı ilə qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükülüdəki narkotik maddə heroinə bənzər kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyuldu, zərflər Azərbaycan Respublikası DİN-nin Şirvan st. XPB-nin “arayışlar üçün” möhürü ilə möhürləndi, iştirakçılar, müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalandı. Cinayət işinin 42-44-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin xx.xx.2023-cü il tarixli, 18/669 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,557 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,507 qram. Heroin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil etmişdir. Cinayət işinin 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, MK1/12 saylı material istinaq aidiyyəti üzrə İmişli st. XPŞ-nin İstintaq və təhqiqat qrupuna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 85-86-cı vərəqlərində olan 25 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 93-94-cü vərəqlərində olan İmişli st. XPŞ-nin İstintaq və təhqiqat qrupunun baş müstəntiqi İlqar Əsədovun 25 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-98-ci vərəqlərində olan İmişli st. XPŞ-nin İstintaq və təhqiqat qrupunun baş müstəntiqi İlqar Əsədovun 25 iyun 2023-cü il tarixli “cinayəti törətməsinə şübhə yarandığına görə tutulmuş şəxsin azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlandığı İmişli RPŞ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin 112-114-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19.7.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Əhmədov X6 Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145 maddəsinin 2 hissəsi, 1,2,3,6,8 bəndinə əsasən əmlakı müsadirə olunmaqla, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Amnistiya Qərarının 8-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 1/3 qədər azaldılaraq üzərində 4 il 4 ay 3 gün cəza saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, AR Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 7.3B bəndinə əsasən 10 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CMnın 315.2, 66.3-cü maddəsi 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 10 ay 7 gün vaxtından əvvəl şərti azad olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nın 234.1 və 69.3-cü maddələrinə əsasən 2 il 1 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 66.5-ci maddələrinə əsasən 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 120-121-ci il vərəqlərində olan İmişli Rayon Məhkəməsinin 5(036)- 83/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərarından görünür ki, İmişli st. XPŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs adına (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi-AZE 0*******, FİN: xxxxxxx) hansı mobil nömrələrin olması müəyyən edilməklə 24 iyun 2021-ci il tarixdən 24 iyun 2023-cü il tarixədək həmin nömrələrə daxil olmuş və çıxmış zənglərin tarixi, əlaqənin müddəti, əlaqə saxlanılan nömrələr və sahibləri haqqında məlumatlar, habelə həmin müddət ərzində göndərilən və daxil olan SMS mesajların mətnləri və tarixləri, eləcə də qeyd edilən dövrdə aparılan danışıqların antenalar üzrə ərazi dairəsi barədə məlumatlar müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. Cinayət işinin 128-129-cu vərəqlərində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi A.Məmmədov tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 141-də ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 130-cu vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X17 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X12 3 avqust 2023-cü il tarixli, PHŞ-6-68/2-1869/2023 saylı məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 131-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X17 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X12 3 avqust 2023-cü il tarixli, PHŞ-6-68/2-1867/2023 saylı məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs “Tiryək” narkomaniyası diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 135-141-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 11/2018 saylı, 17 yanvar 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş hazırkı cəzaya qismən birləşdirilməsi və üzərində qəti olaraq, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 142-146-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 106/2017 saylı, 29 sentyabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək məhkəməyə qədər icraat zamanı şübhəli şəxs qismində 2 gün tutulduğu müddət cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 147-152-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 107/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrlə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. O, həmin cəza üzrə qeydiyyata alınmamaqla cəzanı çəkməmişdir. Cinayət işinin 153-154-cü vərəqlərində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 X10 X4 xx.xx.2023-cü il tarixli 5462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli qısaqol köynək, boz rəngli idman şalvar və ayağında çəkələk vardır. Təqsirləndirilən şəxs üzərindəki boz rəngli idman şalvarın sol yuxarı cibindən siqaret cığarasında narkotik maddəyə bənzər kütləni çıxartdı. Siqaret cığarasına bükülmüş narkotik maddə olan heroinə bənzər olduğu müəyyən edilir. Həmin kütləni Salyan şəhərində Salyan dəmir yol staniyası yaxınlığında yerdən tapdığını bildirdi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,557 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsini isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Salyan Rayon Məhkəməsinin 1(057)-107/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləninin 29.177.2.1 və 29.177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla cəmi 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət Cinayət Məcəlləninin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixlərində həbsdə saxlanılması nəzərə alınaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, tutulduğu müddət nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1) və o, Ərazi Narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Salyan Rayon Məhkəməsinin 1(057)-107/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləninin 29.177.2.1 və 29.177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla cəmi 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət Cinayət Məcəlləninin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixlərində həbsdə saxlanılması nəzərə alınaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ərazi Narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və İmişli st. XPŞ-də saxlanılan qalıq çəkisi 0,507 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar