Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-17/2025 30.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üçüncü qrup əlil, məhkum olunmayan, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 15 avqust 2024-cü il tarixdə saat 06 radələrində birlikdə yaşadıqları Salyan rayonu, Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında yaranmış şəxsi münasibətlər zəmnində arvadı Zərərçəkmiş şəxs baş və sifət nahiyəsinə qəsdən sillə və yumruq zərbələri vuraraq sonuncuya qapalı kəllə-beyin travması, ön kameraya qansızma və göz qapaqlarının hematoması ilə müşayiət olunan göz almasının kontuziyası ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Onların münasibətləri həmişə normal olmuşdur, aralarında heç bir problem olmamışdır. 1995-ci il tarixdə onlar ailə həyatı qurmuşlar, onların birgə nigahlarından 3 uşağı dünyaya gəlmişdir. Onun yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində istixanası vardır. O, istixanada tərəvəz məhsulları əkməklə ailəsini dolandırır. 2024-cü ilin avqust ayında o, istixanada xiyar tərəvəzi əkmişdir. 2024-cü il avqustun 14-də o, işləri ilə bağlı evdən çıxaraq getmişdir. Həmin tarixdə təxminən saat 23 radələrində o, yaşadığı evə gəlmişdir. Bu zaman az yaşlı qızı Şahid mobil telefon ilə oynamasını görüb nə üçün yatmamasını soruşmuş, İlahə isə hələ yatmadığını deyərək birazdan yatacağını bildirmişdir. Bildirmişdir ki, arvadı Hicran İlahənin olduğu otaqda yatmışdır. Həmin vaxt Hicran yerindən oyanıb onunla mübahisə edərək qəsdən səs saldığını və onu yuxudan oyatdığını bildirmişdir. O, da Hicrana onunla mübahisə etməməsini, qəsdən etmədiyini, uşaqdan söz soruşduğunu demişdir. Hicranın sakitləşmədiyini və mübahisənin böyüyəcəyini fikirləşdiyi üçün otaqdan çıxmış, onların aralarında başqa bir söhbət olmamışdır. 2024-cü il avqustun 15-də saat 08 radələrində o, yuxudan oyandıqdan sonra həyətə düşmüşdür. Sonra həyətdə olan istixanaya girərək içərisinə baxmışdır. Bu zaman istixananın içərisində yabani bitkilər və kollar olduğunu görmüş və Hicranı yanına çağırmışdır. O, Hicrana istixananın içərisindəki yabani bitkilər və kolları təmizləməsini demiş, Hicran isə təmizləməyəcəyini bildirmişdir. Bundan sonra onların aralarında sözlə mübahisə olmuşdur. Həmin mübahisə zamanı Hicran onun rəhmətə gedən atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə o, əsəbiləşərək 2-3 dəfə sillə və yumruq ilə Hicranın sifət və qol nahiyəsinə vurmuşdur. Qızı İlahə onların yanına gəlmiş və onları ayırmışdır. Bundan sonra o da əsəbi olduğu üçün evdən çıxaraq getmişdir. Sonradan Hicranın qızı İlahə ilə birlikdə qardaşı Yunisin yaşadığı evinə getdiyini öyrənmişdir. Həmin tarixdə axşam saatlarında o, Yunisin yaşadığı evinə getmişdir. Hicrana evə gəlməsini, belə etməməsini demiş, Hicran isə getməyini, özünün gələcəyini bildirmişdir. 2024-cü il avqustun 20-də Hicranın ondan Salyan Rayon Polis Şöbəsinə şikayət etdiyini öyrənmişdir. Törətdiyi əməldən peşman olduğunu və Hicranla barışmaq istədiyini bildirmişdir. Əməlindən peşman olduğunu, üçüncü dərəcəli əlil olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və cinayət işinin digər rəsmi sənədləri, həmçinin işin faktiki halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Onların münasibətləri həmişə normal olmuşdur. 1995-ci il tarixdə onlar ailə həyatı qurmuşlar, onların birgə nigahlarından 3 uşağı dünyaya gəlmişdir. Onların yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyətində istixana vardır. Əlizamin həmin istixanada tərəvəz məhsulları əkməklə ailələrini dolandırır. 2024-cü ilin avqust ayında Əlizamin istixanada xiyar tərəvəzi əkmişdir. Arabir o da istixanada işləyib Əlizaminə kömək edir, lakin istixanada iş çox olduğu üçün yorğun olur. 2024-cü il avqustun 14-də təxminən saat 23 radələrində İlahə ilə birlikdə bir otaqda uzanmışlar, lakin İlahə yatmamış, o, isə yorğun olduğu üçün yatmışdır. O bildirmişdir ki, səs-küy eşidərək yuxudan oyanmışdır. O, Əlizaminə nə üçün səs saldığını demişdir. Əlizamin isə səbəbsiz yerə onunla mübahisə edərək onu nlayiq ifadələrlə təhqir etmişdir. Sonra Əlizamin 2-3 dəfə yumruqla onun kürək nahiyəsinə vurmuşdur. O da qorxduğu üçün heç bir söz deməmiş və az yaşlı uşağı ilə birlikdə otağa keçərək qapını bağlamışdır. 2024-cü il avqustun 15-də saat 06 radələrində Əlizamin onu yuxudan oyadaraq həyətdəki istixananın yanına çağırmış, o da Əlizaminin yanına getmişdir. Əlizamin ona istixananın içərisində təmizlik işləri görməyini bildirmiş, o, isə yorğun olduğunu və təmizləyə bilməyəcəyini demişdir. Bundan sonra Əlizamin onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Əlizamin onu nalayiq ifadələrlə təhqir etmişdir. O da Əlizaminə belə etməməsini və ayıb olmasını demiş, lakin Əlizamin onun sözlərinə məhəl qoymamışdır. Əlizamin əsəbiləşərək 3-4 dəfə yumruqla onun baş nahiyəsinə vurmuş, o da orada olan dəmir boruların üzərinə yıxılmışdır. O, yerdə uzanmış vəziyyətdə olan zaman Əlizamin yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Qızı İlahə onların yanına gəlmiş və Əlizamini ondan aralaşdırmağa çalışmış, lakin İlahənin atasına gücü çatmamışdır. Əlizamin onun qolundan tutaraq sürüyüb küçəyə çıxartmış və çıxıb getməyini bildirmişdir. Həmin vaxt təxminən 1 saata yaxın o, küçədə qalmışdır. Qızı İlahə darvaza qapısını açmış və o, içəri girmişdir. Əlizamin yenidən onun yanına gələrək nə üçün həyətə girdiyini bildirmiş, o da getməyə yerinin olmadığını demişdir. Əlizamin onu vurmaq istəyəndə, o da vurmamasını, ağrıdığını və həkimə gedəcəyini demişdir. Əlizamin isə 1 dəfə də yumruqla vurmağını və rahat həkimə getməyini deyərək 1 dəfə yumruqla sol gözünə vurmuşdur. Həmin vaxt o, ağrıdığı üçün qaynı Yunisin yaşadığı evinə getmişdir. O, 2 gün ərzində pis vəziyyətdə olmuş və hərəkət edə bilməmişdir. 2024-cü il avqustun 20-də vəziyyəti pis olduğu üçün Salyan Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Mərkəzi xəstəxanada həkimlər ona tibbi yardım etmişlər. Həmin tarixdə də Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək əri Əlizamin tərəfindən döyüldüyünü demişdir. Hazırda əri Əlizamin ilə barışmamış, ondan şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 22 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. 24 avqust 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinin Salyan rayonu, Çadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətində olduğu müəyyən olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 408 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasının kontuziyası, üst və alt göz qpaqlarının hematoması, qapalı kəllə-beyin travması küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Təkrar məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, T655/2024 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, ön kameraya qansızma və göz qapaqlarının hematoması ilə müşayət olunan göz almasının kontuziyası olmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə xx.xx.2024-cü il tarixdə əllə vurulan zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2024-cü il tarixli, 408 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Salyan rayon İHB-nin Salyan rayonu Qaraçala qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Salyan RMX-nin 2 oktyabr 2024-cü il tarixli, 18-1-68/2-1888/2024 saylı arayışından görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən yaşadıqları evdə aralarında yaranmış mübahisə zəmnində döyülmüşdür. Təqsirləndirilən şəxs digər cinayətlərdə iştirakı olmamışdır. Təqsirləndirilən şəxs normal həyat tərzi keçirir, təsərrüfatla məşğul olur. 30 noyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 02 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. 02 dekabr 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 03 dekabr 2024-cü il tarixli “üzləşdirmə-dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində vermiş olduqları xüsusatları bir daha təsdiq etmişlər. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan rayonu, Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-71-7/2-738 nömrəli arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Çadırlı kəndində yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvü var: arvadı-1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və qızı-2008-ci il təvəllüdlü Şahid, oğlu-1999-cu il təvəllüdlü X3, oğlu-2002-ci il təvəllüdlü X4. Həmin nümayəndə tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli xasiyyətnamədə göstərilir ki, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı müddətdə həmyaşıdlarının hörmətini qazanmış və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş; Təqsirləndirilən şəxs 2024-cü il dekabrın 02-də Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ttiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Zərərçəkmiş şəxs ifadəsində 2024-cü il avqustun 14-də saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə olan zaman 2 dəfə yumruqla onun kürək nahiyəsinə vurduğunu bildirməsi xüsusatı ilə bağlı olaraq cinayət işinin başlanılması rədd edilmiş;Məhkəmə-tibbi ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 408 nömrəli və təkrar məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, T655/2024 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilsin və cinayət işinə əlavə olunmuş; qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan ayon prokuroruna göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2024-cü il avqustun 15-də saat 06 radələrində birlikdə yaşadıqları Salyan rayonu, Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında yaranmış şəxsi münasibətlər zəmnində arvadı Zərərçəkmiş şəxs baş və sifət nahiyəsinə qəsdən sillə və yumruq zərbələri vuraraq sonuncuya qapalı kəllə-beyin travması, ön kameraya qansızma və göz qapaqlarının hematoması ilə müşayiət olunan göz almasının kontuziyası ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla, onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və üçüncü dərəcə əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, qeyd edilən yüngülləşdirici hallar həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 40-cı maddəsinə əsasən, islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. 44.1-ci maddəsinə əsasən, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. 45.1-ci maddəsinə əsasən, islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB**********6103524161, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB**********6103524161, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-17/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-17/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver